Siyasət

Prezidentə yazırlar: Bütün dünya koronavirusla üz-üzə qaldığı vaxtda Sizin rəhbərliyinizlə dövlətimizin həyata keçirdiyi tədbirlər Azərbaycan xalqında böyük qürur hissi yaradıb

7 İyul 2020 11:36
Baxış: 1 436

Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubları ünvanlanmaqda davam edir. Respublikamızın bütün guşələrindən vətəndaşlar dövlətimizin başçısının diqqət və qayğısından razılıqlarını ifadə edirlər.

Milli.Az minnətdarlıq məktublarının daha bir neçəsini təqdim edir.

X X X

Hörmətli cənab Prezident.

Mənim ailəm 1992-ci ildə doğma yurd-yuvamız olan Laçın rayonundan məcburi köçkün düşdükdən sonra 28 il Ağcabədi rayonunun "Taxta körpü" adlanan ərazisində şəraiti ağır olan qamış evlərdə yaşamışdır. Mən doğma yurd-yuvamı canlı olaraq görməsəm də valideynlərimin mənə danışdığı təssürrratlar beynimdə dərin iz salmışdır. Məcburi köçkün olaraq həmişə Sizin diqqət və qayğınızın şahidi olmuşam. Bu məktubu ünvanlamaqda məqsədim ailəmizə qarşı göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür etməkdir.

Cənab Prezident, 2019-cu ilin sonunda Ağcabədi rayonunun "Taxta körpü" ərazisində Laçın rayonunun Şeylanlı kəndinin əhalisi üçün salınmış 144 saylı qəsəbədə ailəmiz evlə təmin olunmuşdur. Ailəmizə edilən bu yaxşılığı heç vaxt unutmayacağıq. Göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm. Mən bir Azərbaycan gənci olaraq daim Sizin siyasətinizi dəstəkləyir, Vətənim, dövlətim üçün layiqli gənc olmağa çalışıram. Sizə uzun ömür və cansağlığı arzu edirəm.

Hörmətlə,

Xudayarov Ramil Famil oğlu

Laçın rayonundan məcburi köçkün

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

X X X

Möhtərəm cənab Prezident.

Sizin bu günlərdə rayonumuzun su təchizatının yaxşılaşdırılması məqsədilə 10 ədəd subartezian quyusunun qazılması ilə bağlı verdiyiniz Sərəncam rayonumuzun bütün sakinləri kimi, bizi də ürəkdən sevindirir. Belə quyuların kəndimizdə də qazılacağına hədsiz dərəcədə sevinir və Sizə bütün kənd sakinlərinin minnətdarlığını, dərin hörmət və ehtiramını yetiririk. Ölkəmizin rifahı naminə Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirik.
Talıstan kəndinin sakinləri adından hörmətlə,

Sihət Şirəliyev

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Talıstan kəndi.

X X X

Möhtərəm cənab Prezident.

Bütün dünya, o cümlədən Azərbaycan üçün koronavirus pandemiyasmın yaratdığı problemlər fonunda "Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamınız Sizin kütləvi informasiya vasitələrinə və jurnalistlərə nə qədər böyük önəm verdiyinizin sübutu oldu. Dünyada pandemiya başlayandan hər bir Azərbaycan vətəndaşı - sahibkarlar, muzdlu işçilər, işsizlər, aztəminatlı ailələr Sizin vətəndaşa diqqətinizi hiss etdi, insanlarımızın sağlamlığı naminə dövlətin böyük vəsait ayırdığını gördü. Biz jurnalistlər xüsusi karantin rejimində də Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əməl etməklə fəaliyyətimizi davam etdiririk, ölkə əhalisini dolğun və ən əsası doğru xəbərlərlə təmin etməyə çalışırıq. Bilirik ki, dövlətimizə, onun rəhbərliyinə qarşı məkrini həyata keçirmək üçün pusquda dayanan, bizi sevməyən xarici dairələrdən maliyyələşən qüvvələr var və əsl jurnalistlər meydanı onlara buraxmamalıdırlar.

