Şou-biznes

Stilist Pərviz: "30 yaşından sonra bu iş kişiyə yaraşmır..." - FOTO

1 May 2011 12:02
Baxış: 2 146
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İlk dəfədir ki, bir rubrikada  eyni vaxtda həm stilist, həm də gözəllik məkanı ilə tanış olacaqsız.  Bəli, çoxunuzun tanıdığı stilist Pərviz yenicə açılmış "Kamilla" salonunda çalışır. Açığı, mən də onunla heç vaxt ünsiyyətdə olmamışdım.

Görüş yerini elə salona təyin etdik. Axşam saat 7-yə işləmiş vədələşdiyimiz şadlıq sarayının qarşısında idim. Hava çox soyuq idi. Salon gözümə dəymirdi, görünür məhəllə içində idi. Pərviz "bu dəqiqə qarşına çıxıram" gəlirəm desə də 10 dəqiqə idi gəlmək bilmirdi.  "Bəlkə salon başqa yerdədir, bəlkə eyni adda şəhərin başqa yerində də şadlıq evi var?" deyə narahat olmağa başlamışdım ki, qarşımda ağ rəngli maşın dayandı. Nəhayət ki... "Salon belə uzaqdadır ki, maşınla gəldin?". Pərviz pərt halda dilləndi: "Yox. Bilirsiz, başımı elə itirmişəm ki, müsahibəni unutmuşdum. Ona görə 7-yə işlədiyini görən kimi işdən çıxdım. Yaxşı ki, tez zəng vurdun, yolun başından qayıtdım. Huş-baş qalıb ki..." Pərviz bir xeyli dil-ağız etdi.

Salon çox yaxında, sadəcə, binanın içəri həyətə baxan tərəfində imiş. Binanın birinci mərtəbəsi tam "Kamilla" mərkəzinə aiddir. Böyük, dəbdəbəli, VERSACİ ornamentli işləməli qapılar açıldı. Burda sizi intizarda saxlamaq istəyirəm. Çünki bu dəfə getdiyim məkan barədə ayrıca, geniş bəhs etdiyimdən detallara varmıram. İşçilər getmişdi. Yalnız xadimə və ilk baxışdan xoş, diqqətcil təsir bağışlayan inzibatçı Aza xanım qalmışdı. Müsahibə üçün sakit, kiçik mətbəxi seçdik. Təklif olunan çay, kofedənsə adi su istədim. Şərqsayağı, bir az da özbəklərə oxşayan Pərvizin saçları qarışıq və vız idi. Eşitdiyimə görə, onu türk müğənnisi Sərdar Ortaca bənzədirlər. Amma qəhrəmanım bu bənzərlikdən elə də məmnun deyil.

Görəsən, o da 15 yaşından stilistləyə başlayıb. Cavab müsbət oldu.  Maraqlıdır, niyə stilistlərin tərcümeyi-halı məhz 14-15 yaşından başlayır. Bu rəqəmin sirri nədədir? Yoxsa 15 yaşından əlinə qayçı almayanı stilist saymırlar?

Pərviz lap professorlar kimi sözə başladı:

- Əgər insanın daxilində yaradıcılıq  qığılcımları varsa, illərlə gözləmək lazım deyil.

- Nə əcəb ailənstilist olmağınarazılaşdı?

- Ziyalı ailədə böyümüşəm. Stilistlik ailə vəziyyətinə baxmır ki. Valideynlərim içimdəki istedadı boğmadılar.

- Məncə, stilistlik saçdan başlamalıdır, sonra makiyaj, geyim və s. Amma indi makiyaj edən də özünə stilist deyir.

- Bu, çox səhvdir. Xanımlarımız bilsin ki, əsl stilist saç, makiyaj, geyim, zövq-hər şeyi özündə birləşdirməlidir. Bilirsiz, məni nə özümdən çıxarır? Xanım gəlir ki, mənə kataloq ver, baxım, seçim. Deməli, o hələ bilmir ki, stilist yanına gəlib, yoxsa adi saç ustasının? Əgər stilistə üz tutmusansa, o zaman məndən kataloq istəməməlisən.

- Yaxşı, 15 yaşlı Pərvizin ilk dəfə salona gəlişi tarixçəsindən çox uzaqlaşdıq.

- Açığı, bir ara elə ərəfə oldu ki, bütün ailələr kimi mənim də ailəm maddi problemlər yaşadı. Və mən pul qazanmaq fikrinə düşdüm. O vaxtlar da saç ustaları, salonlar bu qədər çox deyildi və yaxşı pul qazanırdılar. Fikirləşdim ki,  bacarığım var, niyə də yox?! Təhsil, institut keçdi arxa plana. 15 yaşımda usta yanında şagird dayandım, 1 ay sonra ustam işdən çıxdı, mən onun yerinə keçdim.

