Siyasət

Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfər edib - YENİLƏNİB - FOTO

16 Noyabr 2018 15:12
Baxış: 4 394

15:12

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Sumqayıta səfəri çərçivəsində Dəmir Yolu Vağzalı Kompleksinin açılışında da iştirak edib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Sumqayıt stansiyasının tikintisi, Bakı dairəvi, Ləki-Qəbələ, Astara-Astara dəmir yolu xətlərinin çəkilişi ilə bağlı indiyədək görülmüş və bundan sonra layihələrdə nəzərdə tutulan işlər barədə dövlətimizin başçısına ətraflı məlumat verdi. Prezident İlham Əliyevin 2018-ci il 22 yanvar tarixli Sərəncamına əsasən yenidən inşa olunan üçmərtəbəli Sumqayıt dəmir yolu vağzalı binasının ümumi sahəsi 5,5 min kvadratmetrdir. Binanın birinci mərtəbəsində gözləmə zalı, bilet kassaları, məlumat bürosu, polis məntəqəsi, server otağı, əşyaların saxlanması kamerası yerləşir. Yaxın günlərdə burada ticarət mərkəzinin istifadəyə verilməsi planlaşdırılır. Müasir dizaynla tərtib olunmuş istirahət guşələri sərnişinlərin rahatlığını təmin etmək məqsədi daşıyır. İkinci mərtəbədə ofis və maşinistlər üçün istirahət otaqları, mətbəx yerləşir. Binada müasir təhlükəsizlik kameraları, yanğınsöndürmə və havalandırma sistemi quraşdırılıb. Vağzalın zirzəmi hissəsində avtomobil dayanacağı yaradılıb. Əlavə olaraq stansiyada turniket binası, ikimərtəbəli rele və işarəvermə qurğuları binası, hündür və alçaq platformalar, elektrik yarımstansiyası, su nasosxanası, qazanxana və yol sahəsinin məntəqə binası fəaliyyət göstərəcək.

Bildirildi ki, stansiyada, ümumilikdə, 7 yol yenidən qurulub və çəkilmiş ümumi dəmir yollarının uzunluğu 5 min 20 poqonmetrdir. Kompleksdə 12 yoldəyişən quraşdırılıb, uzunluğu 43 metr olan yeraltı piyada keçidi və platformaya yeraltı çıxış keçidi inşa edilib. Bütün stansiyaboyu rabitə və işarəvermə işləri tamamilə yenilənib, elektrik dirəkləri, rigelləri və kontakt şəbəkəsi yenidən quraşdırılıb. Vağzal kompleksinin ətrafında yaşıllıq və abadlıq işləri görülüb. Ərazi boyunca müasir işıqlandırma sistemi quraşdırılıb.

Vağzalın belə yüksək səviyyədə yenidən qurulması, ümumilikdə, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi layihələrin uğurla davam etməsinin daha bir nümunəsi olmaqla ölkənin polad magistrallarının inkişafına göstərilən dövlət qayğısının davamlı xarakter aldığını nümayiş etdirir.

Sonra Prezident İlham Əliyev Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən sərnişin qatarı ilə Bakıya yola düşdü.

Son illərdə lokomotiv və vaqon parklarının yenilənməsi və digər sahələrin müasir tələblər səviyyəsinə çatdırılması istiqamətində görülən tədbirlər nəticəsində İsveçrənin "Stadler Rail Group" şirkətindən "KISS" markalı ikimərtəbəli elektrik qatarları alınaraq ölkəmizə gətirilib. Həmin qatarlar 2015-ci il sentyabrın 12-də Bakı-Sumqayıt marşrutu ilə hərəkətə buraxılıb və qatarın yolasalma mərasimində Prezidenti İlham Əliyev iştirak edib.

"Stadler Rail Group" şirkətindən alınan bu elektrik qatarları sərnişinlərin rahat, sürətli və təhlükəsiz daşınması üçündür. Dörd vaqondan ibarət olan ikisistemli elektrik qatarlarının hər birinin ümumi sərnişin tutumu 700 nəfər, oturacaq yerlərin sayı isə 367-dir. Qatar saatda 160 kilometr sürətlə hərəkət edir.

