Siyasət

Parisin ikiüzlü "demokratiyası": Seba faciəsi və Mirzəli şousu

5 İyun 2026 19:00
Baxış: 409

Kemi Sebanın Cənubi Afrikada saxlanılması daha bir "narahat fəalın" bioqrafiyasında sıradan bir epizod deyil. Qarşımızda köhnə Fransa təsirinin bütün sinir sistemini üzə çıxaran siyasi lakmus kağızı var: müstəmləkə yaddaşı, kəşfiyyat refleksləri, hüquqi mimikriya, informasiya kampaniyası, diplomatik təzyiq və Parisin azadlıq barədə yalnız həmin azadlıq onun rəqiblərinə qarşı işləyəndə danışmaq vərdişi. Fransa dünyaya dərs keçməyi sevir. Prokuror kürsüsünə çıxmağı sevir. Dövlətlərə, xalqlara, regionlara mənəvi arayış paylamağı sevir. Fəqət kimsə Fransanın imperiya anatomiyasına - Afrika siyasətinə, dənizaşırı ərazilərinə, köhnə maliyyə mexanizmlərinə, hərbi mövcudluğuna, Françafrique sisteminə toxunan kimi ağ əlcəklərin altından dəmir əl görünür.

Kemi Seba heç şübhəsiz ki, nüfuzlu, mürəkkəb, ziddiyyətli, sərt və narahat fiqurdur. Onu tənqid etmək olar. Onun siyasi üslubunu həddindən artıq kəskin saymaq olar. Onun bəyanatları dəfələrlə ciddi polemikanın predmetinə çevrilib. Amma məsələnin mahiyyəti Sebanın xoşumuza gəlib-gəlməməsində deyil. Məsələ başqadır: niyə onilliklər boyu Afrikadakı öz təsirini sivilizasiya, hüquq və demokratiya şüarları ilə pərdələyən Fransa suverenlik tələb edən afrikalılara bu qədər ağrılı reaksiya verir? Niyə siyasi etiraz əlaməti olaraq Fransa pasportunu yandıran bir insan Paris üçün az qala milli təhlükəsizlik təhdidinə çevrilir? Niyə Afrikaya əmr vermək üçün mənəvi haqqını itirmiş keçmiş metropoliya hələ də müəyyənləşdirməyə çalışır ki, Afrikada kimin danışmaq hüququ var, kim isə susmalıdır?

Bu ilin baharında Seba 18 yaşlı oğlu ilə birlikdə Cənubi Afrika Respublikasında saxlanıldı. Formal süjet sadədir: Beninin beynəlxalq orderi, "qiyama təhrik və dövlət təhlükəsizliyinə qarşı cinayətlər" üzrə marazmatik ittihamlar, miqrasiya xarakterli iddialar, "Zimbabve üzərindən ölkəni tərk etmək cəhdi barədə" sarsaq versiya. Cənubi Afrika polisi İnterpolun iştirakı ilə keçirilən əməliyyatdan, guya 250 min rand ödənilən vasitəçidən, Avropaya marşrutun hazırlanmasından danışırdı. Ekstradisiya üzrə məhkəmə prosesi davam edir. Kağızlar, möhürlər, protokollar, hüquqi formulalar - hər şey səliqəli, az qala steril görünür. Di gəl, unutmayaq ki, iyasət nadir hallarda polis relizinin birinci abzasında yazılanların içində gizlənir. Siyasət, adətən, sətirlərin arasında yaşayır.

Sebanın özü bəyan etdi ki, əməliyyatın arxasında təkcə Beninin məntiqi yox, həm də Fransanın marağı dayanıb. O iddia edir ki, CAR strukturları Fransa kəşfiyyatının təsiri altında hərəkət edib, onu isə terrorist kimi təqdim etmək istəyiblər. Bu cür bəyanatlar sübut tələb edir, amma onlar boş yerdə də yaranmır. Paris artıq 2024-cü il martın 16-da Paris yaxınlığında pasportun nümayişkaranə şəkildə yandırılmasından sonra onu Fransa vətəndaşlığından məhrum etmişdi. 2024-cü il iyulun 9-da imzalanan fərman siyasi siqnal idi: Fransa tənqidçi ilə sadəcə polemikaya girməklə kifayətlənmir, onu vətəndaşlıq məkanından simvolik olaraq silə də bilir. İnsan Fransada doğulub, amma Afrikada Fransa xəttinin düşməninə çevrilib - deməli, onu Fransa hüquqi kimliyindən kənara atmaq olar. Bu qərarın soyuq mahiyyəti, əslində, bundan ibarətdir.