- İlk  müştərilərini nə ilə cəlb edirdin? Axı şagirdə hər adam etibar etmir.

- Sizə gülməli fakt deyim. Təzə usta keçmişəm. Salona 2 "supermodni" müştəri gəldi. O vaxt da refle dəbdəydi. Əlimdə refle edirəm, qızlar mənə yaxınlaşdılar. "Adminstrator" da həyəcanlanır ki, görəsən, nə deyəcəklər. Qız soruşdu ki, sənin neçə yaşın var? Özümü itirmədim, dedim, 22. Əslində isə 16 yaşım vardı. Adminstrator rahat nəfəs aldı ki, bu nə çoxbilmiş uşaqdır.

- Bəs indi... İllər ötdükcə yaşını azaltmırsan ki?

- Yox, 23 yaşım var. Çoxdan məni tanıyan müştərilərim deyir ki, ay Pərviz, 5 ildir 23 yaşındasan, bəs sən böyümürsən? Həm də mən 30 yaşından sonra bu sənətdə olmayacağam. Buna qərarlıyam.  

- Tam professional olduqdan sonra sənətdən getmək?!  Heç məntiqə sığmır.

- Məncə, 30-32 yaşında stilist ağsaqqal sayılır və o yaşda bir kişinin qadın saçı ilə oynamasının yeri yoxdur. Hər şeyin öz vaxtı var. Vaxtından keçəndə ürək bulandırır.

- Vaxta isə az qalıb. Tezliklə, özünü təsdiqləməlisən.

- Azərbaycanda stilistlikdə zirvə - məşhurlarla, ulduzlarla işləməkdir. Yəni hazırda mənim olduğum zirvədir. Mənim arzum xaricə çıxmaq, əcnəbi ulduzlarla işləmək və beynəlxalq müsabiqələrdə qalib gəlməkdir. Məsələn, ötən ay Moskvada "Qızıl qayçı" müsabiqəsində saç düzümü üzrə 4-cü yerə çıxdım. 3-lüyə düşməyə tam layiq idim. Amma bilirsiz ki, Moskvada elə müsabiqələrin təşkilatçıları ermənilər olur. Neyləyək ki, bizi qabağa çəkən yoxdur.

- Lap müğənnilər kimi danışdın. Sizə də sponsor lazımdır?

- Bunsuz mümkün deyil. Şəxsən məni bu sahədə irəli çəkən Xatirə İslam oldu. Şou-biznesə gəlməyimdə onun rolu böyükdür. Hələ salonda işləyərkən həmişə xəyal qururdum ki, mən tanınmış insan olacağam, efirlərdə görünəcəyəm, hamı məndən danışacaq. Yaxşı deyiblər, niyyətin hara, mənzilin də ora. Daha sonra İradə İbrahimovanın bacısı Nigar xanım mənə dəstək oldu. Bir müddət onun salonunda çalışdım. Sonra Röya ilə işlədim.

 Bu vaxt köməkçi su gətirdi. Salonun isti mətbəxində bu, lap yerinə düşdü. Nədənsə, Pərvizi gözlərimizin alışdığı, müasir stilistlərə bənzədə bilmirdim.

- Heç belə də stilist olar?Uzun saçın, qulağında sırğan yoxdur, qaşların da qalın.

- Əslində, elə belə olmalıdır. Bilirsiz, belə şeylər ailə və tərbiyədən asılıdır. Mənə valideynlərim stilist olmağa icazə verdilər, daha özümü dəyişməyə yox. Müəyyən çərçivələr, qadağalar var. Yəqin ona görədir ki, mən o biriləri kimi kirayədə qalmıram. Öz evimdə, ailəmlə birgəyəm. Nəinki mənim ailəm, hətta dayılarım, əmilərim də bu məsələdə ciddidirlər. Bir azca saçım uzanan kimi üstümə düşürlər ki, get kəsdir.

- Yoxsa, həmkarlarının özlərini qadına bənzətdiklərinə görə evdən qovulduqlarına işarə edirsən?

- Bəlkə elə deyil? Bizim sənət elədir ki, tez pozula, yolunu aza bilərsən. Baxın, mən evə gec gedirəm. Ailəm buna heç nə demir. Çünki arxayındırlar ki, gec gəlsəm də pis heç bir şeylə məşğul olmuram. Sadəcə, gəncəm, gecə əyləncəsinə meyilliyəm. Lap bundan sonra mənə heç bir qadağa olmasa da siz deyən o imicə düşmərəm. Heç vaxt sırğa taxıb, qaş aldırmaram.

