Siyasət

Əli Kərimli hakimiyyətlə necə sövdələşib? - TƏFƏRRÜATLAR

8 May 2019 12:59
Baxış: 4 751

Yenə də Əli Kərimlidən yazırlar. Bunların da çörəyi, vallah, Əli bəydən çıxır. Gör kişi nə qədər jurnalistə pul qazanmağa, evə pul aparmağa imkan verir.

AXCP sədri Əli Kərimlinin "mürid"lərinin Facebook-da yazdıqları və onların arasında trollinqin ən primitiv səviyyəsi sayılan statuslardan biridir bu.

Yəni adamlar buyurmaq istəyirlər ki, Əli Kərimlinin fəaliyyətini - özünü yox, özü ilə nə işim - tənqid edirəmsə, avtomatik olaraq "Əli bəyin hesabına çörək qazanan insan"a çevrilirəm. Belə absurd və eyni zamanda tragikomik iddianı şərh etmək belə, istəməzdim.

Çünki məntiq sarsaqdır, düşüncə qüsurludur.

Həmin məntiqlə yola çıxsaq, onda Əli Kərimlinin çörəyi hakimiyyətdən çıxır - axı adam az qala yuxuda da "İstefa!", "Azadlıq!" deyir, real siyasi fəaliyyəti Facebook-da statusfüruhluqla əvəzləyib. Və onun tərəfdarlarının, habelə sosial şəbəkədəki trol yığınının da çörəkləri, suları, ayranları, buterbrodları və hətta arabir ketçupları da Əli Kərimlinin hesabına alınır.

Yenə də axı Əli Kərimliyə yaltaqlıq səviyyəsini çoxdan yerə vurmuş "Əli bəy kişidir", "Əli bəyə eşq olsun" və ilaxır kəlmələri yazmaq normal siyasi aktivlikdən həddən ziyadə uzaq məsələdir.

Əli Kərimlinin şəxsi mənə maraqlı deyil. İllər əvvəl maraqlı olmayıb.

Çünki o, "Azadlıq" qəzetinin parlament müxbiri olanda yalançılığa başlamışdı, sonra dövlət katibi olanda və AXCP sədri Əbülfəz Elçibəyin müavinliyini edəndə yalanlarını yaşam tərzinə çevirmişdi.

AXCP hakimiyyətdən kənarlaşdırılanda, Əbülfəz Elçibəy doğulduğu Kələki kəndinə yollananda (qaçanda yazmaq istəmirəm, bəyin ruhuna sayğıdan dolayın) Əli Kərimli mənsub olduğu partiyanı viran qoymaq üçün əlindən gələni etdi.

Bunları oxumamışıq, eşitməmişik - görmüşük. Canlı şahidiyik baş verənlərin.

AXCP-nin qərargahı və "Azadlıq" qəzetinin redaksiyasının duplet yerləşdikləri (hə, ikinci mərtəbədə "Çağ" qəzetinin bir otağı da vardı, ilk mərtəbədə də həyətdə məşhur çayxana) binada Yaşar Türkazərin "Əli bəy, bu cəbhəçilərdən nə istəyirsiniz?!" sualınının sakramentallığını da unutmayanlar var.

Əli  Kərimli yenə yalan danışıb.

Bu dəfə 54 yaşının tamam olması münasibətilə "Azadlıq" radiosuna yubiley müsahibəsində.

Evində "neoampir" stilli divanda oturaraq adam "keşməkeşli" həyatından, olmayan mübarizəsindən, iddialı olduğu qətiyyətindən, hakimiyyətin ondan qorxmasından bəhs edib.

Halbuki, hər şey tam tərsinə olub həmişə: Əli Kərimli hakimiyyətdən qorxub, qorxduğu hakimiyyəti ələ keçirməyə çalışıb, niyyətinə çata bilməyəcəyini də anlayanda hakimiyyətin ovcundan yemlənib.

AXCP daxilində "Yurd" qrpulaşması yaratmış Əli Kərimli məhz hakimiyyətin sifarişini yerinə yetirmişdi.

