Siyasət

Paris qarabağlı ermənilərin belini qırır - GERÇƏK MƏNZƏRƏ

26 Noyabr 2020 13:50
Baxış: 9 337

Fransa Senatı Dağlıq Qarabağın "müstəqilliyinin tanınması" üçün ölkə hökumətinə çağırışdan ibarət olan qətnamə qəbul edib. Bəribaşdan yazıram: bu kağız parçası mənasız, absurd və sərsəm bir sənəddir. Qarabağ münaqişəsinə də heç bir formada təsir edə bilməz, etməyəcək də. Sadəcə, Türkiyə, Rusiya və Azərbaycanı Fransa ilə bağlı adekvat addımlar atmağa vadar edəcək, vəssəlam.

Yəni uduzan Fransadır, biz yox.

İndi siyasi, iqtisadi, maliyyə, diplomatiya və s. sahələrdə əsl savaş dönəmləri başlayıb.

Bu arada Belçikanın federativ parlamentinin aşağı palatası olan Nümayəndələr Palatasının (La Chambre des Représentants) xarici işlər üzrə komitəsi noyabrın 30-da Dağlıq Qarabağla bağlı qətnamə layihəsini müzakirə edəcək.

Sənəd Belçika və qarabağlı separatçılar arasında "diplomatik münasibətlərin qurulması"nı, Dağlıq Qarabağın "müstəqilliyinin tanınmasını", habelə "Azərbaycanın törətdiyi hərbi cinayətlərin pislənməsi"ni nəzərdə tutur.

Rəsmi Brüsselin də Paris təki erməni diasporunun nazı ilə oynayaraq tiqranoidləri öz tərəfinə çəkmək istədiyi aydındır.

O da aşkardır ki, bu prosesin arxasında da Fransa prezidenti Emmanuel Makron və Fransanın siyasi isteblişmenti ilə elitası durur.

Senatın qərarı Ermənistanda böyük ruh yüksəkliyinə səbəb olub, ermənilər ekstaza düşüblər, erməni diasporu da yaşananları "böyük qələbə" kimi qələmə verir.

Əslində, nələr baş verir?

Rəsmi Paris aşkar antisemit və anti-İslam ritorikasını davam etdirir.

Tam altı il əvvəl Fransa Senatı fələstinlilərə dəstək vermək üçün "Fələstinin dövlət müstəqilliyinin rəsmən tanınması"nı ölkə hökumətinə məsləhət görən qətnamə qəbul etmişdi.

Rəsmi Paris tələsməmişdi, çünki İsrailin reaksiyasından çəkinirdi.

Təl-Əviv isə çox soyuqqanlı davranaraq Fransa Senatının qətnaməsinə ümumiyyətlə, reaksiya vermədi.

Fransa onda Yaxın Şərqdəki proseslərdəki mövqelərinin zəifləməsinin qarşısını almaq, İsrail-Fələstin münaqişəsində vasitəçi olmaq istəmişdi.

Alınmadı, çünki Parisin birtərəfli "tanıma prosesi" Fransanın maraqlarının xeyrinə yox, ziyanına işləmişdi.

Həmin situasiya indi Paris üçün daha pis formatda təkrarlanır.

Əvvəla, Fransa Senatının qətnaməsinə sevinən ermənilər əslində anlamırlar ki, fransız senatorlar onları sürəkli "intifada"lar vasitəsilə nəyəsə nail olmağa çalışan fələstinli ərəblərə tay tutublar. Yəni rəsmi Paris üçün Fələstin nədirsə, əslində Ermənistan da odur və senatorlar "məğrur, mübariz, rəşadətli" olduğunu bəyan edən İrəvanı faktiki olaraq məğlub, uduzmuş tərəf və dövləçtilik xülyasındakı itirilmiş məkan hesab edir. Qarabağlı ermənilərin "dövlət müstəqilliyinin tanınması" ilə bağlı jest ermənilərin siyasi baxımdan bellərinin qırılması, onlara vurulan ağır zərbədir.

Avropa Birliyinin siyasi lideri və Cənubi Qafqazda əsas sülhyaradıcı ölkə statusuna yiyələnməyə çalışan Fransa indi mövcud olduğu geosiyasi dalandan çıxmağa çalışır.

Bu istiqamətdə təsir rıçaqlarına malik olduğu Belçika kimi ölkələrdən də yararlanmağa çalışan Fransananın bir müddət sonra qarabağlı ermənilərin "taleyi" ilə bağlı Mali, Benin, Seneqal, Ruanda və s. kimi dövlətlərdə də "qətnamə tanınması" prosesinə təkan verəcəyi istisna deyil.

