Siyasət

İlham Əliyev Talibanla bağlı sualı cavabladı

13 Oktyabr 2021 13:36
Baxış: 1 457

"Biz hazırda hər hansı bir addımın atılması mərhələsində deyilik. Azərbaycan bilavasitə Əfqanıstana yaxın coğrafiyada yerləşmir. Hesab edirəm ki, ilk olaraq, bu qərarı Əfqanıstanın qonşuları verməlidir. Biz heç vaxt nə siyasi, nə iqtisadi, nə də ki, nəqliyyat sahəsi baxımından Əfqanıstanla sıx bağlı olmamışıq".

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın "La Repubblica" qəzetinə verdiyi müsahibədə jurnalistin "Gəlin, Əfqanıstan haqqında danışaq. Siz Taliban hökumətini tanımağa hazırsınızmı? sualına cavab olaraq deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanın Əfqanıstanda mövcudluğu orada sülhməramlı əməliyyatlarda iştirakla məhdudlaşıb: "Yeri gəlmişkən, Azərbaycan hərbçiləri Kabil hava limanını sonuncu tərk edənlər sırasında olublar. Hərbçilərimiz hava limanını orada baş verən partlayışdan bir gün əvvəl tərk ediblər. Yəni, biz missiyamızı sonuncu günədək ləyaqətlə və maksimum səmərəli dərəcədə icra edirdik. Hazırda Əfqanıstanda yeni hökumətin qurulması və xarici siyasət prioritetlərinin müəyyən edilməsi dövrüdür. Müsbət meyil, müsbət yanaşma və potensial əməkdaşlıq əlamətləri gördüyümüz halda biz, əlbəttə ki, adekvat şəkildə cavab verəcəyik. Azərbaycanın xarici siyasətinin başlıca prinsipi müstəqillikdir. Xarici siyasətimiz tamamilə hər hansı xarici hökmranlıqdan azaddır. İkincisi isə praqmatiklikdir. Biz mövqeyimizi məhz bunun əsasında formalaşdırırıq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.