Siyasət

"Azərbaycan hakimiyyəti xarici siyasəti sayəsində əlindən gələni edəcək ki, buna nail olsun"

30 May 2020 12:05
Baxış: 986

"Bizim məcburi köçkünlərimizə hakimiyyət, dövlət başçımız çox mühüm diqqət yetirir".

Bunu Milli.Az-a açıqlamasında politoloq Fikrət Sadıxov Prezident İlham Əliyevin məcburi köçkünlər üçün salınmış "Qobu Park-3" yaşayış kompleksinin açılışında iştirakını şərh edərkən deyib.

O, burada Prezidentin dünyaya və ermənilərə verdiyi çox mühüm bir mesajı xatırladıb:

"Artıq məcburi köçkünlər çox komfort şəraitli mənzillərdə yaşayır, binalar tikilir, maşınlar paylanılır, digər şaraitlər yaradılır. Burada mənim diqqətimi cəlb edən Prezidentimizin Ermənistan Azərbaycan münasibətlərinə toxunaraq dediyi "İrəvan qədim Azərbaycan torpağıdır. İrəvan xanlığında azərbaycanlılar yaşayıb və İrəvan şəhəri vaxtilə Ermənistana hədiyyə olunan Azərbaycan şəhəridir" ifadələri çox mühüm bir mesaj idi. Çünki ermənilər uzun illərdir Naxçıvanı qədim erməni torpağı hesab edir və indiyə qədər bir sıra məqalələrində, kitablarında əks etdirirlər".

Politoloq Prezident İlham Əliyevin qeyd etdiyi kimi Dağlıq Qarabağ probleminin mərhələli həll variantını ən optimal variant hesab edib:

"Digər tərəfdən Prezident çox düzgün qeyd etdi ki, Dağlıq Qarabağ məsələsinə gəldikdə, bu məsələnin həllində biz daha da prinsipial olmalıyıq. Danışıqlar prosesi çərçivəsində mərhələli həll variantı yeganə variantdır ki, bunun ətrafında danışıqlar gedə bilər. Başqa bir plan ola bilməz. Çünki biz ilk növbədə öz torpaqlarımızı azad etməliyik. Məcburi köçkünlər o torpaqlara qayıtmalıdırlar və bu, bizim bir nömrəli vəzifəmizdir. Azərbaycan hakimiyyəti xarici siyasəti sayəsində əlindən gələni edəcək ki, buna nail olsun. Bu, çox mühüm məqamlardır və bu məqama Prezident İlham Əliyevin belə diqqət yetirməsi Azərbaycanın maraqlarına tam cavab verən bir prosesdir".

Təhməz Təkin
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.