Siyasət

2020-ci ilə inkişafla başladıq

14 Yanvar 2020 11:07
Baxış: 2 020

Bütövlükdə 2019-cu il ölkəmiz üçün uğurlu il oldu. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edildi, ölkəmizin dayanıqlı inkişafı təmin olundu. Beləliklə, həm siyasi, həm iqtisadi, həm də sosial sahələrdə böyük uğurlar əldə edildt. Azərbaycan sabitlik şəraitində yaşadı. Sabitlik hər bir ölkənin inkişafı üçün əsas şərtdir.

Prezident İlham Əliyev dünən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə belə dedi.

Prezident əlavə edib: - Biz il ərzində müxtəlif yerlərdə gərginliyin artmasını görürdük. Qanlı toqquşmalar, müharibələr, kütləvi etiraz aksiyaları, polis zorakılığı, insan haqlarının kobudcasına pozulması, demokratik dəyərlərin tapdalanması - bütün bunlar dünyanın demək olar ki, bütün yerlərində müşahidə olunurdu. Avropada, Asiyada, Latın Amerikasında, postsovet məkanında, bizim bölgəmizdə, Yaxın Şərqdə, dünyada gərginlik artır. Azərbaycan isə sabitlik məkanı kimi inkişaf edir. Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Azərbaycan xalqının iradəsi Azərbaycanda sabitliyin əsas təminatçısıdır.

"Xalq tərəfindən bizə göstərilən dəstək, bizim siyasətimizə verilən yüksək qiymət həm bizi daha da ruhlandırır və eyni zamanda, ölkəmizdə siyasi və iqtisadi sahələrdə sabitliyi təmin edir. Sabitlik pozulanda ölkələrdə böhran, xaotik proseslər baş verir, ölkələr böyük zərər görürlər. Biz bunu 1990-cı illərin əvvəllərində öz tariximizdə görmüşük. Azərbaycanda sabitlik pozulmuşdu, ölkə böhran içində idi, bizim böyük itkilərimiz olmuşdur. Amma artıq 26 ildir ki, Azərbaycan sabitlik şəraitində yaşayır və bu illər ərzində ölkəmiz çox böyük inkişaf yolu keçmişdir. Deyə bilərəm ki, ölkəmiz əsrə bərabər inkişaf yolu keçmişdir və bu gün Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır", - dövlət başçısı dedi.

İlham Əliyev vurğuayıb ki, keçən il bizim beynəlxalq mövqelərimiz daha da möhkəmləndi: - Azərbaycanda bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Bu təbirlər ölkəmizin dünyadakı mövqeyini həm əks etdirir, həm də möhkəmləndirir. Azərbaycan dünya müstəvisində çox etibarlı tərəfdaş kimi tanınır və bizim beynəlxalq gücümüz də ildən-ilə artır. İl ərzində ölkəmizə 40-dan çox dövlət və hökumət başçısı səfər etmişdir, həm ikitərəfli formatda, həm də beynəlxalq tədbirlərdə iştirak üçün. Eyni zamanda, bizim qonşu dövlətlərin dövlət və hökumət başçıları ilə çoxsaylı görüşlərim olubdur və bu görüşlər çox önəmlidir. Çünki qonşularla münasibətlərin qurulması hər bir ölkə üçün prioritet olmalıdır. Azərbaycanın öz qonşuları ilə çox möhkəm və qarşılıqlı maraqlar əsasında formalaşmış əlaqələri mövcuddur. Bu əlaqələr keçən il daha da möhkəmləndi. Eyni zamanda, keçən il Azərbaycana Avropa İttifaqı Şurasının prezidentinin səfəri Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələri də əks etdirir.

Ölkəmizdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü keçirilib və Azərbaycan bu təşkilata sədrliyi öz üzərinə götürüb. Eyni zamanda, ölkəmizdə Qoşulmama Hərəkatının Zirvə Görüşü keçirilib. Bu Zirvə Görüşü çərçivəsində 120 üzv ölkənin yekdil qərarı ilə Azərbaycan BMT-dən sonra bu ikinci böyük beynəlxalq təsisata sədrliyi öz üzərinə götürüb. Çünki Qoşulmama Hərəkatında birləşən bəzi ölkələr, belə demək mümkündürsə, bir-biri ilə yola getmirlər, ölkələr arasında münaqişələr, ixtilaflar var. Buna baxmayaraq, bütün ölkələr Azərbaycanın namizədliyini dəstəklədi. Bu, bir daha onu göstərir ki, beynəlxalq arenada bizə olan hörmət və etimad yüksək səviyyədədir.

Dünya dini liderlərinin II Zirvə Görüşü ölkəmizdə keçirilib. Azərbaycana 70 ölkənin dini liderləri gəlmiş, bizim reallıqlarımızla tanış olmuş və ölkəmizdə dinlərarası, mədəniyyətlərarası istiqamətdə görülmüş işlərə yüksək qiymət vermişlər.

Azərbaycanda UNESKO-nun Dünya İrs Komitəsinin sessiyası keçirilib. Bu da dünya miqyasında çox mötəbər tədbirdir. Bu sessiya çərçivəsində Şəki Xan Sarayı, Şəkinin mərkəzi hissəsi UNESKO-nun Dünya İrs Siyahısına daxil edilib. Hesab edirəm ki, bu, çox böyük hadisədir. Çünki bu günə qədər Qobustan və İçərişəhər, Şirvanşahlar sarayı bu mötəbər siyahıya daxil edilib. Hesab edirəm ki, Şəki Xan Sarayının bu siyahıda olması həm ədalətlidir, həm də bizim növbəti böyük uğurumuzdur.

