Şou-biznes

Mehriban Xanlarova: "O qadına dedim ki, mənim göz yaşlarımın altında xoşbəxt ola biləcəksənmi?!" - FOTOSESSİYA

30 İyun 2010 09:35
Baxış: 19 545
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
- Mehriban xanım, nənə olmağa hazırlaşırsınız, sizi təbrik edirik!

- Çox sağ olun. Dörd aydan sonra nəvəm - qızımın oğlan övladı dünyaya gələcək. Deyim ki, qızım Aysellə kürəkənim arasında sevgi yaşanmamışdı. Sadəcə, bir-birinin şəkillərini görmüşdülər. Sonra görüşdülər və evlənmək qərarına gəldilər. Mən onların şəxsi həyatına heç vaxt qarışmıram. İki gəncin həyatına qarışanda ya ana kürəkən qarşısında pis olur, ya da qızın özü çıxılmaz vəziyyətə düşür. Savaşsalar da belə, problemlərini özləri həll eləsinlər. Təbii, Ayselin başı ağrısa, yanına qaçıram. Hər namazımda da Allaha yalvarıram ki, övladım həyatda yalnız sevinc göz yaşları töksün.


"Qızlar varlı oğlan, oğlanlar da varlı qız axtarışındadır"


- Niyə azərbaycanlı qadınlar əksər hallarda xoşbəxt ola bilmirlər? Sənət aləmində də boşanma hallarına tez-tez rast gəlinir. Sizcə, bu problemin kökündə nə kimi amillər dayanır?

- Bu gün 3 manatımız var. Sabah 15 manatımız olanda başqa birisinin yanına qaçırıq. Bax bədbəxtçiliyimiz ondadır... Bəzi sənət adamlarını, konkret şou-biznesdəkiləri nəzərdə tuturam. Beləcə boşanmalar gündən-günə artır. İstər qadın, istərsə də kişi tərəfdən olsun... Aktrisalara gəlincə, bu suala cavab verə bilməyəcəm. Çünki hər birimizin ayrı-ayrı bir taleyi var. Bizdə Allaha şükür, şou-biznesə baxanda çoxu evlidir, boşanan azdır. Cəmiyyətdə isə, məsələ tamam başqadır. Boşanmalara yol açan səbəblərdən biri də qızların varlı oğlan, oğlanların isə varlı qız axtarışında olmasıdır. Amma istər siravi, istərsə də sənətdə olan hər bir qadın xoşbəxt olmağı arzulayır. Ən azından buna can atır.


"Hicaba görə teatrda və televiziyalarda mənə sədd qoyulmuşdu"


- Bir qadın olaraq, bu gün sizi hansı qayğılar narahat edir?

- Çox çətin dövrə gəlib çıxmışıq. Teatrdan 231 manat maaş alıram. Bu pulla heç kəs yaşaya bilməz. Yaşayarsan e, sürünərək... Bu gün heç bir yerdən qazancım yoxdur, prezident təqaüdü almasam bataram. Mənim də hardasa dükanım olsaydı narahatlıq hissi keçirməzdim. Əməkdar artistəm, mənə təmiz 3 yüz manat maaş versinlər, xalq artistlərinə də min manat versinlər, vallah razıyam. Xalq artisti bu qədər alsın, əməkdar artsit filan qədər alsın, siravi aktyorlar da bu qədər alsın. Görün, nə qədər qiymətimiz olar?! Mən insanlara heç zaman xor baxmaram ki, niyə sadə bir insan mənim paltarımdan geyinib. Yeri gəlsə, ictimai nəqliyyatdan istifadə edə bilmirik. Ona görə yox ki, mən Mehriban Xanlarovayam. Bəzən deyirlər ki, sənətkar əlçatmaz olmalıdır. Sizə müsahibə verməsəm, özümü çəkib, dağ başına qoysam, mənim haqqımda əlbəttə ki, pis fikirdə olarsınız. Deyərsiz ki, buna bax, özündən nə razıdır...

- Aylıq qazancınız nə qədərdir?

