Bu gün estrada səhnəsində gənc ifaçılarımızın əksəriyyəti vaxtilə müxtəlif qruplarda ifa edib, daha sonra solo karyeraya başlayanlardır desək heç də yanılmarıq. Onlar solo karyeraya başladıqdan sonra adətən əvvəlkindən daha çox məşhurluq qazanır və tanınırlar. "Gənclik qəzeti"nin bu həftəki qonağı da vaxtilə "Şeron" qrupunun üzvü olan, hazırda solo ifaları ilə gənclərin sevimlisinə çevrilən Yaşar Yusubdur.Yaşar Yusub: "Duet oxumağa namizəd axtarıram"
"Həyatda asan heç nə yoxdur"
- Gənc yaşda məşhur olmaq, uğur qazanmaq necə bir hissdir?
- Əgər yaradıcılıq fəaliyyətimi uğurlu hesab edirsinizsə, nə xoş mənə. Uşaq yaşlarından ifaçılıq sənəti ilə məşğulam. Əgər daxilinizdə hər hansı bir sənətə az da olsa istək varsa, ona doğru iri addımlarla irəliləmək lazımdır. Uğurlu karyeranızın olmasını istəyirsinizsə, var gücünüzlə çalışmalısınız.
- Əvvəllər qrupda çalışırdınız, hazırda isə solo ifaçı kimi tanınırsınız. Hansı daha rahatdır?
- Mən 5 il "Şeron" qrupu ilə çalışdım. Artıq 4 ildir ki, solo karyeraya başlamışam. Hər ikisinin ayrı-ayrı çətinlikləri var. Hər işin başında əziyyət, çalışqanlıq durur. Qrupda vəziyyət elə idi ki, 4 nəfər birlikdə ifa edirdik. Orada hamımız bir-birimizdən asılı idik. Yəni qrupda birimiz dörd, dördümüz bir olmalıydıq. Solo fəaliyyətdə isə tək ifa edirsən və ifanı özün yönləndirirsən. Bütün məsuliyyət də tək sənin üzərinə düşür. Hər ikisi çətindir, həyatda asan heç nə yoxdur.
- Solo karyeranıza elə bir zamanda başladınız ki, o zaman şou aləmində gənc ifaçılar azlıq təşkil edirdi. Sizə elə gəlmirmi ki, bu, sizin tanınmağınız üçün böyük rol oyandı?
- Bəli. Haradasa sizə haqq verirəm. Mən solo ifaya başlayanda bu qədər gənc ifaçılar yox idi. Həmin ərəfələrdə qruplardan ayrılan, solo oxumağa başlayan bir neçə müğənni vardı. Bu da mənim daha tez məşhurlaşmağıma səbəb oldu.
- Gənc ifaçılar sırasında iki Yaşar adlı müğənni var. Digər ifaçıdan fərqlənmək üçün bəlkə özünüzə ləqəb götürəsiniz?
- Hər ikimizin sevənləri var. Mən Yaşar Yusubam, o da Yaşar Cəlilov. Tamaşaçılar məni öz mahnılarıma görə sevir, onu isə başqa mahnılara görə. Bizim şou biznesdə eyni adda olan 3-4 ifaçılarımız da var. Məncə bunun elə də böyük bir fərqi yoxdur. Biz bu torpağın ifaçılarıyıq. Hər bir insan hansısa özünəməxsus özəlliklərinə görə fərqlənir.
- Siz şou aləmində duet ortağı olmayan yeganə müğənnisiniz.
- Deyəsən, siz mənim bütün sənət fəaliyyətimi yaxından araşdırmısınız (gülürük).
- Elədir... Həyat yoldaşınız duet oxumağa narazılıq edir, yoxsa ortada başqa bir səbəb var?
- Sualı bu formada verəcəyinizi gözləmirdim(gülür). Əslində duet oxumağı çoxdan istəyirdim. İndi o barədə düşünürük. Ancaq kimlə duet oxuyacağımı dəqiqləşdirməmişəm. Duet oxumağa namizəd axtarıram. Bizə də maraqlıdır, bəlkə siz təklif edəsiniz ki, mən kimlə duet oxusam maraqlı alınar?
- Fikrimcə, elə də tanınmayan və gözəl səsə malik olan biri ilə duet oxusanız, ona da dəstək olmuş olarsınız. Həmin xanım ifaçını görəndə hər kəs Yaşar Yusubla oxuyan qız deyəcək və siz də kiminsə tanınmağında rol oynamış olarsınız.
- Dediyiniz fikir maraqlıdır, niyə də olmasın? O da ola bilər, çox məşhur müğənni də. Duet ortağımın xanım və ya bəy olmasının da fərqi yoxdur. Əsas odur ki, istedadlı olsun.