Bizim hərbi potensialımız da möhkəmləndi. Keçən il bir çox silahlar, sursatlar, hərbi texnika alınmışdır və Azərbaycanda istehsal olunub. Təsadüfi deyil ki, Azərbaycan Ordusu hərbi potensialına, maddi-texniki təchizatına və döyüş qabiliyyətinə görə dünyada 52-ci yerdədir. Keçən il əldə edilmiş nəticələr, o cümlədən hərbi şəhərciklərin tikilməsi, təmiri, yeni müasir texnika ilə təchizat məsələlərinin həlli bizim hərbi gücümüzü daha da artırıb.

Keçən il iqtisadi sahədə böyük müsbət nəticələr əldə edilib. Bu nəticələr göstərir ki, bizim siyasətimiz düşünülmüş siyasətdir. Hesab edirəm ki, Azərbaycan 2019-cu ildə iqtisadi sahədə qarşıda duran bütün vəzifələri uğurla icra edib. Təkcə rəqəmlərə baxanda demək kifayətdir ki, 2019-cu il iqtisadi inkişaf baxımından ölkəmiz üçün uğurlu olub. Dünya Bankı Azərbaycanı 20 ən islahatçı ölkə siyahısına salıb, bu, böyük nailiyyətdir. Bu, onu göstərir ki, ölkəmizdə aparılan köklü islahatlar aparıcı beynəlxalq qurumlar tərəfindən də təqdirlə qəbul edilir. Deyə bilərəm ki, bütövlükdə 2019-cu il dərin islahatlar ili olub - həm siyasi, iqtisadi, sosial sahələrdə, həm də kadr və struktur islahatları sahələrində. Bu islahatlar inkişafımızın bundan sonra daha da uğurlu olacağına imkan verəcək, o cümlədən iqtisadi artım daha da böyük rəqəmlərlə ölçüləcək.

Kənd təsərrüfatı təxminən 7 faiz artıb. Xüsusilə bitkiçilikdə bu artım daha böyük olub - 10 faizdən çox. Bu da görülmüş işlərin nəticəsidir. İnflyasiya cəmi 2,6 faiz, əhalinin pul gəlirləri isə 7,4 faiz olmuşdur. Yəni, bu, onu göstərir ki, əhalinin pul gəlirləri inflyasiyanı üstələyib. Beləliklə, əhalinin real gəlirləri artıb. Hesab edirəm ki, bu, hər bir ölkə üçün əsas məsələlərdən biridir. Bizim qeyri-neft ixracımız 14 faiz artıb. Bu da çox yaxşı nəticədir. Son illərdə özəl sektorun fəaliyyətinə göstərilən diqqət, güzəştli kreditlərin verilməsi, subsidiyalarla bağlı aparılan islahatlar və digər tədbirlər bu artımı şərtləndirdi.

Valyuta ehtiyatlarımız isə 6,4 milyard dollar artıb və rekord həddə - 51 milyard dollara çatıb. Bildirməliyəm ki, adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan MDB məkanında birinci yerdədir. Xarici ticarət dövriyyəsinin müsbət saldosu isə 6 milyard dollar təşkil edir və bu, çox gözəl göstəricidir. Deyə bilərəm ki, dünya ölkələrinin mütləq əksəriyyətində xarici ticarət dövriyyəsində mənfi saldo müşahidə olunur, bizdə isə müsbət saldodur. Bu, sözsüz, həm manatın məzənnəsinin sabit vəziyyətdə saxlanmasına, həm də bütövlükdə makroiqtisadi vəziyyətin sabit olmasına xidmət göstərəcək. Beləliklə, iqtisadi sahədə əldə edilmiş nəticələr və rəqəmlər artıq bir daha təsdiqləyir ki, bizim siyasətimiz düşünülmüş və nəticəyə hesablanmış siyasətdir.

Vergi və gömrük orqanlarında aparılmış islahatlar nəticəsində xəzinəyə plandan əlavə 1 milyard manat vəsait daxil edilib. Bu, öz növbəsində imkan verdi ki, biz çox geniş sosial paketi əhaliyə təqdim edək və bunu etdik. Hesab edirəm ki, həm müasir Azərbaycanın tarixində, həm də MDB məkanında bu dərəcədə böyük sosial paket bu günə qədər reallaşmamışdı. Bu, bizim bu sahədə birinci təşəbbüsümüz deyil. Yaxşı xatırlayırıq ki, sovet vaxtından qalmış və bir növ dondurulmuş əmanətlərin qaytarılmasında da biz bu əmanətləri vətəndaşlar üçün ən məqbul prinsip əsasında, ən məqbul əmsalla qaytardıq və bu sahədə də MDB məkanında birinci olduq. Ötən il həyata keçirilən sosial paket 4,2 milyon insanı əhatə etdi və vətəndaşların maddi vəziyyəti yaxşılaşdı. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz, bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 2 dəfə artırılıb. Bir sözlə, keçən il aparılmış islahatlar nəticəsində biz əldə edilmiş əlavə gəlirləri, ilk növbədə, məhz sosial sahəyə yönəltdik. Sosial sahədə gedən müsbət proseslər və vətəndaşların rifah halının yaxşılaşdırılması bizim üçün prioritet məsələ olaraq qalır.

Əlbəttə, uğurlu iqtisadi siyasət nəticəsində sosial infrastrukturla bağlı böyük işlər görülüb, 60 tibb müəssisəsi, 84 məktəb tikilmiş və təmir edilib. Məktəblərdən 50-si modul tiplidir. Bu məktəblər kiçik və ucqar kəndlərdə inşa edilib. Bu, onu göstərir ki, ölkəmizin hər bir yerində gedən proseslər ümumi inkişafımızın potensialından bəhrələnir.

