Cəmiyyət

Xaçmazda park əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib - (Foto)

26 Noyabr 2026 17:26
Baxış: 145
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Şəhərsalma və Memarlıq İli" çərçivəsində Xaçmaz şəhərinin Nəriman Nərimanov küçəsində yerləşən park əsaslı şəkildə yenidən qurulub.

Ümumi sahəsi bir hektardan artıq olan ərazidə genişmiqyaslı yenidənqurma və abadlıq işləri aparılıb.

Layihəyə əsasən, parkda 6000 kvadratmetrdən artıq ərazidə yeni yaşıllıq zolaqları salınıb, müxtəlif növ ağaclar və dekorativ gül kolları əkilib. Sakinlərin rahat gəzintisi və istirahəti üçün piyada yollarının 5000 kvadratmetrdən çox hissəsinə xüsusi döşəmə plitələri döşənib, ərazi müasir tipli oturacaqlarla təchiz edilib. Həmçinin mövcud fəvvarələr müasir memarlıq üslubunda yenidən qurulub və ərazidə işıqlandırma sistemi tamamilə yenilənib. Parkda sakinlərin, xüsusilə də gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə açıq havada şahmat meydançası yaradılıb, yerə şahmat damaları çəkilib və fiqurlar qoyulub.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ağsaqqalların və ziyalıların iştirakı ilə yenidən qurulan parkda yaradılan şəraitlə tanış olub. Son illər Xaçmaz rayonunda ölkə rəhbərliyinin tapşırıqlarına əsasən həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq tədbirləri çərçivəsində şəhərin siması köklü şəkildə dəyişib, yeni infrastruktur layihələri icra edilib. Nəriman Nərimanov küçəsindəki parkın əsaslı şəkildə yenilənməsi də görülən işlərin davamıdır.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yenilənən parkla tanış olan sakinlərlə həmsöhbət olub, onların qayğıları ilə maraqlanıb. Parkla tanışlıq zamanı əraziyə yeni ağaclar da əkilib. Rayon rəhbəri, ağsaqqallar və ziyalılar yenilənən parka simvolik olaraq yeni ağaclar əkiblər.

Sakinlər parkda yaradılan şəraiti yüksək qiymətləndirib, Xaçmaz rayonunda həyata keçirilən abadlıq-quruculuq işlərinə və sakinlərin rifahı üçün göstərilən davamlı diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.