Siyasət

Azərbaycana təzyiq artır - Ali Baş Komandan qərarında qətidir!

26 Oktyabr 2020 12:45
Baxış: 2 190

Erməni lobbisinin təsiri altına düşən və ermənipərəst mövqeləri ilə seçilən bir çox əcnəbi telekanal və digər KİV-lərin qərəzli mövqeyi sentyabrın 27-dən ordumuzun uğurlu əks-hücum əməliyyatlarından sonra daha çox diqqət çəkməkdədir. Dünyanın diqqət mərkəzinə çevrilən II Qarabağ savaşı başlayandan bu günə dünyanın ən nüfuzlu telekanalları, xəbər agentlikləri Prezident İlham Əliyevdən müsahibə almaq üçün, sözün əsl mənasında, növbəyə durublar. Belə son KİV nümayəndələrindən biri də ABŞ-ın "Fox News" televiziya kanalı idi ki, Azərbaycan dövlət başçısına ünvanlanan provokativ suallarla yadda qaldı. Lakin "Figaro" qəzetinin olduğu kimi "Fox News" televiziya kanalının jurnalistinin də provokativ suallarını siyasi etika nümayiş etdirirək, səbr və təmkinlə dəf edən Prezident İlham Əliyevin dərin zəkası, səlis nitqi çoxları üçün əsl master-klass idi.

"Fox News"un jurnalistinin suallarının erməni lobbisi tərəfindən tərtib edildiyi gün kimi aydın idi. Müsahibə boyunca bitərəfliyini qorumayaraq, ermənipərəstliyini hər ifadəsində, hər sualında hiss etdirən telekanal əməkdaşı jurnalist etikasını sona qədər kobud şəkildə pozaraq provokasiya xarakterli sualları ard-arda düzdü. Onun "Siz etiraf etməlisiniz ki, müharibəni başlamaq imkanını axtarırdınız" sualına Prezident İlham Əliyevin "Mənim dediyim BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun idi. 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrdə Ermənistandan açıq şəkildə tələb olunurdu ki, qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən tam, qeyd-şərtsiz və dərhal çıxarsın. Əfsuslar olsun ki, 27 il ərzində bu qətnamələr icra edilməmişdir. Odur ki, biz erməni qoşunlarının Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərdən çıxarılmasını istədiyimizi deyəndə mən hüquqi nöqteyi-nəzərdən haqlıyam və mənim dediklərim Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə uyğundur" tutarlı cavabına rəğmən düşmənin sifarişini yerinə yetirən dünyanın nüfuzlu kanalının jurnalisti ədalətsiz mövqeyini bu sualla yenidən nümayiş etdirdi: "Cənab Prezident, nəyə görə Siz qeyd etdiyiniz kimi, BMT-nin, Rusiyanın, İranın, Amerika Birləşmiş Ştatlarının, Avropa İttifaqının, NATO-nun çağırışlarına müqavimət göstərirsiniz?" Prezident bu suala da təmkinli cavabı ilə yadda qaldı: "Biz atəşkəsə hazır idik. Oktyabrın 10-da Moskvada bizim Xarici İşlər nazirimiz, Ermənistanın Xarici İşlər naziri və Rusiyanın Xarici İşlər naziri atəşkəs barədə birgə bəyanat verdilər. Lakin növbəti gün ermənilər Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhərinə, toqquşmaların baş verdiyi ərazidən çox uzaqda yerləşən Gəncəyə ballistik raketlə hücum edərək 10 mülki şəxsi qətlə yetirmiş və 30-dan çoxunu yaralamışlar. Sonra Gəncəyə ikinci ballistik raket hücumu oldu və 15 insan qətlə yetirildi. - Biz atəşkəs istəyirik, biz torpaqlarımızın qaytarılmağını istəyirik. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ABŞ, Fransa və Rusiyanın təqdim etdiyi sülh planına uyğun olaraq torpaqları boşaldacağına dair öhdəlik götürməlidir. Lakin o, bunu demir".

Bu müsahibənin üzərində çox qalmaq fikrində deyiləm. Diqqəti bütün dünyanın ədalət beşiyi adlandırdığı Qərbin maraqlarına xidmət edən təşkilatlara yönəltəmək istəyirəm. İşğal edilmiş torpaqlarını azad edən Azərbaycana xaricdən çoxsaylı təzyiqlər artır, xüsusilə də erməni lobbisinin ələ aldığı nəhəng dövlətlərin və onlara bilavasitə tabe olan beynəlxalq təşkilatlar tərəfindən. Məqsəd isə birdir, ordumuzun zərbələrindən acınacaqlı vəziyyətə düşən Ermənistanı xilas etmək. Bu təzyiqlərin birini bu günlərdə BMT Təhlükəsizlik Şurasında məsləhətləşmələr zamanı gördük. ABŞ Dövlət Departamenti və ATƏT-in Minsk Qrupunun həmsədrləri 25 oktyabr tarixində bəyanat qəbul etdi. Təhlükəsizlik Şurasının daimi üzvləri, həm də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsinə 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrə istinadı daxil etməmişdilər. Üstəlik, onlar bir sıra ölkələrin həmin qətnamələrə istinadın mətnə salınması ilə bağlı təkidli mövqeyini də qəbul etmədilər. 25 oktyabr bəyanatının ilkin layihəsi indiki mətndən tamamilə fərqlənirdi. Buna rəğmən Azərbaycan tərəfi qəti mövqe nümayiş etdirərək açıqlamanın birtərəfli olmasının, yəni onun ancaq humanitar atəşkəs ilə məhdudlaşdırılmasının qarşısını almağa nail oldu. Bəyanatların özünə gəldikdə isə ilk olaraq vurğulanmalıdır ki, burada söhbət atəşkəsdən deyil, humanitar atəşkəsdən gedir.

Baza prinsiplərini rədd edən, bir neçə gün öncə "Münaqişənin diplomatik həlli yoxdur" deyən N.Paşinyan Rusiyanın köməyinin yetəri qədər olmadığını görüncə, özünə yeni himayədar tapdı. Məcbur olub bu dəfə danışıqlar üçün ABŞ-a yalvaran Paşinyan artıq kompromislərdən dəm vurur. Vaşinqtonda XİN rəhbərlərinin Pompeo ilə görüşündən sonra bu gün səhər saat 8-dən etibarən humanitar atəşkəsin üçüncü dəfə qüvvəyə mindiyi açıqlansa da, bundan əvvəl iki dəfə olduğu kimi yenə Ermənistan tərəfi şərtləri ayaq altına atdı. Belə ki, 26 oktyabr tarxində, saat 08.05-də yeni humanitar atəşkəsi kobud şəkildə pozaraq, Azərbaycan ordusunun bölmələrini artilleriya atəşinə tutub. Daha sonra Tərtər rayonunun Tərtər şəhəri və kəndləri Ermənistan silahlı qüvvələrinin intensiv atəşinə məruz qalıb. 

Ali Baş Komandan İlham Əliyevin ötən gün Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirdiyi operativ müşavirə zamanı söylədiyi kimi, artıq boğaza yığılmışıq, Azərbaycan xalqının səbri tükənib. İyirmi səkkiz il bundan əvvəl Minsk qrupu yaradılıb, iyirmi səkkiz ildir bizi aldadırlar. İyirmi səkkiz il bizə söz veriblər, vəd veriblər ki, gözləyin, dayanın, Ermənistana təzyiq edəcəyik, belə edəcəyik, elə edəcəyik. Hamısı yalan idi. Hər kəs də bunu görür.

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.