Şou-biznes

Mətanət: "Övladımı tələf elətdirmişəm" - FOTO

30 Aprel 2015 13:20
9 Şərh     Baxış: 20 304
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kim üçün peşəkar müğənni, kim üçün eqoist xanım, mənimçünsə gecikən müsahib. Elə burdan da başlayırıq

Beləliklə, ölkə.az tanınmış müğənni Mətanət Əsədova ilə müsahibəni təqdim edir.
 

- Mətanət xanım, bizi bir xeyli gözlətdiniz. Ümumiyyətlə, gözlətməyi xoşlayırsınız?

- Özüm gözləməyi sevmirəm, acığıma gəlir. Gözlətməyi isə bu qədər də olmasa, bir balaca sevirəm.
 

- Səbəb?

- İndi işim belə alındı ki, gecikdim. Adətən də gecikirəm.
 

- Hələ də klipiniz yoxdur. Diskiniz isə son dəfə nə vaxt çıxıb, Allah bilir...

- Bəli, klipim yoxdur. Diskim də çoxdan çıxıb.
 

- Bakıda zəlzələ olan illərdə?

- Biri 1998-ci ildə, o biri də 2000-ci ildə. Klipə gəlincə, ürəyim istəyən kimi çəkdirməyə maddi durumum imkan verməyib.
 

- Siz neçə minlik klip istəyirsiniz ki?

- Dəqiq bilmirəm.
 

- Heç olmasa birini çəkdirin, görün ürəyiniz istəyən kimidir, ya yox...

- Görək də inşallah. Şəxsi problemlərim çox olduğundan sənətə az vaxt ayırıram.
 

- Adətən sənət adamları klipi, diski piar üçün edirlər. Amma nə klipiniz var, diskiniz də 15 il əvvəl çıxıb və yetərincə gündəmdəsiniz...

- 25 ildir sənətdəyəm, efirə də ayda ildə bir dəfə çıxırdım. Son zamanlar efirdəyəm. Amma sənətə başladığım gündən bu qədər sevgi qazanmışam. Allah o sevgini mənə çox görməsin.
 

- Oxumağa başlayandan sevilirdiniz?

- 1994-cü ildən oxuyuram, amma efirə 1997-98-ci illərdən çıxmışam.
 

- Deyəsən, sənətə bir az gec gəlmisiniz...

- Üçüncü sinifdən oxuyurdum. Amma peşəkar səhnəyə 1994-cü ildən gəlmişəm. İlk dəfə "Gəl səhərim" verilişində "Kəsmə şikəstə" oxudum.
 

- Yəqin ki, solo konsert vermək fikriniz də yoxdur...

- Bəli, çünki pulum yoxdur.
 

- Solo konsertə nə qədər pul lazımdır?

- Bilmirəm. Digər tərəfdən məşq etməyə vaxtım da yoxdur. Heç məşq etməyə məkan da tapmıram. Çünki evim geniş deyil.
 

- Bu ev kimindir?

- Bacımın.
 

- Bəs niyə müsahibəni bura təyin etdiniz?

- Evdə təmir gedir, rayondan da qonaqlarım gəlib.
 

- Niyə bizim sənətçilər Şəmkir toylarına Hollivud kimi baxırlar. Orada qazanc yaxşı olduğuna görədir?

- Mənimçün hər yer Göyçaydır. Heç vaxt kiminsə puluna görə ona səcdə etməmişəm. Səcdə etdiyim bir Allahımdır, bir də valideynim. Mənim sənətim, səsim var. Bu səslə dünyanın istənilən insanını ram edərəm.
 

- Sənətkarlar deyirlər ki, sənətdə ya birinci ol, ya da heç olma. Düşünürsünüz ki, bu sənətdə birincisiniz, yoxsa özünüzdən güclülərini görürsünüz?

- Mən o dünyanın birinciliyini qazanmağa çalışıram. Sənətə gəlincə, özümü sənətkarlar arasında görürəm.
 

- Bir az da şəxsi həyatınızdan danışaq. Çünki sənət adamlarını şəxsi həyatları da sənətləri qədər maraqlıdır. Elə özünüz də bu barədə tez-tez danışırsınız. Son dəfə demişdiniz ki, keçmiş həyat yoldaşımla dostuq...

- O kitab bağlandı da.
 

