Şou-biznes

Müğənni Eldar Qasımov: "Mən kiminsə xoşuna gəlmək üçün nə isə etmirəm"

24 Sentyabr 2016 23:14
8 Şərh     Baxış: 2 961
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az musavat.com-a istinadən müğənni Eldar Qasımovla müsahibəni təqdim edir:
 

 - Yeni mövsümdə sevənlərinizi  nələr gözləyir?

- Yeni layihə, klip üzərində çalışıram. Bütün yayı istirahət etmədən, yaradıcılıq işlərimlə məşğul olmuşam. Üzərində çalışdığım klip payız ab-havasındadır. Mahnını kliplə birlikdə təqdim etməyi düşünürəm. Mahnı Azərbaycan və rus dillərində təqdim olunacaq. Mən mahnılarıma övladım kimi yanaşıram. Onlar mənə əzizdir, daim  yüksək qiymətə layiq olmalarını istəyirəm.

 - Konsert necə, olacaqmı?

- Böyük konsert proqramı ilə çıxış etməyi düşünmürəm. Silsilə klub konsertləri verəcəyəm. Dinləyicilər üçün öz və digər sevilən müğənnilərin mahnılarını səsləndirəcəyəm.

- Bir müddət öncə ölkəni tərk etdiyiniz barədə xəbərlər yayılmışdı. Hətta, Amerikaya köçəcəyiniz, aparıcı Rüfət Ağayevlə qonşu olacağınız deyilirdi.

- Mənim bu dedi-qodulardan xəbərim yoxdur. Heç yerə köçmürəm. Vətənimi sevirəm.  Mən müğənniyəm. Həkim, biznesmen olsaydım, başqa ölkəyə köçmək haqda düşünə bilərdim. O zaman başqa ölkədə yaşamaq asan olardı. Müğənnilik sənəti isə dünyanın hər yerində çətindir. Azərbaycanda sevilirəm, zəhmətim qiymətləndirilir. Başqa ölkədə yaşaya bilmərəm.

- Sizin Azərbaycan dilində yaxşı danışa bilməməyiniz bəzən müzakirə olunur. Buna görə sizə irad bildirənlər olubmu?

- Mən iradları, tənqidləri normal qəbul edən insanam.  Öz üzərimdə çalışıram. Dövlət dilimizi mükəmməl bilmək borcumdur. Dilimi mükəmməlləşdirmək üçün qəzet və kitab oxuyuram. Mənə irad bildirənlərdən  çox, kömək edənlər var.  

- Ölkədə baş verən mühüm  tədbirlərdə daim iştirak edirsiniz. Eyni zamanda öz mövqeyi olan, baş verən proseslərə münasibət bildirənlərdənsiniz. Demək olar ki, əksər sənət yoldaşlarınız bunu etmir. Onlara münasibətiniz necədir?

- Mən kiminsə xoşuna gəlmək üçün nə isə etmirəm. Düşünmürəm ki, filan şeyi edim, insanlar məni sevib, toya çağırsın. Daima öz daxilimdəki hissləri, düşüncələri insanlara çatdırıram. Mənim öz mövqeyim var. Mənimlə eyni düşüncədə olan insanları görəndə sevinirəm. Hər kəs isə mənim kimi düşünməyə bilər. Bəlkə də, mən səhv mövqe tuturam. Bəlkə başqası səhv yoldadır. Bu həyatda hər şey nisbidir.

-  Təhsil aldığınız, daha sonra çalışdığınız Bakı Slavyan Universitetinin binasında oln mozaiklərin sökülməsinə siz də səssiz qalmadınız.
 
- O məsələnin ictimailəşməsində sosial şəbəkələrin rolu böyükdür. Sosial şəbəkədə aktual mövzuya çevrildi. Bu sayədə təhsil naziri Mikayıl Cabbarov  xəbər tutdu və universitetin rəhbərinə xəbərdarlıq etdi. Mən o universitetdə təhsil alıb, çalışmışam.  Edilən dəyişiklik məni də narahat etmişdi.

- Xeyli kilo verdiyiniz diqqətimdən qaçmadı. Öz istəyinizlə arıqlayırsınız, yoxsa...?

-  1 ildən çoxdur ki, pəhriz saxlayıram. Yağlı, duzlu yeməklərdən imtina etmişəm, idmanla məşğul oluram. Evimə gələn dostlar ac qalmaqdan şikayət edirlər.  Hazırda istədiyim çəkidəyəm. Lakin pəhrizimi pozmaq istəmirəm. Ayda bir dəfə  qutab, bozbaş yeyirəm.  Gündəlik isə sağlam qidalanmağa çalışıram.

- Şəxsi həyatını mətbuatdan gizlətməyənlərdənsiniz. Hazırda  vəziyyət necədir?

- Şəxsi həyatımla bağlı hər zaman mediaya açıq olmuşam. Hazırda isə bu haqda danışmaq istəmirəm. Onu deyə bilərəm ki, hər şey qaydasındadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.