Siyasət

Şəhidlərimizin qisası alındı - TƏFƏRRÜATLAR

13 İyul 2020 15:26
Baxış: 13 764

Ermənilər Tovuz rayonu istiqamətində mövqelərimizi atəşə tutublar. Əsas sual budur: Ermənistan nə üçün Tovuz istiqamətində hücuma keçməyə cəhd göstərdi?

Ermənistan Müdafiə Nazirliyinn sözçüsü Şuşan Stepanyanın Facebook səhifəsində yaydığı açıqlamaya görə, sən demə, azərbaycanlı hərbçilər UAZ avtomobilində döyüş xəttini keçiblər: "Xəbərdarlıq olunsa da, onlar geri dönməyiblər. Atəş açılıb".

Bu, Ermənistanın rəsmi mövqeyidir.

Gerçək isə, fransız filosof Dekartın təbirincə desək, yalanların arxasında basdırılıb.

Ermənistan Müdafiə Nazirliyi cəbhənin Tovuz rayonu istiqamətində işğalçı ordunun 2 hərbçisinin yaralandığını bəyan edib.

Hazırda onların xəstəxanaya yerləşdirlidiyi bildirilir. Düşmən ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan yaralıların döyüş bölgəsinə ezam olunmuş polis əməkdaşları olduğunu əlavə edib.

Sosial şəbəkələrdə isə ermənilər atışma nəticəsində Ermənistan ordusunun çox ağır itkilər verdiklərini yazır, müdafiə naziri David Tonoyanı itkilərlə bağlı real mənzərəni gizlətməyə çalışmaqda, həlak olan erməni hərbçilərin sayını açıqlamayaraq xalqı aldatmağa çalışmaqda suçlayırlar.

Məsələn, Diana Harutyunyan Facebook profilində yazıb: "Azərbaycanla sərhəddə dəhşətdir, faciədir. Qardaşım elə indi zəng vurdu, dedi ki, azərbaycanlılar hər tərəfdən atəş açırlar. Hospitallarla xəstəxanalar yaralılarla doludur. İçi həlak olmuş əsgərlərimizlə dolu 3 yük maşını görüblər. Deyirlər ki, 70 hərbçimiz həlak olub, 300 nəfər yaralanıb. Amma inanmıram. Bu qədər tələfat varsa, meyitləri daşımaq üçün üç yük maşını bəs etməz. Nə edəcəyimi bilmirəm, çox qorxuram. Qardaşımla əlaqə kəsilib. Şəhərdə panikadır. Heç bir informasiya yoxdur. Hakimiyyət dairələri heç nə etmirlər!"

Belə açıqlamalar yüzlərlədir - Ermənistan sakinləri çox ciddi xofdadır, təşvişdədir.

Bununla yanaşı, Ermənistanın Milli Təhlükəsizlik və Müdafiə nazirliklərinin xüsusi qrupları dünəndən etibarən Facebook-da xüsusi fəallıq göstərirlər. Yüzlərlə profildə Tovuz bölgəsindəki əməliyyatdan yazılır, aşkar dezinformasiya, feyk məlumatlar yayılır. Təxminən 350 profil isə Azərbaycan dilində paylaşımlar edir.

Diqqətli olaq, çox hiyləgər və məkrli düşmənlə üz-üzəyik. Ermənilər erməni, rus, ingilis, alman, fars və fransız dilləri ilə yanaşı, dilimizdə də paylaşımlar edirlər.

Özlərini Facebook və Twitter-də "azərbaycanlı" kimi təqdim edən ermənilər səlis Azərbaycan dilində yazırlar.

Ermənilərin Azərbaycan dilindəki profillərdə refren kimi təkrarladıqları əsas fikirlər "Şəhidlərin qanı yerdə qalır", "Azərbaycan rəhbərliyi sosial gərginliyin artmasından çəkilərək cəbhədə bu insidenti yaratdı" kimidir.

Həmin profillərin əksəriyyəti İrəvan Dövlət Universitetinin türkologiya kafedrasının nəzdində yaradılmış "Azərbaycan dilinin öyrənilməsi" qrupunun üzvlərinə məxsus olsa da, 63 profil Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının kurasiyasındadır.

Sadəcə, bir faktı qeyd edim: İrəvan Dövlət Universitetinin müəllimi, türkoloq Ruben Melkonyanın başçılıq etdiyi "Azərbaycan dilinin öyrənilməsi" qrupunda dərslər 6 ay davam edir. Kursun dəyəri 300 dollardır.

