Şou-biznes

Rəşad Dağlı, Rəqsanə İsmayılova, Alim Qasımov - 2022-ci ilin ən səs-küylü toyları - SİYAHI - FOTO

9 Dekabr 2022 02:44
Baxış: 5 208
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şou aləmi 2022-ci ildə həm də çal-çağırı ilə yadda qaldı. Demək olar ki, bu ilin hər ayı məşhurların övladlarının xeyir işi oldu. Kimi oğlunu evləndirdi, kimi qızını gəlin köçürdü, kimisi isə azyaşlı övladına kiçik toy etdi. Maraqlı və diqqətçəkən məqamlarla dolu toylar günlərlə, hətta aylarla müzakirə edilərək mətbuatın gündəmini zəbt etdi.

Milli.Az baku.ws-ə istinadən saytı bu il övladlarına təmtəraqlı toy edən məşhurların siyahısını hazırlayıb.

Gəlin görək bu il kim övladına harada və necə toy etdi?

2022-ci ilin ilk ən səs-küylü xeyir işi Xalq artisti Alim Qasımovun evində oldu. Fevralın 2-də sənətçinin qızı, Əməkdar artist Fərqanə Qasımovanın övladı Fatimə üçün vağzalı çalındı. O, Xalq artisti Natiq Şirinovun oğlu Ümidlə ailə qurdu. Dəbdəbəli məkanlardan birində keçirilən toyda pandemiya səbəbi ilə məclisə dəvət olunan qonaq sayına məhdudiyyət qoyuldu. Buna görə də Natiq Şirinov oğlu Ümidə əlavə olaraq iki gün də toy etdi.

Növbəti ay, yəni martın 28-də müğənni Zamiq Hüseynov azyaşlı oğlu Zeynə kiçik toy etdi. Məclisdə ifaçının ailə üzvləri, yaxınları və xeyli sayda tanınmış şou nümayəndələri iştirak etdilər. Zamiqin oğlu üçün təşkil etdiyi təmtəraqlı məclisdə böyük və lazer işıqlarla bəzədilən mavi rəngli nəhəng tort müzakirələrə səbəb oldu. Məclisin ən diqqətçəkən məqamı repçi Elşad Xosenin Zeynin portretini çəkərək toyda onu Zamiqə hədiyyə etməsi oldu.

Bu il şairə Nazilə Səfərli də övladına toy edən məşhurlar karvanına qoşuldu. O, mayda ingilis dili müəllimi olan oğlu Nurlana xeyir iş etdi. Nurlan Nuranə adlı xanımla evləndi. Paytaxt restoranlarının birində keçirilən məclisə xeyli sayda tanınmış şəxs da qatıldı.

İyunun 8-də isə Xalq artisti Həmidə Ömərovanın yeganə övladı Rəhimin toyu oldu. Aktrisanın oğlu Zülfiyyə adlı xanımla ailə həyatı qurdu. Cütlüyün toyu Bakıda restoranlardan birində keçirildi. Həmidə Ömərova açıqlaması zamanı Zülfiyyəni Rəhimin özünün sevib-seçdiyini bildirmişdi.

30 iyun Sevgililər Günündə müğənni Aysun İsmayılova da özünə toy etdi. Eşqin adlı bəylə ailə həyatı quran sənətçinin şad günü dəniz kənarında baş tutdu. Toyda diqqətçəkən məqam Aysunun sadə gəlinliyə üstünlük verməsi və məclis boyunca öz ifalarını səsləndirməsi oldu. Rəqsanə İsmayılova isə toyda iştirak edə bilmədi.