Cənab Prezident, ölkə olaraq koronavirusla mübarizə apardığımız bir vaxtda milli mətbuatımızın 145 illik yubileyininin qeyd olunması ilə bağlı Sərəncam imzalamağınız jurnalistləri heç vaxt unutmadığınızın, "mənim köməkçilərim" adlandırdığınız bizə daim diqqət göstərdiyinizin isbatıdır. Mən bu diqqətin sevincini həm də xüsusi olaraq yaşamış biriyəm və Sizin Sərəncamınızla "Əməkdar jurnalist" fəxri adı almağında fəxr edirəm.

Hörmətlə,

Məmmədli Mahir Rafət oğlu

Əməkdar jurnalist

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.

X X X

Hörmətli cənab Prezident.

Qarabağ məsələsi bizim ən ağrılı yerimizdir. Beynəlxalq təşkilatlar bu məsələyə qarşı biganəlik nümayiş etdirirlər. Bəzən bizi həmin tribunalardan pisləyib gözdən salmaq istəyirlər. Lakin Siz bu məsələdə Azərbaycanın mövqeyini layiqincə təmsil edirsiniz. İyunun 18-də Şərq tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən sammitindəki çıxışınız bizi sabaha daha da ümidləndirdi. Siz Ermənistanın hökumət başçısını susdurdunuz. O deməyə söz tapmadı. Bu düşmən tərəfin haqsız olduğunu bir daha təsdiqlədi. Ulu Tanrının köməyi və Sizin düşünülmüş siyasətinizlə Qarabağ məsələsinin ədalətli həllini tapacağına inanırıq. Biz daim Sizin siyasətinizi dəstəkləyirik. Əyər müharibə olarsa qadın olmağıma baxmayaraq Sizin əmrinizlə torpaqlarımızın düşmən tapdağından azad olunmasında iştirak etməyə daim hazıram.

Dərin hörmətlə,

Məmmədova Gülbikə Əli qızı

Ağcabədi rayonu Salmanbəyli kənd tam orta məktəbinin müəllimi

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

X X X

Hörmətli cənab Prezident.

İsmayıllı rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Sərəncamınız bütün İsmayıllı sakinləri kimi, Hacıhətəmli kənd sakinlərinin də sevincinə səbəb olmuşdur. Sərəncamınızla uzun illər susuzluqdan əziyyət çəkən Hacıhətəmli kənd sakinləri içməli su ilə təmin olunacaq və kəndin əsas problemlərindən biri həllini tapacaqdır. Bu böyük diqqət və qayğınıza görə Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Müstəqil Azərbaycanımızın tərəqqisi və inkişafı yolunda Sizə yeni uğurlar diləyirik.
İsmayıllı rayonu Hacıhətəmli kənd sakinləri adından dərin hörmət və ehtiramla,

Maqsud Hüseynov

Nazim Ağakişiyev

Əvəz Kərimov

Əlişir Babliyev

Ramil Salmanov və başqaları.

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Hacıhətəmli kəndi.

X X X

Möhtərəm cənab Prezident.

Salyan rayonunun Şorsulu kəndinin sakinləri Sizin göstərişlərinizlə rayonumuzda görülən böyük quruculuq işlərini, iqtisadi həyatımızın yaxşılaşması üçün həyata keçirilən tədbirləri, mədəni həyatımızın yüksəlməsi üçün verilən Sərəncam və Fərmanlarınızı böyük ruh yüksəkliyi ilə qarşılayırlar. Koronavirusla əlaqədar gördüyünüz qabaqlayıcı tədbirlər böyük alqışa layiqdir. Pandemiya dövründə təqaüdlərimizi, sosial yardımları, 190 manat məbləğində birdəfəlik ödəməni vaxtında ala bildik.

