Nadir Qafarzadənin sevdirdiyi mahnıya yeni nəfəs verildi
Milli.Az xəbər verir ki, Dağıstanda "Naşa Dana" təxəllüsü ilə tanınan estrada müğənnisi Dana Durdana Azərbaycanda növbəti konsert proqramı ilə çıxış edib.
Dana təəssüratlarını oxucularımızla belə bölüşdü: "Konsertimiz çox gözəl keçdi. Təşkilatçılıq missiyasını Lider TV-nin tanınmış aparıcılarından biri Lamiyə Ələkbərova öz öhdəsinə götürmüşdü.
Onu da deyim ki, məhz Lamiyə xanımdan sonra Azərbaycanda ulduzum parlamaqdadır. Ona həm də təşəkkür edirəm ki, həmkarı Zabir Əliyevlə birlikdə səhnəyə çıxıb konsertimə aparıclıq etdilər.
Çıxışım Nabranda yerləşən istirahət mərkəzlərinin birində baş tutdu. Gənc müğənni Ozan, "Talant" rəqs qrupunun üzvləri, skripka ifaçısı Əkbər mənimlə eyni səhnəni bölüşdülər.
Çoxlarına məlumdur ki, Azərbaycana sevgim sonsuz dərəcədədir. Musiqilərinizin zənginliyi uşaq yaşlarından məni valeh edib. Və repertuarımda yetərincə Azərbaycan mahnıları yer alıb.
Hazırda bəstəkar, əməkdar incəsənət xadimi Nadir Əzimov mənim üçün silsilə mahnılar bəstələyir. 5 bəstəni ifa etmişəm, mahnılar hazır olduqdan sonra albomum da işıq üzü görəcək.
Özünütərif kimi çıxmasın, ingilis, tat, italyan, fransız dilləri daxil olmaqla 9 dili mükəmməl bildiyim üçün dünyaca məşhur musiqiləri oxumaq mənə elə də çətin gəlmir.
İnşallah, ən yaxın vaxtlarda Bakıda da solo-proqramla çıxış etmək niyyətindəyəm".
Konsertdə yaşanan maraqlı məqamlardan biri Nadir Qafarzadənin ifasında populyarlığını itirməyən "Maral-maral" mahnısını Dananın ifa etməsi olub.
Mahnını improvizə edərək "Canın yansın, maral" kimi oxuyan müğənni, tamaşaçıların istəyi ilə bunu bir neçə dəfə səsləndirib.
Dana Qafarzadə ilə dost münasibətlərində olduğunu əsas gətirib, bu fərqliliyin onun da xoşuna gələcəyini israrla vurğuladı:
"Əminəm ki, Nadir "Maral"ını mənim ifamda eşitsə, reaksiyası müsbət olacaq. "Canın yansın, maral" sözləri mahnıya xüsusi rəng qatdı. Youtube-da yayımlanacaq. Oxucularınız qulaq asıb qiymət verərlər".
Şahin Cavadsoy
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.



































Foto: Ruslan