Siyasət

Sergey Lavrov: Biz Mehriban Əliyevanın Rusiya Federasiyasına səfərini yüksək qiymətləndirmişik

2 Dekabr 2019 22:21
Baxış: 760

Biz Mehriban Əliyevanın Rusiya Federasiyasına səfərini, onun Prezident Putinlə, Baş Nazir Medvedevlə, Federasiya Şurasının sədri Matviyenko ilə görüşlərini, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində "Azərbaycan" pavilyonunun çox mühüm açılış mərasimində, Regionlararası Forumda iştirakını yüksək qiymətləndirmişik və bu səfərin gedişində müzakirə edilən təşəbbüsləri biz hökmən həyata keçirəcəyik.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü zamanı deyib.

S.Lavrov bildirib: "Bu təşəbbüslər, o cümlədən bizim hökumətlərarası iqtisadi əməkdaşlığımıza yeni bir mövzu - innovasiyalar və yüksək texnologiyalar mövzusu əlavə edilməsinə aiddir, xüsusi yol xəritəsi yaradılacaq. Artıq bir neçə gündən sonra Hökumətlərarası Komissiya bu sahədə işlərin vəziyyətini nəzərdən keçirəcək.

Siz də xatırlatdığınız kimi, əmtəə dövriyyəsi sürətlə artır. Əmtəə dövriyyəsinin həcmi yəqin ki, 3 milyard dollara yaxın olacaq. Rusiya Federasiyasının Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarının həcmi 1,5 milyard dollar olub. Rusiya Federasiyasının 70-dən çox subyekti Azərbaycanla əməkdaşlıq edir. Azərbaycanda Rusiya kapitalının iştirakı ilə 300-dən çox müəssisə fəaliyyət göstərir. Rusiyada da Azərbaycan kapitalı öz mövqelərini getdikcə möhkəmlədir.

Mehriban Arif qızı Əliyevanın Rusiya Federasiyasına səfərinin daha bir maraqlı və hesab edirəm ki, çox vacib nəticəsi Rusiya-Azərbaycan Gənclər Forumunun daha müntəzəm keçirilməsi barədə razılaşma oldu. Bu, varislik baxımından, tarixi yaddaşın qorunub saxlanması və həm Rusiyada, həm də Azərbaycanda bizim gənc nəslin münasibətlərimizə həmişə xas olmuş dostluq, mehriban qonşuluq ruhunda tərbiyəsi baxımından prinsipial əhəmiyyət kəsb edir. Həm regional, həm qlobal, həm də universal beynəlxalq təşkilatlarda əməkdaşlığımıza gəldikdə, biz sıx qarşılıqlı fəaliyyəti, həmişə bir-birinin mövqelərini nəzərə almaq istəyini çox yüksək qiymətləndiririk. Biz bundan sonra da ortaq mövqelərimizin dəstəklənməsinə, Azərbaycan və Rusiya üçün xüsusi maraq doğuran mühüm məsələlərin həllinə kömək edəcəyik. Bu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına aiddir. Biz həm Vyana sammitində, həm sonradan nazirlərin Moskva görüşündə etimad tədbirləri, humanitar əlaqələrin, kütləvi informasiya vasitələri xətti ilə əlaqələrin nizamlanması barədə əldə edilmiş razılaşmaların bu il təsdiqlənməsində və həyata keçirilməsində maraqlıyıq. Onlar tədricən reallaşır və ümidvaram ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu həftə keçiriləcək görüşü bu prosesləri əlaqələndirməyə imkan verəcək. Eyni zamanda, Sizinlə razıyam ki, siyasi nizamlama, uzunmüddətli nizamlama baxımından hələ çox iş görülməlidir. Burada Sizin bu tezisinizi tam dəstəkləyirəm ki, hər iki tərəfin bəyəndiyi əsas prinsiplərə, BMT Nizamnaməsində və Helsinki Yekun Aktında təsbit olunmuş prinsiplərə zidd olan ritorikadan çəkinmək lazımdır.

Buna görə də, hörmətli İlham Heydər oğlu, Sizinlə söhbət etmək imkanına görə bir daha səmimi qəlbdən minnətdarlığımı bildirirəm. Ümidvaram ki, sabah da davam edəcək bu səfər bizim münasibətlərimizi daha yüksək etimada əsaslanan, daha məhsuldar səviyyəyə çatdırmağa kömək edəcək".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.