- 500 manat prezident təqaüdüdür, 231 manat teatrdan alıram, 30 manat isə əməkdar artist olduğuma görə verilir. Aylıq gəlirim, 761 manatdır. Bu günümə də şükür. Adam var ki, evi yoxdur, 200-300 manatla güc-bəla ilə növbəti ayı gözləyir. Mənə çox təklif olunub ki, get toylarda aparıcılıq elə. Mən onu bacarmaram, ora çıxsam, əsərəm. Bu işi heç cür edə bilmərəm, mümkün deyil. Bilirsiz, bir zamanlar çalışdığım teatrda və televiziya telekanallarında hicab bağladığım üçün mənə sədd qoyulmuşdu. Zəng eləyirdilər ki, başını açmısansa, səni filan verilişə çağıraq... Mən heç yerdə birdəfəlik hicaba keçdiyimi deməmişdim. Bir də ki, məni Allah sevsin. Bəndə Allahın yanında nə karədir ki?! Onu da deyim ki, mənə sərhəd qoyulmasa, yenidən hicaba keçərəm. Amma çörəyim burdan çıxır axı. İndən sonra hansı işlə məşğul olum? Məni həyatda yaşadan, xəyanətləri-filan unudan sənətimdir. Tamaşaçının sevgisi-alqışıdır.


"Qadınını dəyişməyən, ona xəyanət etməyən kişi yoxdu, bunu bilin!"



- Xəyanətdən söz düşmüşkən, niyə azərbaycanlı kişilərin əksəriyyəti bir qadınla kifayətlənmirlər? Belə demək mümkünsə, xəyanətə daha çox meyilli olurlar?

- Xəyanət bütün dövrlərdə aktual olub. Sovetlər dönəmində bu hal vardısa da, bilinmirdi, gizlin qalırdı. Təəssüflər olsun ki, çox qəribə zəmanədə yaşayırıq, hətta bəzən məəttəl qalıram. Bu yaxınlarda belə bir hadisənin şahidi oldum. Kişi ikinci dəfə evlənir, birinci arvadını da həmin məclisə gətirib. Şəxsən mən Mehriban Xanlarova qəbul eləmərəm ki, mən olan yerdə başqa bir qadın da olsun. Bəzən deyirlər ki, xəyanəti bağışla, yox, bir dəfə, iki dəfə, baxacaqsan ki, ardı gedir e... İstər qızım, istər anam, istər doğma insanım olsa, belə xəyanəti bağışlaya bilmirəm. Sevərəm, dəlicəsinə bağlanaram, canımı da verərəm, amma yalanı və xəyanəti bağışlamıram.

- Daha bir məqam: bizim qadınlar ər xəyanəti ilə rastlaşdıqları halda belə, buna göz yumurlar. Sizcə, bunun səbəbi nədir, həyat yoldaşından maddi baxımdan asılılıq, yoxsa?
 
- Bəli. Qadın o zaman kişidən asılı olur ki, işləmir, evdə oturur. Ayaqqabısını silir, üst-başını səliqəyə salır, "duxi"ləndirir, yola salır. Ya Allah, kişi getdi işə, oradan da o yana... Qadın da səbirsizliklə ərinin yolunu gözləyir. Gecə yarısı kişi zəng eləyir ki, bəs mən toplantıdayam, gec gələcəm. Gecə saat üçdə nə toplantı? Mən belə halların şahidi olmuşam. Maddiyyat ucbatından pis yola gedən qadınlara da mat qalıram. Amma qınaya da bilmirsən. Belələrinə nə "ar olsun", nə də "əclaf" deyə bilirsən. Çünki o insan soruşsa ki, mənə gətirib çörək verirsən? Mən o sualın qarşısında aciz qalaram, cavab verə bilmərəm. Bizim kişilərdi qadınları xəyanətə sürükləyən. Təbii, hamısı yox.


"Keçmiş həyat yoldaşımı dəfələrlə göz yaşlarına bağışladım"



- Yanılmıramsa, həyat yoldaşınızdan sizə xəyanət etdiyi üçün ayrılmısınız?