Fransa birmənalı olaraq Qarabağ probleminin nizamlanması prosesindən kənarda qalıb. Məhz bu səbəbdən rəsmi Paris isterikaya qapılıb, Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli anlaşmanı dezavuasiya etməyə çalışır.

Lakin Fransa prezidenti Emmanuel Makron və Fransa isteblişmenti hələ də dərk etmirlər ki, Qarabağla bağlı Moskva anlaşması artıq icra olunur. Daha doğrusu, bu anlaşmanın icrası artıq başa çatmaqdadır.

İşğalda qalan ərazimiz Laçın rayonudur ki, oranı da erməni işğalçılar dekabrın 1-dək tərk etməli, həmin gün rayonu Azərbaycana təhvil verməlidirlər.

Azərbaycan ordusu isə Dağlıq Qarabağın yarısını 44 günlük savaşda azad edib.

Fransa Senatındakı səsvermə və Belçikalı deputatların "təşəbbüsü" nə ilə nəticələnə bilər?

Əvvəla, bu, Ermənistanın yox, erməni diasporunun cəhdləri və eyforiyasıdır.

Paris kimi, Brüssel də Azərbaycana yox, Türkiyəyə sərt təzyiq və siyasi alver vasitələri əldə etməyə çalışırlar.

Emmanuel Makron fransalı senatorların "səsvermə" sonuclarının "tanınması"nı maksimum uzadacaq, Ankara ilə alver aparacaq, şərtlərini kuluar danışıqlarda səsləndirəcək.

Makron məhz Qarabağ məsələsi ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zərbə endirməyə çalışır.

Səbəblər də az deyil.

Məsələn, son illərdə Ermənistanın kütləvi informasiya vasitələri, qarabağlı ermənilər və ən başlıcası, müxtəlif ölkələrdəki erməni diasporu çoxsaylı miflər yaratmışdılar.

Onlar ermənilərlə bağlı seçilmişlik, qədimlik, qüdrətlilik, müzəffərlik, nüfuzluluq, istənilən problemi çözmək imkanı və s. ilə bağlı oreal yaratmışdılar.

İkinci Qarabağ Savaşında isə Azərbaycan bu mifləri darmadağın etdi. Eyni zamanda, Ermənistan vətəndaşları, qarabağlı ermənilər və erməni diasporu əsrlər boyu yaratdıqları miflərin nə qədər absurd olduqlarını gördülər.

Ermənilərin parçalanan, dağıdılan miflərinə nəzər salaq.

1. "Qüdrətli, hər məsələdə Ermənistana yardım edən erməni diasporu". Qarabağ savaşı başlanan ilk gündən erməni diasporunun gördüyü, daha doğrusu, görə bildiyi iş "Dağlıq Qarabağın dövlət müstəqilliyinin tanınması" ilə bağlı kampaniyalar, müxtəlif ölkələrdə "Ermənistana və Dağlıq Qarabağa dəstək" yürüşləri, pul yığmaq üçün marafonlar və aksiyalar oldu. Erməni diasporu Ermənistanın məğlubiyyətini şərtləndirərək qaçılmaz edən trendlərin, proseslərin qarşısını ala bilmədi.

2. "Rusiya üçün Cənubi Qafqazda Ermənistanın maraqlarının təminatı ümdə məsələdir".

Savaşın ilk günlərindən başlayaraq Ermənistanın baş naziri Nikol Paşinyan sürəkli olaraq Rusiya prezidenti Vladimir Putinə zəng edir, Rusiyanı savaşa qatmaq istəyirdi. İrəvanın məqsədi MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Rusiyanı "müttəfiqlik təhəddüdlərinin icrası"na vadar etməkdi. Alınmadı və Rusiya hərbi əməliyyatlara müdaxilə etmədi. Moskva göstərdi ki, onun üçün hansısa müttəfiqlik öhdəlikləri və ya qardaşlıq borcu yox, maraqlarının təminatı ön yerdədir.

3. "Beynəlxalq təşkilatlar və media həmişə erməniləri müdafiə edir". Bəzi bəlli "müstəqil beynəlxalq qurum"lar istisna olmaqla, beynəlxalq təşkilatların birmənalı şəkildə Ermənistanla qarabağlı erməniləri dəstəkləməsi prosesi olmadı. Tam əksinə, dünya ermənilərin vəhşiliyini, Azərbaycanın dinc vətəndaşlarına raket-bomba zərbələri endirmələrini gördü.