Seba Parisin ən həssas yerinə zərbə vururdu. O, neokolonializmdən danışırdı. CFA frankının Sahel bölgəsindəki Afrika dövlətlərini kölə durumuna salmasından bəhs edirdi. Fransanın həmin bölgəyə hərbçilər yeridərək müstəmləkəçiliklə məşğul olduğunu söyləyirdi. Habelə, keçmiş müstəmləkələr üzərində "Fransa himayəsi"nin iyrənc mexanizmlərini göstərirdi. 

Afrika cəmiyyətlərinin başqasının strategiyasının periferiyası olmaqdan çıxmaq hüququndan danışırdı. 1945-ci ildən bəri CFA frankı Fransanın Afrikadakı təsirinin ən qıcıq doğuran simvollarından biri olaraq qalır. On dörd Afrika dövləti onilliklər ərzində Fransaya, sonradan isə avroya bağlanan, Fransa xəzinədarlığının zəmanətləri ilə işləyən valyuta arxitekturasında yaşayıb. Məzkur sistemin tərəfdarları sabitlikdən danışırlar. Əleyhdarları isə maliyyə qəfəsindən. Mübahisə texniki yox, siyasi xarakter daşıyır: pul sistemi keçmiş metropoliyanın möhürünü daşıyırsa, suverenlik tam ola bilərmi?

Fransanın Afrikadakı hərbi mövcudluğu da artıq təhlükəsizlik zəmanəti kimi qəbul edilmir. Mali, Burkina-Faso, Niger, Çad, Seneqal, Kot-d'İvuar - qopmalar və ixtisarlar zənciri özü hər şeyi deyir. Vaxtilə Fransa bazasının siyasi landşaftın təbii hissəsi sayıldığı yerlərdə bu gün həmin baza yad komanda məntəqəsinin qalığı kimi görünür. Afrika küçəsi himayədarlıq dilindən yorulub. Afrika elitaları Paris, Moskva, Pekin, Ankara və Vaşinqton arasında manevr etsələr də, artıq avtomatik Fransa nəzarəti rejimində yaşamaq istəmirlər. Seba bu qıcıqlanmanın ən gur səslərindən birinə çevrilib. Ona görə də onu sadəcə mübahisəyə çəkmək yox, siyasi baxımdan zərərsizləşdirmək istəyirlər.

Azərbaycan bu hadisəyə kənardan, laqeyd müşahidəçi kimi baxmır. Bakı Avropa mənəviyyatsız "mənəvi hesablar"ının batinini və zahirini çox yaxşı bilir. Fransa illər boyu özünü Cənubi Qafqazda arbitr kimi təqdim etməyə çalışdı, amma praktikada getdikcə daha çox erməni revanşizminin vəkilinə çevrildi. Fransa qətnamələri, siyasi bəyanatlar, İrəvanla hərbi yaxınlaşma, Avropa institutlarında Azərbaycana qarşı hücumlar - bütün bunlar balans diplomatiyası yox, birtərəfli təzyiq siyasətidir. Buna görə Azərbaycanın Fransa neokolonializminə dair mövqeyi təsadüfi deyil. Bakı Parisə deyir: bir əlinlə bizə hüquq dərsi keçib, o biri əlinlə müstəmləkə mirasından, dənizaşırı ərazilərdən, təzyiq alətlərindən və ikili standartlardan yapışmaq olmaz.

BMT hələ də Yeni Kaledoniya və Fransa Polineziyasını özünüidarə etməyən ərazilər siyahısında saxlayır. Paris üçün bu mövzu olduqca narahatdır. Fransa başqalarının regionlarında insan hüquqlarından danışmağa üstünlük verir, amma öz orbitində olan xalqların öz müqəddəratını təyinetmə hüququ ona xatırladılanda bundan xoşlanmır. Ortaya tam məntiqli sual çıxır: Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində çoxdan həll olunmuş Qarabağ məsələsi niyə bitməz-tükənməz Fransa isterikasının predmetinə çevrilməlidir, Fransanın dənizaşırı əraziləri məsələsi isə az qala tabu sayılmalıdır? Niyə Fransada erməni revanşizminin səsi "siyasi həssaslıq" kimi təqdim olunur, Afrika antikolonializminin səsi isə "təhdid" kimi qələmə verilir?

