Şou-biznes

Aparıcı Elgiz: "Sultan Süleymana dedim ki..." - FOTOSESSİYA

30 Sentyabr 2014 02:30
15 Şərh     Baxış: 12 362
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Sultan Süleymana dedim ki, səni görməyə gəlmişəm"

- Komplekslərin var?


- Əvvəllər var idi. Çəkim 100 kq idi. Özümü efirdə təsəvvür edə bilmirdim. Sonradan başa düşdüm ki, çəki, görünüş kompleks yaratmaq üçün səbəb deyil.


 

- Efir, aparıcılıq məqsədin idi?
 

- Xeyr. Ağlıma da gətirməmişəm. Jurnalistika mənim həyatımın bir hissəsi idi. Azərbaycanda yeganə jurnalistəm ki, turizm iqtisadiyyatı sahəsində ətraflı materiallar işləmişəm. Turizmin inkişafından tutmuş, regionlarımız haqda ətraflı məlumat, turistləri hansı əraziyə necə cəlb etməyin mümkünlüyündən silsilə yazılar yazmışam.
 

- Çox vaxt media haqlı və ya haqsız aparıcıları "göydəndüşmə" adlandırır. Onları mütaliəsizlikdə, yazı yaza bilməməkdə qınayır. Belə başa düşdüm ki, sən özünü o kateqoriyaya aid etmirsən.
 

- Bunu mənə şamil etmək olmaz. Səkkiz il qəzet təcrübəm var. "İmpuls" qəzetindən başlamışam.

- Niyə mövzu kimi insan faciələri, problemləri seçirsən? Göz yaşı əbədidir, sosial problem isə heç vaxt bitmir.
 

- Əksinə, mən şou-biznesdən yazmağa başlayandan sonra televiziyaya dəvət aldım. Səkkiz illik televiziya fəaliyyətimin son şou-biznes yazarlığı dövründə jurnalist kimi imzamı təsdiqlədim. Məsələ faciələrdə, göz yaşında deyil. Televiziyada da "Bağlama" adlı şou-biznes xəbərləri proqramı ilə efirə gəldim. Ancaq sosial mövzuda ilk proqramı mən işləmişəm. Məndən sonra çoxu bu mövzuya müraciət etdi. O vaxt rəqibim yox idi.

- Reytinqə işləmək səni sıxmır? Süni qalmaqal yaratmalısan, qonağın sözünü kəsməlisən.

- Mənim proqramımda süni qalmaqala ehtiyac yoxdur. Efirin yarısını su səpməyə, qalmaqal sakitləşdirməyə sərf etməli oluram. Qalmaqala ehtiyacım yoxdur.
 

- Səni, demək olar ki, bütün ölkə tanıyır.
 

- Bilirsən, özü haqqında "mənəm-mənəm" deyən, özünü "1 nömrə" elan edən adamlar mənim gözümdə xəstədir. Hərdən beş yaşında uşaq da məni tanıyıb üstümə atılır. İnsanlar tanınmış simaya daha çox inanır.


 

- Səbəbsiz aqressiya ilə qarşılaşmısan?
 

- Elələri var ki, hörməti başa düşmür.
 

- Efirdə tamaşaçıya kobudluğun da olur. Buna görə vicdan əzabı çəkdiyin olub?
 

- Səbəbsiz olmayıb. Ciddi səbəbə görə kobudluq etmişəm. Amma olub ki, kobudluğa görə vicdan əzabı da çəkmişəm.
 

- Vicdan sənin üçün nə deməkdir? Bu anlayışı necə təsəvvür edirsən?
 

- Vicdan məsuliyyətdir, ləyaqətdir.
 

- "Manıs" dediyimiz müğənniləri proqrama dəvət edirsən. Onlar da ailə-məişət mövzusunda məsləhət verir, millətə necə yaşamağı öyrədir. Bir "manıs"ın həyatı necə nümunə ola bilər axı?!
 

- Mənim proqramımda onlar yoxdur axı. Nə vaxt ki, birbaşa onlara aidiyyəti olan məsələlər olur, o zaman dediyiniz müğənniləri orada görə bilərsiniz. Çox vaxt boşanma məsələsi olur ki, bu mövzuda da onların təcrübəsi xeyli çox olduğu üçün proqrama dəvət edirəm. Tanınmış insanların həyatı tamaşaçıya həmişə maraqlıdır.

- Sonuncu dəfə hansı kitabı oxumusan?
 

- Çox kitab oxuyuram. Son dövrlər Cek Londonu çox oxuyuram. İnsanlardan o qədər çirkinlik, nanəciblik görürsən ki, onun heyvanların həyatından bəhs edən əsərlərinin vurğunuyam. Heyvanları çox sevirəm, onları qorumaq istəyirəm. Bu yaxınlarda pişiyim qonşunun maşınının altında qaldı. Ancaq məni görəndən sonra ağzından qan gəldi və öldü. Günlərlə depressiyadan çıxa bilmədim. Maşınımın səsi gələn kimi qaça-qaça gəlirdi.


 

- Niyə bu qədər heyvanlara qarşı meyllənmisən?
 