İnfrastruktur layihələri icra edildi, elektrik enerjisi sahəsində "Şimal-2" elektrik stansiyası istismara verildi. Bu stansiyanın istehsal gücü 400 meqavatdır. Bununla paralel olaraq Mingəçevir İstilik Elektrik Stansiyasında və digər mövcud stansiyalarda aparılmış təmir-bərpa işləri nəticəsində biz təxminən 400 meqavat itirilmiş generasiya gücünü bərpa etdik. Beləliklə, keçən il 800 meqavat əlavə generasiya gücü əldə etdik. Əlbəttə ki, bu, həm bizim tələbatımızı tam ödəyir, həm də böyük ixrac imkanımız yaranıb. Hazırda bizim tələbatımızdan artıq 1000 meqavat generasiya güclərimiz var. Elektrik təsərrüfatının yenilənməsi istiqamətində görülən tədbirləri nəzərə alsaq, demək kifayətdir ki, bu istiqamətdə çox ciddi iş aparılıb.

Ölkəmizdə qazlaşdırma 96 faizə çatıb. Qazılmış 345 subartezian quyusu yüzlərlə kəndin su ilə təminatını yaxşılaşdıracaq. Onu da bildirməliyəm ki, bu il 400-dən çox subartezian quyusu qazılacaq. Artıq bütün rayonların kəndlərinin adları siyahıda var və biz il ərzində investisiya proqramı çərçivəsində bunu edəcəyik.

Yol tikintisinə gəldikdə, bu il həm magistral, həm də şəhərlərarası, kəndlərarası və qəsəbədaxili yollarla bağlı böyük layihələr icra ediləcək. Bakı-Sumqayıt-Rusiya sərhədi yeni yolunun, Gəncə-Gürcüstan sərhədi yolunun, Astara-İran sərhədi yolunun tikintisi nəzərdə tutulub. Keçən il 1300 kilometr yol çəkilib. Biz təqribən min kilometr planlaşdırırdıq, ancaq il ərzində Prezidentin ehtiyat fondundan və dövlət büdcəsindən yaranmış əlavə gəlirlər hesabına 1300 kilometr uzunluğunda yol çəkildi.

İnfrastruktur layihələri keçən ilin əvvəlində qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı dördüncü Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Bu, beşillik proqramdır. Bundan əvvəlki üç proqram müvəffəqiyyətlə icra edildi. Əminəm ki, dördüncü proqramın icrasında da heç bir problem olmayacaq. Beləliklə, hesab edirəm ki, proqram başa çatanda artıq bizim bütün infrastruktur layihələrimiz, o cümlədən sosial infrastrukturla bağlı layihələr öz həllini tapacaq.

Keçən ilin əvvəlində Şamaxı, Ağsu, İsmayıllı rayonlarında böyük zəlzələ baş vermişdi. Xoşbəxtlikdən heç bir insan itkisi olmadı. Ancaq minlərlə ev dağıntıya məruz qaldı.

"Zəlzələdən dərhal sonra bölgədə olarkən vətəndaşlara söz verdim ki, qış gələnə qədər bütün evlər yenidən tikiləcək, təmir olunacaq, bərpa ediləcək. Həmişə olduğu kimi, yenə də sözümüzün üstündə durduq və artıq zəlzələnin bütün əsas fəsadları aradan qaldırıldı, minlərlə yeni ev tikildi, təmir olundu, bərpa edildi. Bu, bir daha onu göstərir ki, vətəndaşların problemlərinin həlli diqqət mərkəzindədir", - Prezident İlham Əliyev dedi.

Azərbaycanda mülkiyyətin sığortalanması prosesi ilə bağlı çox böyük maarifləndirmə işləri aparılmalıdır söyləyən dövlət başçısı qeyd edib ki, vətəndaşlar bilməlidirlər ki, evlər, əmlak sığortalanmalıdır: - Nəzərə alsaq ki, Azərbaycanda bu sahədə böyük boşluqlar var, dövlət bütün maliyyə yükünü öz üzərinə götürübdür. Əlbəttə, bu, böyük vəsait tələb edirdi, ancaq vətəndaşların rahatlığı, onların rifahı, normal yaşayışı bizim üçün əsas məsələdir. Bu il və bundan sonrakı illərdə əmlakın sığortalanması, o cümlədən maarifləndirmə ilə bağlı çox ciddi addımlar atılmalıdır. Bu məsələ ilə bağlı müxtəlif tədbirlər keçirilməlidir, atılacaq addımlar haqqında vətəndaşlara ətraflı məlumat verilməlidir. Hökumətə tapşırıram ki, bu məsələyə diqqət yetirsin. Eyni zamanda, bu, ölkəmizin sığorta sektorunun inkişafına müsbət təsir göstərəcək.

Keçən il TANAP qaz kəməri istismara verildi. Bu, tarixi nailiyyətdir, çünki TANAP Cənub Qaz Dəhlizinin əsas hissəsidir. Məhz 2012-ci ildə TANAP üzrə imzalanmış sazişdən sonra "Şahdəniz-2" qaz-kondensat yatağının işlənilməsi üçün sanksiya verilmişdi. Əgər TANAP imzalanmasaydı, "Şahdəniz-2"nin işlənilməsi başlamayacaqdı və bu gün biz bu əlavə qaz həcmini əldə edə bilməyəcəkdik. Bu, böyük problemlər yarada bilərdi. Ona görə həm TANAP üzrə sazişin imzalanması, həm də bu qaz kəmərinin vaxtından əvvəl istismara verilməsi və nəzərdə tutulmuş vəsaitə çox böyük qənaət edilməsi doğrudan da böyük tarixi nailiyyətimizdir. Cənub Qaz Dəhlizinin qalan dördüncü layihəsi də uğurla icra edilir. TAP layihəsinin icra səviyyəsi 90 faizi keçib.

