- Nə yazırsınız hit olur. Bəlkə sirrini açıqlayasınız?
- Sirri işi sevərək görürəm. Mahnı yazmağı çox sevirəm. Peşə kimi yox hobbi kimi yanaşıram. Ən gözəli isə odur ki, sənin hobbin sənə pul qazandırsın. Hobbi insanın marağıdır. Və bir işi sevərək görürsənsə, o iş sənə xeyir gətirir və uğurlu alınır. Mən sirr kimi bircə bunu bilirəm. Çünki yazdığım hər bir mahnıya ürək qoyuram. Fanat kimi yanaşıram ki, yaxşı alınsın. Müğənnidən əl çəkmirəm. Mahnını təhvil verdikdən sonra belə, onun efir həyatını kontrol edirəm. Hətta klipi kimin çəkməsinə qədər müdaxilə edirəm. Mahnımın taleyinə biganə qalmıram.
- Özünüzü peşəkar bəstəkar hesab edirsinizmi?
- Qətiyyən yox. Peşəkar o insandır ki, həmin peşənin sənədinə sahib olsun. Məndə isə bunun "dokument"i yoxdur. Mən ixtisasca beynəlxalq iqtisadçıyam. Özümü, sadəcə, həvəskar bəstəkar hesab edirəm.
- Bilirəm ki, həmkarlarınız arasında sizi bəstəkar kimi qəbul etməyənlər kifayət qədərdir. Bu nədəndir?
- Xəbərdaram. Mənə qarşı çox qısqanclıqla yanaşırlar. Bu, sadəcə, uğursuzluqdandır. Mən peşəkar teleaparıcıyam. 10 ildir ki televiziya və radioda aparıcılıq edirəm. Bu sahəyə məndən sonra gələnlər var. Amma mən heç vaxt heç kim barədə mənfi rəy bildirmərəm. Yəni, insan zəifdirsə, görüşəndə ərkim çatırsa, iradlarımı deyərəm. Amma ictimai şəkildə və ya hər hansı bir jurnalistə heç vaxt "O, haranın aparıcısıdır, diceyidir ... O heç efirə yaraşmır" kimi sözlər demərəm. Niyə demərəm? Çünki mən teleaparıcı olaraq olqunlaşmışam, tamam. Mən hörmətli bir kanalda yüksək bir məvacibə işləyirəm. Həmin bəstəkarların isə yazdıqları hit olmur, onlar mənim qədər sevilmirlər. Sadəcə, paxıllıq edirlər. Mən də az-çox kitab oxuyan biri kimi belə şeylərə yuxarıdan-aşağı baxıram. Hər kəsə öz işində uğur arzu edirəm. Hətta məni sevməyən həmkarlarıma belə... .
- Madii cəhətdən sizi qane edən müğənnilər kimlərdir?
- Ən səxavətlilər Natavan Həbibi və Xəyyam Nisanovdur. Ümumiyyətlə isə bütün müğənnilərlə işləmək rahatdır. Çox xoşlayıram mahnılarmı Natanın, Tünzalə Ağayevanın, Sevda Ələkbərzadənin və Faiq Ağayevin səsində eşidim.
- Bəzi müğənnilər gileylənir ki, Murad Arifin mahnıları çox baha olur. Doğrudurmu?
- Bəli, belə bir məqam var. Bunun məntiqi var. Məntiqi ondan ibarətdir mən ildə 2-3 mahnı yazıram və onları yaxşı qiymətə satıram. Gör Azərbaycan səhnəsində nə qədər müğənni var. Mən fiziki olaraq bacarmaram ki, onların hər birinə mahnı verim. Sadəcə, o siyahını darlaşdırmaq üçün elə məbləğ deyirəm ki, yalnız ürəkli müğənnilər məndən mahnı ala bilsin.
- 2010-cu ildə belə bir xəbər yayıldı ki, "Lider" kanalından qovulmusunuz. Sonra "ATV"-də işə başladınız. Sonra yenə "Lider"ə qayıtdınız. Nə məsələ idi?