Pandemiya dövründə xalqımızın indiyədək az itki verməsi, həmçinin əvvəlki illərdə təbii fəlakətlər zamanı çətinə düşmüş insanlara böyük kömək göstərilməsi onu deməyə əsas verir ki, Siz Azərbaycan xalqının xilaskarısınız. Taleyimizin etibarlı əllərdə olmasından mənəvi rahatlıq tapırıq. Allah Sizə və ailənizə hər zaman firavan həyat qismət eləsin.

Kənd sakinləri adından dərin hörmətlə,

İbrahimov Akif Hüseynqulu oğlu

Abdullayev Rəis Musa oğlu

Şükürov Nizami Allahşükür oğlu

Cavadov Şahmar Əfsərağa oğlu

Hüseynzadə Emin İlqar oğlu

Sadıqzadə Yusif Natiq oğlu və başqaları.

Azərbaycan Respublikası, Salyan rayonu, Şorsulu kəndi.

X X X

Çox hörmətli cənab Prezident.

Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Gəncəyə hər səfəri şəhərimizin gündən-günə inkişaf etməsinə, çiçəklənməsinə, gözəlləşməsinə xidmət edir. Sizin diqqət və qayğınız sayəsində Gəncə bu gün sənaye mərkəzinə çevrilir, yeni layihələr həyata keçirilir. Vətəndaşların maddi rifahının yaxşılaşdırılması, onların sağlamlığının qorunması istiqamətində atılan addımların bariz nümunəsi kimi yeni tikilən müəssisələri, açılan iş yerlərini, inşa edilən müasir tipli xəstəxanaları, universitet binalarını, tələbə yataqxanalarını, məktəb və baxçaları xüsusi qeyd etmək lazımdır. Sizin hər səfərinizdə verdiyiniz tapşırıqlar, rəhbərliyinizlə həyata keçirilən böyük layihələr qədim Gəncənin daha da yaraşıqlı və müasir bir şəhər olması üçün vacibdir. Sizin Gəncənin inkişafı üçün ayırdığınız böyük maliyyə vəsaitləri şəhərimiz üçün tarixi qərardır. Bu gün bütün dünyada COVID-19 pandemiyasının tuğyan etdiyi bir vaxtda zamanında qəbul etdiyiniz məqsədyönlü qərarlar sayəsində Azərbaycan bu ağır xəstəlik qarşısındə acız qalmır. Yeni tikilən xəstəxanalar, yeni qurulan tibb ocaqları vətəndaşların sağlamlığının qorunması istiqamətində əməli işlər görür.

Cənab Prezident, Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Allahdan möhkəm cansağlığı arzu edirəm. Ümid edirəm ki, Sizin uzaqgörənliyiniz və böyük təcrübəniz sayəsində xalqımız bütün çətinlikləri arxada qoyacaq. Bir ziyalı kimi Sizə dərin minnətdarlığımı bildirirəm.

Dərin hörmətlə,

Mehman Rzayev

Azərbaycan Respublikası, Gəncə şəhəri.

X X X

Möhtərəm cənab Prezident.

Bütün dünya koronavirusla üz-üzə qaldığı vaxtda Sizin rəhbərliyinizlə dövlətimizin həyata keçirdiyi tədbirlər Azərbaycan xalqında böyük qürur hissi yaradıb. Bəşəriyyəti bürüyən bu bəladan qorunmaq üçün xalqa etdiyiniz müraciətlər, qisa müddət ərzində çox sayda lobaratoriyaların, modul tipli xəstəxanaların istifadəyə verilməsi, tibbi maska istehsal edən müəssisənin açılışı, sosial paketlərin həyata keçirilməsi sübut etdi ki, ölkəmizdə bütün lazımi addımlar yüksək səviyyədə atılır. Koronavirus pandemiyası ilə əlaqədar həyata keçirdiyiniz bütün bu qabaqlayıcı tədbirlər xalqımıza olan məhəbbət və sevginizin təzahürüdür. İndiki ağır günlərdə daim xalqımızı düşündüyünüz, ona dəstək olduğunuz və qayğısına qaldığınız üçün Sizə dərin minnətdarlığımı bildirirəm. İnanırıq ki, tezliklə bu çətin günlər arxada qalacaq, xalqımız bu bəladan xilas olacaq və ölkəmizdə həyat yenidən əvvəlki axarına düşəcəkdir.

