Din

İslam və islamofobiya: müasir geosiyasətin işığında

24 Fevral 2016 15:40
0 Şərh     Baxış: 3 407
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Siyasi baxımdan dünya son dərəcə həssas bir mərhələyə gəlib çıxıb. Getdikcə daha geniş məkanda müxtəlif təbiətli proseslər narahatlıq doğurur. Onların sırasında siyasi, ekoloji, iqtisadi və hərbi xarakterli faktorlar vardır. Lakin daha qlobal miqyasda İslamın müasir dövrdə oynadığı rol və ona olan münasibətlər üzərində düşünmək zərurətini də vurğulamaq lazımdır. Sirr deyil ki, Qərbin aparıcı alimləri XXI əsrdə İslamın bir sivilizasiya tipi kimi əhəmiyyətli rol oynaya biləcəyi barədə proqnozlar veriblər.

Milli.Az newtimes.az-a istinadən bildirir ki, buna rəğmən, məhz Qərbdə islamofobiya adlanan və ciddi ziyan vuran bir tendensiya da özünü göstərməkdədir. Bu kimi reallıqların fonunda bəşəriyyətin ümumi təhlükəsizliyi üçün hansı təhdidlər meydana gələ bilər? Eyni zamanda, həmin vəziyyətdən çıxış yolları varmı? Bununla bağlı konkret bir nümunə göstərmək olarmı?

Proqnoz: İslamın potensialı və şansı

Keçən əsrin sonlarında Samuel Hantinqton sivilizasiyalar arasında toqquşmanın mümkünlüyü haqqında proqnoz vermişdi. Amerikalı analitiklər XXI əsrin perspektivli sivilizasiyalarını müəyyənləşdirərəkən İslam ölkələrinə ayrıca maraq göstərirdilər. Hələ o zaman aydın hiss edilirdi ki, "sivilizasiyaların toqquşması" adlanan prosesdə İslamın xüsusi yeri ola bilər. İndi bu proqnozlar barədə daha konkret fikir söyləmək mümkündür. Çünki artıq qlobal səviyyədə özünü göstərən bir sıra əlamətlər İslam coğrafiyasına daxil olan cəmiyyətlərin həqiqi mənada dünya üçün əhəmiyyətinin xeyli artdığını təsdiqləyir.

Lakin burada yaranmış mənzərənin sadə olduğunu düşünmək düzgün olmazdı. Hazırda geosiyasi müstəvidə olduqca ziddiyyətli trendlər özünü göstərir. Dünyanın böyük gücləri faktiki olaraq daha intensiv surətdə bir-birləri ilə rəqabətə giriblər. ABŞ, Aİ, Rusiya və Çin müxtəlif regionlarda nüfuz uğrunda güzəştsiz mübarizə aparırlar. Onların heç biri İslam ölkəsi deyil. Buna baxmayaraq, sadalanan böyük güclərin hər birinin İslam dünyası ölkələrinə münasibətdə təqribən eyni mövqedə olduğu duyulur.

İstənilən halda böyük güclər İslamın geniş yayıldığı ölkələrin aparıcı rol oynamasını arzulamırlar. Fikir verilsə, görünər ki, hazırda müşahidə edilən ən kəskin ixtilaflar məhz müsəlman dövlətlərin yerləşdiyi coğrafiyanı əhatə edir. Ukrayna və Gürcüstanı çıxmaq şərti ilə qalan yerlərdə münaqişələr İslam aləmi dövlətləri ərazisindədir. İraq, Suriya, Türkiyə, İran, Əfqanıstan, Misir və Şimali Afrikanın müsəlmanlar yaşayan digər ölkələrində baş verənlər bunun əyani sübutudur. Üstəlik, digər müsəlman dövlətlərin daxilində də ixtilaflar yaradılmasına cəhdlər davam edir.

Səbəb kimi nələrin göstərilməsindən asılı olmayaraq, hədəf kimi məhz İslam coğrafiyası ölkələri seçilir. Deməli, "sivilizasiyaların toqquşması" ifadəsinə hansısa qüvvələr konkret məzmun verməyə çalışır. Təəssüf ki, bu istiqamətdə onların getdikcə şiddətləndirdiyi islamofobiyanın vurduğu zərərlər daha çoxdur.

