Siyasət

Satqınlığa son: radikal müxalifət öldü

1 Noyabr 2019 13:41
Baxış: 3 196

"Demokratik Qüvvələrin Milli Şurası" və ya qısaca "Milli Şura" adlanan absurd strukturunun bəyanatları və ümumiyyətlə, siyasi təfəkkürü də bir o qədər absurd olan "rəhbər"i Cəmil Həsənli okeanın o tayından radikal müxalifətin fatihəsini verdi.

Həyatı boyu hakimiyyətlərə xidmət edən, sövdələşmələr ustası olan, sonda isə üçüncü dəfə deputat mandatı ala bilməyəndə qəflətən vicdanı oyanıb guya ədalət uğrunda mübarizəyə başlayan bu qoca professor radikal müxalifətə məsləhət görüb ki, sən demə, noyabrın 2-də keçirilməsi nəzərdə tutulan qanunsuz aksiya təxirə salınsın.

Cəmil Həsənlinin bəyanatı əslində "Milli Şura"nın faktiki və real rəhbəri, AXCP sədri, həm də bloqer Əli Kərimlinin açıqlamasıdır.

Ə.Kərimli ötən həftə Facebook səhifəsində yazmışdı ki, noyabrın 2-də "Milli Şura" növbəti mitinqini keçirmək niyyətindədir. Mitinqin keçiriləcəyi məkan qismində də Bakı metropoliteninin "28 May" stansiyasının qarşısı istənmiş, alternativ qismində isə "Məhsul" stadionu göstərilmişdi.

Ə.Kərimli onu da bəyan etmişdi ki, bəs Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) icazə verməsə belə, aksiya keçiriləcək.

Yəni AXCP sədri və bloqer 19 oktyabr hadisələrini daha aqressiv şəkildə təkrarlamaq, şəhərin mərkəzində növbəti qanunsuz aksiya, qarşıdurma və iğtişaş təşkil etmək niyyətini gizlətmirdi.

Lakin hazırda ABŞ-da olan Cəmil Həsənli Facebook profilində mitinqin təxirə salınmasını təklif etdi. Sən demə, "hələ situasiya əlverişli" deyil.

Əli Kərimli də bu təklifi dərhal dəstəklədi və beləcə, noyabrın 2-i üçün radikalların nəzərdə tutduqları aksiyanın baş tutmayacağını anons etdi.

Bu bəyanat və anonsa hələ qayıdacağıq.

ABŞ Konqresinin Nümayəndələr Palatası qondarma "erməni soyqırımı"nın rəsmən tanınmasını nəzərdə tutan 296 saylı qətnaməni qəbul etdi. Bu, sadəcə qardaş Türkiyəyə qarşı yox, həm də bilavasitə Azərbaycana qarşı yönəlmiş qərardır.

Azərbaycanın radikal müxalifətinin "tanınmış sima"ları, "lider"ləri isə susurlar.

AXCP sədri Əli Kərimli, "Milli Şura"nın sədri Cəmil Həsənli, habelə bloqer Əli Kərimlinin dəstəsindəki  Gültəkin Hacıbəyli, Leyla Yunus, Ramiz Yunus və Sevinc Osmanqızı da susurlar. Səsləri çıxmır.

Çıxa da bilməz, çünki siyasətin bu mikroskopik fiqurlarında cürət harada ki, onları idarə edən təşkilatların və strukturların yerləşdiyi ölkələrdən birinin konqresmenlərinin qərarına etiraz etsinlər?

Azərbaycanın və Türkiyənin maraqlarının qorunması üçün bu siyasət kölgələri bir kəlmə desələr, onların maddi təminatına son qoyular, siyasi və mənəvi dəstəklənməsi prosesi isə bilmərrə dayanar.

Azərbaycandan, xalqdan, demokratiyadan və s.-dən danışmağı çox sevən, simalarının sayına görə Yanusu belə kölgədə qoymuş Cəmil Həsənli Facebook-da açıqlama yayır, 19 oktyabrdakı qanunsuz aksiyada polisin davranışının "cəlladlıq və vəhşilik" adlandırılaraq qələmə verilən mətbuat konfransına qatılır.

Amma elə həmin Vaşinqtonda mətbuat konfransında C.Şəsənli qondarma "soyqırım"la bağlı qətnamədən bir kəlmə (!) demir.

Əli Kərimlinin mətbuat katibinə çevrilərək YouTube-dakı kanalını bütünlüklə AXCP sədrinin təbliğatına və təşviqatına həsr edən Sevinc Osmanqızı da "soyqırım" qətnaməsinə bir dəqiqə (!) vaxt ayırmadı.