Hörmətlə,

Əsədov Turan Nəsir oğlu

Azərbaycan Respublikası, Zaqatala şəhəri.

X X X

Hörmətli cənab Prezident.

Sizin kənd təsərrüfatına göstərdiyiniz diqqət və qayğı, xüsusilə də pandemiya dövründə verdiyiniz Sərəncamlar əhalinin məşğulluğunun daha da artması üçün böyük perspektiv vəd edir. Biləsuvar aqrar rayon olduğu üçün buranın əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı verdiyiniz Sərəncamlar rayon sakinlərinin əməyə və zəhmətə həvəsini daha da artırır. Uzun illərdir ki, rayonumuzda su çatışmazlığı ucbatından yaranan bir çox çətinliklər əlimizi işdən soyutmuşdu. Bir müddət bundan əvvəl rayonumuzun bir neçə kəndinin, son Sərəncamınızla isə Çinarlı kəndinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə vəsaitin ayrılması biz biləsuvarlilari çox sevindirdi.

Göstərilən qayğıya görə bütün biləsuvarlılar adından Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Nəbili Bəhruz Ağahüseyn oğlu

Azərbaycan Respublikası, Biləsuvar rayonu, Günəşli kəndi.

X X X

Hörmətli cənab Prezident.

Siz Azərbaycanda COVID-19 infeksiyasının qarşısının alınması istiqamətində böyük işlər görürsünüz. Bu ağır şəraitdə pandemiyaya qarşı mübarizə ilə əlaqədar gördüyünüz tədbirlər, səhiyyə sistemimizin günün tələblərinə uyğunlaşdırılması, əhalinin sosial rifah halının qorunması istiqamətində atdığınız addımlar, insanlarımıza verdiyiniz dəyər xalq tərəfindən alqışlanır.
Cənab Prezident, bizə verdiyiniz dəyərin ölçüsü yoxdur. Mən ailə üzvlərimizlə birlikdə vətəndaşlarımıza göstərdiyiniz bu diqqət və qayğıya görə Sizə dərin təşəkkürümü bildirirəm. İnanırıq ki, yaşadığımız bu mürəkkəb dövr tez bir zamanda sona çatacaq, Sizin rəhbərliyinizlə Azərbaycan daha da inkişaf edəcək. Azərbaycanın işıqlı gələcəyi ulu öndər Heydər Əliyevin layiqli davamçısı kimi Sizin həyata keçirdiyiniz uzaqgörən siyasətlə bağlıdır. Sizə bu çətin və şərəfli yolda daimi uğurlar arzu edirik. Biz şirvanlıların xeyir-duası həmişə Sizinlədir. Allah Sizi qorusun.

Hörmətlə,

Səfərov Rafiq Yunis oğlu

Azərbaycan Respublikası, Şirvan şəhəri.

X X X

Möhtərəm cənab Prezident.

Siz cəmiyyətimizi və dövlətimizi vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmurlardan qorumaq, qeyri-qanuni hərəkətlərə yol vermiş şəxsləri ifşa etmək və onları cəzalandırmaq üçün əlinizdən gələni edir, bununla bağlı göstərişlər verirsiniz. Sizin bu cür obyektiv, ədalətli olmağınız biz sadə vətəndaşların Sizə olan məhəbbətini, inam və etibarını daha da artırır.

Buna görə Sizə təşəkkür edir, "çox sağ olun" deyirik. Xalqımızın xoşbəxtliyi, Vətənimizin bütövlüyü və inkişafı naminə böyük Yaradan Sizə hər zaman yar olsun.

Dərin hörmət və ehtiramla,

Bəylərov Orxan Qənimət oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu

X X X

Möhtərəm cənab Prezident.

