Siyasət

Minsk Qrupu yeni müharibə istəyir?

15 Aprel 2021 13:20
Baxış: 9 679

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin yeni bəyanatını sadəcə iki sözlə səciyyələndirmək olar: bacarıqsızlıq və idiotizm.

"Etiraf edirəm ki, gördüyümüz işlər və o işlərin yerinə yetirilmə forması haqqımızdakı stereotiplərə tam uyğun idi. Beşulduzlu otellərdə qalırdıq və orada bizə lüks apartamentlər ayrılırdı. Restoranlardan, bardan pulsuz istifadə edirdik. Olduğumuz şəhərlərdə həmişə ən yaxşı restoranları axtarırdıq. Bakı və İrəvanda ATƏT bayrağını göstərirdik, yaxşı yaşayırdıq. Lakin etiraf edirəm ki, çox az iş gördük".

Bu sözlər amerikalı diplomat, ATƏT-in Minsk Qrupunun sabiq həmsədri Riçard Hoqlanda məxsusdur. Cənab Hoqland həmsədrlərin "gərgin fəaliyyəti"nin gizli saxlanan məqamlarından Beynəlxalq Münaqişələrin Tənzimlənməsi Mərkəzinin (International Conflict Resolution Center, İCR Center) saytında dərc olunmuş "Minsk Qrupunun rolu qalıbmı" (Does the Minsk Group Still Have a Role?) məqaləsində bəhs etmişdi.

Ötən ilin sentyabrın 27-də başlayaraq noyabrın 9-dan 10-a keçən gecə Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatla başa çatmış İkinci Qarabağ Müharibəsindən sonrakı postkonflikt dönəmin çözümə, özü də yekun həllə ehtiyacı var.

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanla Ermənistan arasında yekun sülh sazişi imzalanmalıdır. Bu anlaşmanın gerçəkləşməsində ATƏT-in Minsk Qrupu da effektiv və rasional rol oynayaraq problemin nizamlanmasını sürətləndirə bilərdi.

Əfsuslar olsun ki, nəzəriyyədə belədir: praktika isə tam əksini göstərir.

Minsk Qrupunun həmsədrləri son 28 ildəki yarıtmaz və ekstensiv fəaliyyətini davam etdirir.

Həmsədrlərin son bəyanatı da buna dəlalət edir.

Onların bəyanatı marazm və idiotizmin nümayişidir sanki.

Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şaferin birgə bəyanatı belə başlayır: "Həmsədrlər Qarabağda atəşkəs rejiminin davam etməsini məmnuniyyətlə vurğulayır və tərəflər arasında 2020-ci ilin noyabrın 8-da əldə edilmiş anlaşmanın şərtlərinin yerinə yetirilməsini diqqətlə izləyirlər. Həmsədrlər həlak olmuşların qalıqlarının qaytarılması istiqamətində əldə edilmiş əhəmiyyətli uğurları alqışlayır və münaqişə nəticəsində evlərini tərk etmiş şəxslərin yerləşdirilməsi istiqamətindəki inkişafı təqdir edirlər. Bundan başqa, bütün regionda nəqliyyat və kommunikasiya xətlərinin yenidən işə salınmasına yönəlmiş konstruktiv müzakirələri alqışlayırıq. Həmsədrlər tərəflərə xatırladırlar ki, yerdə qalmış problemli məsələlərin həlli və dayanıqlı sülhə rəvac verəcək qarşılıqlı etimad mühitinin yaranması üçün əlavə səylər gərəkdir. Həmin məsələlər arasında bütün hərbi əsirlərin və saxlanılan şəxslərin beynəlxalq humanitar hüquq əsasında geri verilməsi, münaqişə regionlarının minalardan effektiv təmizlənməsi üçün məlumat mübadiləsi, Dağlıq Qarabağa girişin, o cümlədən beynəlxalq humanitar təşkilatların nümayəndələrinin səfərlərinin önündəki maneələrin götürülməsi, dini və mədəni irsin saxlanaraq qorunması, münaqişəyə cəlb olunmuş cəmiyyətlər arasında birbaşa əlaqələrin və əməkdaşlığın yarpadılması, habelə insanlar arasında etimadın möhkəmlənməsi üçün digər tədbirlər də var".

Daha sonra həmsədrlər "tərəflərə bəlli olan elementlər və prinsiplər əsasında genişmiqyslı, dayanıqlı yekun nizamlanmanın əldə edilməsi üçün səylərin artırılmasına" çağırılar.