Sumqayıtdan Bakıya və əks istiqamətə qatarların hərəkəti müxtəlif intervallarla həyata keçirilir. Sərnişinlərin sayından asılı olaraq, hərəkət qrafikinə əlavələr edilə bilər. Bildirildi ki, Bakı-Sumqayıt marşrutu ilə sərnişinlərin yüksək sürətlə və rahatlıqla daşınmasını təmin etmək məqsədilə genişmiqyaslı tikinti-quraşdırma və təmir-bərpa işləri aparılıb. Sahə üzrə yeraltı piyada keçidi, hündür platformalar, müasir keçid postları inşa edilib, dəmir yolları əsaslı təmir olunub.

Prezident İlham Əliyev Bakı dəmir yolu vağzalına gəldi.

Dövlətimizin başçısı "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən 2016-cı ildən bəri alınmış yeni sərnişin qatarları, lokomotivlər və müxtəlif dəmir yolu texnikaları ilə də tanış oldu. Bildirildi ki, dəmir yollarında xidmətin keyfiyyətinin yüksəldilməsi, habelə dəmir yolu xətlərinin inşası, təmiri və istismarına nəzarəti təmin etmək məqsədilə göstərilən dövrdə müasir beynəlxalq standartlara uyğun bir çox yeni sərnişin qatarları, lokomotivlər və müxtəlif dəmir yolu texnikaları alınaraq istismara verilib. "EVOLUTİON" seriyalı teplovoz Qazaxıstan istehsalıdır. Lokomotiv 2015-ci ildə istehsal olunub və saatda 120 kilometr sürətlə hərəkət edir.

Sabit cərəyanla işləyən lokomotiv isə Gürcüstanın "Elektrovozquraşdırma" şirkətində istehsal olunub və sürəti saatda 100 kilometrdir.

Dövlətimizin başçısına "Alstom Transport" ikisistemli sərnişin lokomotivi də təqdim olundu. Fransanın "Alstom Transport" şirkəti tərəfindən istehsal edilən bu lokomotiv sabit, həmçinin dəyişən cərəyanla işləyir və saatda 160 kilometr sürətlə hərəkət edir. Bütövlükdə, Avstriya, Rusiya, Çexiya və digər ölkələrdən alınan yeni lokomotiv və avadanlıqlar təmir-tikinti və istismar proseslərinin tamamilə avtomatlaşdırılmasına və mexanikləşdirilməsinə imkan yaratmaqla əl əməyini tədricən aradan qaldırır. Yeniliklər həm də nəqliyyatın hərəkətini dayandırmadan köhnə relslərin yeniləri ilə əvəz olunması, şpalların dəyişdirilməsi, yol yataqlarının yenidən qurulması, yolların ətrafının təmizlənməsi, elektrik xətlərinin və dirəklərinin əvəzlənməsinə əlverişli şərait yaradır.

Bildirildi ki, alınan yeni sərnişin qatarları, lokomotivlər və müxtəlif texnikalar həm də dəmir yollarında daşımaların təhlükəsizliyini gücləndirəcək, xüsusi ilə də sərnişinlərə xidmətin keyfiyyətini daha da yüksəldəcək.

Yeni texnikalar dəmir yolu xətlərinin inşasının, təmiri və istismarının müasir standartlara çatdırılmasını təmin edəcək. Bütün bunlar son illərdə ölkəmizdə nəqliyyat infrastrukturunun davamlı inkişafı üzrə dövlət siyasətinin tərkib hissəsidir. Bu gün Azərbaycanda dəmir yolu infrastrukturunun müasirləşdirilməsi, beynəlxalq standartlara uyğun qurulması Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü iqtisadi inkişaf modelinin bəhrəsidir. Bu model bu gün Azərbaycanı Qərblə Şərq, Şimalla Cənub arasında ən mühüm nəqliyyat qovşağına çevirir.

Sonda xatirə şəkli çəkdirildi.

---------
14:53

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Sumqayıt Kimya Sənaye Parkında "Tabaterra" Qapalı Səhmdar Cəmiyyətinin tütün məmulatları istehsalı fabrikinin açılışında iştirak edib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, "Tabaterra" QSC-nin direktoru Elman Cavanşir dövlətimizin başçısına burada yaradılan şərait barədə məlumat verdi.

