Siyasət

Cahil və uğursuzlar dəstəsinin davası bəlli: müxalifətdə "hıçqırıq" sindromu

24 İyul 2019 16:34
Baxış: 1 708

Azərbaycan müxalifəti niyə zəif, zavallı, gücsüz durumdadır? Hakimiyyətin təzyiqləri demokratiya mücahidlərini və azadlıq savaşçılarını bu günə qoyub, yoxsa səbəblər başqadır? Bəlkə müxalifətin belə yarıtmazlığı və bəzi liderlərin siyasi yaramazlığının köklərini başqa müstəvilərdə aramalıyıq?

Suallar qəliz, çətindir və onları cavablamaq da əsla asan deyil.

Fəqət, cavab aranmalı, tapılmalı, deyilməli və yazılmalıdı. Əks təqdirdə, özlərini "demokratiya uğrunda mübariz"lər kimi təqdim edənlərin sözlərinə inananlar, vədlərinə aldananlar, dediklərini ciddi qəbul edənlər sonradan peşmançılıq hissi keçirəndə gec olacaq.

Çox gec - onlar üçün.

... Azərbaycan müxalifətinin əsas problemi yeni, parlaq, xarizmatik, insanların inanacağı liderlərin yoxluğudur. Boşboğaz, hərdəmxəyal, xüsusilə də xaricdəki bu və digər qüvvənin "uşağı" olmayan, çeşidli təşkilatlardan və strukturlardan birinin büdcəsindən yemlənməyən, siyasətdəki əql qidasını məişət səviyyəsinə enərək təamla əvəzləməyən adama müxalifətimizin ciddi ehtiyacı var.

"Politicum" adlandıra biləcəyimiz məkanda ümumi pəjmürdəlik, laqeydlik və ümidsizlik yaranıb. Kütləni arxasınca apara biləcək kimsə yoxdur bu düşərgədə.

Olanlar intriqaları, kuluar sövdələşmələri, "qrant" adı ilə aldıqları pullar, hakimiyyətə gəlmək üçün istisnasız olaraq bütün vasitələrdən - hətta vətəndaş qarşıdurmasından və müharibəsindən, qiyam və üsyandan, qanlı iğtişaşlardan və xaosdan istifadə etməkdən belə çəkinməyəcək adamlardır.

Onlar siyasətin "canlı meyit"ləri, yerli müxalifət kunstkamerasının eksponatlarıdır.

Radikal müxalifətdəki partiyalar, birliklər, hərəkatlar və qrupların sədrləri, liderləri, katibləri və s. hələ də dərk edə bildmirlər ki, siyasətin, sadəcə, partiyalarla onların proqramlarının mübarizəsindən ibarət olması ilə bağlı ənənəvi təsəvvürlər çoxdan effektivliyini itirib. Çağdaş siyasət gündəmində belə arxaik fəaliyyət modeli artıq nonsens sayılır.

Müxalifətimiz onu da anlamır ki, dünya miqyasında siyasi mübarizə konsepsiyaları və nəzəriyyələri böhranı yaşanır. Ötən əsrin sonlarının, ortalarının və hətta 19-cu əsrin doqmalarından yararlanmaq, ehkamlarından faydalanmaq mənasız işə çevrilib.

Çünki mücərrəd və əksər hallarda reallıqla uzlaşmayan siyasi fəlsəfələrin yerini texnologiyalar tutur. İdeyalar boşluğu və ideologiyalar böhranı səbəbindən şüarlarla tələblər ildırım sürətilə dəyişir.

Azərbaycanda AXCP, "Milli Şura" və Müsavat triosunun aksiyalarında plakatlardakı tələblərin marazmının səbəbi də şüarçılıq kaleydoskopudur.

Bu partiyalar hakimiyyətə gələrsə, Azərbaycanı çox ciddi böhran, vətəndaşlarımızı ağır problemlər, sosiumu isə pərişanlıq gözləyir. İndi mitinqlərdə, piketlərdə, yürüşlərdə, sosial şəbəkələrdə siyasət oyunu oynayan Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı, İsa Qəmbər və başqalarının siyasi idarətmə bacarıqlarını bir dəfə gördük. Bu səbəbdən yarıtmaz, 26 ildən bəri yeni şüarlarla çıxış edib isterikaya qapılanların yeni liderlərə çevrilməsinin xam xəyal olduğunu heç olmasa, onların tərəfdarları olmaq aldanışına razılaşmış şəxslər dərk etməlidir.

Nədən ki, hakimiyətə gəlməklə ölkəni idarə etmək iki fərqli, ayrı məsələlərdir. Tam fərqli bacarıqlar tələb edir.