Əbülfəz Elçibəy ağır xəstə vəziyyətdə Türkiyəyə müalicəyə yollananda "Elçibəy sifilisə yoluxub" əxlaqsızlığını məhz "Yurd" mənsubları yaymışdılar.

Məhz "Yurd"un üst düzəydəki mənsubları hakimiyyətdə kuluar sövdələşmələrdə və siyasi alverdə idilər.

Əli Kərimlinin müavinləri Asim Mollazadə, Qüdrət Həsənquliyev, Cəmil Həsənli, Qulamhüseyn Əlibəyli və s. şəxslər Əli Kərimlidən təsadüfən kənarlaşmamışdılar.

"Azadlıq" qəzetinin baş redaktoru Gündüz Tahirlinin mediativ fəaliyyəti ilə biznes aktivliyi ilkin mərhələdə paralel idisə, sonradan işbazlıq istəyi daha güclü oldu.

"Yurd", əslində, siyasi işbazlar toplusu idi və rəhbər də Əli Kərimli idi.

Siyasi müttəfiq elan etdiyi partiyalara və təşkilatlara son anda xəyanət, "tərəfdaş" adlandırdığı partiya liderlərinə yalanlar, AXCP-nin sıravi üzvlərinin sürəkli aldadılması - bu, Əli Kərimlinin fəaliyyət prinsipi idi.

Xaqani küçəsindəki "Azadlıq" binasında vəziyyət o həddə çatmışdı ki, indi "Milli Şura"nın lideri olduğunu vurğulayan Cəmil Həsənli millət vəkili olmaqla yanaşı, iqtisadi inkişaf naziri Fərhad Əliyevin vəkilliyini edirdi.

"Alarlıyıq da" deyən Cəmil Həsənli "nazir Fərhad"ın ayırdığı, zərflərə qoyulmuş pulları "Yurd"un "rəhbər"ləri, "rəhbərlərin müavinləri" və "yurdçu jurnalistlər" arasında paylayırdı.

"Bu münasibət Əli Kərimlinin əvvəllər hakimiyyətlə və ya hakimiyyətdə kimlərləsə iş birliyinin olmasının nəticəsi deyilmi? Sanki bir əməkdaşlıq olmuşdu və pozulmuşdu. Vaxtıilə 2000-ci ildə hakimiyyətdəki islahatçı qanadla müxalifətdə bəzilərinin əməkdaşlığı haqqında danışılırdı. Bu sövdələşmənin baş tutmadığının, yoxsa nəyin nəticəsidir ki, sizə bu münasibət var?" sualına cavabında isə AXCP sədri 2000-ci ildə hakimiyyətdən ona yüksək səviyyədə əməkdaşlıq təklifi edildiyini etiraf edib: "Mən o vaxt demişəm ki, bəli, 2000-ci il üçün hökumətin əsas rəqibi öndə olan fiqurlar İsa Qəmbər və Etibar Məmmədovdur, Əli Kərimlinin hələ 35 yaşı var, rəhbərlik elədiyi partiya parçalanıb, mən onlardan az təhlükəliyəm. Ona görə onları parlamentə buraxmadılar, bizim parlamentə keçməyimizə mane olmadılar. Ondan sonra hökumətə elə gəldi ki, əgər bizim parlamentə düşməyimizə mane olmayıblarsa, deməli, bizimlə daha dərin əməkdaşlıq edə bilərlər və biz buna borcluyuq. Mənə əməkdaşlıq təklif olundu. Yüksək səviyyədə, beynəlxalq vasitəçilərin iştirakı ilə. Təfsilatını isə təbii ki, deməyəcəyəm, axı mən siyasətçiyəm. Beynəlxalq səviyyədə təklif olunmuşdu, çox yüksək təkliflər oldu, özümlə də bağlı.

