Siyasət

"Böyük tarixi dönüş ərəfəsindəyik və bu müstəsna tarixi dönüşü Ali Baş Komandan yaradır"

23 Oktyabr 2020 13:47
Baxış: 1 242

Cəmiyyət zəfərli və çətin müharibə günlərində Ali Baş Komandan İlham Əliyevə o qədər sıx və isti şəkildə sığındı ki, Azərbaycanın tarixində buna eynilə oxşar faktın olduğu barədə suala birmənalı cavab vermək çətindir.

Milli.Az bildirir ki bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, bir vaxtlar qeyri-mümkün görünən məsələlər sürətlə gerçəkləşir: "Prezident İlham Əliyev bir diplomat, lider, komandan olaraq xalq üçün yenidən kəşf olunur. Günbəgün baş verənlər, əldə olunan nəticələr hər şeyin sistemli və planauyğun getdiyini ortaya çıxarır, Prezident İlham Əliyevin hər bir optimizminin arxasında konkret faktın olduğu təsdiqlənir, cəmiyyət heç nəyin təsadüfən baş vermədiyinə əmin olur.

Sentyabrın 27-dən başlanan prosesin bütün nəticələrinin mərkəzində, sözsüz ki, Prezident özü dayanır. Hər şeyin onun gedişləri və bəyanatlarının təsiri altında baş verdiyinə şübhə qalmır. Böyük Qarabağ müharibəsində əldə olunmuş nəticələri şərti olaraq bir neçə istiqamətdə qruplaşdırsaq, buna daha möhkəm əminlik hasil olar".

Baş redaktor qeyd edib ki, birinci istiqamət, qələbəyə hesablanmış hərbi taktika və döyüş əməliyyatlarının planlaşdırılmasında və icrasında mütləq dəqiqlik təkzibolunmaz faktdır: "Hər bir əməliyyatın nədən başlayıb nədə qurtaracağı öncədən hazırlanmış kimidir və risk ehtimalları görünmür. Çünki Ali Baş Komandan yerindədir. Öncə ermənilərin qısa və Ağdərədən Füzuliyədək düzxətli "təmas xətti" boyunca mövqeləri darmadağın edildi, onlar üçün müdafiəni çox çətinləşdirən girintili-çıxıntılı xətt üzərində mövqe vəziyyəti yaradıldı.

İkinci istiqamət, aparılan hərbi əməliyyatların beynəlxalq müdafiəsinə yönəlik əhatəli və çoxistiqamətli diplomatik gedişlər fantastik dəqiqliklə həyata keçirilir.

Üçüncü istiqamət hərbi əməliyyatların daxili auditoriyada düzgün informativ-ideoloji müdafiəsi və düşmənin informasiya təxribatlarının anındaca neytrallaşdırılmasıdır. Ali Baş Komandan bildirdi ki, "nəyi nə zaman edəcəyimizi bilirik, xalqa hər an üçün gərək olanı deyirik, xalq bizi anlayır ki, bundan artıq demək hələlik olmaz". Buradan o nəticə çıxır ki, Ali Baş Komandan qələbə naminə həm də ictimai-psioxoloji durum məsələlərinin nə qədər həlledici olduğunu yaxşı anlayan prosessionaldır".

Siyasi ekspert bildirib ki, digər istiqamət xalqın misilsiz, müstəqil Azərbaycanın tarixində bənzəri olmayan etimadı və ona sığınmasıdır: "Hətta 1993-cü ildən də üstün şəkildə bir mərkəzə, bir liderə kütləvi sığınma və toparlanmanı görürük. 1993-cü ildə yüzdə-bir faiz nisbətində olsa da, vahid mərkəzə doğru toparlanmaya mane olan siyasi qurumlar var idi. Bu gün Prezident İlham Əliyevin ətrafında toparlanmanın əleyhinə gedənlər heç yüzdə-bir də deyil, toparlanma tamdır və yüz faiz təşkil edir. Hətta ənənəvi olaraq hər şeyə "mız qoyan" radikal müxaliflər də onun əksinə getməyə arqument axtarışında deyillər. Nə deyəcəklər ki?! Deyəcəklər torpaqlarımızı azad etməkdə səhv edirsən? Böyük tarixi dönüşün ərəfəsindəyik və bu müstəsna tarixi dönüşü Ali Baş Komandan İlham Əliyev yaradır".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.