- Ümumiyyətlə, təzə kitab var?

- O kitabı açmaq istəmirəm. Təzə kitab o qədər var ki, qalıb kitabxanada, alıb oxumalıyam. Mənim də ona həvəsim yoxdur.
 

- Vaxtında o kitabı oxumağa həvəs olub?

- Olub.
 

- Onda belə çıxır ki, yaş öz sözünü deyir də.

- Sizə bir söz deyim. Damar tutmaqdan damarım qaçıb, insanların yalanından bezmişəm. Bizim cavan oğlanların hamısı eyni kitabı oxuyublar. Aşkım, canım, ömrüm, günüm, yaşam tərzim...
 

- İndi də sizə belə deyirlər?

- Deyirlər ki, Allah səni nə gözəl yaradıb.
 

- Özünüz də hesab edirsiniz ki, gözəlsiniz?

- Xeyr.
 

- Bəs niyə elə yazanlara demirsiniz ki, mənə yalan danışma?

- Min dəfə demişəm. Sevirlər də məni, nə istəyirsən? (gülür)
 

- Şəxsən mən heç vaxt elə yalan demərəm ki, siz gözəlsiniz.

- (Ucadan gülür İ. V.) Əcəb edirsən.
 

- Komplimentin də bir dozası olmalıdır.

- Mənə görə insani gözəllik daha önəmlidir.
 

- Dağ kəndində yaşayan, zahirən yaraşıqlı olmayan, amma daxilən gözəl insan elçi gəlsə, ərə gedərsiniz?

- Yox .
 

- Bəs niyə daxili gözəllikdən danışırsınız? Deməli, zahiri gözəllik də lazımdır da.

- Biz efirə çıxan hamıya gözəl deyirik. Gözəl odur ki, saçının dibindən ayağına qədər bir qüsuru olmasın.
 

- Azərbaycan səhnəsində gözəl, yaraşıqlı kimdir?

- Azərbaycan səhnəsində eyibsiz gözəl görmürəm.
 

- Ümumiyyətlə, eyibsiz gözəl olmur, mən nisbətən gözəl hesab etdiklərinizi soruşdum.

- Aygün Kazımova çox çəkici xanımdır. Röya da istər musiqidə, istər geyimdə zövqlüdür. Amma səhnəmizdə təpədən dırnağa gözəl görmürəm. Məsələn, Sibel Can çox şirindi, amma gözəl deyil. Mənimçün gözəl Meltem Hakarardı.
 

- Bəs kişi sənətçilərdən?

- Namiq Qaraçuxurludur, Zamiq, Nadir Qafarzadə, Vasif Məhərrəmli həmişə baxımlı olurlar.
 

- Səhnəmizdə elə bir kişi sənətçi var ki, onunla söhbət edəndə həyəcanlanasınız?

- Gərək sevəm ki, həyəcan keçirəm.
 

- Jurnalistlərlə niyə yola getmirsiniz?

- Onların heç birini tanımıram. Bilmirəm ki, mənə nə veriblər, ala bilmirlər?
 

- Düşünmüsünüzmü ki, bəlkə siz də səhv edirsiniz. Axı siz haqlı, bu qədər jurnalist haqsız ola bilməz.

- Xeyr. Müğənni həmişə baxımlı, rəngarəng geyimlərdə olmalıdır. Sən kimsən ki, geyimimə qarışasan? Mən sənin geyiminə qarışıram? Bunu mənim haqqımda nalayiq yazılar yazan jurnalistlər deyirəm. Bacarırsansa, sənətimdən yaz da.
 

- İctimailəşmiş insanların geyiminə müdaxilə normaldır. Bayaq adını çəkdiyiniz Sibel Canın həyətinə girib hovuzda şəklini çəkirlər, heç səsini də çıxara bilmir.

- Amma mən ha çalışdım sənətimdən yazsınlar, yenə də şəxsi həyatımdan yazdılar.
 

- Nəzərə alın ki, sizi də Mətanət Əsədova edən jurnalistlərdi.

- Elə piar istəmirəm.
 

- Bölgələrdə sizdən heç də zəif səsi olmayan sənətçilər var ki, Mətanət Əsədova kimi yüksək qiymətə toya getmirlər. Onların toy qonararı maksimum 100-200 manatdır. Deməli, müğənnilərin qazandığı çörəkdə jurnalistlərin də əməyi var.