- Gəl etiraf edək, elə ustalar var ki, səndən də artıqdır, amma onu tanımırlar. Bu gün əldə etdiklərini çəkilən zəhmətə bağlayırsan, yoxsa şansa, qismətə?

- Eləsini görəndə, inanın, elə pis oluram. Deyirəm, ay Allah, axı bu məndən yaxşıdır. Nə bilim. Bəlkə də irəli getməməklərində özləri günahkardır. Bu sənətdə şöhrət vacib amildir. Şöhrət üçünsə şansın gətirməlidir. Şans da insana həyatda bir dəfə verilir.

- Müğənnilərin seçimində sənin üçün əsas amil nədir?

- Onun insanlığı, stilistin əməyinə qiymət verməsi. Mən ömründə müğənni yanına gedib, təklif etmirəm ki, gəl, səni dəyişim, mənimlə işlə. Amma stilist var ki, müğənnidən əl çəkmir, yalvar-yapış edir. Elə sırtıqlıqlar yoxdu xarakterimdə. Müasir gənc ulduzlarla isə aram yoxdur. Sənətkarlar stilisti daha yaxşı başa düşür. Bir neçə müğənni var ki, məndə "zapretdədir". Gündə zəng edirlər, cavab belə vermirəm.  

- Utanmırsan, o nə xəbərdi çıxartmısan?  Rəqsanənin mənə 3500 manat borcu var. Nə olar, adamın adama-borcu olar da.

- (uğunur) Vallah, o xəbəri mən çıxartmamışdım. Oturmuşduq dostlarla, söhbət bocdan düşdü. Dedim, mənə də borcu olan var. Bir də görürəm səhər o jurnalist dostum xəbəri el-aləmə yayıb. Ona qalsa, o qədər müğənni mənə borcludur ki... Heç gözləmirəm də qaytaralar. Şou əhlindən pul çıxar?

- Stilistlər arasında rəqabət nəyin üstündə gedir?

- Rəqabət nə pulun, nə sənətin, nə də başqa şeylərin üstündə yox, müğənnilərin üstündə gedir. Kimin yanına müğənni gəlirsə, paxıllığını çəkirlər. Hətta stilistlə müğənniyə görə dostluq edirlər. Təəssüf ki, müğənni əsas göstəricidir.

- Yəqin ki, ayağın altında qazılan quyuların sayı-hesabı yoxdur. Müştərinin yanında sənin işini tənqid edənlər kim, haqqında dedi-qodu yayanlar kim...

- Mən rəqabətdən çıxmış stilistəm. Mənə batmaq çox çətindir.  Bir hadisə olmuşdu. Bir xanımın toyu idi, gedib tanınmış bir stilistin yanına, soruşub ki, Pərviz indi harda işləyir? O stilist də qayıdıb ki, Pərviz kimdi, tanımıram. Halbuki, onunla dost kimiyik. Məlumdur ki, gəlini əlindən qaçırtmamaqçün belə deyib. Amma məndən soruşsaydılar, elə deməzdim. Bir də ki, ruzunu Allah verir.

Bu vaxt Aza xanım gəlib, Pərvizə çıxarkən nəyi necə bağlamağı başa saldı. Ona müsahibəni bitirmək üzrə olduğumu dedim.  Pərvizsə, "narahat olma, vaxt problemi yoxdur. Qapıdır da, bağlayacağam, Vəssalam" dedi.

- Deməli, qırğın həm də gəlinlərin üstündə gedir. Ona görə hamı keçib gəlin bəzəməyə? Şəxsən mən gəlinlərin makiyajından narazıyam. Qeyri-adilik adı altında vulqarlıq yağır.

- Ondan danışmayın. Efirlərdən ustaların işlərini izləyirəm. Gülməkdən keçib artıq, vəziyyət ağlamalıdır. Qara saçın üstündən sarı hörük görürəm, qapqara kölgəli gözün üstündə zər görürəm. Mən fikirləşirəm ki, o vizajist yüz faiz makiyajı yaxşı etməyib ki, qüsurunu zərlə, parıltı ilə ört-basdır edir.  Qeyri-adi saç düzümü o deyil ki, başı qazan kimi yığmalısan. Ya üstündən sarı hörüklər, səbət qoymalısan, gözün üstünə 5 rəng vurub, üstündən də zər tökməlisən. Amma elə düzüm istəyənlər də olur. Hansı qız başında səbət, meyvə, gözündə zər, quş istəyirsə, gənc yaşında özünü  yaşlı qadına bənzətmək istəyirsə,  getsin o stilistin yanına. Zövqlü, elit təbəqə sadə, təravətli, adi makiyaj istəyir.

- Pərvizin gəlinləri nə ilə seçilir?

