Siyasət

REALlıq budur: kölgə özündən böyük olanda

6 Noyabr 2019 15:18
Baxış: 2 853

"REAL partiyasının Məclisinin növbəti iclası keçirildi. Partiyanın sədri İlqar Məmmədovun partiyada struktur dəyişikliklərinin edilməsi və növbədənkənar qurultaya getmək təkliflərini dinlədik. İlkin versiyada dəyişikliklər təkliflərini bəyənmədim".

"Respublikaçı Alternativ"ın (ReAl) Məclisinin sədri postundan istefa verən Azər Qasımlı belə deyib.

Onun sözlərinə görə, partiyanın sədri İlqar Məmmədov həbsdə olduğu zaman obyektiv səbəblərə görə partiya quruculuğuna istədiyi kimi müdaxilə edə bilməyib. A.Qasımlının sözlərinə görə, məhz buna görə Məclis başqanı olaraq partiya Məclisindən xahiş edərək növbədənkənar qurultay qərarının verilməsini istəmişdi.

"Partiya nizamnaməsinə əsasən növbədənkənar qurultayın keçirilməsi qərarının verilməsi üçün Məclis üzvlərinin 2\3 səsinə ehtiyac olduğuna və bunun əldə edilməsinin çox çətin olmasına baxmayaraq partiya Məclisi növbədənkənar qurultay qərarını verə bildi və qurultaya hazırlıq üzrə Təşkilat Komitəsini yaratdı", - A.Qasımlı vurğulayıb.

Onun sözlərinə görə Məclis sədr İlqar Məmmədova kart-blanş verdi, lakin o, yararlana bilmədi və ya istəmədi.

Daha sonra A.Qasımlı jurnalistləri yanına yığaraq REAL-dan getdiyini canlı yaımda deyib.

ReAL-ın digər funksioneri Erkin Qədirli Facebook səhifəsində yazıb: "Bu, mənim üçün gözlənilməz oldu. Dünən yazdığım kimi, Azər ReAl-dan getmək istəyərsə, bu, onun şəxsi qərarı olacaq. ReAl-da kimsə onun getməsini istəmirdi və onun gedişi ReAl üçün yaxşı olmadı. Ayrıca, onun getdiyini özündən birbaşa deyil, canlı yayımdan öyrənmək də üzücü oldu. Bununla belə, dostluğumuz yerində qalır. Azərə bundan sonrakı işlərində uğurlar arzulayıram".

Azər Qasımlı isə bəyan edir ki, İlqar Məmmədov ReAL-ı təkbaşına idarə etmək istəyir və bununla bağlı təşkilatda avtoritar rejim qurmaq istiqamətində addımlar atır.

"Mən görürdüm ki, baş verən proseslər ReAL-ı iki yerə parçalayacaqdı, iki ReAL yaranacaqdı. Mən isə bunu istəmirəm, ReAL-ın iki yerə parçalanmasında iştirak etmək niyyətində deyiləm, ona görə istefa vermək qərarına gəldim", - deyə A. Qasımlı vurğulayıb.

O, İ. Məmmədovun ReAL-da avtoritar rejim qurmaq istədiyini deyib: "Bu gedişlə ReAL-da seçki, hesabatlılıq, məsuliyyət deyilən bir şey olmayacaq. Ona görə də mən İlqar Məmmədovun partiyasından gedirəm, özümü bu avtoritar strukturda görmürəm. Burada qalmaq avtoritar strukturda olmaq deməkdir. ReAL-da avtoritar rejim formalaşıb".

A. Qasımlı siyasətdən getmədiyini, mövqeyini dəyişmədiyini deyib.

İndiki mərhələdə partiya yaratmaq fikrinin olmadığını söyləyən A. Qasımlı bununla belə, gələcəkdə hər şey ola biləcəyini diqqətə çatdırıb.

Müsavat Partiysıının sədrliyinə sabiq namizəd Yadigar Sadıqlı da A.Qasımlının qərarına təəssüfləndiyini bildirib.

O, Facebook-da yazıb: "ReAl-a həmişə rəğbətlə yanaşmışam. Hesab edirdim ki, ölkədə yeni bir siyasi qüvvəyə ehtiyac var. Cəmiyyətdə xeyli narazı insanlar var ki, müəyyən səbəblərdən klassik müxalifətə heç zaman qoşulmayacaqlar. Buna görə də, yeni müxalif təşkilatın yaranmasının, həmin narazıları öz ətrafına toplamasının faydalı olacağını düşünmüşəm. Üstəlik, xeyli dostlarım, şəxsi münasibətlərimin çox isti olduğu insanlar var ReAl-da. Amma təəssüf. Növbədənkənar qurultay və qurultaya qədər bütün səlahiyyətlərin sədrə verilməsi qərarları açıqlanandan Rusiyanın keçmiş baş naziri Çernomırdinin sözü beynimdə dolaşır: "Nə etsək də eyni şey alınır: ya Sov.İKP, ya da Kalaşnikov avtomatı".

Əslinə baxsaq, A.Qasımlının gedişi gözləniləndi və onun qərarında qeyri-adi bir motiv yoxdur. Tam əksinə, A.Qasımlı ReAl-dan kənarlaşmaqda gecikib.

