Siyasət

Azərbaycanın atdığı addımlar tarixi ənənələrə, siyasi varisliyə söykənir

24 İyul 2021 14:28
Baxış: 1 764

"İki gün öncə Gəncə şəhərində səfərdə olan Prezident İlham Əliyev Ermənistanın günahsız insanlara və ölkə infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumunun səbəb olduğu cinayət səhnələri ilə tanış olub, həmin xarabalıqlarda erməni vandalizminin və terrorunun qurbanlarını yad edib, düşmənin xarabazara çevirdiyi ərazilərdə gül dəstələri düzüb"

Bunu Milli.Az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, biz keçmişi, başımıza gətirilən müsibətləri unutmamalıyıq və tarixdən dərs çıxarmalıyıq:

"Prezident Azərbaycan Televiziyasına müsahibəsində də bildirib ki, Azərbaycan xalqı heçnəyi unutmamalıdır. Bəli, bu gün 44 günlük müharibədən sonra yeni geosiyasi, geoiqtisadi münasibətlər sistemi formalaşıb. Lakin Azərbaycanın atdığı rasional və proqmatik addımlar tarixi ənənələrə, siyasi varisliyə söykənir. Buna görə də Azərbaycan xalqı çox xeyirxah, xoşniyyətli xalq olsa da tarix boyu bizə qarşı olan cinayətləri insanlıq əleyhinə, bəşəriyyət əleyhinə törədilən cinayətləri Azərbaycan xalqı heç vaxt unutmamalıdır. Bəzi məqamlarda bu cür hallar olur, dünyanın müxtəlif bölgələrində azərbaycanlılarla ermənilər düşmənçiliyi unudurlar və müxtəlif isti yanaşmalar müşaiyət olunur. Amma Prezidentin dediyi kimi, bu heç vaxt erməni vəhşiliyini, Xocalı soyqırımını, torpaqlarımızın işğala məruz qalmasını, burada törədilən vandalizm aktlarının, azərbaycanlıların tikdikləri evlərin daşlarının, dam örtüklərinin dağıdılmasını, uçurulmasını və Ermənistana daşınmasını heç vaxt unutmamalıyıq və unutmayacağıq. Eyni zamanda bunu unutdurmağa da imkan verməyəcəyik. Bakıda Hərbi Qənimətlər Parkının yaradılması və ermənilərin işğal dövründə həmin ərazilərdə çəkdiyi istehkamlar, sədlər, maneələrin, məhv edilmiş, sıradan çıxarılmış texnikanın nümayiş olunması da onu göstərir ki, biz gənclərimizə də başımıza gətirilən müsibətləri heç vaxt unutdurmağa qoymayacağıq. Həmin ərazilərdə bu gün Azərbaycan gəncləri erməni terrorunu öz gözləri ilə əyani şəkildə görürlər. 

Bu, mənəvi, ideoloji müstəvidə olan mübarizənin tərkib hissəsidir. Çünki müxtəlif dəyişikliklər baş verə bilər. Ola bilsin ki, istənilən formada Ermənistanla iqtisadi münasibətlər formalaşsın, ticarət dövriyyəsi Zəngəzur dəhlizinin açılmasından sonra baş versin, dayanıqlı sülhün təmin olunması üçün müxtəlif addımlar atılsın. Lakin heç bir vəchlə biz tarixi unutmamalıyıq və tarixdən dərslər çıxarmalıyıq. Çünki həm 1905-ci ildə, həm 1918-ci ildə, eləcə də XX əsrin sonlarında ermənilərin törətdikləri vəhşilikləri, soyqırımı, vandalizmi unutmamalıyıq.  

44 günlük müharibə dövründə də Ermenistan mülki insanlara, mülki infrastruktur obyektlərinə raket zərbələri endirdi. Gəncənin, Bədənin qadağan olunmuş raketlərlə vurulması da bunu göstərir. Eyni zamanda Tərtər, Ağcabədi, Mingəçevir və digər cəbhə bölgəsindən uzaq olan ərazilərə davamlı olaraq raket, artilleriya zərbələri endirilirdi. Buna görə də, bütün bu hadisələr ermənilərin sülhdən uzaq xislətindən, bizə olan kinindən, nifrətindən xəbər verir. Daim hədəflərində mülki, dinc, silahsız insanlar olur və məqsədləri hər zaman Azərbaycan əhalisi arasında xof, panika yaratmaqdır ki, bununla öz məqsədlərinə çatmağa çalışıblar.

XX əsrin sonlarında, Azərbaycanın iqtisadi, hərbi, siyasi cəhətdən zəif olduğu dönəmlərdə bunu etməyi bacardı, Xocalı soyqırımını törətdilər. Lakin bu gün tamamilə başqa bir Azərbaycan var. Düşməndən qisas almaq hissi ilə yaşayan bizim gənclərimiz var. Və onlar həmin əliyalın çıxdıqları ərazilərdən bu gün ora tank üstündə qəhrəman, Müzəffər Ordunun hərbi qulluqçuları kimi qayıtdılar. Həmin hərbi qulluqçulara və eyni zamanda qəhrəmancasına Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan, sağlamlığını itirən hərbi qulluqçulara biz bu gün borcluyuq". 

Təhməz Əsədov
Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.