- 3-4 aylıq sanki qonşu kanala məzuniyyətə getmişdim. Sonra yenidən qayıtdım öz verilişimə... Qovulmaq olmayıb. Çox şükür Murad Arif bu günə kimi işlədiyi heç bir yerdən qovulmayıb. Tərəzi bürcüyəm. Çox məsuliyyətli və punktualam. Şəxsi təşəbbüsüm var idi. Təkliflər var idi. Getdim və sonra anladım ki, mənə daha rahat və doğma "Lider" kanalıdır. Ancaq söz verilən layihələr edilmədi və "ATV" kanalının özündə cari problemlər oldu. İndiki mövqeyimdən çox rahatam və razıyam.
- Yəqin burada çalışdığınıza görə belə deyirsiniz...
- Xeyr, çox yerdə çalışdığıma görə belə deyirəm.
- Verilişə aparıcıya görə baxırlar, yoxsa əksinə?
- Elə veriliş var aparıcını tanıdır, elə aparıcı da var əksinə, verilişi tanıdır.
- Bəs "Solo"ya Murad Arifə görəmi baxırlar, yoxsa ki, sadəcə verlişin formatı maraqlıdır?
- Bizdə tam bir vəhdət təşkil edir. Sırf öz maraqlarmı düşünərək "Solo"nu yaratmışam. Mən musiqiçilərlə münasibəti xoşlayıram. Musiqini sevirəm.
- Bəzən "Solo" da pozitiv veriliş olmasına baxmayaraq kövrək anlar yaşanır. Bu şou üçündür, ya necə?
- Xeyr, bilməyərəkdən bəzən sarı simə toxunuram. Görürəm gözlər dolur. Deyirəm "stop". Ağlamaq üçün başqa verilişlər var. Sonra həmkarlarım mənə deyir ki, sən dəlisən biz həmin müğənninin sonuncu göz yaşına kimi ağladardıq.
- Azərbaycanda şou-biznes var?
- Toy biznesi var. Müğənnilərimiz qazancı toylardan qazanır. Bizdə şou-biznes ona görə yoxdur ki, o şounu sistematik olaraq göstərən yoxdur. 2 ildən, 5 ildən bir müğənnilərimiz böyük bir məbləğə şou göstərir. Amma bu sistematik olmur.
- Bəs prodüsser varmı Azərbaycanda?
- Bilirsinizmi Azərbaycanda şou-biznes anlayışı necə varsa, elə də prodüser anlayışı var.
- Prodüserlər barədə dedikləriniz qalmaqala səbəb olmuşdu. Tolik sizə hətta sual da ünvanlamışdı ki, onun prodüserliyinə şübhənizmi var. Daha sonra Anar Mədətov sizə qarşı çox kəsin fikirlər bildirmişdi. Sizi musiqi savadı olmayan, not bilməyən bəstəkar adlandırmışdı. Münasibətiniz maraqlıdır.
- Tolik bəli, prodüserdir. Çox istedadlı uşaqlar var. Tolik, Anar Mədətov və bir çoxlarının uğurlu layihələri var. Anar Mədətovun dediklərinə qarşı heç bir fikir bildirmək istəmirəm. Sevinirəm ki, o, məni belə yaxından tanıyır. Mən Anarı da prodüser kimi qəbul edirəm. Anar Elton, İzzət üçün konsertlər təşkil edib. Sadəcə, hərdən adları unuduram. O məsələdən sonra Anarla əlaqə saxladım. Düşünmüşdüm ki, məndən inciyib. Ancaq bu yaxınlarda da verlişimdə qonaq oldu. Hər kəslə mehriban olmağa çalışıram.
- Keçək şəxsi həyata... Sosial şəbəkələrdən sizi izləyirəm, çox ideal həyat yoldaşı obrazı formalaşdırmısınız. Bəs görəsən, ata kimi Murad Arif necədir?
- (Düşünür) Oğlum yaş yarımdır. Böyüyəndə yəqin oğlum deyər ki, mən necə atayam. Mən bunu deyə bilməyəcəm. Ancaq ona kifayət qədər vaxt ayırmağa çalışıram.
- Həyat yoldaşınızla forumda tanış olmusunuz. Necə oldu bu qədər bu münasibət irəlilədi?
