Siyasət

"Human Rights Watch"un fəaliyyətində antisemitizm, faşizmə dəstək elementləri

2 Avqust 2020 11:17
Baxış: 1 772

Fransanın yəhudi icmaları bu ölkədə yaşayan üzvlərinin İsrailə və digər ölkələrə köçürülməsi planını təklif edirlər. "Yerusəlim Post" qəzetinin yazdığına görə, icma rəhbərlərindən olan Yaakov Hagoel ilkin mərhələdə  50.000 nəfər icma üzvünün köçürülməsi üzərində çalışdıqlarını bildirib. Növbəti mərhələlərdə isə yarım milyon nəfərin köçürülməsi nəzərdə tutulur.

Yəhudilərin Fransanı tərk edərək İsrailə və dünyanın başqa ölkələrinə köçürülməsi zərurəti burada antisemitizm hərəkətlərinin güclənməsi ilə izah edilir. Tədqiqatçı Eva Cossé yazır ki, Avropada antisemitizm hərəkatı sürətlə yüksələrək həyəcanverici həddə çatıb. O, Avropa Birliyi Fundamental Hüquqlar Agentliyinin  2018-ci il üzrə rəy sorğularına istinad edərək bildirib ki, Avstriya, Belçika, Danimarka, Almaniya, Fransa, Macarıstan, İtaliya, Hollandiya, Polşa, İspaniyada yaşayan yəhudilərin 89%-i müxtəlif variantlı antisemitizm təhdidlərinə məruz qaldıqlarını etiraf ediblər. Bu sırada ən acınacaqlı durum isə Fransada qeydə alınır.  Fransanın İnsan Hüquqları üzrə Milli Məsləhət Komitəsinin (CNCDH) son hesabatına görə, təkcə 2018-ci ildə Fransadakı antisemitizm hərəkətləri əvvəlki illərə nisbətən 70%-dən çox artmışdır. Təşkilat bir il ərzində (2018-ci ildə) 1,652 antisemitizm hadisəsini qeydə aldığını açıqlayıb. Baş verən hadisələrin sırasında həmin ilin may ayının 24 -də Fransanın Bordo şəhərində yəhudi qəbiristanlığının viran edilməsi kimi diqqətçəkici hadislər yer tutur. Antisemitizm, irqçilik, faşism üzərində qurulan proseslərin qarşısının təcili şəkildə alınmayacağı təqdirdə, təkcə yəhudiləri deyil, ümumilikdə dünya əhalisini təhdid edən hadisələr ortaya çıxacağı barədə xəbərdarlıq edilir.

Tədqiqatçı qeyd edir ki, Avropa hökumətləri irqçi hərəkətlərin və antisemitizm zorakılığının qarşısının alınması üçün təcili tədbirlər görməlidirlər. Zorakılıq edənlər araşdırılmalı, mühakimə olunmalıdırlar. Amma paralel olaraq, cəmiyyətlərdə irqçi stereotiplərin, antisemitizm meyllərinin aradan qaldırılması üçün ciddi şəkildə ictimai müzakirələr keçirilməli, maarifləndirmə işləri aparılmalıdır. Xüsusi olaraq vətəndaş cəmiyyəti institutları, beynəlxalq statuslu təşkilatlar bu yöndə sistemli iş aparmalı, streotiplərin aradan qaldırılmasına çalışmalıdırlar.

Amma təəssüflə qeyd olunur ki, bəzi beynəlxalq statuslu təşkilatlar bunun əksini edirlər. Araşdırmaçılar bu sırada "Human Rights Watch"u (HRW) nümunə göstərirlər. Qeyd edirlər ki, "Human Rights Watch"kimi təşkilatlar öz maraqlarını təmin etmək naminə ikiüzlü siyasət yürüdür, bu sırada antisemitizm, irqçilik və faşizm meylli hərəkətlərin alovlanmasını da stimullaşdırırlar. 

ABŞ-ın nüfuzlu "The Wall Street Journal" nəşri də eyni mövzuya toxunub, özünü beynəlxalq insan haqları təşkilatı elan edən "Human Rights Watch"un maxinasiyalarına işıq salıb.

ABŞ-ın Corc Meyson Universitetinin hüquq professoru və Qüdsdəki "Kohelet Policy Forum" mərkəzinin araşdırmaçısı olan müəllif - Yevgeni Kontoroviç - jurnalda dərc edilən məqaləsində  yazır ki, HRW İsrail və yəhudilər üzərinə olan ikiüzlü hücumları yeni müstəviyə qaldırıb: ""Human Rights Watch" təşkilatının Yaxın Şərq və Şimali Afrika sektorunun direktoru Sara Li Uitson İsrailin İordan çayının qərb sahilində apardığı məskunlaşmanın ən sərt tənqidçilərindən biridir". Uitson bu prosesi işğal kimi dəyərləndirir, ona söykənərək İsrail və yəhudilər üzərinə hücum edir, antisemitizmi təşviq edir, yanlış meyllərə yol açır.  

