Siyasət

Azərbaycana öldürməyə gələnlərin sadəcə, 14 nəfəri: CİNAYƏT VƏ CƏZA

3 İyun 2021 20:08
Baxış: 4 407

İkinci Qarabağ Savaşı və ya Vətən Müharibəsi günlərində, habelə noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistan qoşunlarının tərkibində Azərbaycana qarşı vuruşmaq üçün ölkəmizin ərazisinə keçən yüzlərlə, minlərlə muzdulardan sadəcə, 14 nəfəri.

Onlar Bakıda ədalət məhkəməsi qarşısındadır.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə 14 muzdluya qarşı cinayət işinin və istintaq materiallarının baxışına başlanacaq. Məhkəmənin hazırlıq iclası ən yaxın günlərdə olacaq.

Dövlət Təhlükəsizlik Xidmətinin ötən ilin dekabrın 13-də apardığı antiterror əməliyyatı nəticəsindjə Xocavənd rayonunun Hadrut qəsəbəsi ətrafında erməni silahlı qruplaşmaları zərərsizləşdirilmişdi. Hadrutun şimal-qərbindəki dağlıq-meşəlik zonada məskunlaşan erməni terrorçular və diversantlar azərbaycanlı hərbçilərə, habelə dinc vətəndaşlara qarşı terror və diversiyalar həyata keçirmişdilər.

2020-ci ilin noyabrın 26-27-də Ermənistan-Azərbaycan sərhədini qanunsuz olaraq keçən bu şəxslər Hadrutun şimal-qərb hissəsindəki dağətəyi meşəlikdə mövqelər tutmuş, sığınacaqlar hazırlamışdılar.

Onlar az sonra vətəndaşlarımızı atəşə tutmağa, qətlə yetirməyə, partlayışlar və yanğınlar törətməyə - bir sözlə, gerçək terror və diversiya ilə məşğul olmağa başlamışdılar.

Aralarında Qraç Arzumanoviç Avakyan, Gegam Samveloviç Serobyan olan 14 erməniyə qarşı Azərbaycan CM-nin 214.2.1, 214.2.3, 228.3, 279.2 və 318.2 maddələrinə uyğun olaraq cinayət işi qaldırılıb, istintaq aparılıb.

Digər muzdlu isə Livan vətəndaşı Vigen Abraham Eulcekcyandır.

Vigen Abraham və qeyrilərinin maddi mükafat müqabilində muzdlu kimi mütəşəkkil dəstə halında birləşib Ermənistan Silahlı Qüvvələri tərkibində Azərbaycan Respublikası vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri faktları əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

1979-cu il təvəllüdlü, Beyrut şəhər sakini Eulcekcyan Vigen Abraham 29 sentyabr 2020-ci il tarixdə Livan Respublikasının vətəndaşı Hovak Kikiyanın ilkin olaraq 2500 ABŞ dolları məbləğində maddi mükafat müqabilində muzdlu kimi Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində hərbi əməliyyatlarda iştirak etmək təklifini qəbul edib, bu məqsədlə həmin gün digər şəxslərlə mütəşəkkil dəstə halında qəsdən Ermənistan ərazisindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda keçib digər muzdluların da olduğu ərazilərə gəlib.

Vigen Eulcekcyan və maddi mükafat müqabilində muzdlu kimi döyüşən digər şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin təkibində qanunsuz olaraq əldə etdikləri odlu silahlardan, döyüş sursatlarından və komplekt hissələrindən istifadə etməklə Azərbaycan Respublikası vətəndaşları və Ordusuna qarşı terrorçuluq fəaliyyətində iştirak ediblər.

Törətdiyi cinayət əməllərinə görə Vigen Eulcekcyana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114.3-cü (muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı), 214.2.1-ci (terrorçuluq qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İkinci Qarabağ və ya Vətən Müharibəsində düşmən sıralarında yüzlərlə, minlərlə muzdlu vardı. Onlar düyanın ən müxtəlif ölkələrindən Qarabağa axışaraq çirkab təki, lil təki, lehmə təki doluşmuşdular Vətən torpaqlarına. Məqsədləri işğala son qoymaqda qətiyyətli olan Azərbaycan əsgərini öldürməkdi.

Beynəlxalq hüququn "savaş köpəkləri" kimi təsnif etdiyi muzdluları Ermənistanın hakimiyyət dairələri, mediası və sosial şəbəkələri əvvəlcə vətənpərvərlər, sonra Ermənistan vətəndaşları, axırda da könüllülər kimi qələmə verdilər. Halbuki bu adamların hər biri konkret və dəqiq səciyyələndirilən hərbi cinayətlər işləmiş insanlardır.

Üçüncü ölkə vətəndaşlarının Qarabağda Azərbaycanın silahlı qüvvələrinə qarşı vuruşmaları ilə bağlı rəsmi Bakının mövqeyi bəllidir. Ölkəmiz bir sıra dövlətlərin hüquq-mühafizə orqanlarına müraciət edərək İkinci Qarabağ Müharibəsində muzdlular kimi döyüşmüş şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.