İlin ən səs-küylü toylarından biri isə müğənni Rəqsanə İsmayılovanın azyaşlı oğlu Muhammed Əli üçün etdiyi kiçik toy oldu. 25 iyulda baş tutan möhtəşəm məclisdə İsrail əsilli türkiyəli müğənni Linet və özbək müğənni Yıldız Usmanova yer aldılar. Toya gələn qonaqlar mavi, ağ və ya qızılı rəngli geyimlərdən istifadə etdilər. Rəqsanə açıqlamasında həmin rəng libaslarda gəlməyən qonaqların məclisə buraxılmayacağını bildirdi. Toyda yaşanan maraqlı məqamlardan biri Rəqsanənin həyat yoldaşı Fazil Əmiraslanovun müğənni Linetə brilyant üzük bağışlaması oldu.

Bu il şair Vüqar Əhmədin xanəndə qızı Almaxanım Əhmədli də subaylığın daşını atdı. O, mühəndis olan Murad adlı bəylə ailə qurdu. Cütlüyün toyu oktyabrın 3-də paytaxt restoranlarının birində baş tutdu. Almaxanımın dayısı Əməkdar artist İzzət Bağırovun toyda az fəal iştirak etməsi söz-söhbətə səbəb oldu. Qohumlar arasında küsülülük və inciklik olduğu iddia edildi. Daha sonra Bağırov açıqlama verərək, həmin gün bir neçə məclisə dəvət olunduğunu, vaxt tapdıqca hamısında iştirak etdiyini bildirdi.

Almaxanım toyundan bir gün sonra, yəni oktyabrın 4-də isə Əməkdar artist Zakir Əliyevin də evində xeyir iş oldu. Sənətçi qızı Aygülü gəlin köçürdü. O, Türkel adlı bəylə evləndi. Toy paytaxtdakı məkanlardan birində baş tutdu. Həmkarları Əməkdar artistin şad günündə həm oxuyub, həm də rəqs etdilər.

2022-ci ilin daha bir səs-küylü toyu meyxanaçı Rəşad Dağlının övladının xeyir işi oldu. O, oktyabrın 10-da 11 yaşlı oğlu Yusif Əmirova təmtəraqlı toy etdi. Yusifin kiçik toyu Xəzər rayonunun Buzovna qəsəbəsindəki restoranlardan birində baş tutub. Məclisdə sözün əsl mənasında izdiham yaşandı. Bütün meyxanasevərlər toya axın etdilər. Məclis bitənə qədər Dağlı həmkarları ilə birlikdə meyxana dedi. Bu toyun səs-sədası da uzun müddət bitməyərək müzakirələrə səbəb oldu.

Meyxanaçı Rəşad Dağlıdan iki gün sonra, yəni oktyabrın 12-də müğənni Kərim Abbasov da övladı Yusifə toy etdi. Kərim həm öz oğluna, həm də qardaşı oğlu Ruslana paytaxt məkanlarından birində məclis təşkil etdi. Toyda Kərimin ailə üzvləri, yaxınları və şou biznesdən olan dostları iştirak etdilər.

Bu il Əməkdar artist Bəsti Sevdiyeva da ailə üzvləri, yaxınları və sənət adamlarını bir araya yığaraq oğlu Ayxana toy etdi. Məclis noyabrın 11-də Bakıda baş tutdu. Ayxanın diş həkimi olan Gülarə ilə toyu oldu. Gülarə ilə Ayxanın qız toyu ötən il Rusiyada keçirilsə də, cütlüyün oğlan toyu pandemiya səbəbi ilə təxirə salınmışdı. Cütlüyün toyunda diqqətçəkən məqam isə onların azyaşlı qızlarının toyda iştirak etməsi oldu.

Müğənni Xatun Əliyeva da övladı Adilə toy edib evinə gəlin gətirdi. Sənətçinin oğlu 5 ildir sevdiyi Aylin adlı xanımla evləndi. Noyabrın 28-də keçirilən məclis təmtərağı və məşhur qonaqları ilə diqqət çəkdi. Xalq artisti Aygün Kazımova toyda tam təmənnasız oxudu. Xatun toy üçün təkcə rəqqaslara, fotosessiyaya və musiqiçilərə 10 000 AZN-dən artıq xərc çəkdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.