Siyasət

"İsrail-Azərbaycan əlaqələri möhkəmlənməkdədi" - Yəhudi məktəbinin direktoru

9 Mart 2021 12:30
Baxış: 666

Azərbaycanla İsrail arasındakı münasibətlər Azərbaycan müstəqillik qazanandan bəri ildən-ilə inkişaf edir.

Bunu Milli.Az-a açıqlamasında ABŞ ın "Vaad L'hatzolas Nidchei Yisroel" Yəhudi humanitar təşkilatının Azərbaycan nümayəndəliyinin direktor müavini, 46 saylı Yəhudi məktəbinin direktoru ravvin Zamir İsayev deyib.

O bildirib ki, Azərbaycan enerji təhlükəsizliyi baxımından İsrail üçün çox böyük bir faktordur:

"İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir və o vaxtdan indiyənə kimi İsrail-Azərbaycan əlaqələri müxtəlif sahələrdə inkişaf etməkdə, möhkəmlənməkdədir. Bu sahələrə energetika, kənd təsərüffatı, tibb, hərbi sahələri daxil etmək olar. İki ölkə arasındakı münasibətlərin əsas ünsürü də tarix boyu Azərbaycan torpağında yaşayan çoxsaylı yəhudi icmasıdır ki, onlar bir növ Azərbaycanla İsrail arasında körpü rolunu oynayır və bu, iki ölkə arasında yalnız strateji müttəfiq yox, həm də insani cəhətdən qarşılıqlı hörmət və sevgi var. Buna misal olaraq, bir neçə gün bundan əvvəl Azərbaycana könüllü, təmənnasız gəlmiş İsrailin çox görkəmli oftomoloqlarını, cərrahlarını göstərə bilərik. Onlar mətbuata etdiklərə açıqlamalarda Azərbaycan haqqında dedikləri sözlər də buna bir sübutdur. Günlər öncə israilli xanımın öz həyat yoldaşının göz buynuzcuqlarını Azərbaycan əsgərinə ianə etməsi hadisəsi iki xalq arasında dostluğun, mehriban münasibətlərin, qardaşlığın bariz nümunəsidir.

İki ölkə arasında olan bu münasibət yalnız strateji müttəfiqlik, qarşılıqlı mənfəət deyil, həm də insani cəhətdən bu iki xalq arasında qarşılıqlı hörmət və sevgi var. Məsələn, 2019-cu ildə İsraildən Azərbaycana 50 minə yaxın turist gəlmişdi və bura gələn turistlərin, demək olar ki, hamısı qayıtdıqdan sonra Azərbaycan haqqında yalnız xoş təəssüratlarını paylaşırlar. Azərbaycanda yaşamış və yaşayan yəhudilər dünyanın hər bir yerində Azərbaycanı daim dəstəkləyirlər. Vətən Müharibəsi boyunca da nəinki Azərbaycan mənşəli yəhudilər, hətta dünyanın digər dövlətlərində yaşayan yəhudilər tam olaraq Azərbaycanı dəstəklədilər. İsrail də daim müxtəlif məsələlərdə, o cümlədən Azərbaycanın ərazi bütövlüyü məsələsində də daim Azərbaycanı dəstəkləyir və dəstəkləyəcəkdir. 

Qarşılıqlı əməkdaşlığın inkişafı üçün perespektivlər çoxdur. Çünki Azərbaycan özü perespektivli dövlətdir və Azərbaycan sənayesi, iqtisadiyyatı daim inkişaf edir. Bu da İsrail kimi dövlətlərə imkan yaradır ki, Azərbaycana investisiya yatırsınlar. Bir neçə gün bundan öncə xəbər aldıq ki, İsrail şirkətlərindən biri azad olunmuş torpaqların bərpasında iştirak etməyi təklif edib. Və mənə də elə gəlir ki, İsrail də öz imkanlarından istifadə edərək bu yolda Azərbaycana böyük dəstək göstərə bilər. 

İki ölkə arasındakı münasibətlər çox qənaətbəxşdir, bizi çox sevindirir və gələcək üçün perespektivlər çox genişdir. Azərbaycan İsrail üçün həm siyasi baxımından, həm enerji baxımından çox vacib strateji tərəfdaşdır. Hazırda İsraildə istifadə olunan yanacağın 30%-i Azərbaycan yanacağıdır. Bu, o deməkdir ki, İsrail istehlakçılarının 30%-i Azərbaycan yanacağından istifadə edir və bu, böyük bir faktordur. Enerji təhlükəsizliyi baxımından İsrail üçün bu, çox əhəmiyyətlidir. 

İki ölkə arasında tibb sahəsində də inkişaflar var və mən inanıram ki, bu əlaqələr daha da genişləndiriləcək. Azərbaycan vətəndaşları tez-tez tibbi müayinədən keçmək, müalicə olunmaq üçün İsrailə üz tuturlar. Həmçinin turizm sahəsində də pandemiya başlamadan əvvəl İsraildən Azərbaycana turist axını heç vaxt olmadığı qədər pik həddə çatmışdı. Qeyd etdiyim ki, 2019-cu ildə İsraildən Azərbaycana 50 minə yaxın turist səfər etmişdi və 2020-ci ildə pandemiya olmasaydı, Azərbaycana İsrail vətəndaşlarının gəlməyi ondan ikiqat çox gözlənilirdi. Mənə elə gəlir ki, pandemiya zəiflədikcə bu turizm əlaqələri də bərpa olunacaq.

İrəlidə qarşılıqlı, səmərəli əlaqə üçün perespektivlər, istifadə olunmamış imkanlar hələ çoxdur və inşallah, bu imkanlardan istifadə olunacaq". 

Təhməz Əsədov
Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.