Azərbaycanda mövcud olan sabitlik, beynəlxalq mövqelərimizin möhkəmlənməsi, ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər turizmin inkişafına xidmət göstərir. Ötən il turistlərin səfərləri rekord həddə çatıb - 3 milyon 170 min xarici qonaq ölkəmizə gəlib. Təkcə bank kartları ilə xarici turistlər Azərbaycanda 1 milyard 260 milyon manat pul xərcləyiblər. Ancaq bütövlükdə nəzərə almalıyıq ki, gələn turistlər əsasən qonşu ölkələrdəndir və bizdə olduğu kimi, orada da hələ ki, nağd hesablaşmalar üstünlük təşkil edir. Ümumi hesablama göstərir ki, xarici turistlər Azərbaycanda bütövlükdə 4,3 milyard manat pul xərcləyiblər. Bizim makroiqtisadi vəziyyətimizin sabit olmasında da bunun çox böyük rolu var. Əlbəttə, biz əsas valyutanı neft-qaz satışından qazanırıq. Halbuki qeyri-neft sektorunda ixracın 14 faiz artması indi bu sektordan da valyuta axınını təmin edir. Turizmin inkişafı bundan sonra da diqqət mərkəzində olacaq.

Keçən il Azərbaycan tarixində həcm baxımından ən böyük dövlət büdcəsi qəbul olunub. İcmal büdcə 30 milyard manata yaxındır, təqribən 17,6 milyard dollardır. Əlbəttə ki, büdcə xərclərinə nəzarət daha güclü olmalıdır.

Azərbaycan Respublikasının 2019-cu ildə inamlı inkişafı, ümumi daxili məhsulun artması öz növbəsində dövlət büdcəsinin icrasının göstəricilərində də özünü büruzə verib. Belə ki, 2019-cu ilin dövlət büdcəsinin mədaxil proqnozu 23 milyard 168 milyon manata qarşı 24 milyard 200 milyon manat məbləğində icra olunmuşdur. Bu isə o deməkdir ki, 1 milyard 32 milyon manat və ya 4,5 faiz artıq mədaxil təmin edilib.

Bu məlumatlar operativ xarakter daşısa da, ümumi meyilləri göstərir. İlk növbədə, onu da qeyd etmək istərdim ki, dövlət büdcəsinin xərclərinin icrası 25 milyard 190 milyon manat proqnoza qarşı 24 milyard 405 milyon manat məbləğində və yaxud 97 faiz səviyyəsində icra edilib. Beləliklə, dövlət büdcəsinin 2019-cu ildə kəsiri cəmi 205 milyon manat təşkil edib. Bu isə o deməkdir ki, 2018-ci ildə təsdiq olunmuş 2 milyard 22 milyon manat büdcə kəsiri proqnozu 2019-cu il üçün büdcə qəbul edildikdə təxminən 10 faiz az olub.

Dövlət büdcəsi kəsirinin əhəmiyyətli dərəcədə azalması, ilk növbədə, onunla bağlıdır ki, fiskal orqanları - həm vergi, həm də gömrük orqanları tərəfindən büdcə daxilolmaları üzrə proqnozlar artıqlaması ilə icra edilib. Digər tərəfdən isə dövlət büdcəsi xərclərinin bəzi maddələri üzrə qənaətlər əldə edilib. Burada, ilk növbədə, Sosial Müdafiə Fondu üzrə transferti qeyd etmək istərdim. Belə ki, 2019-cu ildə biz dövlət büdcəsinə dürüstləşmə apararkən Dövlət Sosial Müdafiə Fonduna transferti artıq 150 milyon manat azaltmışdıq. İlin nəticələrinə görə isə faktiki olaraq əlavə transfertə ehtiyac olmadığına görə təxminən 180 milyon manata qədər qənaət əmələ gəlib. Bu da onun hesabına baş vermişdir ki, sosial sığorta haqlarının yığılmasında böyük dönüş yaradılıb.

Ümumiyyətlə, qeyd etmək istərdim ki, icmal büdcənin gəlirləri də faktiki olaraq nəzərdə tutulduğundan xeyli çox daxil olub, ümumi daxilolmalarımız daha çox olub. İcmal büdcənin gəlirləri 29 milyard 235 milyon manat məbləğində proqnozlaşdırılsa da, faktiki icra 33 milyard 818 milyon manat və yaxud 15,7 faiz artıq, yəni, 4 milyard 583 milyon manat çox təşkil edib. İcmal büdcənin xərcləri isə 27 milyard 371 milyon manata qarşı 26 milyard 476 milyon manat məbləğində və yaxud 97 faizə yaxın icra edilib. Nəticədə icmal büdcədə də profisit yaranmışdır. Profisit 7 milyard 343 milyon manat məbləğində olmuşdur. Bu da proqnozlaşdırılan kəsirlə müqayisədə təxminən 4 dəfə çoxdur. Yəni, nəzərdə tutulmuş profisit 1,8 milyard manat məbləğində proqnozlaşdırılırdı, amma bundan təxminən 4 dəfə çox oldu. Bu da nəticə etibarilə, ilk növbədə, Dövlət Neft Fondunun gəlirlərinin artımı hesabına baş vermişdir. Bu artım da, əsasən, iki istiqamətə bölünə bilər. İlk növbədə, neftin büdcədə nəzərdə tutulmuş qiymətinin faktiki qiymətlə müqayisədə az olması, yəni, büdcədə 60 dollarlıq qiymət nəzərdə tutulmuşdusa, Neft Fondunun mədaxil üçün orta illik qiyməti təqribən 64-65 dollar arasında göstərilir. Amma ötən il əhəmiyyətli dərəcədə artım daha çox Neft Fondunun vəsaitlərinin idarə edilməsindən əldə olunan gəlirlərində baş vermişdir. Yəni, nəzərdə tutulan 1,4 milyard manat mədaxilə qarşı 3,5 milyard manatdan yuxarı mədaxil, yəni, 2 milyard manat artıq vəsait toplanmışdır. Eyni zamanda, icmal büdcənin profisitinin digər səbəbi də dövlət büdcəsində kəsirin olmaması ilə əlaqədardır.