- Mənim işlərim təkrarsızdır. Əgər yanıma gəlirsə, paltarın fasonunu demək kifayətdir. Gəlinə verdiyim imic ikinci gəlində ola bilməz. Çünki mən dünən yığdığım saçı istəsəm də bu gün yığa bilmirəm. Ona görə də mənim gəlinimdən bir dənə olur.

- Pərvizin qiymətləri necədir?

- Hər ustanın öz qiyməti var və o qiymətə çatana kimi nə əziyyətlərdən, nə yollardan keçirlər. Pərvizin qiyməti normaldır: 300 manat. Bura həm saç, həm makiyaj, həm də bütünlükdə stil daxildir. Xanımların nəzərinə çatdırım ki, ukladka, saçın rənglənməsi və kəsimi ilə məşğul olmuram. Çünki buna hövsələm və vaxtım çatmır.  

- Bu cavabdan sonra bir fikri özümdə qətiləşdirdim. Artıq dördüncü dəfədir ki, üz qabığımıza çıxan stilistlər kifayət qədər yüksək məbləğ səsləndirib, bu sənətdən yaxşı qazandıqlarını gizlətmirlər. Deməli, səsi olan müğənniliyə, səsi olmayanlar gəlin vizajistliyinə üz tutacaq. Stilistliyə, saç ustalığına axının qarşısını almaq müşkül məsələyə çevriləcək. Axın olduqca isə daha bərbad hala salınmış gəlinlərin şahidi olacağıq. Amma deyəsən, Pərvizi belə məsələlər narahat etmir.

- Bu gün məşhur və baxımlı qadınların imicində hansı boşluqlar var? Makiyaj problemi, saç, yoxsa geyim?

- Geyim problemi dəhşətdir. Baxın, mən stilist olaraq bir müğənniyə obraz verirəm, klipi üçün geyimlər seçirəm. Saç, makiyajı özüm edirəm. Elə ki, növbə gəlir geyimə, dediyimi almırlar. Bir müğənnimizi  makiyaj etmişəm, bir də görürəm başına uşaq papağı qoyub, çıxıb efirə. Dəhşətə gəlirəm, yəni bu makiyajı mən etmişəm? Açığı, ulduzlarımız getdikcə lap adiləşir.

- Necə qızlar ürəyincədir?

- Sadə, gözəl, ortaboylu, uzunsaçlı qızları çox bəyənirəm. İdman üslubunda, oğlan kimi saçı olan, baxımsız qızları sevmirəm. Bir də sarışınlardan yorulmuşam.

- Nə vaxt evlənməyi planlaşdırırsan?

- Demişəm: yalnız bu sənətdə olmayanda, yəni 30 yaşında evlənəcəyəm. İndiki dövrdə xanımını ürəyin istəyən kimi saxlamaq üçün çox çalışmalısan.

- Heç olmasa sevgilin var?

- Yox. Hazırda sevgilim yoxdur. Bekaram.

Pərvizin sevgilisi olmadığına inanmadım. Çünki müsahibə zamanı o, ən azı 2 dəfə kiminləsə (yüz faiz xanım idi)telefonda  danışdı.  Saat 8-ə az qalırdı. 23 yaşlı gənclə daha nədən danışmaq olardı ki... Salondan çıxdıq. Pərviz məni yolüstü ötürdü. O, pilləkənləri düşdü, maşına əyləşdi və mən gördüm ki, bu sənət istər-istəməz kişinin manerasında, hərəkətində incəliyə doğru dəyişiklik edir. Pərviz də mənimlə razılaşdı.

Pərvizlə tanışlığımız bu qədər. İndi isə ən vacib məqam: sizi şəxsən mənim heyran qaldığım KAMİLLaya səyahətə dəvət edirəm.

Pərvizəməxsus məsləhətlər:

•    Makiyajda tonlaşdırma əsasdır. Vizajda təravətlilik hökm sürməlidir. Artıq 3 ildir ki, qaralmış dəri və "zaqarnı" makiyaj aktuallığını qoruyub saxlayır. Bu il də qara qızlar dəbdədir.

•    Gəlin vizajında zər, parıltı nəzərə çarpmamalıdır, makiyaj zərif olmalıdır.

•    İrigözlü qızlara iri kipriklər qoymaq, gözün altını qələmlə qaratlmaq olmaz.

•    Makiyajı bir ustaya, saçı başqa salonda digər stilistə etdirmək qəti olmaz. Bu işi heç bəyənmirəm və qəbul etmirəm.

•    Gəlin sadə, təbii olmalıdır ki, 5-10 ildən sonra uşaqları analarının toy şəklinə baxıb gülməsinlər.






Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.