Bu məqam üzərində geniş dayanmağa ehtiyac vardır. Ancaq əvvəlcə geosiyasi aspektdə ciddi təsiri olan bir özəlliyə diqqət yetirək. Biz, XXI əsrdə İslamın sosial-mədəni faktor kimi rolunu nəzərdə tuturuq. Məsələ burasındadır ki, Qərb analitiklərinin təhlillərində İslam ölkələrinin sürətli inkişafı ayrıca yer tutur. Bu, yalnız demoqrafik aspekti əhatə etmir, həm də elmi-texnoloji, iqtisadi və energetika sahələrini də özündə birləşdirir. Zbiqnev Bjezinskinin hesablamalarına görə, 2020-ci ildə İslam ölkələrinin bir neçəsi yüksək inkişaf səviyyəsinə çatmalı idi. Bunun səbəbi nədən ibarətdir?

Görünür, burada ilk növbədə İslamın bir din olaraq geniş potensiala malik olmasını qeyd etmək lazımdır. Xüsusilə mənəvi-əxlaqi dəyərlərin qorunması, tolerantlıq, başqa dinlərin nümayəndələrinə səbirli yanaşma və s. bu kimi faktorlar bu dinin imkanlarının yüksək olduğunu göstərir. Qərbin əldə etdiyi elmi-texniki yenilikləri daha intensiv surətdə mənimsəməklə müsəlmanlar mənəvi keyfiyyətləri hesabına sürətlə inkişaf etmək şansı əldə edirlər. Buraya İslam coğrafiyasının təbii ehtiyatlarla zənginliyini də əlavə etmək gərəkdir.

Nümunə: Azərbaycana diqqət!

Belə görünür ki, İslam sivilizasiyası XXI əsrdə faktiki olaraq qlobal miqyasda ciddi sosial-mədəni faktora çevrilib. Deməli, XXI əsrin taleyi bir çox mənada İslamdan asılı olacaq. Əgər müsəlman cəmiyyətləri dini radikalizmə və fanatizmə uymayıb, malik olduqları mənəvi potensialdan maksimum yararlana biləcəksə, bütün bəşəriyyəti xilas etmək şansına malik olacaqlar. Əks halda, onlar müxtəlif istiqamətlərdən təsir hədəfi olaraq qala bilərlər. Onu deyək ki, İslam aləmində bütün müsəlman dövlətləri üçün bu məsələdə nümunə ola biləcək ölkə vardır. Bu, Azərbaycandır!

Azərbaycan rəhbərliyi müasir dövrün tələblərinə cavab verən və milli ilə beynəlmiləli real surətdə sintez edən siyasət yeridir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu kurs inkişaf etdirilir, meydana çıxan yeni geosiyasi, hərbi, iqtisadi, mədəni şərtlərə uyğun olaraq məzmunu zənginləşir. Bu sırada Azərbaycan rəhbərliyinin multikulturalizm sahəsində həyata keçirdiyi siyasəti ayrıca vurğulamaq lazımdır.

Məsələnin başqaları üçün də nümunə ola biləcək aspekti multikultural düşüncə tərzinin cəmiyyətin və dövlətin inkişafı siyasəti ilə tam uyğunlaşdırılmasından ibarətdir. Yəni hətta Qərbin yüksək inkişaf etmiş dövlətlərinin belə bacarmadığı bir işin öhdəsindən Azərbaycan uğurla gəlməkdədir. Ədalət naminə onu da vurğulayaq ki, digər müsəlman ölkələrinin heç birində bu məsələ Azərbaycanda olduğu qədər öz səmərəli həllini tapmayıb.

Azərbaycan Prezidenti mədəniyyətlərin dialoqunu nəzərdə tutan "Bakı prosesi"ni təklif edəndə, bəlkə də bəziləri bunun mənasını tam anlaya bilmədi. Lakin bu istiqamətdə reallaşan tədbirlər konkret sübut etdi ki, Azərbaycan çox ciddi surətdə həmin mövzunun öyrənilməsi ilə yanaşı, onu praktiki tətbiq etməyə də qadirdir. Bir-birinin ardınca təşkil edilən yüksək səviyyəli tədbirlərdə tanınmış siyasətçilər etiraf edirdilər ki, Azərbaycan tolerantlıq, mədəniyyətlərin birgəyaşayışı və sivilizasiyalararası dialoq məkanı kimi nümunədir. Bu keyfiyyətdə onun təcrübəsinin başqaları tərəfindən mənimsənməsi yalnız bəşəriyyətin xeyrinə ola bilər.