Proseslər Qərb mediasında da əks olunur. Məsələn, Fransanın "General de Europe" jurnalında dərc edilmiş məlumata görə, rəsmi Paris ölkə vətəndaşlarının Qarabağdakı dyöüşlərdə iştirakı ilə bağlı faktların təhqiqatı aparılıb.

Dünyanın heç bir ölkəsi vətəndaşlarının başqa dövlətin ərazisində hərbi əməliyyatlarda iştirakını normal və ya yolverilən olay hesab etmir.

Ermənistan muzdlularla bağlı hazırda anormal mövqe tutsa da, ermənilərin başqa dövlətə yollanaraq savaşa qatılmalarına rəsmi İrəvan çətin ki, indifferent və ya tolerant münasibət göstərəydi. Çünki bu, İrəvan üçün ciddi siyasi-diplomatik problemlər yarada bilərdi.

Fəqət, dünyanın müxtəlif ölkələrindəki erməni diasporunun nümayəndələri və İrəvandakı hakimiyyət mənsubları situasiyanı tam yanlış qələmə verməyə, cinayətlərini "tam adi hadisə" kimi interpretasiya etməyə çalışırlar.

Etnik ermənilərin Qarabağdakı 44 günlük savaşda iştirakı beynəlxalq hüququn bütün norma və prinsiplərinə, xüsusilə də "Muzdluların cəlb olunması və istifadəsi ilə mübarizə haqqında" beynəlxalq konvensiyaya ziddir.

Rəsmi İrəvan bəyan edir ki, həmin şəxslər muzdlular deyil, ermənilərdir.

Qarabağda vuruşmuş muzdluların tam əksəriyyəti ermənilər idi, doğrudur. Lakin bu ermənilər 19 ölkənin vətəndaşı olan şəxslər idilər və onların milli mənsubluğu da hüquqi məsuliyyət baxımından heç bir rol oynamır.

Necə ki, Britaniya, İran və ya Rusiya vətəndaşı olan azərbaycanlı Azərbaycan Müdafiə Nazirliyinin hərbi hissələrinin birinin tərkibində savaşa qatılsaydı, muzdlu sayılacaqdı.

Ermənistanda isə savaş günlərində əsl "muzdlu konveyeri" işə salınmışdı. AFP, Reuters, RT, France Press, BBC, CNN, Al Jazeera və s. media strukturlarının reportyorlarının İrəvanda muzdluların səfəbərlik, hazırlıq və yollanış məntəqələrindən hazırladığı reportajlar var. Həmin reportajlarda ən müxtəlif ölkələrin vətəndaşları olan şəxslər Ermənistan Müdafiə Nazirliyinin onları hərbi hissələr üzrə böldüklərini, maaş aldıqlarını, amunisiya, silah və s. ilə təmin olunduqlarını, Qarabağa göndəriləcəklərini aşkarcasına, çəkinmədən etiraf ediblər.

Ermənistan prezidenti Armen Sarkisyan Al Jazeera telekanalına verdiyi müsahibəsində də "maraqlı" etiraf etmişdi: "Bəli, xarici ölkə vətəndaşları olan etnik ermənilər hərbi əməliyyatlarda iştirak edirlər. Bu, tam təbii məsələdir, çünki ermənilərdə Vətənin müdafiəsi ilə bağlı məsuliyyət hissi var".

Rusiya Ermənilər İttifaqının sədri Ara Abramyan savaş günlərində bəyan etmişdi: "20 min erməni döyüşmək üçün Rusiyadan Qarabağa yollanmağa hazırdır".

Halbuki Rusiya CM-nin 208-ci maddəsi muzdluluğa görə 5 ilədək həbsi nəzərdə tutur.

"Hayastan" Ümumerməni Fondunun Ermənistana "humanitar yardım" qismində yolladığı pulların əksəriyyətinin də silah, sursat və hərbi texnika alınmasına, sonra da alınan vasitələrin Qarabağa, döyüşlərə göndərildiyini Ermənistanda indiyədək məmurların, generalların və siyasətçilərin az qala hamısı söyləyiblər.

Qarabağdakı döyüşlərə qatılmaq üçün muzdluların axışdığı ölkələr arasında Avropa, ABŞ, Kanada və Yaxın Şərq dövlətləri ilə yanaşı, Avstraliya, Meksika və Braziliya da var.

Ermənistan rəhbərliyi muzdlluların savaşda iştirakını "qanuniləşdirmək" məqsədilə onların hər birinin yaşadığı dövlətlə bahəm, Ermənistan pasportu da daşıdıqlarını, ikili vətəndaşlığa malik olduqlarını bəyan edir.

Ermənistan pasportu olmayanlardan, sən demə, arxa cəbhədə "istifadə olunub".