Siz çıxışlarınızda bildirirsiniz ki, məmurlar xalqın xidmətçisidir və xalqa xidmət etməlidirlər. Biz bu gün bu sözlərin, məmurlar qarşısında qoyduğunuz tapşırıqların real nəticələrini görürük. Saatlı rayonunda da Sizin dəyərli sözlərinizin təsiri hiss olunmaqdadır. Belə ki, rayonumuzda su qıtlığının aradan qaldırılması, təsərrüfatların suvarma suyu ilə təminatı üçün lazımi işlər görülür. Bunun üçün böyük işçi qüvvəsi, texnika cəlb edilmişdir.

Cənab Prezident, kənd təsərrüfatının inkişafına, fermerləri narahat edən məsələlərin həllinə bu cür səy göstərdiyinizə görə Sizə minnətdarıq. Əhaliyə olan xoş münasibət Sizin çıxışlarınızdan, tapşırıqlarınızdan qaynaqlanır. Allah işlərinizi avand eləsin.

Əliabad kənd sakinləri adından dərin hörmətlə,

İsmayıl Əliyev

Bahadur Mirzəyev

Əliabbas Namazov

N.Əliyev

X.Niyazov və başqaları.

Azərbaycan Respublikası, Saatlı rayonu, Əliabad kəndi.

X X X

Möhtərəm cənab Prezident.

İnsanların bu öldürücü virusla üz-üzə qaldığı bir vaxtda Siz öz vətəndaşlarınızın yanında olduğunuzu bir daha göstərdiniz. Sizin təşəbbüsünüzlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və Siz bir illik əməkhaqqınızı həmin fonda köçürdünüz. Həmçinin, Siz xəstəliyin geniş yayılmaması üçün xalqa müraciət edərək, bu çətin günlərdə hamını bir olmağa, karantin qaydalarına əməl etməyə çağırdınız. Sizin hər kəsə göstərdiyiniz diqqət və qayğı biz vətəndaşları ürəkləndirir və Sizin hər bir vətəndaşın Prezidenti olduğunuzu bir daha sübut edir. Sizin bu cür obyektiv, ədalətli olmağınız biz sadə vətəndaşların Sizə olan məhəbbətini, inam və etibarını daha da artırır. Buna görə Sizə təşəkkür edir, "çox sağ olun" deyirik. Xalqımızın xoşbəxtliyi, Vətənimizin bütövlüyü və inkişafı naminə böyük Yaradan Sizə hər zaman yar olsun.

Hörmətlə,

Kamal Mənsimov

Azərbaycan Respublikası, Bakı şəhəri.

X X X

Möhtərəm cənab Prezident.

Koronavirus pandemiyası ilə əlaqədar karantin rejiminin tətbiq edilməsi, "Biz birlikdə güclüyük!" çağırışınız, aztəminatlı ailələrə və şəhid ailələrinə göstərdiyiniz maddi və mənəvi yardımlar, sosial yardıma ehtiyacı olan insanlara verilən birdəfəlik ödənişin 600 min nəfərə şamil edilməsi, ən nəhayət, insan amilinə verdiyiniz yüksək dəyər Azərbaycan xalqını bir daha əmin etdi ki, onun Sizin kimi müdrik Prezidenti və qətiyyətli Ali Baş Komandanı var.

Pandemiya ilə mübarizə sahəsində həkimlərimizin də rolunu qeyd etmək istəyirəm. Akademik Zərifə xanım Əliyeva vaxtilə demişdir: "Həkim insanlara günəş qədər lazımdır". Biz bu gün bu sözlərin nə qədər dəyərli olduğunun bir daha şahidiyik. Həkimlərimiz də çox sağ olsunlar ki, böyük ruh yüksəkliyi ilə çalışırlar.

