Siyasət

İqtidarla müxalifət bir araya gəldi

11 Sentyabr 2019 15:09
Baxış: 3 018

Söyüşü yaşam modelinə çevirənlərin, sadəcə, hakimiyyəti hədəfə aldığını düşünməyin: bu məxluqat müxalifətə də nifrət edir. Onlar, ümumiyyətlə, onlarla olmayan hər kəsə nifrət bəsləyirlər. Çünki Azərbaycanın dövlət kimi mövcudluğunu istəmirlər. Çıxış yolu var və o, iqtidarla müxalifət arasında normal dialoqda, siyasətçilərlə dövlət adamlarının cəmiyyətlə təmaslarının maksimum genişləndirilməsindədir. Bu işdə hər kəs öz məsuliyyətini dərk etməlidir. Bütün problemləri iqtidarın üzərinə atmaq olmaz.

Bu gün iki önəmli hadisə yaşanıb. Yaşananların hər biri ölkənin daxili siyasi arenasında ciddi dəyişikliklərə səbəb olmaqla yanaşı, Azərbaycanın mövqelərinin bir daha bəyan edilməsi üçün vəsilədir.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mori Paskyenin Azərbaycana rəsmi səfəri başlayıb.

İkigünlük səfər çərçivəsində AŞPA prezidentinin Bakıda rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcəyi nəzərdə tutulub.

Onun Milli Məclisin Ailə, qadın və uşaq məsələləri Komitəsi və İntizam Komissiyasının üzvləri ilə görüşlər keçirəcəyi planlaşdırırlıb.

Eyni zamanda L.M.Paskye sentyabrın 11-də Avropa Şurasının 70 illiyi münasibətilə Bakıda keçiriləcək "Bizim hüquqlarımız, bizim azadlığımız, bizim Avropa" adlı konfransda iştirak edəcək.

Konfransın adı, gerçəkdən də, maraqlı və eyni zamanda, məzmunludur.

Çünki hüquqlarımız və azadlığımız olmadan, Avropa əsla bizim ola bilməz.

Avropa ölkəsi Azərbaycan da Strasburq və Brüssellə şaquli yox, üfüqi münasibətlərin inkişaf etdirilməsində maraqlıdır.

Avropa Birliyini və Avropa Şurasının rəhbərliyi çox gec olsa da, anlayıb ki, Azərbaycanla təzyiq, pressinq, ultimatumlar vasitəsilə danışmaq, rəsmi Bakıya nəyisə qəbul etdirmək və ölkənin siyasətini hansısa formada göstərişlərlə müəyyənləşdirmək, sadəcə, mümkün deyil.

Lilian Mori Paskyenin səfərinin məntiqi sonuclanmasına şübhə yox, çünki Bakı Avropa Birliyi və Şurası ilə əlaqələrin inkişafında maraqlıdır.

Necə ki, ölkə hakimiyyəti müxalifətlə normal münasibətlərin qurulmasında maraqlıdır.

Bu gün Bakıda keçirilmiş "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi"  mövzusundakı dəyirmi masada müzakirə edilmiş məsələlərin sayı, məcmusu və ən başlıcası, məzmunu da böyük əhəmiyyət əksb edir.

YAP sədrinin müavini - icra katibi Əli Əhmədovun tədbirdəki çıxışı zamanı "istənilən siyasi partiya ölkənin daxili maraqlarını üstün tutaraq, fəaliyyət göstərməlidir" söyləməsi, əslində, rəsmi Bakının həm ölkədəki radikal müxalifətdə bərqərar olub xaricdəki çoxsaylı fondlar və qüvvələrdən müxtəlif dəstəklər alaraq vətəndaş qarşıdurmasına can atanlara xəbərdarlıq, həm də Azərbaycanın yürütdüyü tam müstəqil siyasətin davam etdiriləcəyinin növbəti təsdiqi idi.