Bu da məsuliyyətdən yayınmağın ən primitiv yoludur, çünki Qarabağdakı döyüşlərdə iştirak etmiş muzdlular Qarabağda çəkdikləri fotoları, videoları, ən başlıcası isə selfilərini sosial şəbəkələrdəki profillərində paylaşıblar. Onlar eqosentrizmə qapılaraq müsahibələr də veriblər.

Fransa vətəndaşı olan Sipan Muradyan isə "France24"ə müsahibəsində döyüşlərdə iştirakından fəxrlə danışmışdı.

Ermənilərin ASALA terror təşkilatının üzvü olan Jilber Minasyan da muzdlular arasında olub: Gürcüstanın Samstxe-Cavaxetiya bölgəsinin sakini Vaahn Çaxalyan da var.

Fransa vətəndaşı Artur Ohanesyan, İran vətəndaşı Harmik Ovsepyan, ABŞ vətəndaşı Aruşan Badasyan da muzdlular arasında olublar və onların cinayətləri sübut edilib.

Muzdluların "hamısının etnik erməni olması" ilə bağlı İrəvanın iddiaları da ağ yalandır.

Məsələn, "Paris zuavları" bandasının rəhbərt Mark de Kokerey-Valmenye; Livan vətəndaşı olan 11 ərəb, 4 druz və 3 maronit; Suriya vətəndaşları olan ərəblər, ermənilər assuriyalılar və kürdlər; Suriyadakı terrorçu YPG qruplaşmasının tərkibindəki "Nubar Ozanyan dəstəsi"nin mənsubları; Yunanıstan vətəndaşı olan 38 yunan və s. kimi.

Ermənilər İkinci Qarabağ Müharibəsi günlərində sosial şəbəkələrdə yazırdılar ki, muzdluların hər birinə ayda 1500 dollar maaş verilir.

Pullar, təbii ki, Ermənistan Müdafiə Nazirliyinin hesablarından silinirdi.

Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqları uğrunda gedən 44 günlük müharibədə Ermənistanın Azərbaycana qarşı silahlı muzdlulardan, xüsusilə də PKK yaraqlılarından istifadə etdiyi dəfələrlə bəyan olunub.

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 2-də İtaliyanın "La Repubblica" qəzetinə müsahibəsində də ermənilərin PKK ilə işbirliyində olduğunu qeyd etmişdi:

"Bizdə əcnəbilərin Ermənistan tərəfindən döyüşdüyünə dair kifayət qədər dəlillər var. Onlar erməni əsilli olduqlarını deyirlər, lakin birincisi, bunun heç bir fərqi yoxdur. Çünki əgər əcnəbi vətəndaş bir ölkə tərəfindən digər ölkəyə qarşı döyüşürsə, o, muzdludur. Bundan əlavə, onların hamısının erməni olmasına dair bizdə 100 faiz dəlil yoxdur. Biz başqalarının olduğunu bilirik. Bilirik ki, PKK oradadır. Bilirik ki, Yaxın Şərqdən bəzi terrorçular qondarma "Dağlıq Qarabağ ordusu"na qoşulublar. Ona görə də, əfsuslar olsun ki, bu məsələ qətiyyən müzakirə mövzusu (out of picture) deyil. Bu, Azərbaycana qarşı qəsdən törədilmiş hücum barədə siyasi hücum təəssüratı yaradır".

Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də "PKK terror təşkilatının müharibəyə qoşulması ilə bağlı narahatlığımız var. Onlar da Ermənistan silahlı qüvvələrinin sıralarında yer alırlar. Əsasən də ilk müdafiə xəttinə təyin olunurlar", - deyə açıqlama vermişdi.

H. Hacıyev daha sonra açıqlama yayaraq qeyd etmişdi ki, xarici kütləvi informasiya vasitələrində kəşfiyyat məlumatlarına istinadən Azərbaycanın işğal olunmuş Şuşa şəhərinə PKK terrorçularının yerləşdirilməsi və onlara Azərbaycan silahlı qüvvələrinin hərbi geyimlərinin geyindirilməsi barədə ciddi xəbərlər öz əksini tapıb.

Livan ermənisi olan Kevork Xancyan opera müğənnisi idi. O, "könüllü" qismində yollandığı Qarabağda savaşda həlak olub.

Kevorkun 74 yaşlı anası Sosse Xacyanın dediyinə görə, bütün güünü televizora baxır, savaşda həlak olanların barəsində məlumatlara qulaq asanda ağlayır.

"Oğlumun döyüşlərdə olduğunu bilmirdim. Qardaşım mənə dedi. Oğlunu itirmiş anayam. Çətindir. Amma fəxr edirəm ki, Vətənə yollandı, ermənilərə qatıldı", - Sosse Xacyan deyib.

Vətən Müharibəsində bizə qarşı maniakal aqressiya ilə döyüşən, hərbi əməliyyatlar başa çatandan sonra isə terror və diversiya əməliyyatlarına başlamış muzdluların əməllərinə görə ədalət məhkəməsi qarşısında cavab vermək zamanı çatıb.

Çünki hər cinayətin qaçılmaz cəzası olur...

Elçin Alıoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.