- Gəl belə danışaq, jurnalist yaxınlaşa, özümdən soruşa nə lazımdırsa, deyərəm. Bir də görürsən rayonda kiminsə qızına elçi gəlib, bunun da toy eləməyə imkanı yoxdur. Tərəflər razılaşırlar ki, qızı toysuz ər evinə aparsınlar. Amma bunu qonşular eşidən kimi deyirlər ki, qız bakirə deyildi, ona görə məsələnin üstünü basdırdılar. Əgər bacarırsansa, onun dərdinə şərik ol da.
 

- Bu qədər həssassınızsa, niyə belə aqressivsiniz?

- Həssas olmasaydım, gönüqalın olsaydım, aqressiv olmazdım.
 

- Elə aqressivlik bir növ o dediyinizin əlamətidir.

- Mən gözəllik aşiqiyəm. Evin də, qadının da, kişinin, süfrənin də gözəlinə baxıb zövq alıram.
 

- Özünüz süfrə bəzəyə bilirsiniz?

- Çox əla bəzəyirəm. Evdarlıq barədə heç kim qarşıma çıxa bilməz.
 

- Sizcə, niyə xanım sənətçilər evdarlığı bacarmamaqlarını fəxr olunası bir iş kimi təqdim edirlər?

- İnsan evinin xanımı da olar, qulluqçusu da. Sən müğənni olmayana qədər döşəmə silmirdin, qab-qaşıq yumurdun? Guya indi əllərin xarab oldu. O qədər ayıblı işlər var ki, onları etmək lazım deyil. Yoldaşımın qulluğunda özüm dururdum.
 

- Evliliyiniz nə qədər çəkib?

- Dörd-beş gün ailə kimi yaşadıq, beş ay da dost olduq.
 

- Bildiyimə görə sizə deyib ki, utanmadın bu qədər yaş fərqimiz ola-ola mənimlə ailə qurdun?

- Hə, guya kişinin oğlu mənimlə zarafat edirdi.
 

- Neçə yaş fərqiniz var idi ki?

- Min dəfə demişəm də.
 

- Bir dəfə 17 deyirsiniz, bir dəfə 20. Bəlkə bizə də 25 yaş fərq deyəcəksiniz.

- Yox, 15 yaş fərqimiz var idi.
 

- Bəs 15 yaş böyük olan insanla ailə qurarsınız?

- Bəyənsəm, sevsəm, yaşının fərqi yoxdur.
 

- Bir az da musiqidən danışaq. Kimləri dinləyirsiniz?

- Əbülfət Əliyev, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov, İldırım Həsənzadə, Yaqub Məmmədov, Hacıbaba Hüseynov, Rübabə Muradova. Fatma Mehrəliyeva, Nərminə Məmmədova, Tükəzban İsmayılovanın aşiqiyəm. Aşıqlardan aşıq Pənahı, aşıq Mahmudu, aşıq Şakiri, aşıq Qurbanı dinləməkdən zövq alıram. Mənə görə Alim Qasımov muğamın peyğəmbəridir. Ağaxan Abdullayev, Arif Babayev, Məmmədbağır Bağırzadə, Zeynəb Xanlarova ilə nəfəs alıram. Zeynəb xanımı, müəllimim Alim Qasımovu kimsə əvəz edə bilməz.
 

- Bəziləri deyirlər ki, heç Alim Qasımov Mətanət Əsədovanı tanımır.

- Onlar çox şey deyirlər. Ona qalsa, deyirlər ki, Mətanət əlli dəfə ərə gedib. Əlli birinci dəfə də gedəcəyəm. Nə qədər alınmayacaq, yenə də ərə gedəcəm. O kimi yandırır? Mənim həyatım budur, gedin öz həyatınızı qaydasına salın.
 

- Bəs indiki ifaçılardan kimi dinləyirsiniz?

- Zakir Əliyev. Tacir Şahmalıoğlu, Ehtiram Hüseynov... Şamaxıya yenidən fövqəladə sənətkar gəldi - Mirələm Mirələmov. Onun səsi məni özümdən aparır. O, ifasıyla mənim kişi variantımdır.
 

- Düşünürsünüz ki, Mirələm gələcəkdə Alim Qasımov ola bilər?

