Siyasət

Avropa İttifaqı Bakıya nə vəd edir?

19 İyul 2021 20:04
1 Şərh     Baxış: 2 406

Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin Azərbaycana səfəri Brüssellə Bakı arasındakı əlaqələrinin kontekstinin genişlənməsi, tərəfdaşlığın məzmununun irəliləyişə doğru dəyişməsi və əməkdaşlığın daha da aktivləşməsi üçün xüsusi aktuallıqla çəki kəsb edən olaydır.

Ş.Mişelin əvvəl Ermənistana, sonra Azərbaycana və Gürcüstana olan viziti Avropanın Cənubi Qafqazdakı siyasətini təftiş etməklə yanaşı, təsir imkanlarını daha da artırmaq istəyidir. Eyni zamanda, bölgənin regional inkişafında Avropa İttifaqı daha aktiv rol oynamaq niyyətindədir.

Şarl Mişelin Bakıya səfərinin nəticələri şübhəsiz ki, Azərbaycan üçün uğurludur.

Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə iki saat davam edən təkbətək görüşündə Bakı ilə Brüssel arasındakı münasibətlərin bütün aspektləri müzakirə olunub. Tərəflər siyasi əlaqələrdən məmnunluqlarını ifadə etməklə yanaşı, ticarət əlaqələri, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizi və nəqliyyat sahələrində əməkdaşlıqla bağlı tərəfdaşlığın daha da fəallaşmasına hərurət duyulduğunu vurğulayıblar.

Şarl Mişelin dediyinə görə, Avropa İttifaqının Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığının çox geniş perspektivləri mövcuddur.

Onun bölgə dövlətlərinə səfəri Brüsselin regional siyasətində daha ağıllı, praqmat və rasional davranmağa başlamaq istəyini göstərir. Məsələn, sadəcə, protokol proseduruna nəzər salmaq yetərli idi.

Şarl Mişel Ermənistanda ölkə rəhbəri ilə danışıqlara nə qədər vaxt ayırmışdısa, Bakı və Tbilisidə də eyni sürəyə riayət etdi.

Halbuki Almaniya kansleri Angela Merkel və ya Fransanın sabiq prezidenti Fransua Olland bölgəyə səfər edəndə bu balansa riayət etmək, diplomatik protokol qaydalarını pozmayaraq davranmaq fransız və alman məmurlarının ağıllarına belə, gəlməmişdi.

Azərbaycana gələrkən Şarl Mişel Bakıdan Şamaxıya yollandı, Cümə məscidinə baş çəkdi, rayonda reallaşdırılan bir sıra layihələrlə tanış oldu.

Məscidin zirayəti protokol proseduru deyildi. Bu, Avropa İttifaqı rəhbərliyinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, xüsusilə də İslam dininə sayğısını nümayiş etdirmək istəyinin təzahüru də sayıla bilər.

Daha sonra "Azərkosmos" ASC-yə baş çəkən, Ələt Azad və İpək Yolu azad iqtisadi zonaları ilə bağlı təqdimatlara qatılan Şarl Mişel Ermənistanın paytaxtı İrəvandakı bəyanatlarının birmənalı qarşılanmaması ilə bağlı yaratdığı neqativ rezonansı aradan qaldırmağa çalışdı.

Məhz bu səbəbdən o, Bakıda olarkən apardığı danışıqlarda və sonucda media brifinqdəki jurnalistlərin suallarını cavablayarkən həddən ziyadə ehtiyatlı davrandı, "Dağlıq Qarabağ", "Dağlıq Qarabağın statusu" və s. kimi siyasi anaxronizmə çevrilmiş ifadələr söyləmədi. O, Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədinin demarkasiya və delimitasiya prosesində yaşanan gərginliyi isə "sərhəddəki mübahisələr" kimi dəyərləndirdi.

Ötən ilin sentyabrın 27-də başlayaraq noyabrın 9-dan 10-a keçən gecə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatla başa çatan, işğalçı Ermənistanın tam və şəksiz kapitulyasiyası ilə bitən Vətən Müharibəsindən sonra Cənubi Qafqazda yeni reallıqların formalaşması, Azərbaycanın regional liderə çevrilməsi Avropa İttifaqı funksionerlərinin, xüsusilə də rəhbərliyinin nəzərə almamaları mümkünsüz geosiyasi məsələlərdir.

Brüssel bəhs etdiyimiz reallıqları nəzərə alır və Şarl Mişel də bunu açıq dedi.