4. "Qarabağ uğrunda Ermənistan istənilən məşəqqətlərə hazırdır".  Qarabağ savaşının iki həftəsindən sonra Ermənistan rəhbərliyi anladı ki, "Dağlıq Qarabağ Respublikası" adlandırılan absurd ilə yanaşı, Ermənistan da ümumiyyətlə, yox ola bilər.

5. "Azərbaycanlılar çox pis döyüşçülərdir, Azərbaycan uğurlu hərbi əməliyyatlar apara bilməz". Savaş günlərində Azərbaycan Ordusu rəşadətini və müzəffərliyini apardığı ağır döyüşlərlə, qələbələri ilə sübut etdi.

6. "Savaş başlarsa, erməni diasporu bütün dünyanı Azərbaycanın üstünə qaldırar". Bakıya gələn bir para əcnəbi reportyorlar, habelə bir sıra mass-media strukturlarında Azərbaycanla bağlı qərəzli, düşmən mövqe tutuldu. Ermənistanı və qarabağlı ermənilərin terrorçu strukturlarını aşkar müdafiə edənlər də az deyildi.

... Hadisələrin bundan sonrakı inkişaf məcrasını proqnozlaşdırsaq, təsəvvür edək ki, Fransa hökuməti Senatın çağırışını eşitdi və qarabağlı ermənilərin "dövlət müstəqilliyi"ni tanıdı.

Nə dəyişəcək?

Heç nə.

Azərbaycan dərhal Fransa ilə bütün diplomatik əlaqələri kəsəcək, çünki Prezident və Ali Baş Komandan İlham Əliyev indiyədək dəfələrlə bəyan edib ki, Qarabağdakı separatçı-terrorçu xuntanı tanıyacaq istənilən dövlətə qarşı təcili, təxirə salınmadan belə addım atılacaq.

Bakının Parislə diplomatik əlaqələri kəsməsi isə Fransanın ATƏT-in Minsk Qrupunda həmsədr statusunu itirməsi deməkdir, çünki münaqişə tərəflərindən birini aşkar, birmənalı şəkildə dəstəkləyən ölkə heç bir halda sülhrəmamlı və vasitəçilik funksiyalarını yerinə yetirə bilməz.

Bunu Fransa rəhbərliyi dərk edir, anlayır və bilir ki, qarabağlı separatçıların belə sərsəm formatda, birtərəfli "tanınması" Bakı ilə sadəcə, diplomatik münasibətlərin pozulması yox, həm də bütün iqtisadi əlaqələrin kəsilməsidir.

Bəhs etdiyim məqam isə Avropanı enerjidaşıyıcıları ilə təmin edən Azərbaycanın Avropa Birliyi ilə münasibətlərində sonradan böhrana çevrilə biləcək sərinlik yarada bilər.

Avropa Birliyi bunu istəmir və təbii ki, Fransa Senatının sarsaq qətnaməsinə görə Azərbaycanda birgə, müştərək enerji layihələrini qurban verəsi deyil.

Və sonda...

Fransanın Azərbaycanla bağlı tutduğu mövqenin kökündə Paris isteblişmentində onillərdən bəri bərqərar olmuş antisemit mövqelər, İsrail düşmənçiliyi durur.

Antisemitliyə mübtəla olmuş Fransada islamofobiya sonradan gücləndi və bu, əslində hadisələrin təbii inkişaf məcrasına uyğun transformasiyadır.

İndi Fransadakı erməni diasporunun çox güclü təsiri altında olan Yelisey Sarayı qarabağlı ermənilərlə bağlı qərarının Fransanın maraqlarına nə qədər zidd olduğunun deyəsən, fərqinə vara bilmir.

Türkiyə ilə düşmən münasibətlərini Azərbaycana inikas etdirən Paris sadəcə, Ankara və Bakı ilə yox, həm də Moskva ilə münasibətlərini gərginləşdirir.

Paris istədiyi qədər Ermənistanı və qarabağlı erməniləri dəstələyə bilər.

Amma Fransanın hadisələrə təsir imkanları minimum olduğundan, Senatın qətnaməsi də adi kağız parçası olaraq qalacaq.

Qarabağ savaşının hərbi əməliyyatlar mərhələsi sadəcə, başa çatıb.

İndi diplomatiya və siyasət sahəsində savaş dönəmidir.

Elçin Alıoğlu
Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.