Məhz bu səbəbdən Parisdən tutmuş Honkonqadək, Venesueladan tutmuş Filippinədək kütləvi aksiyalar keçirilsə də, onların nəticələri çox zəifdir.

Ukrayna, Avstriya, Fransa, İtaliya və daha neçə ölkə... İndi peşəkar və təcrübəli siyasətçi olmayanların tarix yazdıqları zamandır. Lakin zaman onların yeni vəzifələrdəki uğurlarının tarixi olmayacaq.

ABŞ prezidenti Donald Tramp və onun uğur sirri istisnadır. Səbəb - milyarder Trampın prezident seçilməsində sosial şəbəkələrdən, iri transmilli korporasiyaların dəstəyindən və ən mühümü - adi amerikalıların demokratiya barədə nağıllarla libertarianlıq rəvayətlərindən bezib iyrənməsi oldu.

Azərbaycanda müxalifətin kütləvi aksiyalarına gəldikdə isə, tam uğursuzluq və sosial baza ilə potensial elektorat məhfumlarını qarışdıran "lider"lərin aksiyalara nə qədər adam toplaşması ilə bağlı bitmək bilməyən mübahisələri, şövqlü bəyanatları, sinə vuraraq özlərini tərifləmələri acınacaqlı təsir bağışlayır.

"Məhsul" stadionundakı mitinqlərə nə qədər insanın toplaşdığı sürəkli olaraq dartışılır.

Əli Kərimli, Cəmil Həsənli və adlarını çəkib yer tutmaq istəmədiyim bir yığnaq həm də siyasətçilərin iddialarına görə, o stadiona hər dəfə ən azı 40 min adam yığışır.

Yalandır, amma fərz edək ki, belədir.

Lap 60 min olsun və ya müxalifətçilərin qırıq könüllərini şad etmək üçün 100 min yazaq.

Deməli, xəyalən 100 min adamın toplaşdığı, "İstefa!", "Bu hakimiyyət getməlidir, gedəcək də!" tipli lümpen şüarların deyildiyi aksiya ölkədə nəyisə dəyişə bilərmi?

"Demokrat"larımızın və "müstəqil müxalifət siyasətçiləri"mizin az qala səcdə etdikləri Qərbin analitiklərinin, siyasi təhlil mərkəzlərinin uzun illərdən bəri aparılan tədqiqatlara əsaslanaraq gəldikləri nəticə var.

O da ibarətdir çox bəsit anlamdan: istənilən ölkədə hakimiyyətin dəyişməsi üçün o məkanda sakinlərin minimum 10 faizi kütləvi etiraz aksiyasına çıxmalıdır. Mütəşəkkil şəkildə və bu zaman aksiyanın təşkilatçıları ilə iştirakçıları vahid orqanizm təsiri, yaxud işlək mexanizm təsiri bağışlamalıdır.

Ona görə də yerli radikallar, müxalifət adlandırılan düşərgədə "tusovka" ilə məşğul olanlar bir rəqəmi yadda saxlasınlar: 1 milyon nəfər.

Azərbaycan müxalifəti ölmədiyini, canlı olduğunu, tənəffüs etdiyini və hadisələrə təsir imkanlarına malik olduğunu sübut etmək üçün küçələrə məhz bu qədər adam çıxarmalıdır. Eyni vaxtda, eyni məkana.

Sonra isə bu aksiya müxtəlif şəhərlərdə dəstəklənməlidir.

Müxalifətimiz bunu edə bilərmi? Sadəcə, arzularında, xəyallarında, fantaziyalarında.

Reallıq "siyasi lider" adlandırılan marionetlər üçün çox acıdır. Onları nəinki 1 milyon, hətta 50 min insan dəstəkləmir.

Və tam əksinə: hakimiyyətin bir çağırışı yetər ki, küçələrə milyonlarla insan çıxsın.

Radikal müxalifət etiraf etmir və etmək də istəmir ki, vətəndaşların dəstəyinə, sosial bazaya və populyarlıq göstəricilərinə görə hakimiyyətə uduzur.

İdeya və fəaliyyətin dəstəklənməsi çoxsaylı marazmatik məzmunlu YouTube kanallarında hakimiyyətə ünvanlaşmış söyüşlər ifraz etmək, "komplo nəzəriyyəsi"nə əsaslanan "araşdırma"lar aparmaq, tarixin zibilxanasına atılmış adamlarla Skype ilə əlaqə quraraq "danışan baş" effektini "siyasi bloqerlik" və "azad jurnalistika" qismində təqdim etmək deyil.

Siyasət çətin məsələdir, uğursuzlar...

Elçin Alıoğlu
Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.