Siyasət

Sahibə Qafarova Özbəkistanın Azərbaycandakı səfirini qəbul edib

15 Oktyabr 2020 16:56
Baxış: 503

Oktyabrın 15-də Milli Məclisin Sədri Sahibə Qafarova Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bəhram Əşrafxanovu qəbul edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a bildirilib ki, Spiker qonağı səmimi salamlayaraq, onu ölkəmizə səfir təyin olunması münasibəti ilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. Bildirib ki, Azərbaycanla Özbəkistan arasında hər zaman dostluq münasibətləri olub. Dövlət başçılarının qarşılıqlı səfərləri bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsində mühüm rol oynayıb.

Parlamentin Sədri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq problemin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin bugünədək yerinə yetirilmədiyini bildirib. Qeyd edib ki, Ermənistan bu gün də öz işğalçılıq siyasətini davam etdirir. Sentyabrın 27-də təmas xəttində düşmən növbəti dəfə təxribat törədərək hərbi və yaşayış məntəqələrimizi atəşə tutub. Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb.

Spiker xüsusi qeyd edib ki, Moskvada aparılan üçtərəfli danışıqlar nəticəsində humanitar atəşkəs elan edildikdən sonra da Ermənistan silahlı qüvvələri öz məkrli niyyətlərindən əl çəkməyərək, beynəlxalq hüququn normalarını kobud şəkildə pozur, cəbhə bölgəsindən uzaqda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncəni və digər rayon və şəhərlərimizi intensiv raket atəşinə tutur.

Milli Məclisin Sədri vurğulayıb ki, Azərbaycan problemin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində, ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdardır.
Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bəhram Əşrafxanov səmimi görüşə görə minnətdarlığını ifadə edib. O, Sahibə Qafarovanı Milli Məclisin Sədri seçilməsi münasibəti ilə təbrik edib.

Səfir bildirib ki, Azərbaycana gəldiyi ilk gündən ölkədə həyata keçirilən genişmiqyaslı islahatların şahidi olub. O, Azərbaycanda müşahidə olunan hərtərəfli inkişaf və tərəqqinin təqdirəlayiq olduğunu bildirib.

Bəhram Əşrafxanov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Özbəkistanın Azərbaycanın mövqeyini dəstəklədiyini söyləyib.

Səfir bu yaxınlarda Azərbaycan tərəfinin ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin üzvləri üçün Gəncə şəhərinə təşkil etdiyi səfərdən bəhs edib. O, Ermənistanın mülki insanları və mülki obyektləri hədəfə alan raket hücumlarının faciəvi nəticələrinin şahidi olduğunu deyib. Günahsız insanların hədəfə alınaraq öldürülməsini şiddətlə qınadığını bildirib.

Səfir diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasındakı münasibətlərin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Söhbətdə ölkələrimiz arasında əlaqələrin inkişafı, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, regional münaqişələrin həlli yolları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.