- Hətta ondan da güclü ola bilər. Düzdür, Alim Qasımovu kimsə əvəz etməyəcək. Amma bu da dəhşətdir. Mən səhnəyə gələndə dedilər ki, Fatma Mehrəliyevanın, Rübabə Muradovanın qarışığıdır. O da Zülfünün, İldırımın, Mütəllimin qarışığıdır.
 

- Sizin barənizdə deyirlər ki, hayıf o sənətə ki o cür xasiyyəti var...

- Məni düzgün xarakterizə etmirlər.
 

- Tək qalanda zümzümə edirsinizmi?

- Həyatda mənimçün ən böyük qorxu təklikdir, o təklikdə də yaşayıram. (Bir ağız oxuyur - İ.V.) Xasiyyətimə gəlincə çox çılğınam.
 

- Ailədə neçə uşaqsınız?

- İndi səkkiz - yeddi bacı, bir qardaş.
 

- Yəqin ki, liderləri sizsiniz

- Bilmirəm.
 

- Bir dəfə demişdiniz ki, bacım sağ qalsaydı, onu özüm öldürərdim. Niyə?

- Çünki elə hərəkət etməməliydi.
 

- Özünüzü bu məsələdə az da olsa, günahkar hesab etmirsiniz?

- Edirəm.
 

- Bəs özünüzü niyə cəzalandırmırsınız?

- Özüm onu çox qudurtdum. Qa deyəndə qu dedim. Gərək bir az sıxaydım, onların nazı ilə oynamazdım. Qudurğanlığın axırı da budur. O bilməliydi ki, mən öz kefimə yaşayan müğənnilərdən olmamışam. İmkan vermədilər gözümü açıb həyata baxım. Nə övlad yiyəsi oldum...
 

- Bu haqda düşünürsüz...

- Əlbəttə, amma özümünkülər imkan verməyiblər. Bəziləri də o hadisədən tutub məni xalqın gözündən salmağa çalışdılar. Bilsinlər ki, Allahın pənahındayam, arxada heç bir dəstəyim yoxdur. Heç vaxt namus pulu yeməmişəm.
 

- Düşünürsünüzmü ki, övlad sahib olmamağınız da qismətdir.

- Yox, qismət deyil, çox səhv etmişəm, özümü düşünməmişəm.
 

- Bəziləri tanımadıqları donordan istifadə etməklə övlad sahibi olurlar...

- Sağlamlığım uşaq dünyaya gətirməyə imkan verir, heç bir yerimdə problem yoxdur. Sadəcə, yaxınlarım mənə o qədər problemlər yaradıblar ki, ana olmağı təxirə salmışam.
 

- Belə başa düşdüm ki, hamilə olmusunuz, amma uşağı tələf etdirmisiniz.

- Bəli, dəfələrlə olub. Fikirləşmişəm ki, hamilə vəziyyətdə necə gedib oxuyacağam?
 

- Oxumasanız, ac qalacaqdınız?

- Bəli. ac qalacaqdım. Çünki heç vaxt ehtiyatda yüz manatım olmayıb. Həyatda bir günahım olub ki, övladımı tələf elətdirmişəm.
 

- Yenə edərsiniz?

- Yox tələf elətdirmərəm. Əgər bir batalyon adamı düşünürsənsə, batalyonun yarısı səni düşünmürsə, nə etməlisən?
 

- Heç bu barədə onlarla danışmısınız?

- Mənə deyiblər ki, ağlın olaydı, tələf elətdirməzdin. Dedim düz deyirsiniz. Mənim 24 saatım soyuq məzardı.
 

- Bəs sizi nə ovundurur?

- Həyatda üzümü güldürən nəsə almaq, oxumaq...
 

- Yeri gəlmişkən, bildirmişdiniz ki, sizə səkkiz minlik ətir hədiyyə ediblər..

- Bəli, ondan da gözəl hədiyyələr olunub. Maşınlar, evlər hədiyyə ediblər, çünki ona layiqəm (əsəbləşir).
 

- Amma həmkarlarınız deyirlər ki, heç kim heç kimə bir çöpü də havayı verməz.

- Onlar özləri bilər. Onlara yəqin elədir.
 

- Bakıya neçənci ildə gəlmisiniz?

- 1990-cı ildə. Bir müddət kirayə qalmışıq, sonra öz evimiz olub.
 

