Siyasət

Ermənistanı qorumaq planı - Qərbin ikili standartları

8 İyun 2021 11:35
Baxış: 1 020

Müharibənin sona çatdığını elan edən, Ermənistanın kapitulyasiya aktı kimi qəbul edilən 10 noyabr üçtərəfli bəyanatından 7 ay keçməsinə baxmayaraq rəsmi İrəvanın hərbi cinayətləri bitmək bilmir. Hələ də işğaldan azad edilən ərazilərin mina xəritələrini Azərbaycana verməkdən müxtəlif bəhanələrlə imtina edən rəsmi İrəvan bəyanatın şərtlərinə əməl etməməklə vəhşiliklərinin sərhəd tanımadığını sübut edir. 

Üçtərəfli bəyanatın imzalandığı gündən bəri Azərbaycan tərəfindən 120-dən çox mülki şəxslər və hərbi qulluqçular ermənilərin minaladıqları ərazilərin qurbanına çevriliblər. Son olaraq isə Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Azərtac İnformasiya Agentliyinin əməkdaşı 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu)  Kəlbəcərin Susuzluq kəndi yaxınlığında ermənilərin yola basdırdıqları tank əleyhinə minaya düşmələri faktı düşmənin heç bir beynəlxalq qurum, insan haqları təchizatlarından zərrə qədər də olsun çəkinmədiyindən xəbər verir. Bunun təsdiqidir ki, Ermənistanın silahlı qüvvələri beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərini kobud şəkildə pozmaqla ərazilərimizi minalayaraq vətəndaşlarımıza qarşı cinayət əməllərini davam etdirir. Deyərdim ki, elə məhz beynəlxalq media təsisatlarının, jurnalistlərin hüquqlarını qoruyan təşkilatların hadisələri seyirci qismində izləməsi, susması Ermənistanı bu qədər cəsarətləndirir.

Cəzasızlığın verdiyi özgüvən Ermənistan Silahlı Qüvvələrinin polkovniki Koryun Qumaşyanın İrəvandakı "Noyan Tapan" agentliyinə verdiyi müsahibəsində də açıq-aşkar hiss edildi. Azərbaycanlı jurnalistlərin mina partlayışının qurbanı olması aktından sonra erməni polkovnik törətdikləri terror əməlinə "Laçınla Kəlbəcərə tam 17 yük maşını mina basdırmışıq. Bu minalar səbəbindən orada kimsə nə isə edə bilməz. İşimizi görmüşük, özü də yaxşı görmüşük" sözləri ilə fəxirlə bəraət də qazandırıb. Koryun Qumaşyanın bu açıqlaması düşmənin nə qədər azğınlaşdığını, II Qarabağ müharibəsindən nəticə çıxarmadıqlarını bir daha təsdiq edir.

Təəssüf ki, iki azərbaycanlı jurnalistin ölümü ilə nəticələnən erməni terroruna beynəlxalq media qurumları və təşkilatların səssiz qalmayacağı gözlənilsə də bu dəfə də gözləntilərimiz öz nəticəsini vermədi. Jurnalistlərin erməni hərbi cinayəti nəticəsində şəhid olması xəbərinə gözlənilənin əksi olaraq sadəcə başsağlığı verməklə kifayətlənən beynəlxalq təchizatların üzürü qəbahətlərindən böyük oldu. 

Baxmayaraq ki, bir çox beynəlxalq təşkilatıların Azərbaycan üzrə təmsilçilikləri var və sözügedən terror aktı ilə bağlı həmin təşkilatlar dərhal məlumatlandırıldıqdan sonra ilkin reaksiyalar verilsə də gözlənildiyi kimi Ermənistan tərəfi mina xəritələrinin verilməməsinə və həlak olanlara görə qınanmadı, əksinə ikili standartlar yenidən dövrüyyəyə girdi.

Dünyada beynəlxalq jurnalist təşkilatlarının sayı 30-dan çox olsa da, 8-ə yaxın beynəlxalq təşkilat çox mühüm status daşıyırlar. Onlar özlərinin strukturlarına, dünyada əhatə dairəsinə görə, həm də beynəlxalq dövlətlərarası təşkilatlarda (BMT, ATƏT, Avropa Şurası - red) rəyverici qurum olduqlarına görə mühüm təşkilatlar hesab edilirlər. Azərbaycan tərəfindən bu səkkiz təşkilata müraciətlər edilsə də, ermənilərin bu terror aktı dövlətlərarası təşkilatlar səviyyəsinə qaldırılmadı. Hadisənin baş verdiyi gün AHT-lər və KİV nümayəndələrinin adından dərhal 200-ə yaxın KİV rəhbərinin imzası ilə bir müraciət qəbul olundu. Bu, artıq həm beynəlxalq jurnalist təşkilatlarına, həm də beynəlxalq hüquq müdafiə təşkilatlarına, o cümlədən "Amnesty International" və "Human Rights Watch", "Freedom House" və digərlərinə ünvanlandı ki, onlar da bu faktı qeydə alıb Ermənistanı terror aktına görə qınasınlar və mina xəritələrinin Azərbaycana qaytarılması üçün rəsmi İrəvana təzyiqlər etsinlər. Lakin beynəlxalq təşkilatların necə rəy, reaksiya verdiyi yalnız təəssüf hissi doğurdu. Bu dəfə də Azərbaycana qarşı qərəzli mövqe, bu dəfə də ikili standartların şahidi olduq. Verilən bəyanat yalnzı sosial şəbəkə hesabından Azərbaycana başsağlığından başqa bir şey olmadı. Ən yaxşı halda Kəlbəcərdə azərbaycanlı jurnalistlərin şəhid olması ilə nəticələnən mina partlayışı sözügedən təşkilatlar və hüquq müdafiəçiləri tərəfindən qınansa da, hədəf olaraq Ermənistan yenə də qınaq obyekti olaraq göstərilmədi. 

Xüsusi ilə qeyd etmək istəyirəm ki, hər fürsətdə Azərbaycanda söz azadlığının pozulduğunu iddia edən bu təşkilatlar bir daha azadlıq anlayışlarının ömrünün sabun köpüyü qədər olduğunu təsdiq etdilər. Niyə beynəlxalq strukturların heç biri minalanmış ərazilərin xəritələrini gizlədən Ermənistan hakimiyyətinin cinayət mövqeyini pisləmir, orada ölən jurnalistlərin, dinc sakinlərin həyatı onları çox maraqlandırmır? Bu sual əslində Azərbaycanın uzun illərdir üz-üzə qaldığı beynəlxalq ədalətisizliyin növbəti cavabıdır. 

Təhməz Əsədov
Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.