Siyasət

Prezident İlham Əliyev xalq-iqtidar birliyindən güc alaraq qarşıda duran vəzifələri şərəflə yerinə yetirir - Politoloq

12 Aprel 2021 20:25
Baxış: 442

2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərində 86,03 faiz səs toplayan cənab İlham Əliyevi xalqımız yenidən Azərbaycan Respublikasının Prezidenti postunda görmək istədi. Bu seçim həm də o demək idi ki, xalqımız cənab İlham Əliyevə səs verərkən Ümumilli lider Heydər Əliyev siyasətinə yenidən səs vermiş oldu.

Milli.Az bildirir ki, bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.

Ş.Həsənova bildirib ki, 2003-cü ildən bu günə qədər ölkənin potensialı bütün platformalarda Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsinə yönəldildi:

"Cənab Prezident öz çıxışlarında hər zaman qeyd edirdi ki, məhz işğal siyasətinə görə Ermənistanı bütün regional layihələrdən təcrid edib. Ölkə başçımız tərəfindən düşünülmüş bu siyasətin nəticəsidir ki, Ermənistan heç bir perspektivi olmayan dalan dövlətə çevrildi. Bu baxımdan da əminliklə deyə bilirik ki, Azərbaycanın qazandığı bu qələbə sadəcə 44 günlük müharibənin nəticəsi deyil. Belə ki, Prezidentlik fəaliyyəti dövründə cənab İlham Əliyevin düşünülmüş şəkildə yürütdüyü siyasət nəticəsində münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı hüquqi baza yaradıldı, dünyada Azərbaycan haqqında obyektiv fikir formalaşdırıldı.

Hakimiyyətdə olduğu illər ərzində Prezident İlham Əliyev Azərbaycanı dünyanın etibarlı tərəfdaşı, regionda və dünyada müstəqil xarici siyasət yürüdən bir aktor kimi tanıtdı, ölkəmizin beynəlxalq əlaqələrini gücləndirdi. Elə bunun məntiqi nəticəsi idi ki, 44 günlük Vətən müharibəsi dövründə də ölkə başçımız bütün siyasi təzyiqlərə və təhdidlərə də sinə gərməyi bacardı. Prezident İlham Əliyev prinsipiallıq, yenilməz iradə nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə etdi, məqsədyönlü, ardıcıl siyasət apardı və bütün bunların nəticəsi olaraq tarixi qələbə qazanıldı.

Azərbaycanın döyüş meydanında əldə etdiyi parlaq qələbə elə gözəl bir nəticəyə gətirib çıxardı ki, üç rayonumuz - Ağdam, Kəlbəcər və Laçın bir güllə atılmadan, şəhid vermədən Azərbaycana qaytarıldı. İtki vermədən torpaqların geri qaytarılmasıı dünya tarixində az rast gəlinən təcrübədir ki, bu, Prezident İlham Əliyevin praqmatik, düşünülmüş və uzaqgörən siyasəti nəticəsində əldə edilmiş möhtəşəm bir uğurdur. Ali Baş Komandanımız İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, müzəffər və yenilməz ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi Vətən müharibəsində Azərbaycanın tam qələbəsini təmin edən həlledici amillərdir".

Politoloqun sözlərinə görə, baxmayaraq ki, hər bir müharibədə ordu üçün hücum etmək kimi, taktiki manevr edərək geri çəkilmək praktikası da mövcuddur, lakin Azərbaycan ilk günlərdən qələbə qazandı və bu 44 gün ərzində bir gün də olmamışdır ki, Ali Baş Komandanın rəhbərliyi altında olan ordumuz geri çəkilsin:

"Azərbaycanın XXI əsrin müharibəsini qələbə ilə başa vurması bu gün inkişaf etmiş ölkələri bizim təcrübəmizdən yararlanmağa vadar edir. 44 günlük Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan Ordusunun yüksək peşəkarlığı, orduda yüksək nizam-intizam, mobillik, müasir hərbi texnologiyalara malik olması və ondan məharətlə istifadə etməsi qələbəmizi şərtləndirən amillərdən oldu. Azərbaycan xalqının Ordusuna olan güvəni, Ali Baş Komandanın ətrafında sıx birləşməsi Vətən, doğma torpaqlar uğrunda vuruşan Azərbaycan hərbiçilərinin yüksək mənəvi-psixoloji durumuna da olduqca müsbət təsir etdi. Bunun nəticəsi idi ki, yaralanmış və ağır vəziyyətdə olan hər bir əsgər və zabitimiz tezliklə sağalaraq döyüş bölgəsinə qayıtmağa can atırdı. Bu, əsgər və zabitlərimizin Vətən sevgisindən, eyni zamanda öz Ali Baş Komandanına olan sonsuz güvənindən və qələbəyə inamından qaynaqlanırdı.

