Siyasət

Suriyada düşərgədə saxlanılan 12 Azərbaycan vətəndaşı ölkəyə qaytarılıb - XİN

24 Noyabr 2021 22:44
Baxış: 921

2021-ci ilin 24 noyabr tarixində Suriya Ərəb Respublikasının Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanılan Azərbaycan Respublikası vətəndaşı olan 12 nəfərin repatriasiyası həyata keçirilib.

Xarici İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, qeyd olunan şəxslərin ölkəmizə gətirilməsi Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və əlaqələndirilmiş tədbirlər nəticəsində baş tutub.

Öncə vətənə repatriasiyası nəzərdə tutulan vətəndaşlarımızın yeri, şəxsiyyəti müəyyən edilib, daha sonra onların Türkiyə Respublikasının ərazisinə keçidi təmin olunub.

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən ölkəyə qayıtması üçün vətəndaşlarımız "Azərbaycan Respublikasına qayıdış şəhadətnamə"ləri ilə təmin edilib və 24 noyabr tarixində qeyd olunan vətəndaşların Ankara-Bakı reysi ilə Azərbaycan Respublikasına repatriasiyası həyata keçirilib.

Azərbaycan Respublikasının hökuməti tərəfindən sözügedən şəxslərin reabilitasiyası və reinteqrasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub.

Vətəndaşlarımızın repatriasiyası Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının birgə və əlaqələndirilmiş fəaliyyəti əsasında həyata keçirilib. Bu prosesin reallaşmasında Türkiyə Respublikası tərəfindən göstərilmiş yardım xüsusilə qeyd olunmalıdır.

Azərbaycan Respublikasının hökuməti öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlərin görülməsini bundan sonra da davam etdirəcəkdir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.