O alınmayandan sonra Qüdrət Həsənquliyev bir təşəbbüs də etdi, təzədən guya hökumətlə bizim bir koalisiya yaratmağımız məsələsi ortaya çıxdı, söhbət Xalq Cəbhəsinə beş nazirliyin verilməsindən gedirdi. Əli Kərimlinin spiker olmağından söhbət gedirdi. Mən bu qədər böyük təkliflərdən imtina etmişəm. Xalq Cəbhəsinin Rəyasət Heyəti buna şahiddir. Bizim 4 saatlıq müzakirələrimiz gedib. 17 nəfərin iştirakı ilə Rəyasət Heyətində 4 saat müzakirə aparmışıq və mən demişəm ki, partiyamıza bu təklif olur ki, hökumətlə əməkdaşlıq edək, koalisiyaya girək, mən bunu qəbul eləmirəm, amma partiyanın Rəyasət Heyəti bunu məqbul bilsə, mənsiz özünüzə sədr seçib bu yolu gedərsiz. İki nəfər istisna olmaqla bütün Rəyasət Heyəti mənə dəstək verdi. Biz o zaman qərar verdik və müxalifətdə qaldıq. Bu, bizim seçimimiz olub".

Əli Kərimli vurğulayıb ki, yaşadığı məhrumiyyətlər də öz seçiminin nəticəsidir və buna görə də peşman deyil.

İnanaqmı? İnanmıram. Çünki yeni yalanlardır.

Həqiqət isə...

Faktlara, sadəcə, faktlara müraciət edək.

AXCP sədri Əli Kərimlinin hakimiyyətdə uzun müddətdən bəri "sıx bağları" və əlaqələri bardə dəfələrlə yazılıb, deyilib. Əgər "Yurd"un lideri o illərdə bilavasitə pullar alırdısa və məlumatlar ötürüb göstərişləri icra edirdisə, AXCP-nin rayon təşkilatlarının rəhbərləri arasında həmin dönəmdə sabiq Milli Təhlükəsizlik Nazirliyinə rəhbərlik etmiş Namiq Abbasovun göstərişi ilə yaradılmış agentura şəbəkəsində xeyli adam vardı.

Sıravi üzvlər arasında isə yaşadıqları ərazi üzrə sahə müvəkkillərinə çuğulluq edənlərin sayı bilinmirdi.

54 yaşlı Əli Kərimli odioz adam olsa da, özünü qəhrəman siyasətçi, qətiyyətli şəxsiyyət, usanmaz mübariz və tam bir qəhrəman kimi qələmə verməyə çalışır.

Halbuki, Əli Kərimli ilə yaxın ətrafının 19 il əvvəl, 2000-ci ildə keçirimiş parlament seçkilərində deputat mandatları almaları bilavasitə hakimiyyətlə sövdələşmənin nəticəsi idi. Əli Kərimli onun qarşısına qoyulmuş şərtlərin istisnasız olaraq hamısını yerinə yetirmişdi və yeni tələbləri də reallaşdıracağına az qala and içmişdi.

Hakimiyyət Əli Kərimlinin qarşısına aydın və konkret vəzifə qoymuşdu: AXCP-ni Elçibəyin əlindən almaq, müxalifəti tamamilə gözdən salmaq, narazı elektoratı Əliyev iqtidarının alternativsiz olmasına və hakimiyyətin istər təkamül, istərsə də inqilabi yolla dəyişdirilməsi ideyasının absurdluğuna inandırmaq.

Bunu AXCP-də kim bilmirdi ki?! Mirmahmud Fəttayev "bu adamlar satılıblar, oyuncaqdırlar" ifadəsini boş yerəmi işlətmiş, sonra da AXCP-ni tərk edərək Klassik Azərbaycan Xalq Cəbhəsi (KXCP) yaratmışdı?!

Məhz həmin sövdələşmənin nəticəsində Əli Kərimli ilə yaxın ətrafı, o cümlədən indi özünü az qala qocalmış Uilyam Uollas sayan Cəmil Həsənli deputat mandatı almış, Milli Məclisdə "müxalifət fraksiyası" adlı marionet yığıncağı formalaşdırmışdılar.

Həmin dönəmdə Əli Kərimli ilə danışıqlar aparılmışdı. İlkin mərhələdə vasitəçilərlə, sonra vasitəçilərsiz. Çünki AXCP sədri ilk əvvəl nazlanıb şərtlər irəli sürsə də, sonra "yağlı tikə"ni həzm edib mütiləşmişdi.