Qeyd olundu ki, zavod ötən il parkda rezident kimi qeydiyyata alınıb. Burada 3 formatda olmaqla beynəlxalq standartlara uyğun siqaret istehsal ediləcək. Fabrik məhsullarını "Made in Azerbaijan" brendi altında istehlakçılara təqdim edəcək. Böyük Britaniya, Almaniya və İtaliya texnologiyaları əsasında qurulan fabrikdə il ərzində 11 milyard ədəd 3 növdə filtrli siqaretlər istehsal ediləcək. Bu isə ölkənin tütün məmulatlarına olan tələbatının 80 faizini ödəyəcək. Ümumilikdə, fabrikdə 13 brendin 80 çeşiddə məhsulunun istehsalı nəzərdə tutulur. Burada "Tabaterra"nın hər biri 6 çeşiddə "Senate", "Kingston", "Argo" adları altında məhsulu istehsal ediləcək. Bundan başqa, "British American Tobacco", "Japan Tobacco International", "Imperial Tobacco" şirkətlərinin məhsulları da lisenziya əsasında müəssisədə istehsal olunacaq. Bu şirkətlərin siqaretləri indiyədək ölkəmizə idxal edilirdi. Beləliklə, bu layihə Azərbaycanda yerli istehsalın inkişafına xüsusi təkan verməklə yanaşı, xaricdən idxalın, eyni zamanda, tütün məhsullarının alınması üçün sərf olunan valyuta axınının azalmasına imkan yaradacaq.

Fabrik beynəlxalq standartlara uyğun istehsal olunacaq məhsullarını müxtəlif formatlarda və qiymət seqmentlərində istehlakçılara təqdim edəcək. Burada istehsal prosesi beynəlxalq keyfiyyət standartlarına tam uyğun olaraq aparılacaq. Ümumi dəyəri 48 milyon dollar olan layihə çərçivəsində 200 yeni iş yeri yaradılıb.

Dövlətimizin başçısı müəssisəni işə saldı.

Sonra Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkındakı müəssisələrin kollektivlərinin nümayəndələri ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

-Bu gün Sumqayıt Kimya Sənaye Parkında üç yeni müəssisə fəaliyyətə başlayır. Mən bu münasibətlə müəssisələrin kollektivlərini salamlayır və təbrik edirəm. Əminəm ki, bu müəssisələr çox səmərəli işləyəcək və ölkə iqtisadiyyatına böyük töhfə verəcəkdir.

Bu müəssisələr ən yüksək standartlara cavab verir və bizim sənaye potensialımızı böyük dərəcədə möhkəmləndirən müəssisələrdir. Ferroərintilər, inşaat kimyəvi qatqılar zavodları, siqaret fabriki bu gün fəaliyyətə başlayır. Birinci mərhələdə bu müəssisələrdə 400-dən çox iş yeri yaradılıb, gələcəkdə isə iş yerlərinin sayı 700-ə çatacaq. Mənə verilən məlumata görə, bugünkü mərhələdə siqaret fabrikinə 35 milyon dollar, ferroərintilər zavoduna 25 milyon dollar və inşaat materialları zavoduna isə 3,5 milyon dollar sərmayə qoyulub. Ancaq indi təqdimatda deyildi ki, siqaret fabrikinə bundan sonra da əlavə vəsait qoyulacaq və investisiya həcmi təxminən 50 milyon dollara çatacaq, ferroərintilər zavoduna isə 100 milyon dollar investisiya qoyulacaqdır. Yəni, bu, onu göstərir ki, vaxtilə Sumqayıt Kimya Sənaye Parkının yaradılması ilə bağlı qərar düzgün və vaxtında qəbul edilmiş qərar idi.

Mən 2011-ci ilin sonunda müvafiq Fərman imzaladım və biz parkın yaradılmasına start verdik. Bu ərazidə vəziyyət çox acınacaqlı idi. Vaxtilə tikilmiş və dağılmış, avadanlığı paslanmış müəssisələrin qalıqlarını təmizləmək, torpaq qatını yaxşılaşdırmaq, rekultivasiya işləri aparmaq böyük səy və vəsait tələb edirdi. Ondan sonra kommunikasiya və infrastruktur layihələri icra edildi, 500 hektardan çox ərazi tamamilə təmizləndi və özəl sektorun sərəncamına verildi. Bu, dövlətin özəl sektora göstərdiyi dəstəyin növbəti təzahürüdür. Bu, onu göstərir ki, dövlət-özəl sektor tərəfdaşlığı Azərbaycanda ən yüksək səviyyədə təşkil edilir.