Bu amillər Azərbaycanın maliyyə mövqeyinin daha da möhkəmlənməsi, Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkəmizin maliyyə mövqeyinin möhkəmləndirilməsi istiqamətində aparılan ardıcıl siyasətinin nəticəsinin müsbət göstəriciləridir.

2019-cu ildə dövlət büdcəsinin xərclərində də əhəmiyyətli dəyişikliklər baş verib. İlk növbədə, ona görə ki, xərclərin strukturunda müəyyən dəyişikliklər olub. Bu da onunla bağlıdır ki, il ərzində minimum əməkhaqqı iki dəfə artırılaraq, onun maliyyə təminatı təşkil edilmişdir. Pensiyanın minimum məbləği də artırılıb. Həmçinin sosial müavinətlərin də əhəmiyyətli artımı baş vermişdir. Bu tədbirlər 2019-cu ilin dövlət büdcəsi çərçivəsində hər hansı bir dürüstləşmə aparılmadan tam təmin edilib. Bu da dövlətin bu sahədə olan siyasətini və prioritetlərini tam açıq şəkildə büruzə verib.

2019-cu ilin büdcəsində vacib elementlərdən biri də Prezident İlham Əliyevin humanist fərmanınızla bağlı idi. Bu isə fiziki şəxslərin problemli kreditlərinin həll edilməsi məsələsidir. Bu məsələ ilə əlaqədar 2019-cu ilin dövlət büdcəsində əhəmiyyətli tədbirlər həyata keçirilib və 640 milyon manat məbləğində vəsait dövlət büdcəsindən Mərkəzi Banka müvafiq bankların hesablarına köçürülməsi üçün təmin edilib. Bunun hesabına 593 min fiziki şəxs əziyyət çəkdiyi kreditlərlə əlaqədar dövlətdən faktiki olaraq böyük bir yardım alıb. Bununla yanaşı, Sizin Fərmanınızla nəzərdə tutulan fiziki şəxslərin problemli kreditlərinin həlli istiqamətində vacib addım manat ifadəsi ilə verilmiş kreditlərin ödəmə müddətinin beş ilədək uzadılması və eyni zamanda, faiz dərəcəsinin 1 faiz səviyyəsində müəyyən edilməsi idi. Bununla bağlı 214,5 milyon manat məbləğində verilmiş kreditlər Mərkəzi Bank tərəfindən Maliyyə Nazirliyinin dövlət zəmanəti ilə təmin edilmişdir. Beləliklə, bu da dövlətin həyata keçirdiyi sosial siyasətin digər bir vacib elementidir.

Bizim qonşu ölkələrlə ticarət dövriyyəsinin artırılması çox müsbət haldır. Bütün qonşu ölkələrlə ticarət dövriyyəsi artıb. Türkiyə ilə bizim ticarət dövriyyəmiz keçən il 4 milyard dollara çatıbdır. Bu, böyük artımdır. Ticarət dövriyyəmiz Rusiya ilə 20-25 faiz, İranla 30 faiz artıb. Gürcüstanla da ticarət dövriyyəsi artıb. Həm ikitərəfli formatda, həm çoxtərəfli formatda biz uğurla fəaliyyət göstəririk. O cümlədən energetika və nəqliyyat sahələrində. Mən dəfələrlə demişəm ki, heç bir ölkə qonşularla əməkdaşlıq olmadan tranzit ölkəyə çevrilə bilməz. Biz açıq dənizə çıxışı olmayan ölkə kimi bu gün beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilmişik. Nəyə görə? Düşünülmüş siyasətə, qonşularla yaxın münasibətlərimizə görə. Ona görə qonşularla bağlı həm ikitərəfli, həm üçtərəfli formatda bu il də aparılacaq əməkdaşlıq diqqət mərkəzində olmalıdır, bütün infrastruktur layihələri icra edilməlidir.

Keçən il makroiqtisadi vəziyyət sabit olub, inflyasiya cəmi 2,6 faiz təşkil edib. Baxmayaraq ki, çox böyük sosial paket icra edildi. Eyni zamanda, problemli kreditlərin qaytarılması üçün böyük vəsait təmin edildi. Buna baxmayaraq, inflyasiya çox aşağı səviyyədə qalıb. Makroiqtisadi vəziyyətin sabit qalması üçün bu il də əlavə tədbirlər görüləcək. Mərkəzi Bank 2019-cu il ərzində öz valyuta ehtiyatlarını artırıb. Mənə verilən məlumata görə, 630 milyon dollar səviyyəsində vəsait daxil edilib. Bütövlükdə, Mərkəzi Bankın 6,2 milyard dollar səviyyəsində valyuta ehtiyatları var. Keçən il Mərkəzi Bankın funksiyaları genişləndirildi.