Şəxsi maraqlarını millətin və dövlətin mənafeyindən həmişə üstün tutmuş bu insanlar hələ də dərk edə bilmirlər ki, ictimai-siyasi fəaliyyətlə məşğul olduqlarını düşünən bu insanlar şəxsi maraqlarını dövlətin, millətin, cəmiyyətin mairaqlarından üstün tutduqda, əslində kim olduqlarını ortaya qoyurlar.

Heç nə olmamış kimi davranan bu "müxalifət lider"ləri nə etdiklərinin fərqindədirmi?

Bir qədər sərt səslənə bilər, lakin onların tutduqları yol bilavasitə xəyanətə aparan yoldur.

Oktyabrın 19-dakı qanunsuz aksiya ilə bağlı fikirlərini Fransada yaşayan Qənimət Zahidlə bölüşən Əli Kərimlinin maraqlı etirafları olub.

O, etiraf etdi ki, oktyabrın 19-dakı aksiya xarici ölkələrin Azərbacandakı səfirlikləri arasında bir neçəsi ilə "fəaliyyət koordinasiyası"na can atılıb. Diplomatlar AXCP sədrinə ümid etdiyi cavab verməyiblər.

Avropa Birliyinin Azərbaycandakı səfiri ilə söhbətin "Avropa bizi dəstəkləyir" kimi qələmə verməyə çalışan Ə.Kərimlinin yalanının elə AB-nin rəsmilərinin faş etməsini də AXCP sədri dolayısı ilə etiraf edib.

Ən başlıcası isə, o, oktyabrın 19-dakı qanunsuz aksiya ilə bağlı planlarının reallaşmadığını, "aksiyaya nəzərdə tutulduğundan az adamın qatıldığını" deyib.

Beləliklə, Azərbaycanda radikal müxalifətin hakimiyyətlə qarşıdurmasının daha bir mərhələsi miskin və zavallı formada, "obyektiv səbəblərdən təxirəsalma" ilə bitdi.

Halbuki oktyabrın 19-dakı qanunsuz aksiya ərəfəsində Əli Kərimli "Azərbaycanda yeni xalq hərəkatı, milyonların etiraz dalğası" başlanır yazır və deyirdi.

Müxtəlif ölkələrə sığınaraq, sığınacaq üçün Azərbaycandakı hakimiyyəti tənqid etdiklərini bəyan edən, əslində isə Azərbaycanı hədəfə alan "müstəqil bloqer"lər və "jurnalist"lər isə qurduqları iaşə müxalifəti şəbəkəsini "Bir payız axşamı!" sloqanı ilə kakafoniya məkanına çevirmişdilər.

Onların dediklərinə görə, oktyabnın 19-da, sən demə, "xalq hakimiyyəti devirəcəkmiş".

Belə idiotik gümanlar, aqressiv çağırışlar, sonra da sosial şəbəkələrdə "silahlanın, mitinqə silahlı gedin, mümkün qədər çox polis yaralayın, öldürün" bəyanatları radikalların əsl məramlarını ortaya qoymuşdu.

Oktyabrın 19-u gəldi, Bakının mərkəzi küçələrinə çıxan və Əli Kərimlinin çağırışlarını dəstəkləyən, YouTube kanallarındakı "bloqer"lərin isterik "dəvət"lərini eşidənlərin sayı 350-400 nəfərdən artıq olmadı.

Bunu zatən Əli Kərimlinin özü də istəməsə belə, etiraf edir.

Azərbaycan müxalifətini marginallaşdıran, etiraz aksiyalarını bir dəstə lümpenin çağırışı ilə sırf sosial problemlərdən şikayətlənən insanların yardım istəklərindən sui-istifadəyə döndərən adamlar hansı məntiqlə, nəyə əsaslanaraq kliniki ölüm durumunda olan təşkilat və partiyalarını "aktiv" sayırlar?

Sosial şəbəkələrdəki səhifələrinin "like"lanma sayına və "müstəqil bloqer"lərin YouTube kanallarındakı videoların baxışlarla şərhlər statistikasına görə?

Belədirsə, "uğur"un, daha doğrusu, uğursuzluğun çox sadə izahları var. Sosial şəbəkələrdəki profillər və səhifələrin "uğur sirri" həmin "siyasətçi"lərin trollarının bilavasitə fəaliyyətinin nəticəsidir. Həmin trollar WhatsApp-dakı qapalı qruplar vasitəsilə idarə olunur, "dalğa" effekti ilə hərəkət edirlər.

Məsələn, AXCP sədri Əli Kərimli və ya "Milli Şura" mənsubları Cəmil Həsənli ilə Gültəkin Hacıbəylinin səhifələrində bu təmayül o qədər primitiv şəkildə izhar olunur ki, bir şəxsin bəzən 10-15 saxta profildən yazdığını aydın görmək mümkündür.