Kursu bitirən şəxs 5 ay sosial şəbəkələrdə özünü azərbaycanlı kimi təqdim edərək aktiv fəaliyyət göstərərsə, onun ödədiyi pul geri qaytarılır.

Aldanmayaq, düşmən oyunlarına alət olmayaq.

Ermənilər bizə qarşı genişmiqyaslı informasiya savaşı da aparırlar və həmin savaşın önəmli qismi sosial şəbəkələrdir.

Ermənistanın yeni "Milli Təhlükəsizlik Strategiyası"nda da Azərbaycana qarşı informasiya savaşına xüsusi yer ayrılıb. 40 səhifəlik, 6 fəsildən ibarət strategiyaya 18 səhifəlik məxfi əlavədə bu barədə aşkar deyilir.

Ermənistan niyə belə etdi?

Ermənistanda daxili vəziyyət artıq böhranlı həddə çatıb. Daxili çaxnaşmalar geniş vüsət alıb. Eyni zamanda, ölkəmizin son vaxtlar əldə etdiyi beynəlxalq uğurlar onları çox narahat edir və onlarda paxıllıq hissini daha da gücləndirib. Xüsusilə, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyətimiz, son müddət ərzində bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş açıqlamalar, qəbul edilmiş qərarlar, ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi, əlbəttə ki, Ermənistanın münaqişə ilə bağlı mövqelərinə çox ciddi zərbə vurubdur. Eyni zamanda, mötəbər kürsülərdən müntəzəm olaraq həm münaqişənin tarixi ilə, həm bölgənin tarixi ilə bağlı gətirdiyimiz konkret faktlar, inandırıcı əsaslandırmalar, əlbəttə ki, onların təbliğatını alt-üst edir. Artıq bütün dünya bilir ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bunu təsdiqləyən kifayət qədər sənədlər var və bu sənədləri biz indi geniş beynəlxalq ictimaiyyətə təqdim edirik. Eyni zamanda, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bunu da təsdiqləyən kifayət qədər çox beynəlxalq sənədlər və açıqlamalar var. O cümlədən, bu yaxınlarda qondarma "Dağlıq Qarabağ respublikası"nda keçirilmiş qondarma "seçkilər" nəinki heç bir ölkə tərəfindən tanınmadı, hətta bütün aparıcı beynəlxalq təşkilatlar, qonşu ölkələr və bu məsələ ilə məşğul olan ölkələr bu seçkiləri pislədilər. Beləliklə, bir daha ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə olundu, bir daha açıq göstərildi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.

Ona görə hazırda Ermənistanda hökm sürən hərc-mərclik və vəziyyətin böhran həddinə yaxınlaşması onları bu çirkin əməllərə sövq edibdir. Digər tərəfdən, o da sirr deyil ki, artıq uzun müddətdir ki, Ermənistan münaqişə ilə bağlı öz addımlarında xüsusilə Ermənistan-Azərbaycan dövlət sərhədini misal gətirərək belə bir rəy formalaşdırmaq istəyir ki, guya Azərbaycan Ermənistan ərazisinə hücumlar edir. Halbuki bu, yalandır. Bütün hücumlar Ermənistan tərəfindən törədilir və bunun kifayət qədər sənədləri var, video-foto sənədləri var. Azərbaycan isə sadəcə olaraq, bütün təxribatlara adekvat cavab verir. Əgər Ermənistan ərazisindən Azərbaycan mövqelərinə, Azərbaycan kəndlərinə atəş açılırsa, təbii ki, biz adekvat cavab verəcəyik və veririk. Ona görə Ermənistan bütün imkanlardan istifadə edib, eyni zamanda, saxta məlumatlar uydurub dövlət sərhədinə xüsusi diqqətin cəlb edilməsi üçün əlindən gələni edir. Dünənki hərbi təxribat bu çirkin siyasətin növbəti təzahürüdür.