Səbəblər bəllidir.

ReAl-ın sədri İlqar Məmmədov siyasətçi kimi missiyasını çoxdan başa vurub. Həbsdə olarkən az qala Azərbaycan müxalifətinin yeni ümidi və yeni lideri kimi təqdim olunan İ.Məmmədovu Qərbdəki çoxsaylı "müstəqil, beynəlxalq hüquq-müdafiə" təşkilatları ölkənin yeni prezidenti qismində görməyə başlamışdılar.

"Əsl demokrat", "dərin intellektual", "iradəli, qətiyyətli və məntiqli siyasətçi", "yeni ümid, yeni lider"  - epitetlər həddən ziyadə idi.

İlqar Məmmədov həbsdən çıxdı və ümidləri puç etdi.

Mətbuat konfransında jurnalistlərin suallarını cavablayanda aqressiyası, fərqli fikirə dözülməzliyi və qurtula bilmədiyi mentor tonu ilə o, media mənsublarında təəssüf doğurdu.

Daha sonra Facebook səhifəsində qeyri-adekvat statuslar, tragikomik bəyanatlar, paradoksal paylaşımlar. Sonucda İlqar Məmmədov sosial şəbəklərdə ironiya, lağlağı və mem obyektinə çevrildi.

İndisə İlqar Məmmədov partiyanın adamı olmaq istəməyərək ReAl-ı adamın partiyasına çevirməkdədir.

ReAl-ın Məclisində çoxluq sədrin, yəni İ.Məmmədovun "təklif"lərinə qarşı olsa da, o, inad etdi və istəyinə nail oldu. Daha doğrusu, küsəyən İ.Məmmədovun şantajına uyan struktur güya onun partiyadan gedə biləcəyi "təhlükəsi"ni zərərsizləşdirmək üçün faktiki olaraq iradəsinin əleyhinə səs verdi.

Bu isə ReAl funksionerlərinin dediklərinin tam əksinə olaraq, özünü partiya adlandıran bu qrupda demokratik ab-havanın əsla olmadığını göstərir.

Azər Qasımlının bəyanatları da faktiki olaraq İlqar Məmmədovun davranışlarının təkrarı, olduğundan daha güclü, çevik, mütəhərrik, hadisələrə təsir imkanlarına malik adam təsiri bağışlamaq cəhdidir.

Sadəcə, cəhd. Yəni görüntü, kölgə, mişura.

A.Qasımlı jurnalistlərin qarşısında əvvəl monoloq, sonra da psevdodialoq stilində açıqlamalar verib özünə haqq qazandırmağa çalışsa da, acı reallıqdan bir kəlmə də bəhs etmədi.

Həmin reallıq isə budur: İ.Məmmədov təki, A.Qasımlı da gücünə, potensialına inanmır, kütlə arasında yetərincə populyar və tanınmış olmadığını bilir.

"Məni anlamadılar, gedirəm" tipli açıqlamalarsa, sadəcə, bəhanədir.

A.Qasımlı gerçəkdən də qətiyyət və iradə nümayiş etdirmək istəyirdisə, sona qədər mübarizə aparmalı, əsla geri çəkilməməli, çevik və məntiqli davranmalı idi.

Özünü demokrat siyasətçi hesab edən adam ReAl-ın üzləşdiyi problemi demokratik şəkildə həll etməliydi.

Çox yəqin ki, A.Qasımlı ReAl rəhbərliyi kimi tanınan sistemin işləməyəcəyini, İlqar Məmmədovun da məğlub olaraq geri çəkiləcəyini bilir. Amma istənilən halda tərəddüdlər və təşviş içində olan, real siyasətçilikdən çox uzaq İ.Məmmədova qarşı belə "mübarizə" kontekstdən çıxdığı üçün ReAl-ın özünə ağır zərbədir.

İlqar Məmmədov həmişəki kimi, illüziyalarını reallıq kimi qələmə verir, amma həqiqət o ki, ReAl parçalanma yox, ümumiyyətlə, məhv olma ərəfəsindədir.

ReAl funksionerlərinin mantra kimi təkrarladıqları bir məqam var: "Gücümüz seçkidə qalib gəlməkdə yox, qurduğumuz struktura inamla bağlıdır". Yəni cənablar ərz etmək istəyirdilər ki, məhz bu "demokratik struktur" onlar hakimiyyətə gəlsələr (illüziyanın şiddətinə baxın,  - müəl.), ölkənin idarəetmə məsuliyyətinə yiyələnməyə, yetərincə güclü bazaya sahiblənməyə imkan verəcək.

ReAl bünövrəsi yanlış tikilmiş binaya bənzəyir və bundan sonra hansısa struktural seçki, qurultay vasitəsilə orada nələrinsə dəyişəcəyinə ümidim çox azdır.

Bəziləri ReAl-ın sistemini toxunulmaz saxlamaq istəyir, yerdə qalanları köklü islahatlar və dəyişikliklər tələb edirlər.

İnamsa itib.

ReAl Azərbaycanda kliniki ölüm vəziyyətindəki ənənəvi müxalifətə inanmayanlar üçün alternativ ola bilərdi.

Bacarmadı.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.