- Belə fikir var ki, insanları tanıdıqca heyvanları daha çox sevirəm.
 

- Sən efirdə çərçivələri qırmış adamsan. Bəs içində qıra bilmədiyin çərçivələr var?
 

- Çoxu deyir ki, efirdə inqilab eləmisən. Mən bilmirəm, nəyi nəzərdə tuturlar. Yəqin ki, efirdə rola girməməyim, insanlara qarşı saxtakarlıq etməməyimi inqilab hesab edirlər. Aparıcılar var ki, efirdə yalandan ağlayır, yıxılır. İçimdə qıra bilmədiyim çərçivələr var.
 

- Tamaşaçı kimi nəyə baxırsan?
 

- İctimai Televiziyaya baxırdım. Son dövrlər İctimai Televiziyaya da baxmıram. Vaxtım yoxdur.
 

- Pul sənə niyə lazımdır?

- Aylıq yaşamağım üçün xərclərimi ödəməyə.
 

- Cəmiyyətin ən böyük problemi nədir?
 

- Savadsızlıq. Uşaqlarımızı oxutmaq istəmirik. Təhsil əvvəllər məcburi idi. İndi qanunlar dəyişib. Primitiv, elementar şeyləri belə anlamayan adamlar var.
 

 

- Geriyə baxanda nəyə görə utanırsan?
 

- Hamının səhvi olur. Peşman olduğum məqamlar çoxdur. Amma utanası heç nə eləməmişəm. Bu sualı hansısa müğənniyə versəydilər, deyərdi, keçmişdə "peraşki" satmışam, utanıram.
 

- Tanınmaq sənə nə verib?
 

- Qısa zamanda özümü doğrultmalı idim. Çox çalışdım. Amma bəzən tanınmağıma görə peşman oluram.
 

- Bəlkə, şəxsi həyatını rahat yaşaya bilmədiyin üçün peşmansan?
 

- O vaxtım deyil ki, günümü barlarda, çay evlərində keçirim. İndi rahatlıq tapdığım yer ancaq evimdir.
 

- Sabah ANS-dən işdən çıxartsalar, nə iş görəcəksən?
 

- Mənim qələmim var. Yazı yazacağam. Efir xəstəliyinə tutulmamışam.
 

- Deyirlər, ANS-də işləmək zülmdür, çətindir...
 

- Yalandır. Mənim kimi adam səkkiz ildir, ANS-də işləyirəm.
 

- İstəməzdin ki, az-maz intellektuallığı olan proqram aparasan?
 

- İstəyərdim. Amma ona baxan olacaqmı?
 

- Bəs qonaq necə? İntellektual proqrama çağırılası qonaq tapacaqsan?

- Əlbəttə. Nə çox ziyalımız...
 

- Bir parlament deputatın işini görürsən.
 

- Elə deyirlər. Ancaq qonaq çağıranda heç vaxt imtina etmirlər.
 

- Bəlkə, millət vəkili kimi namizədliyini irəli sürəsən?
 

- İstəyərəm. Amma tezdir. Deputatların işini analiz edə bilmərəm. Onlar da çox əziyyət çəkir.
 

- Yaşadığın ərazidən seçilən millət vəkilini son dəfə nə vaxt görmüsən?
 

- Mən, ümumiyyətlə, onu görməmişəm. Bəlkə də, onluq işim olmayıb deyə qarşılaşmamışıq.



- Sənin üçün gözəl qadın anlayışı nə deməkdir?
 

- Ağıllı qadın gözəl qadındır. Sizin görünüşünüz də xoşuma gəlir. Bu qətiyyən "padxod" deyil. Səmimi sözümdür.
 

- Nədən qorxursan?
 

- Təklikdən. Arada mənə elə gəlir ki, hamı gedəcək, mən təkcə qalacağam.

- Seçim imkanı olsaydı, hansı obrazı canlandırardın?
 

- Jan Valjanı. Mən də onun kimi cəfakeşəm.
 

- İki "eşşəyin arpasını bölə bilməmək" nə deməkdir?
 

- Bir də baxırsan, bu sözü vəzifəli şəxs haqqında deyirlər. "Day-day", pul, tapşırıqla müəyyən yerə qədər getmək olur. İnanmıram ki, istedadsız, savadsız adam yüksək mərtəbəyə qalxsın. Hamı layiq olduğu yerdədir.
 

- Layiq olduğun yerdəsən?
 

- Layiq olduğum yerdəyəm. Bundan daha yaxşısını istəmirəm. Allah bu günümü, insanların mənə münasibətini, sevgisini əlimdən almasın.
 

- Sənə elə gəlmir ki, cəmiyyətdə sevgidən çox nifrət var.
 

- Zaman çox dəyişib. Biz sevgi etirafı edən cütlük görəndə dəli kimi baxırıq. İndi Leylilər, Məcnunlar yoxdur. Aqressivlik artır. Küçələr tərbiyəsizlə doludur. Tərbiyəlilər susmaq fikrində deyillər. Küçəyə tüpürənlər, zibili yerə atanlar, qız-gəlinə söz atanlar, bir-birinin belinə çıxan maşınlar, ictimai nəqliyyatda qadınlara sürtüşən kişilər, küçədə göyə güllə atanlar... İnsanlar necə sakit olsun?!
 

