Siyasət

"Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq məcburiyyətində qalacaq"

14 Yanvar 2021 18:32
Baxış: 2 109

Bildiyimiz kimi yanvar ayının 11-də Moskva şəhərində Rusiya dövlət başçısı Vladimir Putinin təşəbbüsü ilə Ermənistan və Azərbaycan rəhbərlərinin görüşü baş tutdu. Bu, 10 noyabrda Ermənistranın kapitulyasiya aktına qol çəkməyindən sonra noyabr bəyanatına imza atan 3 dövlətin rəhbərlərinin ilk görüşü idi.

Bunu Milli.Az-a açıqlamasında Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov deyib.

Sədr müavini bildirib ki, Paşinyan Moskva görüşündə məğlubiyyətlərini gizlətmək bəhanəsi altında bəzi populist tələblər irəli sürməyə çalışdı:

"Görüşdə məqsəd, əsasən, 10 noyabrda imzalanmış bəyanatın bəndlərinə necə əməl olunması ilə bağlı müzakirələrin aparılması və eyni zamanda bundan sonra Rusiya sülhməramlılarının regionda hansı statusla bağlı xidmət göstərməsi və əsasən də dövlətlər arasında olan kommunikasiyaların açılması idi. Ümumilikdə görüş Azərbaycanın üstünlüyü ilə keçdi. Çünki Azərbaycan tərəfi masada qalib tərəf kimi oturmuşdu. Eyni zamanda kommunikasiyaların açılması ilə bağlı razılığa gəlinməsi də həm regionun inkişafında, eyni zamanda Azərbaycan dövlətinin iqtisadi gücünün artmasında xüsusi rol oynayacaq. Bundan başqa, Ermənistan tərəfi orada özlərinin məğlubiyyətlərini gizlətmək bəhanəsi altında bəzi populist tələblər irəli sürməyə çalışırdılar. Hansı ki, 10 noyabrdan sonra Ermənistan diversiya qrupları Azərbaycanın işğaldan azad olunmuş ərazilərində terror hadisələri törətdilər və bizim xüsusi təyinatlılarımız, Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları, hərbçilərimiz tərəfindən həmin terrorçular tərki-silah edilərək Azərbaycana gətirildilər. Paşinyan istəyirdi ki, bunları hərbi əsir kimi qələmə versin. Paşinyan o cəhdinə də nail ola bilmədi. Çünki Azərbaycan Prezidenti birmənalı şəkildə onların hərbi əsir əsir yox, terrorçu olduğunu orada sübut etdi. Bu məsələ həllini tapmadı, Ermənistan tərəf bu məsələdə də uduzmuş hesab olunur.

Birgə brifinq zamanı Paşinyanın səsləndirdiyi "Qarabağın statusu hələ açıq qalır və Dağlıq Qarabağ konflikti bitməyib" fikirləri birbaşa Ermənistan cəmiyyətinə, daxili auditoriyaya hesablanmış bəyanat idi. Amma ondan öncə çıxış edən Azərbaycan Prezidenti bir daha vurğuladı ki, "Qarabağ problemi bitmiş hesab olunur. Bundan sonra arxaya yox, irəli baxmaq lazımdır". Yəni, bundan sonra Ermənistan Azərbaycanla bağlı olan kommunikasiyaların açılmasına, regionun iqtisadi inkişafına nail olmaq lazımdır. Azərbaycan tərəfi burada da yenə humanist, sülhpərvər olduğunu bir daha sübuta yetirdi". 

A.Abdulkərimov qeyd edib ki, kommunikasiyalar açılandan sonra Azərbaycanın iqtisadi gücü birə-beş artacaq:

"Bəzi radikal müxalifət qüvvələri Paşinyanın təbliğat təsiri altındadırlar. Elə verdikləri bəyanatlar, səsləndirdikləri tezislər Paşinyanın tezislərindən heç nə ilə fərqlənmir. Onlara da bildirmək istəyirəm ki, Azərbaycan tərəfi II Qarabağ savaşının birinci fazasında ordumuzun gücü ilə və Ali Baş Komandanımızın da dediyi kimi, dəmir yumruğun gücü ilə ərazilərimizi işğaldan azad etdik. Səngərdə döyüşərək, savaşaraq, qan tökərək, şəhid verərək, qazi olaraq ərazilərimizi işğaldan azad etdik və bu gücün qarşısında tab gətirməyən Ermənistan kapitulyasiya aktına qol çəkdi.

Biz ikinci mərhələdə 3 rayonumuzu (Ağdam, Kəlbəcər, Laçın) diplomatik yolla, heç bir itki, şəhid vermədən geri qaytardıq. 

İndiki mərhələni isə mən üçüncü faza kimi qiymətləndirirəm. Hansı ki, Xankəndində olan və orada müəyyən sual yaradan məsələləri Azərbaycan dövləti bundan sonra diplomatik və iqtisadi gücünün sayəsində həll edəcəkdir. Siyasi danışıqlar davam etdiriləcək. Moskvada da görüşün yekunu olaraq üçtərəfli komissiyanın yaradılması nəzərdə tutulur, bu komissiyalar işləyəcək. Eyni zamanda Azərbaycanın bu kommunikasiyalar açılandan sonra iqtisadi gücü birə-beş, birə-on atracaq və sizi əmin edirəm ki, biz qalan o xırda məsələləri də Azərbaycan dövlətinin iqtisadi gücünün hesabına bərpa edəcəyik. Bundan sonra Azərbaycan dövlətinin tam olaraq bu qələbəsi təmin olunacaqdır. Eyni zamanda düşünürəm ki, Ermənistan da məcbur qalacaq bu təzyiqlərin qarşısında, Azərbaycan dövlətinin ərazi bütövlüyünü tanımaq məcburiyyətində qalacaq".

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.