Din

Azərbaycanlı zəvvarlar Həccə qatarla da gedə biləcəklər

18 Aprel 2011 16:11
Baxış: 225
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Səudiyyə Ərəbistanında səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə aprelin 18-də Ciddə şəhərində İslam Konfransı Təşkilatının Baş katibi Ekmələddin İhsanoğlu ilə görüşüb. QMİ-dən Milli.Az xəbər portalına daxil olan məlumata görə, görüş təşkilatın mənzil qərərgahında baş tutub.
Görüş zamanı Azərbaycanın dövlət başçısının səmimi salamlarını E.İhsanoğluna yetirən A. Paşazadə bu yaxınlarda Bakıda baş tutmuş Mədəniyyətlərarası Dialoq Forumu, onun əhəmiyyəti və Azərbaycan dövlətinin mədəniyyətlərin dialoqu kimi ümumbəşəri əhəmiyyətli işə verdiyi layiqli töhfədən söhbət açıb.

A. Paşazadə Azərbaycan xalqının haqq işi - Qarabağ münaqişəsinin ədalətli həlli yolunda göstərdiyi əhəmiyyətli səylərə, atdığı əməli addımlara görə, İslam Konfransı Təşkilatına, onun Baş katibinə dərin təşəkkürlərini bildirib.

QMİ sədri vurğulayıb ki, nüfuzlu beynəlxalq təşkilat olaraq, İKT-nin İslam dünyasının ayrılmaz tərkib hissəsi olan Azərbaycanın maraq və mənafelərinin qorunması işinə, münaqişənin ədalətli həllinə yardımı yönündə bundan sonra da önəmli dəstək verməsi olduqca mühümdür: Azərbaycan xalqı əmindir ki, İKT heç bir vəchlə bu məsələnin ikinci plana keçməsinə yol verməz.

Görüşdə son zamanlar Yaxın Şərqdə, Şimali Afrikada cərəyan edən proseslər, onların İslam dünyasına təsirləri ətrafında fikir mübadiləsi aparılıb.

Səudiyyə Ərəbistanının Mədinə şəhərində Şeyxülislam A.Paşazadənin krallığın Həcc nazirinin müavini ilə keçirdiyi görüşdə Azərbaycanla Səudiyyə Ərəbistanı arasında mənəvi əlaqələrin genişləndirilməsi perspektivləri, xüsusən Azərbaycandan müqəddəs Həcc ziyarətinə gələn zəvvarların burada qalma şəraitləri, ziyarətlərini daha rahat şəraitdə həyata keçirmələri ilə bağlı məsələlərin detalları müzakirə olunub. Builki Həcc ziyarəti zamanı azərbaycanlı zəvvarların Mina, Müzdəlifə ərazilərinə qatarla çatdırılmaları ilə bağlı razılaşma əldə olunub. Təyyarələrin uçuşu zamanı gecikmə probleminin minimuma endirilməsi yönündə danışıqlar aparılıb.

Gülər A.
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.