- Bəli. Onunla Həcc ziyarətindən qayıdandan sonra 2008-ci ildə boşandıq. Allah evindən qayıtmısan, əl-ələ tutub, gözəl yerləri ziyarət etmisən. Sonra da gəlib, burada mənə xəyanət edirsən?! Siz deyin, bundan sonra kişilərə inanmaq olarmı? Mən inanmıram, başqa qadınları deyə bilmərəm. Qadınlar var, deyir ki, mənim həyat yoldaşımdan yoxdu, o, güldü, gül. Qadınını dəyişməyən, ona xəyanət etməyən kişi yoxdu. Onu bilin! Mən onu dəfələrlə göz yaşlarına bağışladım. Fikirləşdim ki, ailədi, dağıtmayım, güzəştə getdim. Sonuncu dəfə mümkün deyildi. Artıq onun yanında olan qadın özü mənə dedi ki, nə istəyirsən? O, səni sevmir! Cavabında dedim ki, məni istəməyən insanla 15 gündür ki, Həccdən qayıtmışam. Halbuki, o qadına demişdi ki, mənimlə getməyib. Elə insanı bağışlayarsız? Biz boşanandan sonra həmin qadınla evləndi. Hansı ki, heç mənim ayağımın tozu deyildi. Mən o qadına dedim ki, mənim göz yaşlarımın altında xoşbəxt ola biləcəksənmi? Biləcəksənsə ol. Bir qadın necə razı ola bilər ki, evli birisini boşatdırsın, bədbəxt eləsin? Mən bədbəxt deyiləm e, xoşbəxtəm! Mən dünyanın ən xoşbəxt qadınıyam! Onlar Cəhənnəmin dibinə qədər getsinlər! Amma qarşımdakı qadın məndən 5-10 yaş kiçik olsun, fikirləşmir ki, bu olay onun üçün də var?! Sadəcə, geci-tezi var. Bəs sən onda neyləyəcəksən? Sənin göz yaşlarına kim dayaq duracaq? Təbii ki, ayrılanda stress keçirdim, mənə pis təsir elədi. Beş il bir insanla bir yastığa baş qoyasan. Hər nazını çəkəsən, uşaq kimi qulluğunda durasan. Mən aktrisa olduğuma baxmayın. Hamı bilirdi ki, yoldaşıma çox yaxşı qulluq edirdim.


"Sevməyərək ailə qurdum, bir-birimizi başa düşərək də ayrıldıq"


- Bəs ilk nikahınızı pozmağınızın səbəbi nəydi?


- Birinci dəfə nikaha girəndə 22 yaşım vardı. Tələbəlik illərində sevməyərək ailə qurdum. Bir-birimizi başa düşərək də ayrıldıq. Amma o insan məni çox sevirdi. Qadının bir neçə dəfə ailə qurmasına pis baxmıram. Mənim şəxsi həyatıma heç kəsin qarışmağa ixtiyarı yoxdur. Alın yazım budur, Allah yazıb. Məni başa düşən insan olsa, istəyərəm ki, indi də yanımda həmsöhbətim olsun.

- Tez-tez evlənmək təklifi alırsınız?

- Mənimlə ailə qurmaq istəyən çoxdur. Amma belə məsələdə çox ölçüb-biçmək lazımdır ki, növbəti dəfə xəyanətə tuş gəlməyəsən. Ziyarətlərə gedirəm, özümdən asılı olmayaraq içimdən ağlamaq hissi keçir. Ailəmi sevirəm, hər əziyyətini çəkirəm. Haqsızlıq görəndə isə özümə sual verirəm ki, axı niyə mən? Mənlər məni yıxıb də... Adam da var, deyir ki, mən mənəm! Məndən yoxdur! Amma baxırsan ki, onda "mənlik" adında heç nə yoxdur.

"Aktoyru sevə bilərsən, amma ailə qurmaq yox..."


- Sənət aləmindən kiminləsə ailə həyatı qurarsınız?

- Yox. Aktoyru sevə bilərsən, amma iş ailə qurmağa gələndə boyun qaçırarsan. Bilirsiz, son nəticədə hər şey madiyyata bağlanır. Ailədə söz-söhbət də maddi problemlər üstündə yaşanır. Mən sənət aləmindən heç kimlə ailə qurmaram. Belə olsaydı, 18 yaşımda aktyor Əhməd Salayevlə evlənərdim də. Bir-birimizə hansısa hisslərimiz vardı, amma mən geri çəkildim.

