Siyasət

Dünya dini liderlərinin II Bakı Sammiti Azərbaycanın dünyada sülh və sabitliyə növbəti mühüm töhfəsidir - RƏYLƏR

15 Noyabr 2019 08:04
Baxış: 698

Dünya dini liderlərinin II Sammitinin Azərbaycanda keçirilməsi dövlətimizin dünyada sülhün və sabitliyin təmin edilməsinə növbəti mühüm töhfəsidir.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, bu cür tədbirlərin keçirilməsi həm Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırır, həm də ölkəmizin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün əlverişli imkanlar yaradır: "Azərbaycanda daim din sahəsinə böyük diqqət yetirilir. Azərbaycan dünyəvi dövlətdir və ölkəmizdə dövlət-din münasibətləri mövcud qanunvericiliyə uyğun şəkildə tənzimlənir. Azərbaycanda mövcud olan bütün dinlərin nümayəndələrinə qarşı dözümlülük və tolerantlıq nümayiş olunur. Bu baxımdan, Azərbaycan dünyaya nümunə ola biləcək bir ölkədir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələrinin təhlükəsizliyi, dini etiqad azadlığı yuksək səviyyədə təmin edilir".

Deputat əlavə edib ki, bu tədbirin Azərbaycanda keçirilməsi göstərir ki, ölkəmiz beynəlxalq sülhün və təhlükəsizliyin təminatında çox böyük rola malikdir və Azərbaycan paytaxtından dünya üçün çox mühüm siyasi əhəmiyyətli mesajlar ünvanlanır: "Hesab edirəm ki, belə bir tədbirin Bakıda keçirilməsi nəticə etibarı ilə bütün dünyaya nümayiş etdirəcək ki, Azərbaycan bu gün sabit, təhlükəsiz, tolerant, multikultural, öz hədəfləri olan ölkədir və beynəlxalq təhlükəsizliyin təminatında böyük rola və əhəmiyyətə malikdir".

Dünya dini liderlərinin II Sammitinin Bakıda keçirilməsi Azərbaycanın və Prezident İlham Əliyevin dünyada qazandığı nüfuzun göstəricisidir.

Bunu isə Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib.

Deputatın sözlərinə görə, Dünya dini liderlərinin II Sammitində dünyanı dinlə bağlı narahat edən məsələlər müzakirə edilir. Tədbirdə iştirak edən dini liderlər də bu problemlərin həlli yolları ilə tanış olur, öyrəndiyi yenilikləri problemlərin həlli üçün istifadə edirlər.

Milli Məclisin üzvü hesab edir ki, son dövrlərdə dünyanı narahat edən məsələlərdən biri dini qarşıdurmaların, etnik, milli zəmində qırğınların baş verməsidir. Bu məsələlərin həll edilməsi bütövlükdə dünya birliyinə, dünya xalqlarına sülh, əmin-amanlıq gətirər. Bu baxımdan, Sammitin yalnız Azərbaycana deyil, bütün dünyaya, sülhsevərlərə böyük faydası var:

"Çünki hamı əmin-amanlıq şəraitində yaşamaq istəyir. Heç kim qardaş qanı tökməklə, ölkə daxilində silah qaldırmaqla xeyir tapmayacaq. Bu baxımdan, Sammit həm də bəşəriyyətə verilən bir töhfədir".

B.Sadıqov müstəqillik yaşı hələ 30 olmamış Azərbaycanın dünyanın qlobal problemlərinin müzakirəsi ilə məşğul olmasının və bu müzakirələrin Bakıda keçirilməsinin sevindirici hal olduğunu söyləyib:

"Azərbaycan xalqı öz həyat təcrübəsi ilə qardaş qanı tökmədən, sülhsevər şəraitdə yaşamağın yolunu praktik şəkildə müəyyən edib. Azərbaycan xalqı özünün böyük müdrikliyini göstərərək nümayiş etdirir ki, hər bir insan bütün dinlərə hörmətlə yanaşmalıdır. Çünki insanlar müxtəlif dinlərə sitayiş etsələr də, Allah birdir. Azərbaycan dinlərarası dialoqa verdiyi töhfəni yalnız nəzəri cəhətdən deyil, həm də praktiki baxımdan ortaya qoyur".

Azərbaycanın multikultural dövlət olduğunu vurğulayan B.Sadıqovun sözlərinə görə, ölkəmiz dünyaya həm də multikultural dəyəri ilə çıxıb. Dünyanın artıq bir çox ölkələri bu modeli öyrənərək öz ərazilərində tətbiq edirlər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 aprel 2019-cu il tarixli sərəncamı ilə bu ilin 14-15 noyabr tarixlərində Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində Dünya dini liderlərinin II Bakı Sammitinin keçirilməsinə qərar verilib. Sammitə dünyanın 56 ölkəsindən 500-ə yaxın iştirakçı qatılıb.

İkigünlük Sammitdə "Multikulturalizm, tolerantlıq və dinlərarası həmrəyliyin təşviqində Azərbaycan dövlətinin nümunəvi rolu", "Şeyxülislam Allahşükür Paşazadənin dini rəhbər və ictimai xadim kimi sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafına töhfəsi", "Dini liderlər terrorizm, təcavüzkarlıq, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofobiya əleyhinə", "Qadın və uşaq haqlarının qorunması, gənclərin maarifləndirilməsində dini liderlərin, dövlət, elm və ictimai xadimlərin birgə fəaliyyətinin əhəmiyyəti" mövzuları ətrafında müzakirələr aparılır.

Sammitin yekunlarına dair Bakı Bəyannaməsi qəbul olunacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.