Bu müddət ərzində döyüşlər sadəcə səngərdə və diplomatik masada deyil, informasiya məkanında da qızğın xarakter aldı. Ermənistanın əvvəlki dövrdə olduğu kimi, istər erməni lobbisinin, istərsə də xarici havadarlarının dəstəyi və köməyi ilə münaqişə haqqında dünyada informasiya vakuumu yaratmaq, öz yalan, ikiüzlü, riyakar, nə tarixə, nə də beynəlxalq hüquqa əsaslanmayan siyasətini beynəlxalq ictimaiyyətə sırımaq üçün uğursuz cəhdlər göstərməsinə baxmayaraq, informasiya məkanında da ən Ali vəzifəni öz üzərinə götürən və sanki informasiya məkanının da Ali Baş Komandanı funksiyasını məharətlə icra edən cənab Prezident 30-a yaxın xarici mediaya müsahibələr verdi, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, səbəbləri, habelə Azərbaycanın mövqeyini əsaslandıran hüquqi, siyasi, mənəvi və digər amilləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Bütün cinahlarda gedən döyüşlərə şəxsən rəhbərlik edən cənab Prezident İlham Əliyev Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edərək tarixi qələbəyə imza atdı".

Ş.Həsənova vurğulayıb ki, hal-hazırda COVID-19 infeksiyasının gətirdiyi qlobal iqtisadi və siyasi çətinliklər fonunda bu gün dünya ölkələri üçün 2020-ci il son dərəcə ağır il kimi yadda qalsa da, Azərbaycan digər ölkələrə nisbətən bu vəziyyətdən də daha az itkilərlə çıxmağa müvəffəq oldu:

"Belə ki, Azərbaycan iqtisadiyyatı təqribən 4 faizdən bir qədər çox azalıb ki, bu da dünya dövlətləri ilə müqayisədə olduqca yaxşı göstəricidir. Daha öncəki illərdə ölkə başçımız qeyri-neft sektorunun inkişafını ölkə iqtisadiyyatının prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdi ki, qeyri-neft sənayemiz bu il 11 faizdən çox artıb. Bu da təbii ki, şaxələndirmə hesabına və sənayeləşmə siyasətinin düzgün aparılması nəticəsində mümkün olub.

Kənd təsərrüfatının 2 faizdən çox artırılması hədəf kimi müəyyənləşdirilib ki, bu da azad edilmiş torpaqlarda payızlıq əkinin aparılması ilə mümkün olacaq. Həm koronavirusla mübarizəyə yönəldilən milyardlarla manat, həm müharibə xərcləri, həm də müavinətlər, sosial paket kimi digər xərclərə baxmayaraq, Azərbaycan valyuta ehtiyatlarını qorumağa müvəffəq oldu. Orta əməkhaqqı və orta pensiya təqribən 13-14 faiz artıb.

Digər mühüm, tarixi nailiyyət isə enerji sektorunda əldə edilib. Belə ki, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəməri (TAP) də artıq tamamlanıb. Beləliklə, Azərbaycan dünya bazarında böyük qaz ixracatçısına çevrildi. Tarixdə ilk dəfə Azərbaycan öz təbii qazını Avropa bazarına birbaşa boru xətləri vasitəsilə çıxarmağa nail oldu. Avropa istehlakçıları Azərbaycan qazını alırlar. Təbii ki, bu məqam da ölkəmizə həm iqtisadi, həm siyasi dividendlər qazandıracaq.

Biznes iqlimi, investisiya iqlimi, bütün həyata keçirilən islahatların nəticəsi Dünya Bankının "Doing Business" proqramında 190 ölkə arasında Azərbaycan 28-ci yerdə olması ilə öz əksini tapır. Bundan əlavə, əhalinin elektrik təchizatı səviyyəsi üzrə dünya miqyasında Azərbaycan ikinci yerdədir. Eyni zamanda, hökumətin dəyişməyə cavabdehliyi, yəni, islahatçı obrazı əmsalına görə Azərbaycan dünya miqyasında beşinci, hökumətin siyasi sabitliyi təmin etməsinə görə ölkəmiz 11-ci yerdədir. Əldə olunan bu uğurlar, qabaqcıl rəqəmlər bir daha sübut edir ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf xəritəsi ən düzgün yoldur.

Bu gün müstəqil Azərbaycan dövləti həm siyasi, həm də iqtisadi cəhətdən özünün ən parlaq mərhələsini yaşayır. Bundan əlavə, ən mühüm amil ondan ibarətdir ki, bu gün ölkəmizdə güclü və sıx xalq-iqtidar birliyi mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyev bu birlikdən daha da güc alaraq qarşıda duran əsas vəzifələri şərəflə yerinə yetirir, sözünün imzası qədər dəyərli olduğunu atdığı hər addımla, həyata keçirdiyi siyasətlə sübut edir".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.