Müəllif qeyd edir ki, Sara Li Uitson öz hərəkətlərində səmimi deyil, mahiyyətdə nə işğala qarşı çıxmır, nə də  insan haqlarının müdafiəçisi deyil. O, şəxsi və təşkilati maraqlarının təmin edilməsi yolunda çalışan biridir. Amma nəzərə almır ki, kiçik maraqlarının təmin edilməsi üçün dünyanı lərzəyə salacaq proseslərə yol açır, antisemitizmi, irqi ayrıseçkiliyi alovlandırırlar. Corc Meyson fikirlərini sübut etmək üçün Uitsonun Azərbaycana qarşı münasibətini nümunə göstərir. Qeyd edir ki, İordan çayının qərb sahilində İsrail tərəfindən aparılan  məskunlaşmanı işğal faktı kimi qeyd edib, prosesə qarşı çıxan Sara Li Uitson bunun əksi olaraq, Dağlıq Qarabağda Ermənistan tərəfindən aparılan işğalçılıq və məskunlaşma prosesini qətiyyətlə dəstəkləyir. Hansı ki, Uitsonun qanunsuz məskunlaşmanı dəstəklədiyi ərazi - Dağlıq Qarabağ Azərbaycan torpağıdır,  Ermənistan bu regionu işğal edib və 1994-cü ildən bəri ətraf rayonlarla birlikdə işğal altında saxlayır. BMT kimi beynəlxalq təşkilatlar, ABŞ kimi böyük dövlətlər bu regionun Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazisi olduğunu tanıyırlar.

Yevgeni Kontoroviç məqaləsində qeyd edir ki, erməni ailəsində anadan olmuş Uitson 2018-ci ildə Amerika Erməni Milli Komitəsi tərəfindən Qarabağa pultoplama kampaniyasının təşkilatçısı qismində çıxış edib.  Həmin Uitson, eyni zamanda, "Human Rights Watch" təşkilatının İsrailin İordan çayının Qərb sahillərindəki iqtisadi fəaliyyətinin boykot edilməsi kampaniyasına başçılıq edirdi. Habelə o, Tvitter-də Qarabağda, işğal edilmiş ərazilərdə hazırlanan erməni şərabını reklam edir.

Uitson Qarabağda yeni erməni yaşayış məskənlərinin salınmasını maliyyələşdirən təşkilata da dəstək verir. O, eyni zamanda, Ermənistanda və işğal edilmiş Azərbaycan ərazilərində suriyalı ermənilərin məskunlaşdırılmasını dəstəkləyir.

Bütün bunlar Uilsonun "insan haqlarının müdafiəçisi" adı altında fəaliyyət göstərən ən böyük  insan haqları  pozucusu olduğunu göstərir. Amma bu, təkcə Uitsonun şəxsi xarakteri deyil, həm də təmsil olunduğu "Human Rights Watch"un mahiyyətinin göstəricisidir. Belə bir təşkilatın hesabatı obyektiv, doğru-düzgün qəbul edilə bilməz. Bir millətin nümayəndəsi - azərbaycanlı olduqları üçün insanların yurd-yuvalarından, Qarabağdan  qovulmasına, köçkünə çevrilməsinə göz yummaq, başqa millətin-ermənilərin təmsilçisi olduğu üçün digərlərinin işğal altında olan Qarabağ ərazilərdə qanunsuz məskunlaşmasını dəstəkləmək insan haqları müdafiəçisi prinsiplərinə ziddir. Bunun adı antisemitizmdir, irqçilikdir, faşizmə dəstəkdir.

İyulun 12-də,  Ermənistanın Azərbaycan  sərhəddində, Tovuz rayonunda törətdiyi təxribatlardan sonar, xaricdə yaşayan soydaşlarımız da erməni əsilli təxribatçıların hücumlarına məruz qaldırlar. Azərbaycan ictimaiyyəti, vətəndaş cəmiyyəti institutları haqlı olaraq beynəlxalq insan haqları təşkilatlarını müraciət edərək, ermənilərin xaricdə yaşayan  azərbaycanlılara hücum etməsinə göz yummamağa çağırdı. "Human Rights Watch" (HRW) təşkilatının Avropa və Orta Asiya üzrə direktor müavini Rachel Denber BBC News Azərbaycancaya müsahibəsində bu çağırışlara əcaib formada münasibət bildirdi: "Əlbəttə ki, bunu istəmək onların haqqıdır". Göründüyü kimi, HRW təmsilçisi çağırışa konkret cavab verməkdən yayınır, bu yöndə atmalı olduqlara addımlara toxunmur, söz oyunu oynamaqla vəziyyədən çıxmağa çalışır.

Əslində, "Human Rights Watch" təmsilçisindən fərqli davranış gözləmək mümkün də deyil. Onların Azərbaycana qarşı münasibətləri tarixən belə olub. Onu tənqid edəndə isə, "5-ci kalon" üzvləri hücuma keçib, tənqidçiləri hədəf seçiblər. İndi  Corc Meyson Universitetinin hüquq professoru və Qüdsdəki "Kohelet Policy Forum" mərkəzinin araşdırmaçısı olan Yevgeni Kontoroviçin "The Wall Street Journal"da dərc edilən məqaləsi ilə  "Human Rights Watch" un mahiyyətini açır. Onların davranışlarının səbəblərini izah edir. Təşkilatın idarəçilərindən biri erməni əsilli Sara Li Uitsondur. 

Müşfiq Ələsgərli
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.