Siyasət

Ermənilər Zəngəzurun "yeni xəritəsi"ni göstərdilər

1 Aprel 2021 12:47
Baxış: 4 924

Ermənistanın ArmNews televiziya kanalı Zəngəzur və Göyçənin  Azərbaycana aid olduğunu göstərən xəritə yayımlayıb.

Milli.Az bildirir ki, Ermənistan mediasında və sosial şəbəkələrində geniş müzakirələrə səbəb olmuş bu məqamı baş nazir Nikol Paşinyanın yürütdüyü siyasətin "məntiqi izharı" hesab edən ermənilər Sünik adlandırdıqları Zəngəzur vilayətində nəqliyyat dəhlizləri və marşrutlarının işə salınacağına şübhə etmirlər.

Ötən ilin noyabrın 9-dan 10-na keçən gecə Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın bəndlərindən biri bilavasitə Zəngəzurdan keçəcək nəqliyyat dəhlizi layihəsi ilə bağlıdır.

Prezident İlham Əliyev isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə deyib: "Biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanıb. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün. Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, yeni nəqliyyat dəhlizi yaranmaqdadır. Artıq Azərbaycan bu işlərə start verib".

Ermənistandakı revanşist, Qarabağda yeni müharibə vəd edən qüvvələrə gəldikdə isə, onların aqressiv ritorikası mənasızdır. İyunun 20-də Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərində kimin, hansı qüvvənin qalib gələcəyindən asılı olmayaraq İrəvan üçtərəfli bəyanatın şərtlərinə tam riayət etmək məcburiyyətindədir.

Orxan Hun
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.