Siyasət

Erməni diasporu Qarabağ savaşı üçün döyüşçülər yığır - DETALLAR - VİDEO

14 Oktyabr 2020 11:52
Baxış: 14 266

Səngimək bilməyən Dağlıq Qarabağ münaqişəsi hərbi əməliyyatların miqyasının genişlənməsi və Ermənistanın döyüşlərə xarici ölkə vətəndaşlarını cəlb etməsi problemini aktullaşdırıb. İş o yerə çatıb ki, Rusiyanın xüsusi xidmət strukturları belə, Qarabağdakı hərbi əməliyyyatlara dünyanın bir sıra ölkələrində qanundan kənar elan edilmiş kürd yaraqlılarının, daha doğrusu terrorçularının qatıldıqlarını da etiraf edirlər.

Lakin müxtəlif etnik mənsubiyyətli yaraqlılarla terrorçuların Qarabağa savaşa yollanmasından da təhlükəli məsələ erməni diaspor mənsublarının "könüllülər" adı ilə döyüşlərə qatılmalarıdır.

Belə "könüllülər"i Rusiyada da toplayır, verbovka edirlər.

Dağlıq Qarabağ münaqişəsi zonasına bölgədən çox uzaq ölkələrin, o cümlədən Rusiya və ABŞ-ın vətəndaşlarının yollanmasına Rusiyanın nüfuzlu kütləvi informasiya vasitələri çoxdan diqət yetiriblər. Aparılan müşahidələr göstərir ki, bu axının əsasını nə gəlişlərinin məqsədini, nə də gəldikləri ölkəni gizlətməyən erməni "könüllülər" təşkil edirlər.

Onlar Azərbaycana qarşı vuruşmaq istədiklərini bəyan ediblər və bunu müsahibələrində də deyiblər.

Situasiya 1990-cı illərdəki olayları xatırladır. Ermənistanda milli qəhrəman elan edilmiş "Avo" Monte Melkonyan o vaxt Livandan Qarabağa yollanmışdı. Melkonyan ermənilərin ASALA terror təşkilatının üzvü idi və Livanda xeyli "təcrübə" toplamışdı. O, ASALA-RM terror qruplaşmasının rəhbəri idi.

İrəvanda rəsmi qeydiyyata alınmış VOMA ictimai hərbi-vətənpərvərlik təşkilatının fəaliyyəti "könüllülər"lə bağlı vəziyyətin bariz nümunəsidir. Təşkilatın saytında bildirilir ki, VOMA-nın hədəf kütləsi "yalnız ermənilər və erməni diasporunun mənsubları"dır.

Təşkilatın rus dilində olan veb-portalı bütünlüklə xarici ölkələrdə yaşayan ermənilərə könüllülərdən ibarət alaylara qatılmaqla bağlı genişmiqyaslı çağırışdır.

Saytda bildirilir ki, həmin alaylar istənilən an döyüş bölgəsinə göndərilə bilərlər.

"Xalqlar layiq olduqları taleyə malik olublar, malikdirlər və malik olacaqlar, - VOMA-nın saytında yazılıb. - Cəsarətli, vətənpərvər və güclü - müstəqilliyə layiq xalq budur. Tarix öyrədir ki, səndən savayı kimsə durumunu yaxşılığa doğru dəyişə bilməz".

VOMA Qarabağda vuruşmaq üçün "könüllülər"in verbovkasını Rusiya ərazisində də aparır. "İctimai təşkilat"ın son layihələrindən biri dağ-atıcı alayın yaradılmasıdır. Bu alayda yaxşı hazırlıq keçmiş "könüllülər" var.

VOMA mənsublarının yazdıqlarına görə, bütün təlim kursları başa çatandan sonra alay Ermənistan Müdafiə Nazirliyindən alınmış tapşırıq əsasında müəyyən ediləcək döyüş bölgəsinə göndəriləcək.

Maraqlı məqam odur ki, VOMA Rusiya vətəndaşlarını sıralarına dəvət edir.

"Rusiya Federasiyasından olan ermənilər üçün Moskvadan İrəvana çarter reysləri təşkil olunacaq. Gəlmək istəyənlərin bilet pulunu tam və ya qismən ödəməyə hazırıq", - VOMA-nın Vkontakte sosial şəbəkəsindəki səhifəsində yazılıb.

O da vurğulanır ki, sürətləndirilmiş hərbi hazırlıq kurslarında iştirak və sonradan könüllülər alayına üzv olmaq tamamilə pulsuzdur.

VOMA-nın YouTube-dakı videoçarxlarına baxanda aydın olur ki, dağ-atıcı alayın hazırlığı sentyabrın sonlarında başa çatıb. Tam o günlərdə ki, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ordusunun mövqelərinə hücumlarından sonra hərbi əməliyyatlar başlandı.

Moskvadan İrəvana isə "potensial şəxsi heyət"lə dolu təyyarələr uçmağa davam edirlər.

VOMA-nın Rusiya vətəndaşı olan "könüllülər" qarşısında qoyduğu tələblər belədir: hərbi ixtisasın olması, yaxşı fiziki forma, ordu sıralarında xidmətin arzuolunanlığı. Təşkilat bütün gərəkli hərbi sursatları, geyimi, silahları və s.-ni özü verir.

Videoçəkilişlər göstərir ki, VOMA-nın heç bir maliyyə problemləri yoxdur.

Təşkilatı Ermənistanın dövlət qurumları yox, xarici ölkələrdə yaşayan ermənilər maliyyələşdirirlər. Bunun üçün VOMA-nın saytında xüsusi olaraq "laqeyd olmayanlar üçün" maliyyə yardımları bölməsi də var.

Təbii, VOMA ermənilərin Qarabağa muzdlular və "könüllülər" yollamasının, sadəcə, bir formasıdır. Lakin məhz bu təşkilatın fəaliyyəti göstərir ki, Rusiya pasportu olanlar heç bir maneə ilə qarşılaşmadan hərbi hazırlıq keçərək Qarabağa döyüşə yollana bilərlər.

İllah da ki, Qarabağda savaşa yollanmaqla bağlı çağırışları Rusiya Ermənilər İttifaqının sədri Ara Abramyanla bahəm, Ermənisanın diasporla iş üzrə baş müvəkkili Zare Sinanyan da dəfələrlə səsləndiriblər.

VOMA ilə bahəm, "Armenia" beynəlxalq bayker klubu da Qarabağ savaşına "könüllülər" yollamaqla məşğuldur.

"Armenia"nın təşkilatçıları və rəhbərləri ABŞ-da yaşayan ermənilərdir. Klubun üzvlərinin əksəriyyəti ABŞ və Livan erməniləridir. Onların bir çoxu artıq Qarabağ döyüşlərinə qatılıblar.

"Problem" odur ki, belə "könüllülük" RF CM-nin 208-ci maddəsinə uyğun olaraq 15 ilədək həbslə cəzalandırımalıdır. Qarabağ savaşından qayıdan, Rusiya vətəndaşı olan ermənilər daimi yaşadıqları ölkədə sakit ömür sürsələr belə, Rusiyanın mövcud qanunvericiliyi ilə nə edək?

Rusiyanın müvafiq dövlət qurumları bu sualı hələlik cavablamaq istəmirlər.

Elçin Alıoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.