Hazırda Sumqayıt Kimya Sənaye Parkında 18 rezident var, 9 müəssisə fəaliyyətdədir. Bu il 5 müəssisə fəaliyyətə başlayacaq. Onlardan 3-ü bu gün fəaliyyətə başlayır. Gələn il əlavə 4 müəssisə fəaliyyətə başlayacaq və beləliklə, bu parkda ən müasir standartlara cavab verən 18 müəssisə fəaliyyət göstərəcək.

Sumqayıt Kimya Sənaye Parkı, əslində, şəhər içində bir sənaye şəhəridir. Gələcəkdə parkın hüdudları genişləndiriləcək və təbii ki, yeni rezidentlər qəbul ediləcəkdir. On səkkiz müəssisə tam gücü ilə işləyəndən sonra 6 min iş yeri təmin ediləcəkdir. Əlbəttə ki, Sumqayıt şəhərində işsizliyin bundan sonra da aşağı səviyyədə saxlanması üçün bu parkın çox böyük əhəmiyyəti var. Ümumiyyətlə, bu günə qədər Sumqayıt Kimya Sənaye Parkının yaradılmasına, müəssisələrin fəaliyyətə başlamasına 2,2 milyard dollar sərmayə qoyulub və növbəti dövrdə bu rəqəm təxminən 3 milyard dollara çatacaqdır. Əgər biz bu parkı yaratmasaydıq və sahibkarlara güzəştli şərtlər təqdim etməsəydik, dövlət tərəfindən böyük dəstək göstərməsəydik, bu vəsait də qoyulmayacaqdı və iş yerləri də yaradılmayacaqdı. Ona görə biz Sumqayıt Kimya Sənaye Parkının timsalında uğurlu sənaye siyasətimizi görürük və bu siyasət bundan sonra da davam etdiriləcək.

Təsadüfi deyil ki, bu ilin 10 ayında ölkəmizin qeyri-neft sənayesi 10 faiz artmışdır. Bu, çox gözəl göstəricidir. Kənd təsərrüfatı 5 faiz artmışdır. Sumqayıt Kimya Sənaye Parkında əlbəttə ki, sənaye müəssisələri fəaliyyət göstərir, ancaq onların bəziləri kənd təsərrüfatına sıx bağlı olan müəssisələrdir, o cümlədən siqaret fabriki. Mən əminəm ki, bu fabrikin fəaliyyəti nəticəsində Azərbaycanda tütünçülüyün inkişafı daha yüksək templərlə gedəcək. Biz tütünçülüyü bərpa edirik, əgər keçən il 3 min ton quru tütün yığılmışdısa, bu gün artıq 4500 ton yığılıb və 5 min tonu keçəcək. Əlbəttə ki, gələcəkdə bu fabrikdə bizim yerli tütündən daha da böyük həcmdə istifadə olunacaq. Yəni, bu, kənd təsərrüfatına böyük təkan verir.

