BBC-nin rus redaksiyasının reportyorları İlya Barabanov və Marina Katayeva Qarabağda rusiyalı sülhməramlıların nəzarətində olan ərazilərdə olublar.
Milli.Az onların reportajını təqdim edir.
Azərbaycana qayıdan yeddi rayonda yaşamış ermənilər evlərini tərk etmək məcburiyyətində olsalar da, Laçın dəhlizində ermənilərin məskunlaşdığı yaşayış məntəqələri qalıb.
Hərbi əməliyyatlar bitdikdən sonra rusiyalı sülhməramlılar Qarabağa hər gün daha çox yeni mülki şəxslərin qayıtması barədə məlumat verməkdə davam edirlər.
Xankəndidə həyat, deyəsən, nəhayət, dinc bir məcraya qayıtmış kimi görünür, lakin sakinlər bəzi yerlərə qayıtmağa tələsmirlər, çünki bundan sonra vəziyyətlərinin necə olacağını bilmirlər.
Laçın dəhlizinə daxil olmazdan əvvəl Rusiya sülhməramlılarından təlimat verilir: "Nəzarət-keçid məntəqəsi və hərbiçilərdən başqa hər şeyi çəkə bilərsiniz".
Payız müharibəsindən sonra Laçın rayonu Azərbaycanın nəzarəti altına qayıdıb, ancaq İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putinin əldə etdikləri sülh razılaşmalarına uyğun olaraq, magistral yolun özü və ətrafındakı beş kilometrlik zona bufer zonaya çevrilib. Bu yolla ermənilər Xankəndnə gedib çıxa bilirlər.
Maşın dağdan sülhməramlıların keşik çəkdiyi sərhəd məntəqəsinə enməyə başlayanda, sağ tərəfdən kiçik Zabux kəndinin (ermənilər onu "Aqavno" adlandırır) mənzərəsi açılır. Orada qırmızı damları görünən altı cərgə düzülmüş eyni ölçülü ağ rəngdə evlər vaxtı ilə Livandan olan erməni köçkünlər üçün tikilmişdi.
Kəndin Andranik adlı başçısı deyir ki, 2020-ci ilin payız müharibəsindən əvvəl burada təxminən 300 nəfər yaşayırdı, müharibədən sonra isə kəndə 87 sakin qayıdıb.
Müharibə gedən günlərdə bu kəndə baş çəkəndə və Andraniklə görüşəndə o, masaya bir nar və bir əl qumbarası qoyaraq demişdi: "Bu, həyat və ölümdür. Biz həyatı seçirik".
"Mən Əliyev, Putin və Erdoğanın əldə etdikləri razılığa istinad edirəm: hər kəs öz yerində qalır. Deməli, biz də evlərimizdə qalırıq", - o, Ariavanda qalmaq qərarının məntiqini izah edir, baxmayaraq ki, rəsmi olaraq indi bura Azərbaycan ərazisidir.
Müharibənin 44 günü ərzində kəndin dörd sakini ölüb və dörd nəfər yaralanıb.
Mərmilərdən biri Andranikin evinin düz yanına, anası həyətdə paltar asan zaman düşüb.
"Ondan hal-əhval tutmaq üçün evdən bir maykada qaçaraq çıxdım, o isə sakitcə mənə baxaraq dedi: "Sviterini geyin, get yeməyini ye" - o gülərək xatırlayır.
Andranik əmindir ki, ermənilər "məğlubiyyətlə barışan deyillər". O hesab edir ki, müəyyən vaxtdan sonra əraziyə nəzarət yenidən ermənilərin əlinə keçəcək, lakin hələlik onların geri qayıtması qeyri-real görünsə də, Ariavan kəndinin kişiləri mütəmadi olaraq Laçın dəhlizində keşik çəkirlər.
"İki dəfə dəhlizin sərhədlərini pozma cəhdlərini qeydə aldıq və Rusiya sülhməramlılarına müraciət etdik: "Siz bizi qorumaq üçün burada dayanmısınız. Bu işi görməsəniz, onları özümüz qovmalı olacağıq, - o deyir. - Daha dəhliz sərhədini pozmağa cəhd edilmir".
Müharibədən sonra Aqavno sakinlərinin təxminən üçdə biri qayıdıb, Laçında isə sonuncu müharibədən əvvəl təxminən 3,5 min insan yaşayıb, indi isə yerli sakinlərdən birinin dediyinə görə, yalnız yüzə yaxın sakin qalıb.
Laçında qalan Aida deyir ki, əri ilə onun qarşısında Azərbaycan vətəndaşlığını qəbul etmək tələbi qoyulmasa, buradan getmək niyyətində deyillər.
Andranik deyir ki, nə Əliyev, nə Paşinyan, nə də Putin insanları evlərini tərk etməyə məcbur edə bilməz və Ariavanı tərk etmək barədə düşünmür.
