Siyasət

Leyla Bədirbəylinin 100 illiyi qeyd ediləcək

29 Dekabr 2019 17:53
Baxış: 930

Prezident İlham Əliyev Leyla Bədirbəylinin 100 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamın mətnində qeyd edilir ki, 2020-ci ilin yanvar ayında Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, xalq artisti Leyla Ağalar qızı Bədirbəylinin (Cavanşirovanın) anadan olmasının 100 illiyi tamam olur.

Leyla Bədirbəyli uzunmüddətli fəaliyyəti ərzində öz sələflərinin ənənələrini uğurla davam etdirmiş və layiqli nümayəndəsi olduğu nəslin yaradıcılıq prinsiplərinə daim sadiq qalaraq Azərbaycan mədəniyyəti salnaməsinə yeni səhifələr yazmış sənətkarlardandır. O, fitri istedada malik teatr ustası kimi ifa üslubundakı səmimiyyət, məlahət və təbiilik sayəsində dramaturqlarımızın və dünya ədəbiyyatı klassiklərinin çox sayda qadın qəhrəmanına zəngin boyalarla parlaq səhnə həyatı vermişdir. Aktrisa "Arşın mal alan" filmində Gülçöhrə obrazı ilə böyük şöhrət qazanmış, 1940-cı illərdən etibarən, eyni zamanda, ekranlarda məharətlə canlandırdığı və mənəvi-əxlaqi dəyərlərin təbliği, tamaşaçı zövqünün formalaşdırılması baxımından əhəmiyyət kəsb edən silsilə rollarla milli kinematoqrafiyanı daha da zənginləşdirmişdir.

Sərəncamda deyilir ki, Mədəniyyət Nazirliyi xalq artisti Leyla Bədirbəylinin 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.