Sumqayıt Kimya Sənaye Parkında hazırda əyirici boyaq fabrikinin tikintisi davam edir. Bu da xalçaçılığın inkişafına böyük təkan verəcək. Xalçaçılıq indi inkişaf edir, 30 xalça fabrikinin yaradılması nəzərdə tutulur. Xalçaçılığın əsas xammalı yun və ipəkdir. İndi yun tədarükü mərkəzləri yaradılır, baramaçılığa böyük təkan verilib. Şəki ipək kombinatı böyük həcmlə işləyir, fermerlər baramadan böyük gəlir əldə edirlər. Yəni, sənayenin və kənd təsərrüfatının inkişafı paralel şəkildə getməlidir, bir-birini tamamlamalıdır, bir-birinə dəstək verməlidir və biz bunu görürük. Eyni zamanda, əlbəttə ki, bizim əsas məqsədimiz qeyri-neft sektorunu inkişaf etdirmək, idxaldan asılılığı aradan götürmək və qeyri-neft ixracını artırmaqdır və biz burada bunu görürük. Siqaret fabriki tam gücü ilə işləyəndən sonra burada ildə 11 milyard ədəd siqaret istehsal olunacaqdır. Bu gün verilən məlumata görə, daxili tələbat 14 milyarddır. Əminəm ki, bu fabrik idxalı tam əvəzləyəcək. Çünki hazırda yerli istehsal var və gələcəkdə ixrac imkanları da geniş olacaq. Mən istərdim ki, daxili tələbat sıfır səviyyəsində olsun, insanlar siqaret çəkməsinlər, bu pis vərdişdən uzaq olsunlar. Əminəm ki, görülən tədbirlər, o cümlədən qanunvericilikdə atılan addımlar nəticəsində biz bu məqsədə çatacağıq. İstərdim ki, bu siqaret fabriki 100 faiz ixrac məhsulları istehsal etsin. Ancaq bu, hələ ki, mümkün deyil. Biz vətəndaşları keyfiyyətli yerli siqaretlə təmin etməliyik. Lakin, eyni zamanda, hamı, ilk növbədə, dövlət çalışmalıdır ki, Azərbaycanda siqaret çəkənlərin sayı minimum səviyyəyə ensin. Çünki ixrac bizə əlavə valyuta gətirir, əlavə imkanlar yaradır. O cümlədən ferroərintilər zavodunda istehsal olunacaq məhsulun 90 faizi ixraca gedəcək, 10 faiz isə Azərbaycan müəssisələrində yenidən emal olunaraq hazır məhsula çevriləcəkdir.

Qeyri-neft sektorunun inkişafı, qeyri-neft ixracının artırılması əsas məqsəddir. Bu ilin 10 ayında bizim qeyri-neft ixracımız 12 faiz, ümumi ixracımız isə 37 faiz artıbdır. İxrac artdıqca bizim iqtisadi vəziyyətimiz daha da yaxşılaşır. Bu, makroiqtisadi sabitliyə, manatın məzənnəsinə müsbət təsir göstərir. Təsadüfi deyil ki, Azərbaycanda makroiqtisadi sabitlik çox yaxşı səviyyədədir, inflyasiya on ayda cəmi 2,4 faizdir. Bu müəssisələrin yaradılması yerli və xarici investorlar üçün növbəti bir siqnaldır ki, gəlsinlər Azərbaycana sərmayə qoysunlar. Bu yaxınlarda Dünya Bankının "Doing Business" hesabatında Azərbaycan deyə bilərəm ki, tarixi nailiyyət əldə edib, dünya miqyasında biznes mühitinə görə 25-ci yerdə qərarlaşıb. Keçən il biz 57-ci yerdə idik. Yəni, belə bir böyük irəliləyiş əlbəttə ki, aparılan islahatların məntiqi nəticəsidir. "Doing Business" hər bir yerli və xarici investor üçün əsas amillərdən biridir ki, o ölkəyə pul qoyulsun, yoxsa yox. "Doing Business" hesabatı, belə gözəl müəssisələrin yaradılması, Azərbaycanda ümumi vəziyyət, sabitlik, inkişaf əlbəttə ki, xarici və yerli investorları daha da stimullaşdırır. Təsadüfi deyil ki, son 15 il ərzində ölkə iqtisadiyyatına 250 milyard dollar sərmayə qoyulubdur.

Mən sizi fabriklərin, zavodların açılışı münasibətilə bir daha təbrik etmək istəyirəm. Şadam ki, biz bu gözəl parkı Sumqayıt şəhərində yaratdıq. Sumqayıt ölkəmizin, Cənubi Qafqazın ikinci sənaye şəhəridir. Sumqayıtın inkişafı üçün çox böyük işlər görülür, çox böyük layihələr icra edilir. Sosial layihələr, infrastruktur layihələri, qazlaşdırma demək olar ki, yüz faiz səviyyəsindədir, içməli su 93 faiz səviyyəsindədir, yollar salınır, məktəblər tikilir, gözəl abadlıq işləri aparılır. Sumqayıt bulvarı yaradılıb, sakinlər üçün çox gözəl istirahət zonasıdır, "ASAN xidmət" mərkəzi, Olimpiya Kompleksi, xəstəxana istifadəyə verilib. Əlbəttə ki, Sumqayıt sənaye şəhəri kimi uğurla inkişaf edəcək. Mən əminəm ki, biz qarşıda duran bütün vəzifələri bundan sonra da uğurla icra edəcəyik.

