Siyasət

Azərbaycan pandemiyaya qarşı addımlar atan ilk ölkələrdən biridir - ÜST

26 Noyabr 2021 09:48
Baxış: 266

Azərbaycan qlobal pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə ilk addımlar atan ölkələrdən biridir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun direktoru Hans Klüqe Rusiyada işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovan ilə görüşdə deyib.

Milli Məclisin sədri Azərbaycanın ÜST ilə uğurlu əməkdaşlığından danışaraq, diqqətə çatdırıb ki, 1994-cü ildən ölkəmizdə fəaliyyət göstərən ÜST ilə əlaqələr müxtəlif istiqamətlərdə davam edir.

Spiker görüşdə Azərbaycanda "COVID-19"a qarşı mübarizə tədbirləri haqqında məlumat verib. O, həmçinin xatırladıb ki, Azərbaycan COVID-19-a qarşı vaksinlərə bərabər və ədalətli çıxış əldə etmək üçün səy göstərən ölkələrdən biridir. ÜST tərəfindən Azərbaycanın qlobal miqyasda COVID-19 pandemiyasına qarşı mübarizəyə verdiyi yüksək qiymət ölkəmizin təşəbbüslərinin bütün dünya üçün əhəmiyyətini bir daha təsdiqləyir.

Sahibə Qafarova qeyd edib ki, ölkəmiz qısa müddət ərzində 30-dan çox ölkəyə və beynəlxalq təşkilata maliyyə və humanitar yardım göstərib, o cümlədən ÜST-yə 10 milyon dollar məbləğində könüllü yardım edib.

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin aprelində keçirilən Türk Şurasının sammiti, həmin ilin mayında Qoşulmama Hərəkatının Zirvə görüşü və BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası təsdiqləyir ki, Azərbaycan qlobal problemlərin həlli üçün məsuliyyət daşımağa hazır olan güclü dövlətdir. Bu təşəbbüslər ölkəmizin beynəlxalq həmrəyliyə və əməkdaşlığa sadiqliyini bir daha nümayiş etdirir.

Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun direktoru Hans Klüqe Azərbaycan parlamentinin başçısı ilə görüşməkdən məmnunluğunu bildirib. Büro direktoru Azərbaycanın pandemiya ilə mübarizəyə verdiyi töhfələri və pandemiyanın aradan qaldırılması üçün göstərdiyi səyləri yüksək qiymətləndirib. Hans Klüqe bu prosesin indi də uğurla davam etdirilməsindən razılığını bildirib. O, pandemiya dövründə Azərbaycan hökumətinin həyata keçirdiyi uğurlu tədbirlərin vəziyyətin Prezident İlham Əliyevin tam nəzarəti altında olduğunu göstərdiyini xüsusi vurğulayıb. O, Azərbaycanın COVİD-19-la qlobal mübarizəyə verdiyi dəstəyə görə, ölkəmizə təşəkkür edib. Qeyd edib ki, Azərbaycan bu qlobal pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə ilk addımlar atan ölkələrdən biridir.

Sonra görüşdə digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Milli.Az 

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.