Siyasət

Köçəryan qayıdır: o, yeni savaş vəd edir

28 Yanvar 2021 12:41
Baxış: 12 351

Ermənistanın sabiq, ikinci prezidenti Robert Köçəryan hakimiyyətə qayıtmaq niyyətini təsdiqlədi.

Dünən o, "Yerevan Today", "Hayeli" və "Politics" saytlarına verdiyi müsahibədə bəyan edib ki, ölkədə keçiriləcək parlament seçkilərinə qatılacaq.

Beləliklə, o, Ermənistanın baş naziri Nikol Paşinyanı postundan kənarlaşdırmaq və ölkəni idarə etmək fikrini aşkar bəyan edib.

Köçəryanın müsahibəsindən bəzi məqamlara nəzər salaq:

"Ermənistanı qaralara və ağlara, varlılara və kasıblara, rusiyapərəstlərə və Rusiyaya qarşı olanlara bölüblər. Cəmiyyət parçalanıb. Düşmən bizə qalib gəlmək üçün klassik üsullardan istifadə edib. Tarixdə belə misallar çoxdur. Əvvəlcə ordu və təhlükəsizliklə bağlı bütün dövlət  qurumları zəiflədilib. Sonra müttəfiqlərlə və dost ölkələrlə münasibətlər pisləşdirlib. Sonda da dövlət qurumlarına inamı zəiflədiblər.

"Sabiqlərin cəzalandırılması" istiqamətində Paşinyan "1 mart işi"ndə generalları suçlamaqla, qəhrəmanlarımızı ən müxtəlif yollarla ittiham etməklə, təhlükəsizlik sistemində İblis axtarmaqla, kassa çeklərini yoxlamala məşğul idi. Halbuki casus şəbəkəsi üzə çıxarılmalı idi. Bu qədər yalandan sonra ölkədə dövlət qurumlarına inam qala bilməz. Söhbət 44 günlük savaş əsnasından yox, son üç ildən gedir. Bəhs etdiyim klassik ssenari Ermənistanda gerçəkləşdirildi. Hakimiyyətdə Türkiyənin agentlərinin olduğunu deyə bilmərəm. Lakin onu söyləyə bilərəm ki, əgər Ermənistanın baş naziri türk agenti olsaydı, məhz belə davranardı. Təsadüf, qanunauyğunluq, məkr? Cavabı hələ veriləsi ciddi və böyük sualdır"., - R.Köçəryan söyləyib.

Robert Köçəryan daha sonra deyib ki, Ermənistanın vəziyyəti hazırda çox acınacaqlıdır.

"Məhz silahlı qüvvələrimizə görə Rusiyaya gərək idik. İndi o qədər zəifləmişik ki, qonşularımızdan istənilən biri ölkəni asanlıqla ələ keçirə bilər. Süniki itirməməyimizin yeganə səbəbi odur ki, Ermənistan Rusiyanın müdafiəsi altındadır. Ümumiyyətlə, anlamalıyıq - özünü qoruya bilməyən ölkənin statusu nədir? Rusiyanın strateji müttəfiqindən protektoratına, müstəmləkəsinə çevrilmişik. Bunu, Rusiyanın İrəvandakı səfirliyinin qarşısında aksiyalar keçirərək Ermənistandan Rusiya bazasının çıxarılmasını tələb edənlər etdilər. Əgər indiyədək rus çəkməsini görürdüksə, indi o çəkməni təmizləmək üçün fırçaya dönmüşük. Ermənistan daim sızıldayan, tanışından daim nə isə istəyənə çevrilib. Beləsini görəndə yolun o biri tərəfinə keçirsən ki, görüşməyəsən", - R.Köçəryan bəyan edib.

Onun sözlərinə görə, Ermənistanın sərhədlərini erməni ordusu yox, vətəndaşlar və rusiyalı hərbçilər qoruyurlar: "Qarabağa gəldikdə isə, ondan qalan yalnız qəlpələrdir. Qarabağdakı rusiyalı sülhməramlıların əsas missiyası erməni və azərbaycanlı hərbçilər arasında qarşıdurmaya yol verməməkdir. Amma mahiyyət etibarilə onlar qarabağlı ermənilərin təhlükəsizliyinin qarantına dönüblər".