Müharibədə məğlub olmuş, son 28 il ərzində işğalda saxladığı Azərbaycan ərazilərində total urbisid siyasətini həyata keçirərək şəhərlərimizi, qəsəbə və kəndlərimizi viran qoymuş Ermənistana 2,6 milyard, Azərbaycana isə cəmi 150 milyon avro maliyyə vəsaiti ayıran Avropa İttifaqının qərarının ədalətsizliyi, subyektivliyi və sırf merkantil geosiyasi məqsədlər güdməsi göz qarşısındadır.

Lakin niyə ermənilərə 2,6 milyard, bizə 150 milyon avro?

Emosiyaları bir kənara qoyaraq baş verənləri soyuqqanlı və rasional şəkildə təhlil etməyə çalışaq.

Şübhəsiz ki, Ermənistan aqressiv dövlətdir, Azərbaycan ərazilərinin 20 faizini 28 il işğalda saxlayıb, şizofrenik vəhşilik səviyyəsində davranaraq yaşayış məskənlərindən tutmuş, meşəliklərə və faydalı qazıntı mədənlərinədək şər yeri, hər şeyi sümürməyə, dağıtmağa, istismara, məhv etməyə çalışıb.

Trivial məntiqlə Avropa İttifaqı 2,6 milyard avronu dağıdılmış şəhər və kəndlərini, infrastrukturu bərpa edən, Qarabağı faktiki olaraq yenidən inşa edən Azərbaycana verməli idi.

150 milyon avro isə Ermənistana çatmalı idi.

Ancaq geosiyasətin qaydaları tam fərqli, oyun şərtləri başqadır.

Avropa İttifaqı 2,6 milyard avronu Ermənistana verməklə bu ölkəni Rusiyanın tam və genişmiqyaslı təsir orbitindən çıxarmağa çalışır, İrəvanın bundan sonra da Moskvanın Cənubi Qafqazdakı forpostu və quberniyası olmasını istəmir.

Rusiyanın siyasi və hərbi təsiri altında olan, sərhədləri rusiyalı hərbçilər tərəfindən qorunan, dövlət təhlükəsizliyinin təminatı Rusiyanın Gümrü şəhərindəki 102-ci hərbi bazası olan Ermənistanı Moskvadan uzaqlaşdırmağın yeganə yolu 44 günlük İkinci Qarabağ Savaşından sonra kapitulyasiya etmiş dövlət, pərişan və ruh düşkünlüyündəki cəmiyyət, ifrat zəifləmiş və çökmüş iqtisadiyyatla vətəndaşlarının bir qisminin hakimiyyətə nifrət etdiyi ölkəyə dönmüş bu ölkəyə böyük məbləğdə yardım etməkdi.

İkinci Dünya Savaşından sonra ABŞ Avropanı məhz "Marşal Planı" adlı maliyyə yardımları vasitəsilə orbitində saxlamışdısa, Avropa İttifaqı da indi "Mişel Planı" vasitəsilə Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmağa can atır.

Ermənistandan fərqli olaraq, Azərbaycanı maliyyə yardımları vasitəsilə nəyəsə şirnikləndirmək, xarici siyasətində dəyişikliklərə vadar etmək, asılı duruma salmaq mümkün deyil.

Azərbaycan tam müstəqil xarici siyasət yeridən, iqtisadiyyatı inkişaf edən və siyasəti də regional liderin geosiyasi istəkləri məcrasında olan ölkədir.

Bu isə Avropa İttifaqının Azərbaycanlv qarşılıqlı münasibətlərin mövcud səviyyəsini dürüst qiymətləndirməsinə, ölkəmizin geosiyasi, iqtisadi və s. üstünlükləri ilə gücünə önəm verməsinə, iqtisadi inkişaf perspektivlərini anlamasına dəlalət edir.

Şarl Mişel Bakıda olarkən verdiyi bəyanatlarla açıqlamalarda Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsinin zərurətini xüsusi vurğulayıb.

Olaylar Ermənistanın dezinformasiyaları, müxtəlif ölkələrdəki erməni lobbisinin və Avropadakı aşkar ermənipərəst siyasətçilərlə dövlət mənsublarının bütün cəhdlərinə rəğmən Bakı ilə Brüssel arasındakı əlaqələrin sürətlə inkişaf etdiyini göstərir.

Fəqət, Avropa İttifaqı daha da aktivləşməlidir. Brüssel Qarabağda, işğaldan azad edilmiş ərazilərdə "ağıllı kənd" tipli ən müasir texnoloji layihələrin reallaşdırılmasında iştirak etməlidir.

Ən başlıcası isə Bakını strateji tərəfdaş adlandıran Avropa İttifaqı Azərbaycanla əlaqələrdə sadələşdirilmiş viza rejiminə keçməlidir.

Bütün bunlar nə qədər tez edilərsə, Avropa İttifaqının Cənubi Qafqazdakı təsir imkanları və dayaqları daha da artaraq möhkəmlənər.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.