Siyasət

Azərbaycanın Ermənistan planları - Bu proses mütləq həyata keçirilməlidir

22 Aprel 2021 17:54
Baxış: 1 608

"Prezident İlham Əliyev Hacıqabul rayonuna səfəri zamanı Azərbaycan Dövlət Televiziyasına müsahibə verdi və müsahibəsi zamanı bir sıra önəmli məsələlərə toxundu".

Bunu Milli.Az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi analitik İlyas Hüseynov deyib. 

O bildirib ki, mina xəritələrinin verilməməsi Ermənistanın növbəti hərbi cinayətidir:

"İşğaldan azad olunan Qarabağda ərazilərin minalanması həmən ərazilərdə abadlıq, quruculuq işlərinin həyata keçirilməsinə böyük maneə törədir. İndiki mərhələdə müxtəlif istiqamətlər üzrə orada işlər görülür və minalardan təmizlənmə prosesi davam etdirilir. 10 Noyabr bəyanatından sonra ərazilərin minalardan təmizlənməsi prosesinə başlanıldı və həmən minalar həm I Qarabağ müharibəsində, həm Vətən müharibəsinin gedişində, eləcə də ermənilərin ərazilərdən geri çəkilməsi zamanı pərakəndə formada basdırılıb. Hər keçən gün həm mülkü şəxslər, eləcə də hərbi qulluqçular həmən minaların qurbanları olurlar. 

Ermənistan tərəfi Azərbaycana mina xəritələrini vermir, bundan imtina edir, boyun qaçırır və Azərbaycan beynəlxalq instansiyalar müraciət etməklə, müxtəlif tədbirlər həyata keçirməklə həmən xəritələri əldə etməyə çalışır. Dəqiq məlumat var ki, Ermənistanda bu cür xəritələr var və bu xəritələrin verilməməsi Ermənistanın növbəti hərbi cinayəti hesab olunur. Müharibə başa çatandan sonra mina xəritələri verilmədiyi üçün 100-ə yaxın ancaq mülkü vətəndaş yaralanıb və ya həlak olub. Buna görə də bu işlərin professionallar tərəfindən həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Yenidən formalaşdırılmış minatəmizləmə agentliyinin ştat vahidi artırılıb. Bununla bağlı Prezidentin xüsusi sərəncamı imzalanıb və bütün səylər səfərbər olunub ki, minatəmizləmə işləri sürətlə getsin. Eyni zamanda Müdafiə Nazirliyinin tərkibində də istehkamçı tabor yaradılıb və Müdafiə Nazirliyi də bugünə qədər ən böyük sahələri minalardan təmizləyib. Ərazilərin minalardan təmizlənməsi bizə imkan verir ki, tez bir zamanda həm infrastruktur layihələrinin, eləcə də yaşayış evlərinin və inzibati binaların istifadəyə verilməsi məsələsi sürətlənsin".

İ.Hüseynov bildirib ki, biz 30 ilə yaxın müddət ərzində ərazilərimizin işğalda olması nəticəsində həm insan itkisi, həm iqtisadi itki, həm mənəvi itkilərlə qarşılaşmışıq:

"Digər önəmli xüsus da bundan ibarətdir ki, Prezident öz çıxışında Ermənistanın 30 ilə yaxın müddət ərzində Azərbaycana vurduğu iqtisadi ziyanın hesablanması məsələsinə diqqət çəkdi.

Bu vurulmuş ziyanın hesablanması prosesi də elə üçtərəfli bəyanat imzalanandan sonra başlanılıb. Bununla bağlı ölkədə geniş, ekspert səviyyəsində müzakirələr getdi və hazırda bu işlərə xarici mütəxəssislərin cəlb olunması prosesi başlayıb. Azərbaycanın planları Ermənistanı beynəlxalq məhkəmələrə verməkdir və bu proses də mütləq həyata keçirilməlidir. Xarici mütəxəssislər bu sahədə Azərbaycana köməkliklərini göstərirlər. Çünkü işğal müddəti ərzində təbii sərvətlərimizdən qanunsuz istifadə olunub. Həm qızıl yataqlarımız, həm mis yataqlarımız, digər təbii sərvətlərimiz Ermənistan tərəfindən talanıb, qanunsuz istismar olunub və bu beynəlxalq cinayət hesab olunur. Bu istiqamətdə hüquqi prosedurlara start verilməlidir. Bu işdə xarici tərəfdaşlar ilə Azərbaycan arasında iş birliyi davam etdirilir. Eyni zamanda Ermənistan ilə yanaşı, bu sahədə Ermənistana dəstəyini göstərən xarici tərəfdaşlar da məhkəmə qarşısında cavab verməldirilər və beynəlxalq ədalət məhkəməsi bütün qanunsuz hallarla bağlı öz qərarını verməlidir. Mənə elə gəlir ki, ədalətin bərqərar olunması prosesi həm bu məsələdə də özünü göstərməlidir. Çünki biz 30 ilə yaxın müddət ərzində həm insan itkisi, həm iqtisadi itki, həm mənəvi itkilərlə qarşılaşmışıq. Onun müəyyən qədər cavabını alması üçün iqtisadi zəmində Ermənistan beynəlxalq məhkəməyə verilməlidir və bu məhkəmədə mütləq Azərbaycan tərəfi qalib gələcək, çünkü haqq-ədalət bizim tərəfimizdədir.

Ermənilərin Azərbaycan tərəfinə vurduğu iqtisadi itki ilə yanaşı ekoloji sahəyə də böyük ziyan vurublar. Bütün bu fəsadlar gözqabağındadır. Təkcə Ağdam şəhərində Ermənistanın törətdiyi vəhşiliklər bunu deməyə əsas verir. Ona görə də iqtisadi zəmində Ermənistanı beynəlxalq məhkəmələrə vermə, dəymiş zərərin doğru hesablanması və həmən dəymiş ziyanın ödənilməsinin tələb edilməsi Azərbaycanın haqlı hüququdur". 

Təhməz Əsədov

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.