- Bəli, doğrudur ki, həyat yoldaşımla forumda tanış olmuşam. 5 il davam etdi münasibətimiz. Tez-tez görüşə bilmirdik, o, məndən uzaqda idi. Bir müddət ayrı qalsaq da, sonda qovuşduq. O, İsveçdə yaşayırdı. Valideynləri əvvəllər bir az narazı oldu. Çünki qızlarını özlərindən bir neçə ölkə uzağa verirdilər. Darıxırlar. Hər gün skayp-da danışırlar. Ancaq biz tərəfdən nə narazıçılıq ola bilərdi ki? Getdik aldıq, gəlin gətirdik.
- Xoşbəxtsinizmi?
- Çox xoşbəxtəm.
- Belə bir fikir yazmışdınız ki, "telekanallarda xanımlarla rəqabət aparan fahişə oğlanlar var". Sonra 5 dəqiqə keçdi və həmin status yox oldu. Fikrinizi dəyişdiyiniz üçün status silindi, yoxsa başqa səbəb var?
- Üzdəniraq həmkarım məni əsəbləşdirmişdi. Mənə yaxın olan xanım həmkarımıza qarşı kişiliyə yaraşmayan hərəkət etmişdi. Hər tip insan var da... Bu, bir an məsələsi idi. Fikrimi paylaşdım. Adını vurğulamadım. Sözüm olsaydı, zəng edib, deyərdim. Virtual savaşları sevmirəm. Sözüm olanda da şəxsin özünə deyirəm. Olur hərdən. Digər həmkarlarıma baxanda mən də ildə 1-2 dəfə belə emosionallıq olur.
- Murad Arif bu dəqiqə qlobal və ya lokal olaraq nəyə "stop" deyərdi?
- Millətlər, xalqlar, insanlar arasında olan savaşa stop deyərdim. Çünki barış sevən insanam. Lokal olaraq da məndən inciyənlər varsa, bu soyuqluğu aradan qaldırmağa çalışaram. Mənim heç kimin heç nəyində gözüm yoxdu. Məndə nə varsa, bu, mənə bəsdi. Nə yoxdusa, halal şəkildə əldə edəcəyəm. Ətrafımda və bütün dünyada olan savaşlara stop deyərdim. Kimsənin nə haqqında, nə popularlığında, nə fəxri adında gözüm yoxdur. Çünki uğurlu olursansa, uğursuzlar səndən həmişə küsür, yaxşı mahnı yazırsan, yaza bilməyənlər səndən küsür. Bu onların öz problemi olsa da, istəməzdim kimsə məndən küssün. Çünki Murad çox yaxşıdır (gülür).
- Kim Murad Arifi başa düşmür və niyə?
- Murad Arifi bəzən özü başa düşmür. Niyəsini də bilmirəm. Bəlkə də tərəzi bürcüyəm, tərəzinin bir gözü ağır gəlir. Bəzən düşünmədiyim kimi danışıram və bununla mübarizə aparıram. Bu, məndə psixoloji problemdir yəqin... (gülür)
- Sizin "Təyyarələr" mahnınızı Ruki Verxin, "Stop" mahnınızı isə Tarkanın "Öp" mahnısının plagiat versiyası hesab edirlər...
- Plagiat dedinsə, deməli, isbat etməlisən. "Stop" və "Öp" mahnısının ritmi eynidir. Amma baxın eyni ritmdə Kənan Doğlunun, Emirin, Rihannanın reperturında olan neçə-neçə mahnılar var. Bu sözlər, sadəcə, savadsız insanların fikirləridir. Ritm eyni ola bilər. Plagiat dedikdə isə həm də not ardıcıllığı olmalıdır. Bunu peşəkarlar bilir. Qaldı "Təyyarələr " mahnısına isə o mahnının cəmi bir neçə notu ardıcıl gəlir, mahnının inkişafı, harmonik ladı isə tamam fərqlidir.
- Bu gün Murad Arif özünü ulduz hesab edir?
- Əzizlərim, Azərbaycan şou-biznesində bu şeyləri müxtəlif ölçü meyarları ilə ölçürlər. Mənim şəxsi yanaşmam var. Mənə görə Azərbaycanda ulduz Tolikdir. Səbəb isə odur ki, onun qədər İnstagramda izləyicisi olan ikinci şəxs yoxdur. Murad Arif isə ulduz deyil. M.Arif isə sadəcə, aparıcı, şoumen və mahnı yazarıdır.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.