- Nədənsə sizi bibiniz, sevilən sənətkar Zeynəb Xanlarova ilə bir arada görmürük...

- Bəlkə fərqli sənət sahibləriyik, ona görə. Biz ona həmişə bibi yox, Zeynəb deyirik. O, Azərbaycanın canlı korifeyidir, dünya şöhrətli sənətçidir. Bizim - ailəmizin, nəslimizin baş tacıdır. Bəzi insanlar fikirləşirlər ki, bibim Zeynəb Xanlarova mənimlə danışmır. Xeyr, danışırıq. O, böyük olduğu üçün biz onun yanına gedirik. Təbii ki, tez-tez yox. Biz onu incitmək istəmirik. Bayramlarda mütləq gedib, onu təbrik edirik. Və yaxud mən ona lazım olanda xəbər göndərəcək ki, gəl. Uşaqlarının, nəvələrinin ad günlərində daima bir yerdə oluruq. Sadəcə, sənət yollarımız ayrı olduğundan efirlərdə birgə görünmürük.

- Sizə sənətinizlə bağlı iradlarını bildirir?

- Bəli. Mənə deyir ki, dəvət aldığın hər proqramda iştirak etmə, özünə dəyər ver. Mən də onun sözlərini qəbul edib, "baş üstə" deyirəm.

- Deyəsən, Zeynəb Xanlarova gözəl səsini irsən sizə də ötürüb. Çünki son zamanlar müğənni kimi fəaliyyətə başladığınızın şahidi oluruq.

- Yox. Bibimin yanında mənim oxumağım mızıldanmaqdır. Allah məni teatr, kino üçün yaradıb. Mən aktrisa olmasaydım, heç vaxt müğənniliyi bacarmazdım. Bu yaxınlarda Nurlan Növrəsli ilə özümüzçün iki mahnı oxuduq. Sonra baxdım ki, yox, bu mənim çömçəm deyil. Mən gərək öz çömçəmdən yeyim. Bir müddət sonra da Səbuhi adlı gənc müğənni var, onun mahnısında şeir dedim. Onunla fotosessiya da elədik. İdeyanı mən verdim, guya aşiqlərik. Obraz yaratdıq, onu qucaqlayarkən, başımı sinəsinə, lap elə qarın nahiyəsinə qoyarkən şəkillər çəkdirdik. Bu şəkillərdən biri təsadüfən İnternetə yerləşdirildi. Ardınca yazdılar ki, Mehriban Xanlarova müğənnlik eşqinə düşüb. Hətta məni Səbuhiyə yamamışdılar. Ay başına dönüm, camaatın, arvadı-uşağı var. İzzət Bağırovla da belə problem yaşamışdım. İzzətə böyük simpatiyam var. Təbii ki, o insanın da mənə böyük sevgisi, simpatiyası var. Görürsüz, filmdə elə oynamışam, tamaşaçılar elə bilirlər ki, mənim İzzətə olan sevgim həqiqidir. Mən aktrisayam, yalandan necə oynaya bilərəm?!

- Qarşıdan növbəti parlament seçkiləri gəlir. Bəs millət vəkili necə, olmaq istəmirsiniz?

- (Gülür) Bibim kimi? Mən Zeynəb Xanlarova ola bilmərəm! Elə aktrisa kimi qalsam yaxşıdır...

Aysel
Milli.Az

--------------------------------------------------------------------------------


--------------------------------------------------------------------------------


--------------------------------------------------------------------------------


--------------------------------------------------------------------------------


--------------------------------------------------------------------------------


--------------------------------------------------------------------------------


--------------------------------------------------------------------------------


--------------------------------------------------------------------------------


--------------------------------------------------------------------------------


--------------------------------------------------------------------------------


--------------------------------------------------------------------------------



--------------------------------------------------------------------------------


--------------------------------------------------------------------------------


--------------------------------------------------------------------------------


--------------------------------------------------------------------------------


--------------------------------------------------------------------------------



--------------------------------------------------------------------------------


--------------------------------------------------------------------------------


--------------------------------------------------------------------------------


--------------------------------------------------------------------------------


--------------------------------------------------------------------------------
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.