"Mənə əməkdaşlıq təklif olundu. Yüksək səviyyədə, beynəlxalq vasitəçilərin iştirakı ilə. Təfsilatını isə təbii ki, deməyəcəyəm, axı mən siyasətçiyəm. Beynəlxalq səviyyədə təklif olunmuşdu, çox yüksək təkliflər oldu, özümlə də bağlı. O alınmayandan sonra Qüdrət Həsənquliyev bir təşəbbüsdə etdi, təzədən guya hökumətlə bizim bir koalisiya yaratmağımız məsələsi ortaya çıxdı, söhbət Xalq Cəbhəsinə beş nazirliyin verilməsindən gedirdi. Əli Kərimlinin spiker olmağından söhbət gedirdi", - deyir Əli Kərimli.

Bu qədər bərbad yalançılıq da olmaz axı, Əli bəy.

AXCP sədrinə heç vaxt, heç bir şərtlə "spiker"lik təklif olunmayıb.

Həqiqət belədir: Əbülfəz Elçibəy Kələkiyə "hicrət" edəndən sonra Əli Kərimli çıxış yolunu Heydər Əliyevin qəbuluna düşərək "İmkan varsa, məni xarici ölkələrdən birinə səfir göndərin" deməkdə görmüşdü.

Ona ölkədə qalmaq, müxalifətçilik etmək tapşırılıb. Daha doğrusu, həm də müxalifətçilik etmək.

Parlament seçkilərində YAP qalib gəlmişdisə və qanunvericiliyə görə, məhz qalib partiya sıralarından spiker seçiməliydisə, Əli Kərimli xəyallarını niyə "reallıq" kimi qələmə verərək özünü rüsvay edir?

Olmaya Əli Kərimli, özü dediyi kimi, kiçik oğluna danışdığı nağılların yeni variasiyasına indi də trolları ilə yanaşı, cəmiyyəti də inandırmaq istəyir?

Əli Kərimli buyurur ki, 2003-cü ildə keçirilmiş prezident seçkilərində İsa Qəmbərin "qələbəsi" üçün çalışıb.

Növbəti yalan. AXCP sədri Əli Kərimli 16 il əvvəlki seçkilərdə ABŞ-ın Milli Demokratiya İnstitutunun tapşırığı və əmri ilə Etibar Məmmədovu müdafiə edirdi.

Amerikalılar nədənsə o il Müsavat başqanı İsa Qəmbərə antipatiya bəsləyirdilər və bu səbəbdən də İ.Qəmbərin prezident seçilməsini istəmirdilər.

Əli Kərimli də İsa Qəmbərə müxalifətin vahid namizədi qismində onu tanıyacağını vəd etsə də, həmin vəddən cəmi 19 saat sonra Etibar Məmmədovla görüşərək birgə fəaliyyət qərarına gəlmişdilər.

AMİP lideri Etibar Məmmədova verilən tapşırıqsa sadə idi: o, protest elektoratının səslərini parçalamalı, İsa Qəmbərin müxalifətin vahid namizədi olmasına imkan verməməliydi.

Əli Kərimli ona tapşırılan vəzifəni yerinə yetirdi, nifrət etdiyi İsa Qəmbərin məğlubiyyəti üçün əlindən gələni etdi.

"Danışıqlarda beynəlxalq vasitəçi"lərdən bəhs edir Əli Kərimli. "Vasitəçilər" olmayıb, "vasitəçi" olub və həmin şəxs də ABŞ-ın Azərbaycandakı sabiq səfiri Stenli Eskudero idi.

Vaşinqton ssenarisinə görə, Əli Kərimli yeni koalisiya hökumətində yer almalıydı. AXCP-yə də 5 nazir postu vəd olunmamışdı: vəd Əli Kərimliyə Prezident Administrasiyasında sektor müdiri vəzifəsi idi.

AXCP sədri razılaşmış, lakin sonradan fikrini dəyişmişdi. O, baş nazirin müavini olmaq istəyirdi. Kərimlinin bu istəyi qəbul olunanda, o yenə imtina etdi.