O qeyd edib ki, son illər xaricdə fəaliyyət göstərərək, mühacir qismində sığınacaq alan şəxslərin çox məhdud dövlət yardımı ilə fəaliyyət göstərib, geniş siyasi təbliğat mexanizmi yaratmaq şansları yoxdur:

"Onlar mütləq maliyyə dəstəyinə ehtiyac duyurlar. Ona görə bunda maraqlı olan xarici qüvvələrə xidmət etməyə başlayırlar. Onlar xarici xüsusi xidmət orqanları tərəfindən asanlıqla əldə olunan, istənilən istiqamətə yönəldilən qrupa çevrilirlər. Halbuki, hakimiyyət iddiasında olan partiyalar xalqın marağından çıxış etməlidir, hansısa xarici qüvvənin yox. Mühacirlərin əsas işi Azərbaycan dövlətini, Prezidentini nüfuzdan salmaqdır. Çünki Azərbaycan güclənib, qüdrətlənib. Xarici qüvvələr Ermənistanı "demokratik", Azərbaycan isə "anti-demokratik" göstərməyə cəhd edirlər. Bütün bu cəhdlər əbəsdir. Sağlam düşüncəli qüvvələrin milli maraqlar naminə birləşməsi çox önəmlidir.

Xarici qüvvələr seçkilər vasitəsilə də ölkə daxilinə müdaxilə etməyə cəhd edə bilərlər. Bu təcrübə var. Bu mənada o insanların Azərbaycan siyasətinə təsir etmək cəhdləri həm təhlükəlidir, həm də yolverilməzdir", - Əli Əhmədov deyib.

Politoloq Eldar Namazovsa hesab edir ki, iqtidar və müxalifət arasındakı müzakirələr davamlı olmasa, bu tədbir xalqımız, millətimiz üçün heç bir xeyir verməyəcək".

"Artıq internet əsri hansı fəsadlara gətirib çıxarır, anlamalıyıq. Dövlət başçılarına qarşı təhqiramiz addımlar artıq trendə çevrilib. Əsas problem isə kiminsə bu addımı atması deyil, insanların sosial şəbəkələrdə buna dəstək verməsidir. Bu ciddi problemi aradan qaldırmaq üçün çalışmalıyıq", - E.Namazov deyib.

Müzakirələrə AXCP sədri və bloqer Əli Kərimlinin qatılmaması təəccüblü deyil.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının dediyinə görə, Əli Kərimlidən başqa hamını bu tədbirə dəvət edibmiş.

Əli Kərimliyə dəvət yollanması və ya onun dəvətsiz qalması müstəsna önəmli məsələ deyil. Aydındır ki, o, müzakirələri də aqressiv ritorika üzərində köklənmiş suçlamalara meydan etməyə çalışacaqdır.

Müsavat Partiyasının başqanı Arif Hacılı və KXCP sədri Mirmahmud Mirəlioğluya dəvət göndərilsə də, "dəyirmi masa"ya qatılmamışdılar.

Yeni Azərbaycan Partiyasının təşkil etdiyi, siyasi partiyalar, media və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilmiş "dəyirmi masa"da Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, AĞ Partiyanın sədri Tural Abbaslı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, habelə Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, REAL TV-nin rəhbəri Mirşahin Ağayev və başqaları iştirak ediblər.

Tədbirdə qəbul olunan bəyanatda deyilir:

"Biz, "Ölkəmizdəki siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi" mövzusunda təşkil edilmiş "dəyirmi masa"nın iştirakçıları olan siyasi partiyaların, vətəndaş cəmiyyətinin təmsilçiləri, media rəhbərləri və müstəqil siyasi ekspertlərin bu gün beynəlxalq aləmdə, o cümlədən regionda baş verən mürəkkəb və həssas prosesləri, real imkan və perspektivləri hərtərəfli müzakirə edərək, Azərbaycanın müstəqilliyinin, eləcə də dövlətçilik prinsiplərinin daha da möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin olunması, taleyüklü məsələlərdə milli həmrəyliyimizin tam şəkildə bərqərar edilməsi, xalqımızın həyat səviyyəsinin, dövlətimizin iqtisadi və hərbi potensialının, beynəlxalq aləmdə nüfuzunun və təsir imkanlarının daha da gücləndirilməsi məqsədilə:

- Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının qısa müddətdə işğaldan azad edilməsi istiqamətində hərb yolu da daxil olmaqla atılacaq addımları birmənalı şəkildə müdafiə edəcəyimizi bəyan edir,

- siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın ordu qurculuğuna və silahlı qüvvələrimizə hərtərəfli və birmənalı dəstəyinin zəruriliyini ifadə edir,

- ölkədə həyata keçiriləcək islahatları dəstəkləyir, ardıcıl və davamlı olmasını vacib sayır,

- vətəndaş sülhü və milli həmrəylik istiqamətində birgə fəaliyyətin göstərilməsinin zəruriliyini nəzərə alaraq, siyasi mübarizədə etik normaları gözləməyə, milli-mənəvi və əxlaqi dəyərlərimizə zidd əməllərə yol verməməyə, eyni zamanda davamlı dialoq mühitinin yaradılmasına, sosial şəbəkələrdə, o cümlədən kütləvi informasiya vasitələrində təhqir, böhtan və şayiə xarakterli məlumatlar yaymamağa çağırır,

- respublikamızda keçirilən seçkilər zamanı bu prosesə beynəlxalq hüquqa zidd hər hansı xarici müdaxilənin yolverilməz olduğunu xüsusi vurğulayır və belə müdaxilə cəhdlərinə qarşı birgə fəaliyyəti zəruri saydığımızı bildiririk".

Müzakirələrdə xüsusilə vurğulanıb ki, ölkəni tərk edib mühacirətə yollanan, sığınacaq qismində Avropa Birliyi ölkələrini, Rusiyanı və ABŞ-ı seçən, siyasi əxlaq və mənəviyyatdan çox uzaq, radikal-anarxist mövqe nümayiş etdirən şəxslər özlərini "mühacirətdəki müxalifət" və ya "mühacir müxalifəti" adlandırırlar.

Əksəriyyəti qeyri-adekvat və səbatsız, iradəsiz insanlar olan bu şəxslərin xaricdəki xüsusi xidmət orqanlarının birbaşa nəzarətində fəaliyyət göstərmələri də ciddi ehtimal olunur.

Bu adamlar özüyeriyən söyüş mexanizmlərinə çevriliblər. Hədəfləri də Azərbaycan, ölkənin istisnasız olaraq bütün siyasətçiləri, müxalifətdə və iqtidarda olanlar, vəzifəlilər, məmurlar, millət vəkilləri - bir sözlə, hamımızıq. Onlar aldıqları əmrlərlə göstərişləri icra edərək Azərbaycanda bədgümanlıq, xof, ümidsizlik mühiti yaratmağa çalışırlar, dövləti vurmaq istəyirlər.

Siyasi şüurları və ümumiyyətlə, intellektləri debilizm səviyyəsində olanlar da var.

Məsələn, belə şizoidal təfəkkür daşıyıcılarından biri "Ermənistandan Gəncəyə yeraltı tunel çəkirlər, düşmən Gəncəyə girəcək" marazmını tirajlayır.

Bir başqası - çox hiyləgər, intriqan və bic olanı - "bir payız axşamı" deyibən susmaq bilmir, "hamınız cavab verəcəksiniz, nə qədər gec deyil, keçin biz tərəfə" deyərək öz aləmində guya bizi qorxudur.

Onların, sadəcə, hakimiyyəti hədəfə aldığını düşünməyin: bu məxluqat müxalifətə də nifrət edir. Onlar, ümumiyyətlə, onlarla olmayan hər kəsə nifrət bəsləyirlər.

Çünki Azərbaycanın dövlət kimi mövcudluğunu istəmirlər.

Çıxış yolu var və o, iqtidarla müxalifət arasında normal dialoqda, siyasətçilərlə dövlət adamlarının cəmiyyətlə təmaslarının maksimum genişləndirilməsindədir.

Bu işdə hər kəs öz məsuliyyətini dərk etməlidir. Bütün problemləri iqtidarın üzərinə atmaq olmaz.

Məsələn, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn dialoq tərəfdarı olduğunu qeyd edib: "Görüş olarsa, qucaq açılarsa hamıya, bu zaman o söyüş müxalifətinin təsir effektivliyi qat-qat azalar".

Ümumiyyətlə, ölkəmizdəki və ölkədən kənardakı bütün milli qüvvələr Azərbaycana qarşı xarici müdaxiləyə qarşı vahid mövqedən çıxış etməlidir.

Bu vətən hamımızındır.

Əsla unutmamalıyıq.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.