Yaşanan olaylar məcrasında Məhəmməd Mirzəli məsələsi xüsusilə göstəricidir. Fransa onun ətrafında bütöv bir siyasi şou qurdu: Azərbaycan mühacirətinin toksik personajlarından biri "rejimin qurbanı" barədə rahat süjetə yerləşdirildi. Fransada yaşayan Mirzəli uzun müddətdir ictimai obrazını ciddi jurnalistika, sənədli araşdırma, peşəkar siyasi tənqid üzərində yox, bisavad provokasiya, sosial cahillik, kobudluq, təhqiramiz üslub və auditoriyanın aqressiv səfərbərliyi üzərində qurur. Onu Avropa auditoriyasına söz azadlığının simvolu kimi satmağa çalışırlar, amma söz azadlığı media platformasını siyasi nifrətin çirkab borusuna çevirmək hüququ demək deyil. Hakimiyyətin tənqidi qanunidir. Araşdırma zəruridir. Müxalifət normaldır. Zorakı ssenariyə, kütləvi iğtişaşlara və konstitusion quruluşun dağıdılmasına çağırışlar isə artıq tamam başqa hüquqi müstəvidir.

2025-ci il sentyabrın 15-də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi Mirzəli barəsində qiyabi qaydada 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə hökmü çıxardı. Ona Azərbaycan Cinayət Məcəlləsinin 220.2 və 281.1-ci maddələri - kütləvi iğtişaşların təşkili və hakimiyyətin zorla ələ keçirilməsinə, hakimiyyətin zorla saxlanılmasına və ya konstitusiya quruluşunun zorla dəyişdirilməsinə açıq çağırışlar ittiham kimi irəli sürülmüşdü. Siyasi kontekst barədə mübahisə etmək olar. Sübut bazasını təhlil etmək olar. Amma elə davranmaq olmaz ki, guya söhbət hava haqqında məsum köşələr yazan bir müəllifdən gedirdi. Fransa ictimaiyyəti qarşısında təqib olunan bloqer obrazı yaradılır, halbuki Azərbaycan dövləti onu jurnalist kimi yox, zorakılığa və kütləvi destabilizasiyaya çağırışlar üzrə cinayət işinin fiqurantı kimi qiymətləndirir.

2026-cı ilin mayında Renndə Mirzəlinin qətlinə hazırlıqda ittiham olunan doqquz azərbaycanlıya qarşı başlayan məhkəmə prosesini Paris özünün ədalət mühakiməsinə qayğısının sübutu kimi təqdim edir. Bakıda heç kim kiməsə qarşı hücumu əsaslandırmaq məcburiyyətində deyil. Fiziki divan siyasi mübahisənin aləti ola bilməz. Amma Fransa başqa iş görür: kriminal işi götürür, onu geosiyasi zəhərlə doldurur və anti-Azərbaycan vitrinə çevirir. Məhkəmə hələ davam edir, sübutlara məhkəmə qiymət verməlidir, fərdi təqsir şəxsi qaydada müəyyənləşdirilməlidir. Paris və onun ətrafındakı fransızpərəst təbliğat mühiti isə artıq qabaqcadan Azərbaycana siyasi hökm kəsir. Ədalət mühakiməsi tamaşaya, tamaşa isə silaha çevrilir.

Məhz burada mövzunun əsas siniri üzə çıxır. Fransa Mirzəli barədə danışanda ona sözünə inanmağı tələb edir. Kemi Seba Fransa təzyiqindən danışanda isə Paris bunu konspirologiya saymağı təklif edir. Fransa Pavel Durovu saxlayanda bu, platformalarda cinayətkarlıqla mübarizə adlanır. Fransa Kemi Sebanı təqib edəndə bu, dövlət maraqları ilə izah olunur. Azərbaycan kütləvi iğtişaşlara və hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlarda ittiham olunan şəxsi mühakimə edəndə isə fransız mühiti dərhal repressiya hayqırtısı qoparır. Möcüzəli mənəvi həndəsədir: eyni prinsip kimə sərf etməsindən asılı olaraq formasını dəyişir.

Yeri gəlmişkən, Fransanın öz ərazisindən kənarda həyata keçirdiyi əməliyyatların zəngin tarixi var. Təkcə Rainbow Warrior hadisəsini xatırlamaq kifayətdir - 1985-ci ildə Oklenddə Greenpeace gəmisinin Fransa DGSE agentləri tərəfindən partladılması. Bir nəfər həlak oldu. Paris əvvəlcə hər şeyi inkar etdi, sonra isə məsuliyyəti etiraf etməyə məcbur qaldı. Başqalarının günahlarına hakimlik etməyi sevən Fransa dövləti bir zamanlar öz strateji maraqlarına mane olanlara qarşı öz ərazisindən çox uzaqda güc əməliyyatları keçirməyə hazır olduğunu artıq göstərib. Deməli, Fransa metodları barədə sual ritorik deyil. Bu sual tarixidir. Sənədlidir. Siyasi baxımdan tam əsaslıdır.

