Şou-biznes

Azərbaycanın gənc müğənnisinə külli miqdarda ziyan dəydi - FOTO

20 Aprel 2011 10:34
Baxış: 444
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın tanınmış gənc müğənnisi külli miqdarda ziyana düşüb. Milli.Az xəbər portalının məlumatına görə, yeni mənzil alan "Azəri Star" musiqi yarışmasının iştirakçısı, istedadlı müğənni Pərvin Lətifov qaş düzəltdiyi yerdə göz çıxarıb.
Yeni aldığı mənzilinin təmiri üçün həmin binaya gələn P.Lətifovun maşını tamamilə yararsız hala düşüb. Bakının Yasamal rayonunda yeni inşa olunan yaşayış kompleksinin qarşısında saxladığı BMW markalı avtomobilinin üstünə qaldırıcı krandan tikinti materialları tökülüb. Avtomobilə xeyli ziyan dəyib.

Müğənninin Milli.Az xəbər portalına veridiyi məlumata görə, ölkənin tanınmış şirkətlər qrupu tərəfindən Yasamal rayonunda inşa olunan yaşayış kompleksindən mənzil alıb. Mənzilin təmir işi ilə əlaqədar həmin binaya baş çəkməyə gedib və avtomobilini kompleksin həyətində maşınlar üçün nəzərdə tutulmuş yerdə saxlayıb. Müğənni başına gələnləri belə təsvir edir: "Maşını binanın qarşısında saxladım. Avtomobili tərk edəndən 1-2 dəqiqə sonra qülləli kranla işləyən maşinistin səhlənkarlığı nəticəsində yuxarı qaldırılan tikinti materialları maşının üstünə töküldü. Maşınıma 20 000 manatlıq ziyan dəyib".

P.Lətifov deyir ki, həmin vaxt avtomobildən bir neçə dəqiqə gec düşsəydi, ölə də bilərmiş. Onun sözlərinə görə, həmin ərazidə məktəb yerləşir, heç bir təhlükəsizlik qaydalarına əməl olunmur. Bu cür bədbəxt hadisələr təkrarlana bilər.

Hadisənin baş verdiyi vaxtdan xeyli müddət keçdiyini deyən P.Lətifov bu günədək avtomobilinə dəymiş ziyanın ödənilmədiyini qeyd etdi: "Hadisə baş verən zaman həmin tikintinin rəhbərliyi gələrək problemin mətbuata çıxarılmamasını xahiş etdi və dəymiş ziyanın öldəniləcəyinə söz verdi. Lakin hələ də dəymiş ziyan ödənilməyib. Məsələ ilə bağlı tikinitini aparan şirkətlər qrupuna müraciət etmişəm. Şirkətdən mənə deyildi ki, həmin binada tikintini podratçı şirkət həyata keçirib və bu səbəbdən bütün təhlükəsizlik məsələsinə həmin şirkət özü cavabdehdir".
 
Gənc müğənni əlacsız qalıb Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsinə müraciət etdiyini bildirdi: "Dəymiş ziyan ödənilmirsə, cinayət işi başlanmalıdır. Əks halda, prokurorluğa şikayət edəcəm".

Məsələ ilə bağlı Yasamal rayon Polis İdarəsindən də məlumat əldə etdik. İşi araşdıran müstəntiq Fatma Məmmədova Milli.Az-a açıqlamasında bildirdi ki, baş vermiş hadisədə cinayət tərkibi olmadığından, cinayət işinin başlanması rədd edilib: "Məsələ ilə bağlı rayon prokuroru ilə danışdım. Prokuror göstəriş verdi ki, zərərçəkmiş mülki qaydada məhkəməyə müraciət etməlidir".

Tikinti şirkətindən isə portalımıza bildirildi ki, hadisənin baş verməsində müğənninin özü günahkar olub. Belə ki, P.Lətifova tikinti ərazisinə daxil olmamaq məsləhət görülsə də, o, buna məhəl qoymayıb, nəticədə hadisə baş verib. "Şirkətdə Pərvin Lətifovun məktubu var. Həmin məktuba hələlik cavab verilməyib. Müğənni səbrli olsa, cavab alacaq.  Bəlkə də cavab müsbət olacaq".

Anar Məmmədov
Milli.Az



























Foto Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.