Siyasət

"Sosial şəbəkələrdə yayılan məlumatların filtrlənməsi, doğruluğuna nəzarət edilməsi çox mühüm bir məsələdir"

3 İyun 2020 13:21
Baxış: 907

Sosial şəbəkələrdə terrora, zorakılığa, xüsusilə, iğtişaşlara, inqilbalara gətirən müəyyən məlumatlar yayılır. Bu məlumatlar isə təbii ki, hər bir dövlətin milli təhlükəsizliyi üçün xüsusi olaraq təhdid kimi qəbul olunur.

Bunu Milli.Az-a Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov ABŞ Prezidenti Donald Trampın sosial şəbəkələrin fəaliyyətini tənzimləməyə kömək etmək və onların məsuliyyətdən müdafiə hüququnu ləğv etmək məqsədilə imzaladığı fərmanla bağlı danışarkən deyib.

"Son dövrlər sosial şəbəkələr və burada yayılan məlumatlar daxili və xarici siyasətə, dövlətlərarası münasibətlərə, eyni zamanda, qlobal siyasətə də təsir göstərir. Sosial şəbəkələrdə yayılan informasiyanın tezliyi, əlçatanlığı ona gətirib çıxarır ki, sürətlənən həyatımızda artıq fenomenə çevrilir. Burada terrora, zorakılığa, xüsusilə, iğtişaşlara, inqlibalara gətirən müəyyən məlumatlarrın yayılması hər bir dövlətin milli təhlükəsizliyi üçün xüsusi olaraq təhdid kimi qəbul olunur.

Sosial şəbəkələrin və burada yayılan yalan məlumatların dövlətlərin və onların idarəetmələrinə təsir gücünü nəzərə alaraq deyə bilərik ki, burada yayılan məlumatların nəzarət olunmasına ehtiyac var.

Bu baxımdan ABŞ prezidenti Donald Trampın sosial şəbəkələrlə bağlı fərman imzalaması və sosial şəbəkələrin istifadəçilərinə tətbiq olunan nəzarətin onların rəhbərliklərinin üzərinə yönləndirməsi bu deməkdir ki, artıq sosial şəbəkə rəhbərlikləri orada yayılan məlumatların doğruluğuna görə məsuliyyət daşıyacaq. Bu yeni bir haldır və bu vaxta qədər sosial şəbəkə rəhbərlikləri bu barədə hər hansı bir məsuliyyət daşımırdı".

O, bildirib ki, xüsusilə, ABŞ-da Tvitterin təsir gücü çox yüksəkdir və burada yayılan məlumatlar sayəsində müəyyən qərarlar belə qəbul olunur.

"Donald Tramp özü çox fəal şəkildə Tvitter istifadəçisidir. Onun bir tviti regional münaqişələrə, onların qarşısının alınmasına və ya alovlanmasına, nefin qiymətinə təsir göstərir. Bununla bağlı olaraq Trampın qəbul etdiyi fərmanda 230-cu maddədə olan düzəliş bunu göstərir ki, ABŞ artıq sosial şəbəkələrin təsirini qəbul edir və bununla barışmalı olur.

Politoloqun fikrincə, ABŞ-da qəbul olunan bu fərman digər dövlətlərə də təsir göstərəcək: "Bu qərarın digər dövlətlərə təsirsiz ötüşməyəcəyini düşünürəm. Mütərəqqi dövlətlər bu dəyişikliyi özlərində də tətbiq etmək üçün can atacaqlar. Müvafiq normativ hüquqi aktlarda da dəyişikliklərin olması nəzərdən keçirilə bilər.

Sosial şəbəkələrdə yayılan məlumatların filtrlənməsi, onların doğruluğuna və mötəbərliyinə nəzarət olunması çox mühüm bir məsələdir. Azərbaycanda da bu məsələ daim diqqət mərkəzindədir.

Qeyd etmək lazımdır ki, Azərbaycanda bütün hüquq və azadlıqlar qorunur. İfadə azadlığı, söz azadlığı, mətbuat azadlığı və buna görə də Azərbaycanda bu məlumatların doğruğuna nəzarəti müəyyən mənada həyata keçirmək də tələb olunur.

Bəzən biz görürük ki, sosial şəbəkələrdə doğru olmayan məlumatlar yayılır və bu məlumatlara müəyyən kütlə inanır, təsiri altına düşür. Buna görə də, bu məlumatların doğruluğu şübhə altına alınırsa bununla bağlı müəyyən ölçü də götürülə bilər, qanunvericilik çərçivəsində tənzimləmək də mümkündür".

Bəxtiyar Umarlı
Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.