Bir daha sizi təbrik edirəm, sizə uğurlar arzulayıram. Sağ olun.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

X X X

Beləliklə, bütün bu layihələr bir daha sübut edir ki, Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi kursa uyğun olaraq reallaşdırılan sənayeləşmə siyasəti uğurla davam edir. Qeyri-neft sektorunun mühüm tərkib hissəsi olan sənayenin inkişafı, bu sahədə yeni istiqamətlərin müəyyənləşdirilməsi şübhəsiz ki, ölkə iqtisadiyyatının ümumi inkişafına da mühüm töhfələr verir. Belə layihələrin icrası bir neçə mühüm məqamı özündə ehtiva edir. İlk növbədə, bu cür müəssisələrin yaradılması yeni iş yerlərinin açılmasına, işsizliyin azaldılmasına, əhalinin məşğulluğunun artırılmasına töhfə verir. Eyni zamanda, bu cür layihələrin reallaşdırılmasının idxaldan asılılığı azaltmaqla, ixracyönümlü məhsulların sayının və çeşidinin artırılmasında da böyük rolu var.

-----------
14:37

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan "Baku Non Ferrous and Foundry Company" MMC-nin əlvan metallar və ferroərintilər zavodunun açılışında iştirak edib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, "Baku Steel Company" Məhdud Məsuliyyətli Cəmiyyətinin müşahidə şurasının sədri Rasim Məmmədov Prezident İlham Əliyevə əvvəlcə yaxın gələcəkdə inşası planlaşdırılan layihənin üçüncü fazası, yəni fasonlu tökmə zavodunun tikintisi barədə məlumat verdi.

Bildirildi ki, bu zavodda maşınqayırmada, kənd təsərrüfatında, dağ-mədən sənayesində istifadə olunan məhsullar istehsal ediləcək. Bu məhsullar arasında yayma valları, 3D printer vasitəsilə hazırlanan detallar, dəyirman kürələri, müxtəlif növ maşın avadanlıqları üçün detallar var. Zavodun illik istehsal gücünün 12000 ton olması nəzərdə tutulub.

Dövlətimizin başçısına Daşkəsən rayonundakı dəmir-filiz yataqlarından istifadə edilməklə Gəncədə böyük metallurgiya zavodunun tikintisi ilə bağlı da məlumat verildi. Artıq tikinti ilə bağlı texniki işlər yekunlaşıb. Qeyd edildi ki, Daşkəsəndəki yataqlarda yeni geoloji işlər və ehtiyatların qiymətləndirilməsi aparılıb.

Prezident İlham Əliyev əlvan metallar və ferroərintilər zavodunu işə saldı.

Zavodda İtaliya texnologiyası əsasında ildə 50 min ton ferrosilisium və 72 min ton ferrosilikomanqan istehsal ediləcək. Məhsullar daxili bazarın tələbatını tam ödəməklə yanaşı, xaricə də ixrac olunacaq. Bu zavodda Azərbaycan tarixində ilk dəfə olaraq ferrosilisum, ferrosilikomanqan və gələcəkdə ferroxrom da istehsal ediləcək. Bu ferroərintilərin istehsalı yüksək temperaturda manqan filizindən və kvarsitdən karbon tərkibli maddələrin vasitəsilə müvafiq olaraq manqan və silisium elementinin bərpasına və onların dəmirlə birləşmə yaradaraq kristallaşmasına əsaslanır. Ferroərintilərin istehsalı üçün lazım olan komponentlər elektrik qövslü sobada əridilərək çalovlar vasitəsilə konveyerdə qəliblərə tökülür və müvafiq fraksiyalar şəklində hazır məhsul əldə edilir. İstehsal olunmuş məhsul avtomatik paketləmə maşınında 1 tonluq kisələrə qablaşdırılır.