Onlar "həmsədrlərin mandatlarına uyğun olaraq regiona səfər marşrutlarına maneəsiz yararlanma imkanlarının tam reallaşdırılmasını" tələb edirlər.

Eyni zamanda onlar, Qarabağ münaqişəsinin Madrid prinsipləri əsasında həllinin mümkünlüyünü də vurğulayıblar.

"Tərəflərə bəlli olan prinsiplər" dedikdə həmsədrlər məhz Madrid prinsiplərini nəzərdə tutublar. Hər halda onların tarixin zibilliyinə atılmış digər prinsipi - "ümumi dövlət"i xatırlatmamaları, deyəsən, böyük uğur sayıla bilər.

Qəfil amneziyaya tutulmuş həmsədrlər anlaya bilmirlər və ya anlamaq istəmirlər ki, onlar can atsalar belə, "Madrid prinsip"lərinin reinkarnasiyası mümkün deyil.

Minsk Qrupunun triosu Dağlıq Qarabağın "sərhəd"lərinin bərpasını və Azərbaycanın da həmin əraziləri "tərk" etməsini, Laçın dəhlizinin də sözügedən prinsiplərdə nəzərdə tutulan enədək genişlənməsini istəyirlər.

Onlar hələ açıqlamasalar da, görünən odur ki, Minsk Qrupunun həmsədrlərinin daha bir arzusu Qarabağa region dövlətlərinin hərbçilərinin yer almadığı beynəlxalq sülhməramlı kontingentin yeridilməsidir.

İrrasional açıqlamalarla və şərtlərlə, habelə tələblərlə zəngin bəyanat vermək çətin deyil.

Həmsədrlər öz yazdıqlarıın praktiki reallaşmasını necə təsəvvür edirlər?

"Tərəflərə bəlli olan elementlər və prinsiplər" Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasını nəzərdə tuturdu. Fəqət, Azərbaycan problemi hərbi yolla həll edib, "Dağlıq Qarabağ münaqişəsi" də tarixə qovuşub.

İndi həmsədrlərin öhdəsinə düşən iş çürümüş leşi bərpa etməyə çalışmaq yox, onu dəfn etməkdir.

Minsk Qrupunun həmsədrləri Qarabağ münaqişəsinin yekun həllini ehtiva edən sülh müqaviləsinin layihəsinin hazırlanması ilə mşəğul olmaqdır.

Layihə hazır olduqda Minsk konfransı çağırılmalı, münaqişəyə birdəfəlik son qoyulmalıdır.

İqor Popov, Endryu Şafer və Stefan Viskonti isə belə bəyanatla mövcudluqlarını xatırlatmamalıdır. Səbəb sadədir: Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla başa çatdırılmasından sonra regionda formalaşmış vəziyyət Minsk Qrupunun həmsədrlərinin 28 ildən bəri heç bir real nəticə olmadan davam edən missiyalarının daha da uzandılması üçün heç bir şans vermir.

İşğal edilmiş ərazilərinin dinc yolla azad edilməsini, Ermənistanın hərbi birləşmələrinin könüllü şəkildə geri çəkiləcəyini gözləməyən Bakı işğalçını darmadağın edərək torpaqlarını azad etdi.

Yəni ölkəmiz onillərdən bəri davam edən substantiv danışıqlar prosesində Minsk Qrupunun etməli olduğunu özü reallaşdırdı.

Minsk Qrupu Qarabağ problemini həll etməliydi, amma edə bilmədi və etmədi, bununla da BMT Təhlükəsizlik Şurasınn 4 qətnaməsinə əməl edilməsi ilə bağlı Bakının ümidlərini də öləzitdi.

44 günlük İkinci Qarabağ Müharibəsindən sonra Dağlıq Qarabağ münaqişəsi idefiksə çevrildiyindən Azərbaycanla Ermənistan arasında danışıqlar üçün Minsk Qrupunun vasitə, yaxud müstəvi qismində fəaliyyətinə heç bir ehtiyac qalmayıb.

Həmsədrlərin fəaliyyətinə Bakı işğal zamanı zərurət duyurdu: torpaqlar işğaldan azad olunubsa, Minsk Qrupunun əvvəlki formatda işi kimə və nəyə gərəkdir?

Amma buna rəğmən rəsmi Bakı bəyan edir ki, postmünaqişə dönəmində bölgədə sülhün və stabilliyin dayanıqlı bərqərarı üçün Minsk Qrupunun və bu strukturun həmsədrlərinin fəaliyyəti müəyyən mənada müsbət nəticələr əldə etməyə imkan verə bilər. Münaqişəni çözə biləcək qrup kimi yox: münaqişə artıq çözülüb.

