Bölgə xəbərləri

Xurmaya maraq azalır - VİDEO

4 Noyabr 2013 15:38
4 Şərh     Baxış: 10 957
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Zaqatala-Şəki bölgəsi üçün xarakterik olan kənd təsərrüfatı məhsullarından biri də xurmadır.
Təkcə Zaqatala rayonunda il ərzində təqribən 5 min tona yaxın xurma yetişir. Lakin son illər bu meyvənin yetişdirilməsinə maraq azalıb.

Oktyabr ayının axırı, noyabrın əvvəllərində xurma və bu meyvənin  digər növü olan karalyok yığımına başlanılır. Bu proses noyabrın sonunadək davam edir.
Orqanizm üçün olduqca faydalı olan bu meyvənin yetişdirilməsinə təəssüf ki, son illər maraq get-gedə azalmaqdadır. Səbədi isə yerli alıcı bazarının zəif olmasıdır. Məhsul, əsasən, satılmaq üçün Rusiya bazarlarına aparılır. Gömrük rüsumunun çox olması məhsulun qiymətinə də təsir göstərir. Hazırda bu meyvənin 8-9 kiloqramlıq bir yeşiyinin qiyməti cəmi bir manat 50 qəpikdir.

Böyük təsərrüfat zonalarından biri olan Şəkidə də digər kənd təsərrüfatı məhsullarına nisbətən karalyokun becərilməsinə o qədər də əhəmiyyət verilmir və bu məhsul fərdi təsərrüfatlarda yetişdirilir. Çeşməli kənd sakini Salman Növbərov da belə təsərrüfatçılardan biridir və 1977-ci ildən bu təsərrüfatla məşğuldur. Həyətində 11 karalyok ağacı var. Hər ağacdan 100-150 kq olmaqla ildə 1100 kq məhsul götürür. O, bu məhsulları yetişdirdikdən sonra Şəki bazarında 50 qəpik - 1 manat arasında satır.

Əvvəllər xurmanı 3,4 cərgəlik iri yeşiklərdə toplayıb satışa aparardılar. Sovet dönəmində vahid  gömrük sistemi olduğundan, ticarətçilər  rayonda yüklədikləri iritutumlu maşınları bir də satış bazarında açardılar. İndi isə xurma bir neçə günlük, bəzənsə həftələrlə sürən uzaq yol zamanı xarab olmasın deyə, onu bircərgəlik yeşiklərdə toplayırlar. Rayonda xurmanın sisburun, yastı və karalyok növləri də  yetişdirilir. Xurma yağmursuz, günəşli havada toplanmalıdır ki, tez xarab olmasın. Məhsul ağacda xarab olmasın deyə, sakinlər onu toplamaq üçün muzdlu işilərin xidmətindən istifadə edirlər. Xurmanın 1 tonunun toplanmasına 50 manat məbləğində vəsait ödənilir. Belə olduğu halda xurmanın bir tonunun qiyməti cəmi 130 manata başa gəlir. Sakinlər bu qiymətə də razıdırlar, təki məhsulları ağacda qalmasın. Təəssüf ki, əksər sakinlərin məhsulu alıcı olmadığından elə ağacdaca məhv olur. Mövcud problemlə bağlı Rayon İcra Hakimiyyətinin Aqrar şöbəsindən məsələdən xəbərdar olduqlarını bildirdilər. Bazar iqtisadiyyatı dönəmində xurmanın daşınması və satışı ilə ayrı-ayrılıqda dəllalların, sahibkarların məşğul olduğunu deyən Rayon İcra Hakimiyyətinin Aqrar Məsələlər üzrə müavini İlkin Şəfizadə gömrüklə bağlı məsələlərin isə İcra Hakimiyyətinin deyil, elə gömrük qurumlarının səlahiyyətində olduğunu qeyd etdi.

Azərbaycanda ərzaq məhsullarının istehsalı, kənd təsərrüfatı məhsullarının yetişdirilməsi əsas diqqət mərkəzində olan sahələrdən biridir. Şəkidə Çeşməli kəndində 6 ha yaxın ərazidə karalyok bağlarının salınması ilə bağlı işlər görülür. Hər ha-da 418 ağacın əkilməsi nəzərdə tutulur. Hazırlıq işlərinin növbəti ilə tamamlanması planlaşdırılır və iki ildən sonra bu ağaclardan məhsul götürmək mümkün olacaq. Zob və başqa xəstəliklərin dərmanı olan, zəngin tərkibə malik bu meyvə xəstəliyə və ziyanvericilərə qarşı davamlıdır və xüsusi dərmanlanmaya ehtiyac yoxdur.

Milli.Az



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.