Zavodda ekoloji tələblərə uyğun, mükəmməl konstruksiyalı qaz-toz təmizləyici qurğu işə salınıb. Qaz-toz tutucu qurğuda isə istehsal prosesi zamanı ayrılan uçucu maddələr və qazlar xüsusi filtrlər vasitəsilə tutularaq təmizlənir və bərk hissəciklər islatma üsulu ilə xüsusi konveyerlərdən keçirilərək dənəvarı hala salınır. Bundan sonra həmin maddələr kisələrə yığılaraq qablaşdırılır. Bu məhsul həm satıla, həm də təkrar istehsal prosesinə qaytarıla bilər. Bütün bu maddələrdən təmizlənmiş hava kütləsi filtrlərdən keçdikdən sonra ekoloji normativ tələblərə uyğunlaşdırılır, daha sonra atmosferə buraxılır.

Burada istehsal olunan məhsulun keyfiyyəti bir çox beynəlxalq standartlara, o cümlədən QOST və İSO-ya uyğunlaşdırılıb. Zavodda sınaqlar quru və yaş, spektrometr vasitəsilə müxtəlif üsullarla yoxlanılır. Məhsulun keyfiyyəti spektral təhlil və kimyəvi üsulla analiz olunur. İnvestisiya dəyəri 51 milyon dollar olan zavodda 230 nəfər işlə təmin olunacaq. Zavod 2016-cı ilin fevralında rezident kimi qeydiyyata alınıb. Layihənin əsas təyinatı metallurgiya sənayesində son məhsulun istehsalı üçün tələb olunan ferroərintilərin lazımi səviyyədə təmin edilməsi və həmin sənaye sahəsinin idxaldan asılılığının nisbətən aradan qaldırılmasıdır.

Dövlətimizin başçısı müəssisənin istehsal prosesi ilə tanış oldu.

----------
14:25

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Sumqayıt Kimya Sənaye Parkının rezidenti inşaat kimyəviləri zavodunun açılışında iştirak edib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə iqtisadiyyat naziri Şahin Mustafayev Prezident İlham Əliyevə Sumqayıt Kimya Sənaye Parkında görülən işlər, parkın rezidentləri barədə məlumat verdi. Bildirildi ki, 2013-cü ildə dövlətimizin başçısının iştirakı ilə təməli qoyulmuş Sumqayıt Kimya Sənaye Parkında ötən müddətdə intensiv tikinti-quraşdırma işləri aparılıb, köhnə bina və qurğular sökülüb, müvafiq infrastruktur yaradılıb.

Zavodun baş direktoru Adəm Yayla Prezident İlham Əliyevə müəssisə haqqında məlumat verdi. İnşaat kimyəviləri zavodu 1910-cu ildə yaradılan və dünyanın 100-ə yaxın ölkəsində müəssisələri fəaliyyət göstərən İsveçrənin "SİKA AG" şirkətlər qrupuna daxildir. Son 18 ildə şirkətə dünya miqyasında beton konstruksiyalarının təmiri ilə bağlı 100-ə qədər layihənin icrası həvalə olunub. Struktur birləşdirmə, birbaşa şüşələmə, akustik və gücləndirici sistemlər, avtomobillərə xidmət, o cümlədən avtomobil şüşələrinin əvəzlənməsi, avtomobil gövdəsinin təmiri, dəniz gəmiləri, sənaye laminasiyası, texnika, bərpa olunan enerji və fasad mühəndisliyi sahələri bu şirkətin fəaliyyət istiqamətinə daxildir. Şirkətin məhsullarının əsas tətbiq sahələri kommersiya məqsədli nəqliyyat vasitələri sənayesi, məişət cihazları və sənaye komponentləri, sənaye məqsədli laminasiya, bərpa olunan enerji sənayesi, mexaniki emal və kompozitlər, həmçinin dəniz sənayesidir.

Prezident İlham Əliyev zavodu işə saldı.