- Yanılmıramsa, bir müddət də Zöhrə Abdullayevanın evində yaşamısınız.

- Mən evsiz-eşiksiz olduğuma görə onun yanında qalmamışam. O da tək yaşayırdı, mən də. Bütün günü deyib gülürdük, loto oynayırdıq.
 

- Bəs niyə sonradan münasibətlər pozuldu?

- Ortada sözgəzdirənlər oldu. O, yenə də mənimçün böyükdür, hörmətini saxlayıram. Xalqın sevimlisidir, əməkdar artistdir, gözəl ana və qaynanadır.
 

- Yeri gəlmişkən, fəxri ad almağa iddialısınız?

- Ömründə istəmirəm.
 

- Düşünürsünüz ki, layiq deyilsiniz?

- Hər şeyin yaxşısına layiqəm. Hər şeyin öz zamanı var.
 

- Olur ki, fəxri ad almış sənətilər toyda özlərini yekəxana aparsınlar?

- Hə, bəziləri son vaxtlar şişib. Deyəsən, "droj"ları çox olub. Elə olanda oxumaqla salıram təpiyimin altına.
 

- Məmur məclislərində çox olursunuz?

- Məmur məclisində də oluram, kasıb məclisində də. Pulsuz da oxumuşam. Amma təbii ki, könülləri şad olsun deyə yarım saat, iyirmi dəqiqə. İndi kimdir bütün toyu havayı oxuyan?
 

- Doğrudan da, özünüz demişkən, gözəl olmasanız da, səmimiyyətinizə əhsən.

- Axı bunun saç ustası var, maşını var...
 

- Toya bu saçla getmək olmaz?

- Olar. Amma gərək saç ustası eləsin. Çünki bəzənməklə bağlı əl qabiliyyətim yoxdur.
 

- Belə şeylər aylıq nə qədər xərciniz çıxır?

- Hər gün saç düzümümə 200-250 manat pul verirəm.
 

- Geyimlərinizi hardan alırsınız?

- Avropadan da gətirirlər, buradan da alıram. Əsas odur ki, geyim mənə yaraşsın. Əynimdəki şalvarı yüz manata almışam. Yayda on manata don almışdım. Hamı elə bilirdi ki, bahalı geyimdir. Amma iki minə də paltarım olub.
 

- Hədiyyə verdiyiniz geyiminiz olub?

- O qədər hədiyyə vermişəm. Bu yaxında guya bütün paltarlarımı yığıb satdım. Hələ əlimə bir qəpik pul qalmayıb. İki dolab paltarımı satmışam. Gör birinin məndə pulu olsa necə alardı, gözümü çıxarardılar e.
 

- Borclu oduğunuz kimsə var?

- Ömrüm boyu borcum olub.
 

- Bu qədər toylara gedirsiniz, niyə borcunuz olsun axı?

- Çatdıra bilmirəm. Mahnı ala bilmirəm, qiyməti qaldırıb qoyublar dağın başına. Bir mahnı gəlib səkkiz minə çıxır.
 

-Bəstəkar da əziyyət çəkir axı..

- O qiymətə oxuya bilməyənlərə versin, mən axı oxuyanam. Sağ olsun Nailə Mirməmmədli, bu yaxınlarda mənə gözəl bir mahnı həsiyyə edib. Amma mən də onun xəcalətindən çıxacağam.
 

- Sizcə, sənət aləmində dost var?

- Bəli, Manaf Ağayev, Vasif Məhərrəmli, Elnur Məmmədov yaxın dostlarımdır.
 

- Nə vaxtsa bu sənətçilərdən kömək istəmisiniz?

- Heç mən qardaşımdan, bacımdan kömək istəmirəm. Amma deyim ki, musiqi aləmində məni içdən istəyən insan yoxdur. Səsimlə və görünüşümlə onlara düşmən gəlmişəm.
 

- Amma bayaq dediniz ki, gözəl deyiləm...

- Bu dəqiqə səhnədə hərtərəfli ortada görünən bir dənə özüməm. Heç kimdə olmayan fiqura məndə var. Onu da dedilər ki, guya silikondu. Ay balam, mən əməliyyat elətdirmək istəyirəm, həkim deyir ki, qanın azdır, ölərsən. Bircə burnumda əməliyyat elətdirmişəm, vəssalam.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.