Təxribatın digər səbəbi odur ki, son vaxtlar Azərbaycan beynəlxalq arenada çox böyük uğurlara imza atıb. Bizim təşəbbüsümüzlə beynəlxalq təşkilatların Zirvə görüşləri keçirilib. Bizim təşəbbüsümüzlə BMT Baş Assambleyasının xüsusi sessiyası baş tutub. Bu təklifi, bu təşəbbüsü 130-dan çox ölkə dəstəkləyib və Ermənistan bu təşəbbüsün əleyhinə çıxıb və bir daha özünü rüsvay edib, bir daha özünü dünyadan təcrid edib. Bu gün dünya gündəliyində birinci yerdə duran COVID ilə bağlı mübarizə məsələsində öz anlaşılmaz mövqeyi ilə bir daha bütün dünyanın diqqətini öz çirkin siyasətinə cəlb edib. Necə ola bilər ki, Azərbaycan bütün dünyanın bu mübarizədə birləşməsini tələb etdiyi bir vaxtda Ermənistan bunun əleyhinə çıxıb.

Ona görə beynəlxalq arenada Ermənistan demək olar ki, bütün dayaqlarını itirməkdədir. Daxili vəziyyət kifayət qədər gərgindir. Vəd olunan "çiçəklənmə" yoxdur və Ermənistanda  artıq hər kəs tərəfindən başa düşülür ki, bu, xülyadır, yalandır. Əlbəttə ki, dünənki hadisə ilə bağlı Ermənistan rəsmi orqanlarının açıqladığı məlumat yalanın növbəti əlamətidir. Bu məlumatda onlar məsuliyyəti Azərbaycanın üzərinə yıxmaq istəyirlər.

Halbuki buna heç bir əsas yoxdur. Heç bir əsas olmadan bizim hərbi postumuza artilleriya zərbəsi endirilib. Məhz bunun nəticəsində bizim hərbçilərimiz həlak olub. Onların gücü ona çatır ki, ancaq mülki əhalini atəşə tutsunlar, ya da ki, qəflətən bizim hərbi postumuza atəş açsınlar. Bunu da onlar etdilər və bir daha öz çirkin və məkrli mahiyyətlərini ortaya qoydular.

Nə baş verib?

Ermənistanın silahlı qüvvələri Azərbaycanın Tovuz rayonundakı Ağdam kəndində ordumuzun mövqelərini intensiv artilleriya və minatan atəşinə tutandan sonra hücuma keçiblər. Onların məqsədi Ağdam kəndi yaxınlığındakı postu ələ keçirmək olub. Eyni zamanda, hədəfdə Ağdam kəndi olub.

Dünən günorta saatlarında ermənilər hərbi postumuza artilleriya atəşi açıblar.

Posta hücumun qarşısı alınıb, düşmən geri oturdulub.

Bu zaman 2 hərbçimiz şəhid olub, 3 nəfər yaralanıb.

Ermənistanın itkilərinə gəldikdə isə, erməni hərbi ekspertlərin vurğuladıqlarına görə, 19 erməni hərbçisi həlak olub. Onların 2-si zabit, 3-ü gizir, 14 nəfəri isə əsgərlərdir.

Ermənilərin növbəti təxribatının qarşısı qətiyyətlə alınıb, düşmənə adekvat cavab verilib. Düşmən bir santimetr olsun belə, Azərbaycan ərazisinə keçə bilməyib.

Prezident İlham Əliyev bu gün Təhlükəsizlik Şurasının iclasını keçirib.

Dövlət başçısı deyib: "Bu gün sərhəddə gərgin vəziyyət davam edir. Dünən gecə bütün aidiyyəti qurumlarla, komandanlarla əlaqədə idim. Bu gün səhər tezdən də mənə operativ məlumat verilib və sərhəddə vəziyyət sabitləşməyib. Bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır. Çünki, məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinə görə belə hadisələr baş verir. Bir tərəfdən, beynəlxalq ictimaiyyətə müraciət edir və Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi üçün kömək xahiş edir. Digər tərəfdən, hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə basqın etmək istəyir, mövqelərimizi zəbt etmək istəyir, mülki əhalini, kəndlərimizi atəşə tutur. Bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma aparacaq. Bütün məsuliyyət Ermənistanın rəhbərliyi üzərinə düşür. Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq, öz sərhədlərimizi qoruyacaq. Dünən günorta saatlarında və bu gün gecə düşmənə vurulmuş sarsıdıcı zərbələr bir daha onu göstərdi. Həlak olan hərbçilərimizin qisası alındı və onların qanı yerdə qalmayıb və qalmayacaq".

Dövlət başçısının sözlərinə görə, bu çirkin əməllərə əl atmaq onların təcavüzkar siyasətinin təzahürüdür. Bu siyasəti məntiqlə izah etmək mümkün deyil. Çünki bu siyasət olduqca ziddiyyətlidir və bu siyasət Ermənistan üçün böyük təhlükə mənbəyidir.

Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, işğalla barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin.

Beynəlxalq təşkilatlara müvafiq müraciətlər edilib və operativ vəziyyət imkan verən kimi biz Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin hərbi nümayəndələrini həmin əraziyə dəvət ediləcək.  Onlar öz gözləri ilə vəziyyəti görsünlər. Görsünlər ki, kim bu hərbi təxribatı törədib. Bu hərbi təxribat nəticəsində nələr baş verib və kim vəziyyətin gərginləşməsinə cavabdehlik daşıyır. Bizim işimiz haqq işidir və Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq.

"Mən bir daha demək istəyirəm ki, dünən və bu gecə düşmənə adekvat cavab verilib. Hərbçilərimizin qisası alınıb, bundan sonra da alınacaqdır. Hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq və düşmənə yenidən onun öz yerini göstərəcəyik", - Prezident İlham Əliyev dedi.

Ermənilərin məqsədi nə idi?

MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan Ermənistan dünənki təxribat vasitəsilə bu qurumu da özünə "tərəfdaş" etməyə can atır.

KTMT üzvü olan bir sıra ölkələrin Azərğbaycanla çox sıx iqtisadi, siyasi və s. əlaqələri, dost münasibətləri var. Həmin münasibətlər hərbi-texniki sahədə də mövcuddur.

Ermənistanın dünənki təxribatı isə KTMT-nin aparıcı dövlətləri olan Rusiya və Belarusa təzyiq göstərərək onları Azərbaycana müasir silahlarla hərbi texnika satmaqdan çəkinməyə vadar etmək cəhdidir.

Bir daha vurğulayıram: toplardan və minaatanlardan atəş Ermənistan ərazisindən, Ermənistan-Azərbaycan sərhədində açılıb. Bura Dağlıq Qarabağ münaqişəsi zonası deyil və Ermənistan Bakını birbaşa hərbi münaqişəyə çəkmək istəyir.

Ermənilərin digər məqsədi energetika layihələrində Azərbaycanın tərəfdaşı olan ölkələrə "xəbərdarlıq" cəhdi idi: İrəvan Qərbin nəzərinə çatdırmaq istəyir ki, neft marşrutları təhlükə altındadır. Yəni ermənilər neft və neft məhsullarının etibarlı satıcısı kimi Azərbaycanı gözdən salmağa, bu minvalla Azərbaycan iqtisadiyyatına mümkün qədər ağır zərbə vurmağa can atırlar.

Ermənistan Müdafiə Nazirliyinin marazmatik bəyanatları da bunu göstərir. Belə ki, həmin qurumun mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyanın Facebook səhifəsində yazdığına görə, Azərbaycan ordusunun UAZ markalı maşını sərhədi keçməyə çalışıb. UAZ tank deyil. Ermənilər niyə o maşını saxladılar, sərhədin pozulmasının qarşısını almadılar?

Və ümumiyyətilə, UAZ nə edə bilərdi ki?! Aydındır ki, bu sarsaq versiyaya heç ermənilərin özləri də inanmayıblar.

Çünki sadəcə, maşını saxlamaq, sərhəd pozanları dayandırmaq olardı.

Ermənistan ordusu isə dərhal toplardan və minaatanlardan atəş açır, Tovuzun Ağdam kəndinə hücuma keçməyə çalışır, aşkar hərbi-siyasi provokasiyaya əl atır.

Sərhəddə Azərbaycan ordusu olmayıb. Sərhədimizi sərhədçilər qoruyur və onların da məqsədi ermənilərin "dayaq məntəqəsini ələ keçirmək" deyil. Göründüyü kimi, ermənilər hər şeyi tərsinə qələmə verirlər. Həmişə olduğu kimi.

Bəli, Azərbaycan ordusu ermənilərə ağır zərbələr endirdi. Lakin bu, cavab zərbələri idi və məqsəd də düşməni ərazimizdən qovmaqdı.

KTMT-nin baş katibi Stanislav Zas ermənilərin yalvarışlarını nəzərə alaraq bu gün təşkilatın fövqalədə və təcili toplantısını çağırıb.

Toplantıda isə yalnız bir məsələ müzakirə olunmalıdır: Ermənistanın aşkar, İrəvan üçün çox ağır nəticələr verə biləcək provokasiyası.

Elçin Alıoğlu
Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.