Keçən il pul siyasətinin yumşaldılması ilə də xarakterizə olub. Bu, hər iki istiqamətdə baş verib. 2018-ci və 2019-cu illərdə, yəni biz o yüksək inflyasiya illərində faiz dərəcəsini 15 faizə qaldırmışdıq, təxminən 2 dəfə aşağı salınıbdır və bu gün uçot dərəcəsi 7,5 faizdir. Ötən il biz 8 dəfə uçot dərəcəsini müzakirə edib, onun 7-də faiz dərəcələrini aşağı salmışıq. Bütövlükdə biz bu siyasətin ümumi faizlərə də təsirini görürük. Son iki ildə xüsusi olaraq biznes kreditləri üzrə faiz dərəcəsinin 5 faiz aşağı düşdüyünü görürük. Təxminən 16 faizdən 11 faizə düşüb. Digər istiqamətlərdə də faiz dərəcələrinin tədricən aşağı düşdüyünü görürük.

Bütövlükdə əmanətlər də artıb. Manatla müddətli əmanətlər 27 faiz artıb. Bu, onu göstərir ki, sosial sahədə atdığınız addımlar nəinki əhalinin yüksək istehlak səviyyəsini təmin edir, həm də əhalinin yığımları da təmin olunur. Ödəniş sistemində başlıca məqsədimiz təbii ki, qeyri-nağd ödənişlərin səviyyəsinin artırılması, nağd ödənişlərin isə məhdudlaşdırılmasıdır. Keçən il milli ödəniş sistemi vasitəsilə ödənişlərin həcmi 10 faiz, sayı isə 41 faiz artmışdır. O cümlədən ödəniş kartlarının sayı 13 faiz və kart ödənişlərinin sayı 29 faiz, kartlar vasitəsilə qeyri-nağd ödənişlərin həcmi 57 faiz, elektron-bankinq, elektron ticarət üzrə ödənişlər isə 93 faiz yüksəlmişdir. Burada müsbət dinamika özünü göstərir. Bu, bir tərəfdən ötən il bu sahədə aparılan islahatların, bütövlükdə təbii ki, şəffaflaşdırmanın nəticələridir. Digər tərəfdən isə ödəniş sisteminin modernləşdirilməsi istiqamətində, - Sizin imzaladığınız nağd ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı reallaşdırılır, - tədbirlər öz nəticəsini verir. Amma burada görəcəyimiz işlər olduqca çoxdur. Bu istiqamətdə həm Mərkəzi Bankın, həm də Azərbaycan hökumətinin qarşısında olduqca mühüm vəzifələr durur.

Azərbaycan 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir. Yəni, bu, özlüyündə böyük bir göstəricidir. Birinci növbədə, ona görə ki, biz ilk dəfə bu böyük, şərəfli missiyaya nail olduq və o vaxt müstəqilliyimizin cəmi 20 yaşı tamam olmuşdu. Digər tərəfdən, bu, Azərbaycanın beynəlxalq nüfuzuna bilavasitə dəlalət edən amillərdən biri idi. Çünki dünya birliyinin mütləq əksəriyyəti bizə inandı, bizə etimad göstərdi və bizə öz səsini vermişdi. Bu hadisə ilə bağlı mən əvvəlki dövrlərdə kifayət qədər geniş məlumat vermişdim. Amma bir məsələ həmişə diqqətdən kənarda qalır, bir çoxları bunu bilmir. Həqiqət isə ondan ibarətdir ki, 2011-ci ildə bizdən əvvəl Ermənistan da öz namizədliyini vermişdi. Ancaq biz namizədliyi verəndən sonra onlar götür-qoy etdilər və gördülər ki, bizimlə rəqabətdə onlar 100 faiz uduzacaqlar, çox sakitcə, qorxaqcasına öz namizədliyini geri götürdülər. Çünki bilirdilər ki, BMT-də biz onlara böyük fərqlə qalib gələcəyik və beləliklə, onlar rüsvay olacaqlar. Yəni, bu, 9 il bundan əvvəl baş vermiş hadisədir və onu göstərir ki, beynəlxalq müstəvidə Ermənistanın və Azərbaycanın hörməti və çəkisi nə dərəcədə fərqlənir. BMT Təhlükəsizlik Şurasına seçilməyimiz bizim böyük siyasi və diplomatik qələbəmizdir və eyni zamanda, Ermənistan üzərində böyük qələbə idi.

2016-cı ildə Ermənistan dinc Azərbaycan əhalisinə qarşı hərbi təxribat törədib və bu təxribat nəticəsində bir neçə dinc vətəndaş həlak olub. Onların arasında uşaqlar da olub. Azərbaycan buna cavab olaraq uğurlu əks-hücum əməliyyatı keçirərək Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini, minlərlə hektar torpağı işğalçılardan azad etdi və o torpaqlarda Azərbaycan bayrağı ucaldıldı. Bu, bizim hərbi qələbəmiz idi. Növbəti hərbi qələbə 2018-ci ildə təmin edilmişdir. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 mindən çox hektar ərazi işğalçılardan, erməni silahlı qüvvələrindən təmizləndi və bir neçə önəmli strateji yüksəklik azad edildi. Bu yüksəkliklər imkan verir ki, biz Ermənistanın strateji kommunikasiyalarına tam nəzarət edə bilək. Bu, bizim ikinci hərbi qələbəmiz idi.

Dünyanın ən güclü orduları reytinqində Azərbaycan 52-ci, Ermənistan isə 96-cı yerdədir. O cümlədən hava gücü üzrə Azərbaycan 63-cü, Ermənistan 86-cı yerdədir. Dəniz gücü üzrə Azərbaycan 67-ci yerdədir, Ermənistanda dəniz yoxdur. Tank gücü üzrə Azərbaycan 32-ci, Ermənistan 78-ci yerdədir. Mənbə "Global Firepower 2019" hesabatıdır.