Sadəcə, Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin layihəsinin hazırlanmasında Minsk Qrupu işə yaraya bilər.

Azərbaycan Prezidenti İlham Əliyev belə təkliflə çıxış edəndən sonra Minsk Qrupunun cavabı qəribə oldu. Onların təklifləri real, Cənubi Qafqazda postmünaqişə dövründə vəziyyətin tam tənzimlənməsinə yönəlmiş praqmat invariasiyalar yox, marazmatik və ümumi ifadələrlə dolu, habelə qeyri-adekvat tələblərin yer aldığı bəyanat oldu.

Bu isə Minsk Qrupunun məhsuldarlıqdan və konkret nəticələrə istiqamətlənmiş fəaliyyətdən çox uzaq struktur olduğunu sübut edir, onunla vidalaşmağın zamanının çatdığını göstərir.

Bəyanatda "bütün hərbi əsirlərin və digəp saxlanan şəxslərin qaytarılması"ndan da bəhs olunur. Minsk Qrupu həmsədrləri nədən danışarlar? Hərbi əsirlərin "hamı hamı ilə" mübadiləsi artıq gerçəkləşdirilib. Üçtərəfli bəyanat imzalanandan sonra Azərbaycan ərazisində tutulan erməni terrorçulara və diversantlara gəldikdə isə, onlar beynəlxalq hüququn normalarına, o cümlədən Cenevrə konvensiyasının şərtlərinə uyğun olaraq heç bir halda hərbi əsir sayıla bilməzlər. Bundan başqa, həmin şəxslər 4 Azərbaycan vətəndaşını qətlə yetiriblər, bir nəfəri ağır yaralayıblar. Belədirsə, Minsk Qrupunun həmsədrlərinin bəyanatındakı sözügedən ifadənin hansı hüquqi əsasları var?

"Beynəlxalq humanitar təşkilatların nümayəndələrinin Dağlıq Qarabağa səfərlərinə tətbiq edilən maneələrin aradan qaldırılması" tələbi də absurddur. Heç bir maneə yoxdur: sadəcə, ölkə ərazisinə daxil olmaq üçün Azərbaycanın müvafiq rəsmi qurumlarının icazəsi gərəkdir. "Problem"lərsə rəsmi Bakının icazəsi olmadan Xankəndinə və hələlik rusiyalı sülhməramlıların operativ nəzarətində olan ərazilərə yollanmaq istəyənlər üçün yaranır.

"Mədəni və dini irsin saxlanması ilə hifz edilməsi" tələbi ümumiyyətilə, həmsədrlərin koqnitiv dissonansından xəbər verir.

Qarabağın işğalda olduğu 28 il ərzində (!) Azərbaycan həmsədrləri və bütün beynəlxalq təşkilatları xalqımızın həmin ərazilərdəki dini və mədəni irsinin Ermənistan tərəfdən məhv edildiyinə diqqət yetirməyə çağırırdı.

Həmsədrlər tam 28 il "lal, kar və kor" olmuşdular, indi qəflətən letargiya yuxusundan ayılaraq işğaldan azad edilmiş ərazilərdə "ermənilərin xristian irsi"nin qayğısına qalmaq istəyirlər.

Minsk Qrupunun həmsdrləri rahat ola bilərlər: sadəcə işğaldan azad edilmiş ərazilərdə yox, bütün Azərbaycanda xristian abidələr dövlət tərəfindən qorunur.

Həmsədrlərin sadəcə, "erməni irsi"ni düşünərək işğal zamanı Qarabağda müsəlman dini abidələrinin və Azərbaycanın mədəniyyət irsi obyektlərinin məhv edilməsini görməkdən boyun qaçırmaları isə onların siyasi əxlaqı ilə mənəviyyatlarından xəbər verir.

Minsk Qrupunun həmsədrləri indi dayanıqlı sülh üçün danışıqlar istəyirlər.

Bəs 28 il ərzində onlar nə ilə məşğul oldular, nə üçün işğalçı Ermənistanı qoşunlarını Azərbaycan ərazisindən çıxarmağa, beynəlxalq hüququn normalarına və prinsiplərinə riayətə sövq edə bilmədilər?

Belədirsə, indiki şəraitdə həmsədrlərin "elementlər və prinsip"ləri kimin nəyinə gərəkdir?

Deyəsən, həmsədrlər R.Hoqlandın bəhs etdiyi dəbdəbəli, lüks həyat, beşulduzlu otellərdə əyləncələr üçün darıxıblar.

Axı onların kefini Azərbaycan pozdu...

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.