YouTube-dakı kanallarda baxış və şərh saylarına gəldikdə isə, bu prosesin gedişatı da primitivdir. Saxta profillər vasitəsilə "like" və şərhlərin "gərəkli sayı" təmin olunur, baxış statistikası isə saxta profillərdəki paylaşımlar və Əli Kərimlinin sosial şəbəkələrdəki trolları hesabına təmin olunur.

Bu, öz yerində.

Əsas məqamsa odur ki, bütün dövrlərdə və ölkələrdə hakimiyyəti tənqid edənlər hakimiyyəti dəstəkləyənlərlə müqayisədə kütlə tərəfindən daha çox "rəğbət"lə qarşılanır. Rəğbət kəlməsini dırnaqda yazmağımın səbəbi isə odur ki, vətəndaşlar daim, həmişə və hər şeydən narazıdır. Dünyanın ən inkişaf etmiş ölkələri arasında yer alan ABŞ, Yaponiya, Britaniya, Fransa, Finlyandiya, İsveç və ya Belçikada da rəy sorğuları vətəndaşların hakimiyyətdən narazılığını göstərir.

Alan daha çox almaq, təmin edilən daha çox təminat istəyir.

Azərbaycana gəldikdə isə, inkişaf etməkdə olan ölkələrdəki situasiya bizdə təkrarlanır və yaşanır.

Bəli, ölkədə sosial rifah və təminatla bağlı görüləcək xeyli işlər var.

Bəli, məmurlar arasında korrupsiya və rüşvətxorluq halları geniş yayılıb.

Bəli, vətəndaşlar arasında məhz sosial narazılıqla bağlı sözünü deyənlər az deyil.

Amma və lakin hakimiyyət bu probemləri həll etməyə çalışır və məramında qəti, iradəsində də sərtdir.

Azərbaycanda ciddi struktur, kadr və sistem islahatları aparılır. İslahatlar daha da sürətlənib, ölkə iqtisadiyyatının qeyri-neft sektorunun genişlənməsi və inkişafı üçün nə gərəksə, həmin addımların və qərarların reallaşması şərt sayılıb.

Müxalifətin aqressiv və radikal kəsiminin "inqilab öncəsi vəziyyət" adlandırdığı situasiya isə, bəhs etdiyim səbəblərdən dolayı, sadəcə yoxdur.

Çünki ümumxalq etiraz dalğası kütlənin spontan birliyini, vahid orqanizmə çevrilmiş milyonlarla insanın hakimiyyətə qarşı dönməz mübarizəsini nəzərdə tutur.

Əli Kərimli Facebook səhifəsində Çilinin paytaxtı Santyaqoda 1 milyona yaxın insanın qatıldığı etiraz aksiyasının fotosunu paylaşır, həmin aksiyanın Bakıda olmasını arzulayır.

Xam xəyallar sıralamasında növbəti marazm olan bu arzunun gerçəklik ehtimalının sıfır olmasını şərtləyən əsas məqam yüz minlərin öz liderinin arxasınca getməsidir.

Bakıda isə Əli Kərimlinin arxasınca neçə nəfər gedib, gedir və getməyə hazırdır? Sual ritorik deyil.

AXCP sədri vətəndaşları narahat edən sosial problemləri şüarlara çevirərək ətrafına on minlərlə insan toplaya bilərdi. Həmin inanlar tərəfdar da ola bilərdilər.

Olmadılar, olmaq istəmədilər. Ə.Kərimli isə son 16 ildəki davranışını təkrarlayaraq, nə gerçək siyasətçi ola bildi, nə də spontan və qəfil etirazların lideri.

Vətəndaşlar illərdən bəri dəyişməyən, şablon təfəkkürlü və çox asanlıqla ehtimallanıb hesablanıb qərarlar verərək bəyanatlar tirajlayan, bloqerə çevrilmiş Ə.Kərimlinin şüarçılığına inanmadılar.

Kütlə Ə.Kərimliyə laqeyd qaldı - 16 ildə olduğu kimi.

Məğlubiyyət, uğursuzluq və bacarıqsılıq boyunlarına biçilib bu insanların. Onların həyat yoluna, qurtula bilmədikləri Fatuma çevrilib.

Müxalifətin radikal və aqressiv hissəsinə başçılıq etdiklərini düşünənlər əslində həm siyasi, həm də fəlsəfi baxımdan artıq tarixin istifadə olunmuşlar bölməsindəki eksponatlardır.

Səbəb sadədir.

Qərbdən fərqli olaraq Şərq zəif, kameralar qarşısına başında tənzif parçası çıxan, döyülməsindən, alçaldılmasından şikayətlənən siyasətçiləri sevmir, belə davranışı onlara bağışlamır.

Şərq siyasətçidən dəmir iradə, sonsuz qətiyyət, cəsarət və həqiqət tələb edir.

Bu keyfiyyətlər Əli Kərimli ilə bahəm, onun ətrafındakıların hansı birində var?

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.