İndi əsas makroiqtisadi göstəricilərə diqqət yetirirək. Beləliklə, 2019-cu ildə Azərbaycanın ümumi daxili məhsulu dollar ekvivalentində 47,6 milyard dollardır, Ermənistanda isə cəmi 13 milyard dollar. Alıcılıq qabiliyyətinə görə Azərbaycan 187 milyard dollar daxili məhsula sahibdir, Ermənistan 33 milyard, fərq 5,6 dəfədir. Adambaşına düşən ümumi daxili məhsul Azərbaycanda 4800 dollar, Ermənistanda 4500 dollardır. Alıcılıq qabiliyyətinə görə adambaşına düşən ümumi daxili məhsul Azərbaycanda 18 min 600 dollar, Ermənistanda 11 min dollardır. Valyuta ehtiyatları Azərbaycanda 51 milyard dollar, Ermənistanda 2 milyard dollardır, fərq 25 dəfədir. Xarici ticarət dövriyyəsi Azərbaycanda 33,6 milyard, Ermənistanda 7,4 milyard dollardır, fərq 4,5 dəfədir. İxrac - Azərbaycan 19,6 milyard, Ermənistan 2,4 milyard, fərq 8,1 dəfədir. Müsbət saldo Azərbaycanda 6 milyard dollar, Ermənistanda mənfi saldo 2,6 milyard dollardır. Sərmayə qoyuluşu - keçən il Azərbaycana 13,5 milyard dollar qoyulubdur, Ermənistana 900 milyon, fərq 15 dəfədir. Xarici dövlət borcu - Azərbaycanın xarici dövlət borcu 7,9 milyard dollar, Ermənistanın 6 milyard dollardır. Azərbaycanda xarici dövlət borcu ümumi daxili məhsulun 17 faizini təşkil edir, Ermənistanda 40 faizdən çoxdur. Valyuta ehtiyatları Azərbaycanda xarici dövlət borcundan 6,4 dəfə çoxdur, Ermənistanda xarici dövlət borcu valyuta ehtiyatlarından 2,3 dəfə çoxdur. Adambaşına düşən xarici borc Azərbaycanda 799 dollar, Ermənistanda 1900 dollardır.

Əməkhaqları və pensiyalara dair məlumatı təqdim edirəm. Beləliklə, 2019-cu ilin dekabr ayında Azərbaycanda orta əməkhaqqı 723 manat - bu, 425 dollar təşkil edir, Ermənistanda 369 dollar. Alıcılıq qabiliyyətinə görə orta əməkhaqqı üzrə Azərbaycan MDB-də ikinci, Ermənistan doqquzuncu yerdədir. Minimum pensiya Azərbaycanda 200 manat, yəni 118 dollar, Ermənistanda 55 dollardır. Minimum pensiyaya görə Azərbaycan MDB-də ikinci, Ermənistan doqquzuncu yerdədir. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB-də birinci, Ermənistan onuncu, yəni axırıncı yerdədir. Orta pensiya Azərbaycanda 262 manat, yəni 154 dollar, Ermənistanda 84 dollardır. MDB-də orta pensiyaya görə Azərbaycan dördüncü, Ermənistan səkkizinci yerdədir. Orta pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB-də ikinci, Ermənistan axırıncı - onuncu yerdədir. Yoxsulluq səviyyəsi Azərbaycanda 4,8 faiz, Ermənistanda 24 faizdir, fərq beş dəfədir. Şəhid ailələrinə və müharibə əlillərinə 2019-cu ildə Azərbaycanda 934 mənzil verilibdir, Ermənistanda sıfır. Bütövlükdə Azərbaycanda bu kateqoriyadan olan insanlara 7590 mənzil verilib, Ermənistanda, bildiyimə görə, belə proqram mövcud deyil. Təkcə keçən il bu kateqoriyadan olan insanlara 600 avtomobil verilib, Ermənistanda sıfır. Bütövlükdə bu kateqoriyadan olan insanlara 6750 avtomobil verilib, Ermənistanda sıfır.

Keçirik Davos Ümumdünya İqtisadi Forumunun qlobal rəqabətlilik hesabatına. Beləliklə, 2019-cu ildəki bəzi rəqəmləri təqdim etmək istərdim. İqtidarın uzunmüddətli strategiyasına görə Azərbaycan dünyada onuncu, Ermənistan 59-cu yerdədir. İqtidarın siyasi sabitliyi təmin etməsi - Azərbaycan 11-ci, Ermənistan 58-ci yerdədir. Məhkəmə azadlığı - Azərbaycan 39-cu, Ermənistan 67-ci yerdədir. Polis orqanlarına etimad - Azərbaycan 30-cu, Ermənistan 44-cü yerdədir. Yolların keyfiyyəti - Azərbaycan 27-ci, Ermənistan 91-ci yerdədir. Dəmir yolu xidmətlərinin səmərəliliyi - Azərbaycan dünya miqyasında 11-ci, Ermənistan 67-ci yerdədir. Hava yolları xidmətlərinin səmərəliliyi - Azərbaycan 12-ci, Ermənistan 67-ci yerdədir. İnternet istifadəçilərinin sayına, yəni əhali üzrə payına görə faizlə Azərbaycan 43-cü, Ermənistan 77-ci yerdədir. Əhali arasında rəqəmsal biliklər üzrə Azərbaycan 19-cu, Ermənistan 50-ci yerdədir. Ümumi daxili məhsul, alıcılıq qabiliyyəti pariteti üzrə Azərbaycan 69-cu, Ermənistan 120-ci yerdədir.