Əziz Prezidentimiz, bu çətin vaxtda sosial layihələrin icrasının dayandırılmaması biz vətəndaşları sevindirir. Kəndimizdə 180 yerlik ən müasir tələblərə cavab verən məktəb tikilmişdir. Bu da Sizin Azərbaycan təhsilinə verdiyiniz qiymətin təzahürüdür. Bundan əlavə kəndimizdə yeni internet və telekommunikasiya xətləri çəkilmiş və əhalinin istifadəsinə verilmişdir. İnternetlə dünyaya çıxış gənc nəslin elminin və dünyagörüşünün inkişafında mühüm rol oynayır. Bütün bu göstərdiyiniz diqqət və qayğıya görə kəndimizin sakinləri adından Sizə təşəkkür edir və siyasətinizi daim dəstəklədiyimizi bildiririk.

Dərin hörmətlə,

Quliyev Samit Mirzə oğlu

Seyidov Həbib Kamil oğlu

Əliyev Yusif Zəbulla oğlu

Abdullayev Məryəm Əlihəsən oğlu

Cəfərov Alim Məhəmməd oğlu və başqaları.

Azərbaycan Respublikası, Salyan rayonu, Ərəbqardaşbəyli kəndi.

X X X

Çox dəyərli və hörmətli Prezidentim.

Dönüb keçmişə nəzər salanda, Azərbaycanımızın nə qədər inkişaf etdiyini, necə gözəlləşdiyini görəndə insanın ürəyi fəxr hissi ilə dolur. Bu inkişafın, xüsusilə Sizin prezidentlik dövrünüzdə baş verməsi danılmaz faktdır. Ölkəmizə rəhbərlik etdiyiniz dövrdən bu günə qədər bütün çətinliklərin öhdəsindən əzmlə gələrək uğurlar əldə etmiş, Vətənimizin dünyanın inkişaf etmiş ölkələri arasında layiqli yer tutmasına nail olmusunuz. Bu gün, COVID-19 pandemiyasının bütün dünyada kütləvi insan tələfatına səbəb olduğu zamanda, Sizin tərəfinizdən və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Azərbaycanın bu bəladan qorunması üçün zamanında və operativ tədbirlər görməyiniz, aztəminatlı ailələrə humanitar, maddi yardımlar ayırmağınız, sahibkarlara dəstəyiniz göz önündədir. Təbii ki, mən də bir vətəndaş olaraq bunları görürəm və qiymətləndirməyə bilmərəm. Sizə və Mehriban xanıma dərin təşəkkürümü bildirirəm. Sağ olun, cənab Prezident.

Hörmətlə,

Əsgərova Mehriban Yaqub qızı

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi.

X X X

Hörmətli cənab Prezident.

Sizin aqrar sahəyə ayırdığınız diqqət, göstərdiyiniz qayğı kəndlilərin torpağa, əkin-biçinə marağını daha da artırmışdır. Məlum olduğu kimi, hazırda ölkəmizdə suvarma suyu ilə bağlı çətinliklər vardır. Bu çətinliklərin aradan qaldırılması üçün Sizin mütəmadi olaraq Sərəncamlar imzalamağınız, lazımi göstərişlər verməyiniz məsələnin həllində əvəzsiz rol oynayır. Həm yeni suvarma kanalları çəkilir, həm də respublikamızın müxtəlif bölgələrində subartezian quyuları qazılaraq istifadəyə verilir.

Bizim Kiçik Dəhnə kəndində son bir ayda 2 yeni subartezian quyusu yerli sakinlərin sərəncamına verilmişdir. Həmçinin, bir subartezian quyusu təmir olunmuş və yararlı vəziyyətə gətirilmişdir.

Əziz Prezidentimiz, kəndlilərin Sizə minnətdarlığı və alqışı sonsuzdur. İndi növbəti əkin işlərinə həvəsimiz daha da çoxalıb. Çalışacağıq ki, tarlalardan bol məhsul götürək, öz işimizlə göstərilən diqqətin qarşılığını verək. Allah işlərinizi avand eləsin.

Hörmətlə,

Haqverdiyev Nüsrət

Azərbaycan Respublikası, Şəki rayonu, Kiçik Dəhnə kəndi.