Transmilli repressiyalarla bağlı beynəlxalq hesabatlar dövlətlərin xaricdəki opponentlərinə qarşı həbslər, deportasiyalar, İnterpol mexanizmləri, təhdidlər, zorakılıq, ailələrə təzyiq və miqrasiya prosedurları vasitəsilə hərəkət etdiyi praktikanın artdığını qeydə alır. Freedom House-un 2025-ci il hesabatında 126 yeni fiziki insident, 30 icraçı dövlət, 49 saxlanma faktı, 48 qanunsuz deportasiya halı və İnterpol mexanizmlərindən istifadə olunan ən azı 11 epizod qeyd edilib. Adətən Qərb bu cür hesabatlarda yalnız başqalarının günahlarını görməyi sevir. Amma mexanizmdən Eyfel qülləsi olan açıqca ölkəsi istifadə edirsə, bu mexanizm mənəvi baxımdan daha təmiz olmur.

Azərbaycanın mövqeyi burada son dərəcə sadədir: Parisin mənəviyyat üzərində monopoliyası yoxdur. Fransa eyni vaxtda erməni revanşizmini dəstəkləyə, Avropa platformaları üzərindən Azərbaycana təzyiq göstərə, toksik mühacir provokatorları müdafiə edə, Bakını demonizə edə və bununla yanaşı, öz neokolonial mirası barədə susmağı tələb edə bilməz. Fransa söz azadlığından yalnız onun geosiyasi rəqiblərinə hücum edənlər üçün danışa, Fransa siyasətini Afrikada hədəfə alanları isə boğa bilməz. Azadlıq ya universal olur, ya da azadlıq deyil, diplomatik dəyənəkdir.

Kemi Seba hekayəsi ilə Mirzəli ətrafındakı şou bir nöqtədə kəsişir. Fransa narrativ üzərində nəzarəti itirməkdən qorxur. Afrika artıq metropoliyanın köhnə səsini dinləmək istəmir. Azərbaycan artıq Fransanın saxta arbitr rolunu qəbul etmir. Cənubi Qafqaz artıq Parisin Afrikadakı məğlubiyyətlərini İrəvana dəstəklə kompensasiya edə biləcəyi məkan deyil. İnformasiya müharibələri artıq bir istiqamətdə getmir. Fransanın hər iradına indi qarşı sual gəlir: bəs siz özünüz kimsiniz? Hansı tarixlə? Hansı bazalarla? Hansı ərazilərlə? Hansı CFA frankı ilə? Hansı Rainbow Warrior ilə? Hansı Kemi Seba ilə?
Paris istəyərdi ki, dünya yalnız gözəl fasadı görsün - Luvru, Sorbonnanı, İnsan Hüquqları Bəyannaməsini, diplomatik fransız dilini, Avropa humanizminin parlaq vitrini. Amma fasadın arxasında başqa Fransa dayanır - əsəbi, qıcıqlı, təsir qalıqlarını qısqanclıqla qoruyan, Afrika suverenliyinə və Qafqaz müstəqilliyinə ağrılı reaksiya verən Fransa. Azərbaycanın bu barədə açıq danışmağa tam haqqı var. Ona görə yox ki, Bakı mübahisə xatirinə mübahisəyə ehtiyac duyur. Ona görə ki, ikili standartlar qarşısında susmaq siyasi kapitulyasiyadır.

Kemi Seba bu gün sadəcə saxlanılmış fəal deyil. O, Fransanın köhnə dünyasının sonunu nə qədər ağrılı qəbul etdiyinin simvoludur. Mirzəli sadəcə mühacir bloqer deyil. O, Fransanın şübhəli fiqurları Azərbaycana qarşı siyasi alətə çevirməyə necə hazır olduğunu göstərən simvoldur. Bu iki süjetin arasından Fransa riyakarlığının qalın, çirkli xətti keçir. Parisə sərf edən yerdə o, "azadlıq mübarizi" görür. Paris üçün təhlükəli olan yerdə isə "təhlükəsizlik təhdidi" görür. Söhbət Fransa maraqlarından gedəndə hüquq elastikləşir. Söhbət Azərbaycandan gedəndə isə Paris mütləq müqəddəslik tələb edir.
Amma Fransanın zəvzək "geosiyasi" monoloqlarının dövrü bitib. Afrika cavab verir. Azərbaycan cavab verir. Onilliklər boyu dinləməyə vadar edilməyə yönəlmiş cəhdlərlə üzləşən  xalqlar artıq uca səslə danışır.

Fransa yeni reallığa alışmalı olacaq: keçmiş imperiya artıq tarixin hakimlərini təyin etmir. O, özü suallar kürsüsündə oturub. 
Cavablar isə hələlik inandırıcı səslənmir.
Daha doğrusu, bəsit yalanlar, pis pərdələnmiş siyasi tərbiyəsizlik və "hegemoniya" xülyaları.
Sadəcə, bu...

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.