Bundan başqa, Azərbaycan yeritdiyi enerji siyasəti, sosial-iqtisadi inkişaf kursu ilə tolerantlığın, multikultural düşüncə tərzinin və fərqli mədəniyyətləri qəbul etmənin mümkünlüyünü sübut etdi. Çünki təşəbbüskarı olduğu və həyata keçirdiyi layihələr Asiya ilə Avropanı müxtəlif anlamlarda birləşdirməyə xidmət edir. TAP və TANAP böyük bir ərazidə xalqların qarşılıqlı faydalı əməkdaşlığına geniş imkanlar açır. Azərbaycanın bu layihələri kimlərəsə qarşı deyil, əksinə, lokal, regional və qlobal miqyasda inteqrasiyaya xidmət edən təşəbbüslərdir.

Bunun nümunəsi də vardır. Azərbaycan əldə etdiyi gəlirlərdən hətta Gürcüstandakı kilsələrin təmiri və qazla təmininə də xərcləyir. Bizcə, humanitar və böyük siyasət budur! Belə geniş ürəkli və ədalətli siyasət yeridən bir dövlətə qarşı hansı vicdanla ikili standartlar siyasəti həyata keçirilir? Məgər bu, həmin siyasəti yeridənlərin özlərinə quyu qazması deyilmi?

Bu kontekstdə hazırda Qərbdə xərçəng kimi yayılan islamofobiyanın vurduğu ziyanı vurğulamaq istərdik. Fikrimizcə, bu yolverilməz tendensiyanın qarşısını ilk növbədə Qərbin siyasi liderləri almalıdırlar. Çünki açıq hiss edilir ki, İslama qarşı atılan bu yararsız addımların arxasında bir sıra müsəlman dövlətinin əldə etdiyi uğurlara qısqanclıq dayanır. Digər tərəfdən, İslamın bir din olaraq potensial gücündən narahat olan dairələr də vardır. Ancaq onlar özlərini yel dəyirmanı ilə mübarizə aparan Don Kixot vəziyyətinə salmasalar, yaxşıdır. Səbəbi çox sadədir.

Hətta Qərb alimləri etiraf edirlər ki, indi dünyanın inteqrasiyaya, birləşməyə, faydalı əməkdaşlığa və dinc yanaşı yaşamağa böyük ehtiyacı vardır. Buna nail olmaq üçün isə qlobal miqyasda insanların mənəvi-əxlaqi keyfiyyətlərini yüksəltmək lazımdır. Onların səbirli, tərbiyəli, əxlaqi dəyərlərə əməl edən şəxsiyyət kimi yetişdirilməsinə çalışmaq gərəkdir. Sübut olunub ki, insan yalnız əxlaqlı olanda azadlığı dərk edə, başqasının hüquqlarına hörmətlə yanaşa bilir.

Sirr deyil ki, Avropa ölkələrində gənclərin bu cəhətdən xeyli aşılandığı haqqında ciddi elmi təhlillər aparırlar. Bunun fonunda Qərbdə İslamı qəbul edənlərin də sayı durmadan artır. Belə çıxır ki, islamofobiya, əslində, ilk növbədə Qərb sivilizasiyasının özünün düşmənidir. Avropa İslamın müsbət cəhətlərini inkar etməklə və müsəlmanlara qarşı dözümsüz davranmaqla hər şeydən öncə, öz inkişafının qarşısını alır.

Beləliklə, bir tərəfdən, müsəlmanların fanatizmə yuvarlanmamasına, dini radikalizmə yol verilməməli, digər tərəfdən, Qərbin İslamın real potensialından çəkinərək əsassız surətdə bu dinə qarşı fobiyaya uğramasına son qoyulmalıdır. Beləliklə də bütövlükdə bəşəriyyəti xilas etmək mümkündür. XXI əsrdə İslamın həlledici əhəmiyyət daşıması fəlsəfəsinin təməlində bu məqam dayanır. Bəşəriyyət bu imkanı qaçırmamalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.