X X X

Çox hörmətli cənab Prezident.

Bütün dünyanın COVID-19 pandemiyası ilə mübarizə apardığı bu çətin dövrdə verdiyiniz doğru qərarlar və apardığınız uzaqgörən siyasət bizi bu gözəgörünməz düşmənin daha böyük təsirlərindən qorumaqdadır. Bu gün dünya dəhşətli pandemiya ilə mübarizə aparır. Dünyada hər gün minlərlə insan həlak olur. Lakin biz Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmizin pandemiya ilə mübarizədən alnıaçıq çıxacağına ümidliyik. Yüksək təhlükəsizlik tədbirləri, xüsusi karantin rejiminin tətbiqi və vaxtında verdiyiniz digər bu kimi qərarlar təqdirəlayiqdir.

Hörmətli cənab Prezident, xalqımızın sağlamlığı və xoşbəxtliyi üçün göstərdiyiniz xidmətlərə görə Sizə dərin təşəkkürümü bildirir, Sizə və ailənizə, əzizlərinizə xoşbəxtlik, cansağlığı, yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

İsmayılov Cavid Arif oğlu

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Yeni Qaradolaq kəndi.

X X X

Möhtərəm cənab Prezident.

İsmayıllı rayonunun 7 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun qazılması məqsədi ilə imzaladığınız 2020-ci il 1 iyul tarixli Sərəncam İsmayıllı sakinlərini ürəkdən sevindirir. Qazılması nəzərdə tutulan subartezian quyularından 2-si İsmayıllı şəhərinin payına düşür. Bu subartezian quyuları söz yox ki, şəhər əhalisinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasında və içməli suya olan tələbatının ödənilməsində böyük rol oynayacaqdır.

Cənab Prezident, İsmayıllıya və onun sakinlərinə göstərdiyiniz diqqət və qayğıya görə şəhər ziyalıları, ağsaqqalları və bütün sakinlərimiz adından Sizə dərin təşəkkürümüzü bildirir, gələcək fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Heç şübhəsiz ki, Sizin rəhbərliyinizlə ölkəmiz inkişafın ən yüksək mərhələsinə çatacaq və Azərbaycan xalqı daha xoşbəxt gələcəyə qovuşacaqdır.

Dərin hörmət və ehtiramla,

Muradəliyev Vüqar Sovetxan oğlu

Azərbaycan Respublikası, İsmayıllı şəhəri.

X X X

Hörmətli cənab Prezident.

Əvvəla Sizi səmimi qəlbdən salamlayıram. Hazırda koronavirus pandemiyası dünya ölkələrini təşvişə salaraq, iqtisadi böhran yaratmaqdadır. Təəssüflər olsun ki, bu virus ölkəmizdən də yan keçmədi. Bu gün ölkəmizdə də bir çox insan bu virusun təsirindən əziyyət çəkməkdədir. Lakin danılmaz faktdır ki, məhz Sizin uzaqgörən, qabaqlayıcı tədbirləriniz və səyləriniz sayəsində Azərbaycanda digər ölkələrlə müqayisədə bu virusa yoluxanların sayı azlıq təşkil etməkdədir. Pandemiya ölkəmizdə yayılmağa başlayandan virusa yoluxan xəstələr üçün müasir standartlara cavab verən xüsusi xəstəxanaların istifadəyə verilməsi, xalqımızın maddi rifahı üçün sosial tədbirlərin həyata keçirilməsi Sizin uzaqgörən siyasətnizin nəticəsidir.

Cənab Prezident, bütün bu işlərinizlə xalqımızın yanında olduğunuzu bir daha göstərdiniz. Bundan dolayı Sizə dərin təşəkkürümüzü bildirir və Allahdan Sizə cansağlığı arzulayırıq.

Hörmətlə,

Məmmədov Kamran Zakir oğlu

Vahabov Səməd Abdurrəhman oğlu

Azərbaycan Respublikası, Zaqatala rayonu, Əliabad qəsəbəsi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.