Ancaq digər erməni kəndlərinin sakinlərindən fərqli olaraq, onun və həmkəndlilərinin bəxti gətirib ki, Laçın dəhlizinin ətrafındakı beş kilometrlik zonaya düşüblər, keçid dövrü bitəndən sonra isə nələrin olacağını heç kim bilmir.
Müharibə bitdikdən üç ay sonra kənddəki məktəbin tikintisi başa çatdırılıb.
Laçında qalan az sayda uşaqlar da indi dərs keçməyə bu məktəbə gəlirlər, çünki şəhərdə artıq işləyən məktəb yoxdur.
Laçından Xankəndi istiqamətində yola çıxırıq. Yolda Rusiya sülhməramlılarının əsaslı şəkildə təchiz olunmuş bir neçə postu qarşımıza çıxır.
Bəlkə də onların ən irisi Qarabağ paytaxtının girəcəyinin yaxınlığında qurulub. Əvvəllər burada Şuşaya yolu ayıran bir döngə var idi. İndi həmin yer Azərbaycanın nəzarəti altındadır.
Magistral yola çıxanda sülhməramlıların nəzarət-keçid məntəqəsinin düz arxasında Azərbaycan hərbçilərinin nəzarət-keçid məntəqəsi görünür. Onlar öz məntəqələrinin postlarının üzərində Azərbaycan və Türkiyə bayraqlarını qaldırıblar. Bütün nəzarət-keçid məntəqələrindən sonra yoldan Şuşa qalasına bir mənzərə açılır: qala qüllələrindən birinin divarına, yuxarıdan aşağıyadək iri ölçüdə Azərbaycan bayrağı asılıb.
Bölünmüş Tağaverd
Kənddəki məktəbin direktoru Marqarita Saakyan deyir: "Kəndimiz yarımadaya çevrilib: üç tərəfdən Azərbaycan silahlı qüvvələri və yalnız bir tərəfdə erməni qüvvələri durur".
Payız müharibəsi nəticəsində bəzi şəhər və kəndlər ermənilərin nəzarəti altında qalıb, digərləri Azərbaycanın nəzarətinə keçib, sakinlər isə kəndlərinin bənzərsiz bir vəziyyətə düşdüyünü israr edirlər: yeni sərhəd sözün əsl mənasında kəndi yarıya bölüb.
135 ev bu tərəfdə qalıb, 137 ev isə indi Azərbaycan hərbçilərinin nəzarəti altındadır.
Onlar həm də kənd ətrafındakı bütün strateji yüksəklikləri tutublar.
Tərəfləri ayıran xəttə doğru aparan yolla qalxarkən gördüklərimiz: kənd yolu məftillə hasarlanıb. Məftilin üzərində "Qarşıda minalar var" və "Düşmən sizi burada görür" xəbərdaredici lövhələr asılıb - yerli sakinlər bizə aşağıda yerləşən hərbçilərin mövqeyini göstərirlər.
Ermənistan bayrağı olan çadırlardan Azərbaycan bayrağının asıldığı çadırlara qədər məsafə 300 metrdən çox deyil.
Kənddəki iki məktəbdən biri və kitabxana Azərbaycan nəzarətində qalıb. Margarita Sahakyanın rəhbərlik etdiyi məktəb onların ərazisindədir, lakin 52 şagirddən bu məktəbdə hazırda yalnız beş nəfər təhsil alır.
"Müdafiə xətti məktəbin düz arxasında idi, iki dəfə mərmi ilə vurulub. Mərmilərdən biri binanın ön tərəfinə, digər biri isə həyətə düşüb", - o deyib.
"Müəllimlərimizdən biri kəndin indi nəzarət etmədiyimiz hissəsində yaşayırdı, onun evi ilk yananlardan biri oldu. Əri ağır yaralanıb və hələ də xəstəxanadadır, buna görə onun hələ işə qayıtmaq imkanı yoxdur".
Rusiya sülhməramlılarının müşahidə məntəqəsi yoxdur və bu səbəbdən direktorun sözlərinə görə, valideynlər övladlarını kəndə qaytarmağa tələsmirlər.
"Bura gələn bütün rəhbərlərə müraciət edirik ki, burada sülhməramlıların daha bir postu qurulsun", - o deyir. - Hələlik məktəbdə polislər keşik çəkirlər, amma biz burada bundan sonra da sakit yaşayıb-oxumaq üçün əlavə zəmanətlərin verilməsini istərdik. Ümid edirəm ki, yaza qədər vəziyyət dəyişəcək və uşaqlar geri qayıda biləcəklər".