İndi keçirik idman sahəsinə. Azərbaycan 2019-cu ildə dünya və Avropa çempionatlarında 775 medal qazanıb, onlardan 271-i qızıl medaldır. Ermənistan cəmi 222 medal qazanıb, onlardan 61-i qızıldır. 2019-cu ildə II Avropa Oyunlarında Azərbaycan 28 medal qazanıb, Ermənistan 11 medal. 2019-cu ildə keçirilmiş güləş üzrə Avropa çempionatında Azərbaycan 13 medal qazanıb, o cümlədən 4 qızıl, Ermənistan 3 medal qazanıb, bir qızıl.

Keçirik intellektual idman növü olan şahmatda əldə edilən nəticələrə. 2019-cu ildə Avropa çempionatında səkkiz yaşlı şahmatçılar arasında Dinarə Hüseynova qızıl medal qazanaraq Avropa çempionu olub, Səadət Bəşirli və Yusif Kərimli bürünc medal qazanmışlar. On dörd yaşlı şahmatçılar arasında Ayan Allahverdiyeva Avropa çempionu olmuşdur. Qadınlardan ibarət milli komandamız Avropa çempionatında Ermənistana qalib gələrək bürünc medal qazanmışdır. Gənclərin dünya çempionatında on dörd yaşlılar arasında Aydın Süleymanlı dünya çempionu olmuşdur. Teymur Rəcəbov isə dünya kubokunun sahibi olmuşdur. 2016-cı il Rio Olimpiya Oyunlarında Azərbaycan 18 medal qazanıb, Ermənistan cəmi 4 medal. Medalların sayına görə Azərbaycan 14-cü yeri tutub.

Digər önəmli bir məsələ ondan ibarətdir ki, Azərbaycan faşizmin qəhrəmanlaşdırılmasına qarşı ardıcıl mübarizə aparır, Ermənistan isə faşistləri qəhrəmanlaşdırır. Faşist cəlladı olan Njdeyə İrəvanın mərkəzində 6 metrlik abidə ucaldılıb. Bu qanlı cinayətkar SMERŞ tərəfindən həbs edilib, 25 il məhkum edilib, həbsxanada ölüb və reabilitasiya olunmayıb. Belə bir adamın şərəfinə İrəvanda abidə qoyulur və Ermənistanın baş naziri bu cəlladı Soljenitsın və Molotovla eyniləşdirir. Njdenin məşhur kəlamı var: Almaniya uğrunda ölən Ermənistan uğrunda ölür və o, bunu İkinci Dünya müharibəsi zamanı demişdi. Bu, artıq onun mənfur xislətini əks etdirən ifadədir. Ona görə bu sahədə də Azərbaycan həqiqətin tərəfindədir, Ermənistan isə şər qüvvələrin tərəfindədir.

Nüfuzlu "News & World Report" mətbu orqanı tərəfindən aparılmış təhlilə əsasən dünyanın ən güclü ölkələrinin siyahısı müəyyən edilib. Siyahıda cəmi 80 ölkənin adı var və Azərbaycan bu siyahıda güclü ölkələr arasında 45-ci yerdədir. Ermənistanın isə ümumiyyətlə, adı belə yoxdur. İqtisadi inkişafın templərinə görə isə bizim yerimiz dünya miqyasında 35-cidir.

Azərbaycan dünya əhəmiyyətli nəhəng layihələr icra edir. Onların arasında Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum, TANAP qaz kəmərləri var. Cənub Qaz Dəhlizi bu il istismara veriləcək. Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib və bu yol vasitəsilə yükdaşımaların həcmi ildən-ilə artır. Bakı-Tbilisi-Qars Şərq-Qərb nəqliyyat dəhlizinin tərkib hissəsidir. Biz bu layihəni qonşu ölkələrlə - Türkiyə və Gürcüstan ilə uğurla icra etdik. Digər qonşularımızla - Rusiya və İran ilə Şimal-Cənub nəqliyyat dəhlizi üzrə işlər uğurla gedir və demək olar ki, bu dəhliz fəaliyyət göstərir. Sadəcə olaraq, bu dəhlizi daha da səmərəli etmək üçün növbəti addımlar atılır. Bu nəhəng enerji və nəqliyyat layihələri Ermənistandan yan keçib. Bu, bizim qonşularımızdır, eyni zamanda, Rusiya istisna olmaqla, Ermənistanın da qonşularıdır. Yəni, biz qonşularla dostluq, əməkdaşlıq, səmimiyyət əsasında münasibətləri qurmuşuq və məhz buna görə bu layihələrə nail olmuşuq. Ermənistan isə əsrlərboyu qonşulara xor gözlə baxır, qonşulardan nəsə qoparmaq istəyir, onların torpağına iddia edir, tarixi saxtalaşdırır, tarixi abidələri saxtalaşdırır və özününküləşdirməyə cəhd edir. Fərq bundan ibarətdir.

"Ermənistanı bu enerji və nəqliyyat layihələrindən biz təcrid etmişik və bunu heç vaxt gizlətməmişik. Mən hələ bir neçə il bundan əvvəl demişdim ki, biz Ermənistanı regionda bizim iştirakımızla reallaşdırılan bütün önəmli layihələrdən təcrid edəcəyik və biz buna nail olduq, həmişə olduğu kimi sözümüzə sadiq qaldıq. Ermənistan bu gün bizim səylərimiz nəticəsində siyasi, iqtisadi, investisiya, enerji və nəqliyyat dalanıdır. Torpaqlarımızdan çıxmayana qədər bu vəziyyət belə də qalacaq. Beləliklə, Ermənistan rəhbərliyi növbəti dəfə saxta məlumat əsasında Ermənistanı Azərbaycanla müqayisə etmək istəsə, yaxşı fikirləşsin. Çünki idman dili ilə desək, Azərbaycan ali liqada, Ermənistan isə üçüncü liqadadır və getdikcə bu fərq daha da böyüyəcək", - dövlət başçımız dedi.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.