- Acından belə edirlər, yoxsa harınlayıblar?
 

- Çoxu acından belə edir. Heyif çıxır ətrafdan.
 

- Son dəfə gecə klubuna, bara nə vaxt getmisən?
 

- Yadımda deyil.
 

- Bəs toya?
 

- Səviyyəsiz toya getmirəm.
 

- Biz niyə toy və yasdan ötrü ölürük?
 

- Biz məclis sevən xalqıq. Bir də görürsən səksən yaşlı kişi ölüb. Yüz nəfər qarda-tufanda dörd marşrut dəyişə-dəyişə gəlir. Guya bu başsağlığı verən kimi kişi qəbirdən dirilib oturacaq. Yas yiyəsi bir ay fikirləşir ki, bu adamlar kimdir. Çoxunu heç tanımır. Toyda da qapıda duran olmasa, yasdakı kimi yeyib-içib gedərlər. Gündə 5-6 dəvətnamə gəlir. Çoxunu da tanımıram. Xaricdə qocalar pulunu yığıb dünya səyahətinə çıxır, bizim qocalar da yasları gəzir.

- Pul yığmaq demişkən, vətəndaşının sosial-tibbi sığortası olan ölkədə sən işsiz qalardın. Və ya belə proqram aparmazdın.
 

- Qısa müddətdir ki, müstəqilik. Çox problem həllini tapıb. Onlar da olacaq. Təki problem olmasın. İşsiz qalmağa da razıyam.

- Nə qədər ömür istəyirsən?
 

- Dünya durduqca.
 

 

- Qurdla qiyamətə gedəcəksən?
 

- Çox yaşamaq istəyirəm. Həm də kaş ki, şərəfli ömür yaşayaq. Arxamızca söyməsinlər.

- Əvvəllər regionlarda heç məscid yox idi. Necə oldu, qəfildən hamı dindar oldu?
 

- O dindarların hamısı səmimi dindar deyil. Təbii ki, bizim də səmimi dindarlarımız var.
 

- Almaniyanın dövlət quruluşu haqda nə deyə bilərsən?
 

- İndi birləşiblər. Merkel də Almaniyanın kansleridir.

- Barak Obama ilə görüşünü təşkil etsəydilər, nə istəyərdin?
 

- İkili standartlar, saxta bəyanatlar, terrorist qruplara verdiyi dəstəyi dayandırmasını istəyərdim.
 

- Bəs Putindən?
 

- Putindən Azərbaycandan əlini çəkməyini istəyərdim.
 

- Heç Rəmişə qulaq asmısan?
 

- Yox, qulaq asmamışam.

- Flora Kərimova, yoxsa İlhamə Quliyeva?
 

- İkisi də dostumdur.
 

- Hansı ölkəyə gedəndə qayıtmaq istəmirsən?
 

- Ölkəmi çox sevirəm.

- Xəritəni sənə versəydilər, Azərbaycanı hara yerləşdirərdin?
 

- Elə öz yerinə. Allah bizə hər şey verib. Afrikada olsaydıq, istidən ölərdik.
 

- 12 iqlim qurşağının doqquzunun bizdən keçməyi sənin həyatında nəyi dəyişdirir? Bu, ümumiyyətlə, səni niyə sevindirir?
 

- Təbiət hadisələrinin hamısını görürəm, sevinirəm.
 

- Meyxanaya qulaq asırsan?
 

- Yox.
 

- Bəs muğama?
 

- Saxtakarlıq eləmək lazım deyil. On dəqiqədən artıq qulaq asa bilmirəm.


 

- Hardasa içib dava salmısan?
 

- Olmayıb. İçib qan qaraltmamışam.
 

- Gənc yazarlardan kimi oxuyursan?
 

- Hamısını oxuyuram. Oxumaq həyatımın bir hissəsidir.
 

- "Muhteşem Yüzyıl"a baxırdın?
 

- Hə. Təsadüfən Sultan Süleymanı canlandıran aktyorla qarşılaşdım. Yaşadığı binaya qonaq getmişdim. Soruşdu burda kimi axtarırsınız. Dedim ki, sizi görməyə gəlmişəm. Beləliklə, tanış olduq.
 

- Süleymanın yerinə olsaydın, Hürrəmlə bacara bilərdin?
 

- Dünyanı barmağına fırladan kişi onunla bacarmayıb. Mən nə edərdim?!
 

- Mənə nə sualın var?
 

- Sualım yox, arzum var. İstəyirəm, həmişə olduğun kimi qalasan. Necə ki, olduğun kimi görünürsən.
 

- Söhbəti Mövlanaya bağladığın üçün təşəkkür edirəm.

P.S. Müsahibim əvvəldə intim sualların verilməməsini xahiş etmişdi. Ona sualım yox idi. SSSR-də seks yoxdur.
 

Günay Arda

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Fotolar: Ceyhun Ələkbərov
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.