"İstedadsız ifaçıların bu sənətdə yeri yoxdur"
- Qorxmursunuz ki, kişi sənətçi ilə duet oxusanız bu gənclər arasında birmənalı qarşılanmaz?
- Hər bir insanın həyata baxışı fərqlidir. Dünya şou biznesinin gedişatına fikir versək görərik ki, 2-3 kişi ifaçının və ya xanımların duetləri, kvartetlərinə çox rast gəlirik. Duet barəsində çox danışılsa daha da maraqlı olar. Biz öyrəşmişik ki, dueti yalnız bir kişi, bir qadın oxusun. Ancaq sənət aləmində əsas odur ki, ifaçının səs diapazonu, mahnı seçimi düzgün olsun və xalq tərəfindən yaxşı qarşılansın.
- Sizcə, kimlər şou aləminə təsadüfən düşüb?
- İstedadsız ifaçıların bu sənətdə yeri yoxdur. Hərdən özümüz də deyirik ki, filankəs biznes işi ilə məşğul olsa daha yaxşı olardı. Gəlib həm öz zövqünü, həm də tamaşaçıların zövqünü korlamazdı. Hər şey insanın özündən asılıdır. Biz kimsəyə deyə bilmərik ki, sən nə üçün oxuyursan və yaxud da səsin yoxdur, oxuma, səhnə üçün yararsızsan. Hər bir sahənin peşəkarı və qeyri-peşəkarı var. Əsas odur ki, az da olsa istedadın olsun.
- Bu gün şou aləmində gənclərin sözünü demək üçün onlara kifayət qədər şərait yaradılıbmı?
- Əlbəttə yaradılıb. Efirdə, radioda, sənətdə mənə dəstək olan insanlar olub. Hərdən deyirlər ki, tanınmaq üçün külli miqdarda sərmayələr lazımdır. Bu, şərt deyil. Ümumiyyətlə insana hərtərəfli dəstək lazımdır. Biz də yavaş-yavaş istədiyimizə nail ola bilirik.
- Sizcə, tanınmaq üçün ifaçıya külli miqdarda pul vacibdir?
- Pul hamıya lazımdır. Mənim ən böyük arzum odur ki, konsert verim. Hər zaman da düşünürük ki, konserti necə edək. Konsert vermək üçün mənə sərmayə lazımdır. İndi ilk mahnını oxumaq, sözünü demək, hansısa bir yerə gəlib çıxmaq çox çətindir. Əgər istedadsızsansa, milyarder də olsan, tamaşaçını aldada bilməzsən. Çünki tamaşaçı hər şeyi görür və özü yaxşı ilə pisi seçməyi bacarır. Tamaşaçı ifaçının mahnısını dinlədikdən sonra bilir ki, o səsininmi, pulununmu hesabına irəli gedir. Pul hər işdə mütləqdir.
"Tamaşaçılar buna bir daha əmin olacaq"
- Bəs Yaşar Yusub nəyin hesabına irəli gedir?
- Mən 4-5 ildə sənətimə sərf etdiyim pulun sayını bilmirəm. Mənim elə də çox pulum yoxdur. Qazancım toylardandır. Qazandığım pula da geyimlərimi alıb, mahnılarımı yazdırıram. İrəli getmək üçün efirə, radioya pul verməmişəm. Yəni qabağa getmək üçün özümə pul xərcləməmişəm. Dostlarımız, gözəl insanlar sağ olsunlar ki, zamanında da, indi də mənə dəstək olurlar.
- İndi hansı layihələrlə məşğulunuz?
- Hazırda "Yanındayam" adlı yeni mahnı və klip üzərində çalışırıq. Klipin hər şeyi hazırdır. Yaxın günlərdə mahnı radio dalğalarında və sosial şəbəkələrdə olacaq. Mahnının sözləri Cavid Gülə, musiqisi mənə, aranjemanı isə Eşqinə aiddir. Bundan əlavə, ATV telekanalında "Kimdir nömrə 1" layihəsi olacaq. Həmin layihədə iştirak edən 19 ifaçıdan biri də mən olacam. Orada canlı performans, ifalar olacaq. Mənim mahnılarımı bəyənən tamaşaçılar məni oradan da izləyə bilərlər.
- Layihə çərçivəsində canlı ifadan qorxmursunuz ki?
- Əlbəttə ki, yox! Ən çox da buna görə həmin verilişə qatıldım. Mən insanlara canlı səsimin gücünü göstərəcəm. Tamaşaçılar buna bir daha əmin olacaq. Orada həm muğam, həm xalq mahnıları, həm də öz bəstələrim olacaq.
- "Yanındayam" deməklə Yaşar Yusub kimin yanında olacaq?
- Yaşar Yusub hər zaman ailəsinin, dostlarının və sevənlərin yanındadır.
Kaspi.az
Böyütmək üçün şəkillərə klikləyin.