Karen həmin bu məktəbdə şahmat dərsini keçir, "uşaqların başı daha yaxşı işləsin deyə". Müharibə zamanı orduya qatılıb, Xocavənddə, Cəbrayılda vuruşub və sonda doğma kəndini müdafiə etmək üçün geri dönüb. O deyir ki, kənddə əvvəllər 1300 adam yaşayıb. Müharibə zamanı 12 yerli sakin ölüb, 35 nəfər yaralanıb və daha iki nəfər isə itkin düşüb. Karen də yaralanıb: bir qumbara parçası qoltuğuna dəyib, dörd gün xəstəxanada yatdıqdan sonra cəbhəyə qayıdıb.
Müəllim bizi kəndə baxan bir təpəyə aparır. Bu, onlar tərəfdə qalan yeganə yüksəklikdir. Təpə adsızdır, lakin üzərində köhnə bir ibadətgah var idi və yerli sakinlər buranı müqəddəs bir yer sayırlar. Müharibə vaxtı azərbaycanlılar kəndin müdafiəçilərinin mövqelərini bombalayıblar, ibadətgah dağılıb. Karen yerdən qoparılan ağacları göstərir və həmkarlarından birinin orada öldüyünü, daha ikisinin isə ağır yaralandığını söyləyir.
O, təpədə durub buradan bir neçə yüz metr məsafədə olan Azərbaycan hərbçilərinin mövqelərinə baxır və deyir: "İnsan həyatının dəyərinə bərabər heç olmasa bir torpaq varmı? Müharibənin sonunda sursatımız bitdi, heç bir təchizat yox idi, azərbaycanlılar bizi üç tərəfdən mühasirəyə almışdılar, iki-üç gün də keçsəydi, kəndi saxlamaq mümkün olmayacaqdı".
Cəbhəyanı şəhər
Müharibənin ilk günlərindən altı min əhalisi olan Xocavənd atəşə məruz qalırdı, bu səbəbdən şəhərdə heç zədələnməyən bir ev tapmaq çətindi və Rusiya sülhməramlılarının ilk müşahidə məntəqələrindən biri məhz burada qurulub.
Bələdiyyə başçısı Edik Avanesyana görə, evlərin 80 faizinə bu və ya digər şəkildə ziyan dəyib, 27-si tamamilə dağılıb. Atışma nəticəsində zədələnmiş məktəb və uşaq bağçaları binalarının damını artıq dəyişiblər, lakin bir çox şəxsi evlərin yenə də təmirə ehtiyacı var: "İndi gücü olanlar, pulu olanlar yenidən tikinti işlərinə başlayırlar. Pulu olmayan isə təbii ki, gözləyir".
Müharibədən sonra Martuni bir siyasi qalmaqalın mərkəzində yer aldı: Nikol Paşinyana müxalif media şəhərdə bu yaxınlarda Ermənistanım milli qəhrəmanı Qaregin Njdeyə qoyulmuş heykəlin guya Azərbaycan tərəfinin təzyiqi ilə söküldüyünü bildirməyə başladı.
Edik Avanesyan isə hesab edir ki, bu mövzu uduzulmuş müharibədən sonra onsuz da durumu asan olmayan cəmiyyəti parçalamaq məqsədi ilə ortalığa atılmışdı.
"İndi vəziyyət normaldır, sülhməramlılar postlarda durub, hər yerdə sakitlikdir, şəhəri bərpa edirik", - Avanesyan deyir.
Azərbaycanın nəzarətinə qaytarılan ərazilərdən 145 ailə köçüb, bu isə təxminən 620 nəfərdir, - bələdiyyə başçısı əlavə edir.
Müharibə zamanı şəhəri tərk edən sakinlərdən neçəsinin öz evlərinə qayıtdığını bələdiyyə başçısı dəqiq bilmir. Ancaq guman edir ki, təxminən 90 faizə qədərdir. "Əvvəllər azərbaycanlılar bizdən çox uzaq idilər, indi isə yaxındadırlar. Bəzi sakinlər bundan qorxur, biz onları sakitləşdiririk," - Avanesyan öz işini təsvir edir.
Azərbaycan hərbçilərinin mövqeyi şəhərin kənarından 2-3 kilometr məsafədə yerləşir.
Müharibə dövründə qəsəbədə 49 nəfər ölüb.
Avanesyanın sözlərinə görə, indi ölən və itkin düşənlərin cəsədlərinin axtarışı üçün Azərbaycan tərəfi ilə əməkdaşlıq qurulur.
"Rusiya sülhməramlıları ilə ünsiyyətdə oluruq, bir-birimizə kömək edirik, demək olar ki, dostlaşmışıq. Əminəm ki, onların burada olması gələcəkdə müharibənin qarşısını ala bilər, - Avanesyan söyləyir. - Azərbaycanlılar qonşu şəhər və kəndlərə köçəcəkləri halda, onlarla ünsiyyət qura bilib-bilməyəcəyimizi bəri başdan demək hələ tezdir. Biz düşmənik, hələ də düşmənik. Necə olacağını bilmirəm".
Milli.Az