Həmin imtinadan sonra axşam saat 20 radələrində AXCP qərargahında Əli Kərimli və müavinləri bir araya gəldilər, müzakirələr mübahisələrə və qarşılıqlı ittihamlara çevrildi.

3 saatlıq söhbət Əli Kərimlinin müavinlərinin hamısının (!) AXCP-ni tərk etmələri ilə nəticələndi.

Həmin axşam Ə.Kərimlinin binanın birici mərtəbəsindəki iş otağının çırpılan qapısının səsi girişdəki qarovulçunun mürgüsünü pozmuş, adam dik atılmışdı.

Əli Kərimli Tale Bağırzadənin gizlində yazılmış səs yazısının detallarını izah edib və onun məxfi planlarına da haqq qazandırıb: "Tale Bağırzadə deyir ki, biz onların media resurslarından istifadə edirik. Həmin gizli səs yazısında Tale Bağırzadə öz tərəfdarları ilə balaca bir çevrədə danışır və orada deyir ki, biz müxalifətin media imkanlarından da istifadə edirik sözümüzü deməkdən ötrü. Burada bir əcaib nə isə görmürəm. Tale Bağırzadə yeni siyasətə başlamış, heç bir KİV-i olmayan ictimai-siyasi xadimdir və deyir ki, müxalifətə yaxın olan KİV-lərdən öz fikirlərimizi yaymaq üçün istifadə edirik. Burada qeyri-adi bir şey yoxdur. Qırmızı xətlə bağlı və "dini liderimizi seçmişik" söhbəti ilə bağlı dediklərinə gəlincə, bu sirr deyil və tək Tale Bağrzadəyə aid deyil bu fikir... Bu məsələni siyasətə gətirib guya ki, Azərbaycanda böyük bir kəsimi az qala vətən xaini elan etmək hökumətin iftirasıdır. Biz hər bir vətəndaşımıza sahib olmalıyıq. Tale Bağırzadəni mən yaxşı tanımıram. Açıq etiraf edirəm. Hökumət Nardaran olayını düzəldib bizi də bu işə qoşana qədər, ümumiyyətlə, heç tanımırdım. Mən adamla məhkəmədə tanış olmuşam... Bir ara hökumətdəkilər beyinlərinə yerləşdirmişdilər ki, nəyin bahasına olur-olsun məni həbs eləsinlər. Bilmirəm bu fikirlərindən daşınıblar, yoxsa daşınmayıblar".

Bitmək bilməyən yalanların daha biri.

Məgər Əli Kərimli və AXCP "Müsəlman Birliyi Hərəkatı"nın rəhbərini ilk əvvəldən müdafiə etməyib və sonra da Nardaran hadisələrində həbs olunanların "müdafiəsi" məqsədilə AXCP genişmiqyaslı kampaniyalara başlamayıb?!

Əli Kərimlinin müavini Fuad Qəhrəmanlının Facebook profilindəki çağırışını, AXCP sədrinin də Nardaran hadisələrində həmin kəndi "müqavimətin və mübarizənin mərkəzi" adlandırmasını da unutmamışıq.

İndisə məlum olur ki, sən demə, Əli Kərimli heç Taleh Bağırzadəni düz-əməlli tanımayıb, hər şey təsadüfi və qısamüddətli olub.

26 ildən bəri müxalifətin xərabələrində oturmuş AXCP sədri Əli Kərimlinin yubiley müsahibəsi maraqlı idi.

Sualların cavabları "Əli bəy!" qışqıranların, onu az qala "məmləkətin və xalqın nicatı" sayanların nə qədər yanıldıqlarını göstərdi.

Göstəriş və görünüş illüziyaları dağıdır.

Aynaya baxanda özünü yox, arzularını görənlərin halı isə lap pərişan olur.

Əli Kərimli illərdir ətrafını, rəqiblərini, müttəfiqlərini, müxalifəti, hakimiyyəti, xarici donorlarını aldatmağa çalışır.

Alınmır.

Aldanan, hələ ki, özüdür.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.