Robert Köçəryan hesab edir ki, yalanın siyasi həyatın ayrılmaz hissəsinə çevrildiyi Ermənistanın 44 günlük savaşdakı itkiləri ən azı 3 milyard dollardır.

Sonda isə Ermənistanın sabiq prezidenti bəyan edib ki, baharda Ermənistanda protest fəallığı artacaq.

Parlament seçkilərinə qatılacağını da bəyan edəndən sonra Ermənistanda sosial şəbəkə istifadəçiləri, Facebook və Telegram-dakı fəallar az qala eyforiyaya qapılıblar.

Sevinc əsassız və tələsikdir.

İlk baxışdan Robert Köçəryan Ermənistanın baş naziri postuna namizədlər arasında ən təcrübəlisi sayıla bilər. Bununla belə o, heç bir halda 2008-ci ildə İrəvandakı "inqilab" dalğasında hakimiyyətə gəlmiş Nikol Paşiyana inanan ermənilərin yenidən dürüst seçim edəcəklərinin misalı sayıla bilər.

Ermənistan həddən ağır problemlər məngənəsindədir və Köçəryan bravur bəyanatlarına rəğmən, o çətinlikləri qısa zamanda həll edə biləcək fiqur deyil.

Üstəlik, R.Köçəryan müsahibəsində Dağlıq Qarabağdakı terroçu xuntanı da tam nəzarətə almaq niyyətini bəyan edib.

Onun sözlərinə görə, Qarabağdakı savaş zamanı Xankəndidə "vurulmayan" yeganə bina Araik Harutyunyanın iqamətgahı idi: "Yəqin xəyanətkarların hamısı orada olduğundan vurulmayıb"

A.Harutyunyanın Ermənistanın baş naziri Nikol Paşinyanın "adamı" olduğunu nəzərə alsaq, R.Köçəryan qisas almaq niyyətini gizlətməyib.

"Qarabağdakı indiki sistem, indiki adamlarla heç nə etmək mümkün deyil, olmayacaq da", - söyləyən Robert Köçəryan bununla, əslində, hazırda rusiyalı sülhməramlıların nəzarətindəki ərazilərdə yaşayan qarabağlı ermənilərlə yanaşı, Ermənistandakı tərəfdarlarına da hərəkət siqnalı verib.

"Köçəryan baş nazir seçkilərsə, yenidən savaş olacaq" tipli iddialara gəldikdə isə, Ermənistanın sabiq prezidentinin İrəvanda hökumətə başçılıq edərsə, revanşı gerçəkləşdirə biləcəyi tam absurd və illüziyadır.

İkinci Qarabağ Savaşında olduqca ağır itkilər verən və zərbələr alan Ermənistanın 7 mindən artıq vətəndaşı hərbi əməliyyatlarda həlak olub, 15 min vətəndaşı yaralanıb.

Ermənilərin iqtisadiyyatından tutmuş, mənəviyyatınadək ən geniş spektrdə çöküş var və indiki situasiyadan çıxmaq üçün Ermənistana minimum 15 il gərəkdir.

Savaş ehtimalları idefiksdir, çünki ordusunun itkilərini bərpa etmək və yeni savaşa hazırlamaq üçün Ermənistanın maddi-texniki imkanları yoxdur. Təbii, İrəvan yenə Moskvadan kreditlər alaraq silah və hərbi texnika əldə edə bilər.

Amma Rusiyanın buna marağı yoxdur və Moskva heç bir halda Ermənistana yenidən silah hədiyyə edən deyil.

Robert Köçəryan hakimiyyət uğrunda mübarizəyə başlayıb.

Şüarçılıq, pafoslu sözlər, Paşinyanın sərt tənqidi və aşağılanması ilə.

Bu isə siyasi mübarizədə effektiv vasitələr deyil.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.