2016-cı ilin martında rezident kimi qeydiyyata alınan zavod İsveçrə və Türkiyə texnologiyaları əsasında yaradılıb. İlkin mərhələdə müəssisənin illik istehsal həcmi 40 min ton tikinti qatqılarıdır. Zavodun məhsullarının Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan və İrana ixracı nəzərdə tutulur. İnşaat kimyəviləri zavodu beynəlxalq miqyaslı İsveçrə şirkətinin yerli təmsilçisi kimi Sumqayıt Kimya Sənaye Parkının 100 faiz xarici kapitallı rezidentidir. İnvestisiya dəyəri 3,5 milyon dollar olan layihə çərçivəsində 60 nəfər daimi işlə təmin olunacaq. Hazırda tikinti məhsullarının istehsalında xammal kimi istifadə edilən "Sikament 300", "Sikament FF5" və "Sigunit L25" kimi maddələrin Azərbaycana illik idxalı təqribən 800-1000 ton təşkil edir. Bu maddələrin ölkəmizdə istehsal edilməsi idxalı əvəz etməyə imkan yaradacaq, məhsullarda xarici komponentlərdən istifadəni azaldacaq.

X X X

Qeyd edək ki, Prezident İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə yaradılmış Sumqayıt Kimya Sənaye Parkı ölkənin ilk sənaye parkıdır. Parkın idarəedici təşkilatı İqtisadiyyat Nazirliyinin tabeliyində olan "Sumqayıt Kimya Sənaye Parkı" MMC-dir. Sumqayıt Kimya Sənaye Parkının 508 hektarlıq ümumi ərazisinin 450 hektarı sənaye zonasıdır. Artıq burada 74 faiz məskunlaşma qeydə alınıb. İndiyədək 18 sahibkarlıq subyektinə rezident statusu verilib. Sumqayıt Kimya Sənaye Parkının mövcud rezidentlərinin layihələrinin investisiya dəyəri 2,8 milyard dollardır. Bunun da 2,2 milyard dolları artıq layihələrə yatırılıb. Hazırda mövcud layihələr üzrə istehsalatda və tikintidə 7000-dək işçi çalışır.

Sumqayıt Kimya Sənaye Parkında 9 müəssisə fəaliyyət göstərir və bu müəssisələr tərəfindən istehsal olunan məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, "Made in Azerbaijan" brendi ilə xarici bazarlara ixrac edilir. Belə ki, sənaye parkının ilk rezidentlərindən olan "Azertexnolayn" zavodu 2013-cü ildən fəaliyyət göstərir və burada polad və polietilen boru, mexaniki və hidrotexniki avadanlıqlar istehsal edilir. Müəssisədə 750-dən çox işçi çalışır. 2017-ci ildə müəssisə üzrə 72 milyon manat dəyərində satış həyata keçirilib ki, bunun təqribən 17 milyon manatı ixracın payına düşür. 2018-ci ilin 9 ayında isə zavod 12,6 milyon manat dəyərində məhsul ixrac edib.

Müxtəlif təyinatlı sənaye məhsullarını istehsal edən "STP" MMC 2014-cü ildən fəaliyyət göstərir və hazırda burada 2000-dən çox işçi çalışır. 2017-ci ildə "STP" tərəfindən 80 milyon manat, bu ilin 9 ayında isə 64,3 milyon manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun 2,9 milyon manatlıq hissəsi ixrac olunub.

Sumqayıt Kimya Sənaye Parkının bir sıra digər rezidentləri də məhsullarını xarici ölkələrə ixrac edirlər. 2017-ci ildə 4 müəssisə - aşağı, orta və yüksək təzyiqə davamlı xortum və fitinq birləşmələrini istehsal edən "MST Engineering Services" MMC, yüksək keyfiyyətli sintetik və yarımsintetik sürtgü yağları istehsal edən "Alco" MMC, pestisidlər və aqro-kimyəvi məhsullar istehsal edən "Aqrokimya Azərbaycan" MMC, məlumatların emalı, qeydə alınması və ötürülməsini həyata keçirən "STDC" MMC fəaliyyətə başlayıb. 2018-ci ilin aprelindən elektron təhsil avadanlıqları istehsal edən "Labdisc Azərbaycan" MMC, iyuldan "SOCAR Polymer" MMC-nin polipropilen qurğusu, noyabr ayından şüşə və saxsı məmulatlar istehsal edən "ARCHİ Glass" MMC fəaliyyətdədir. Bu ilin sonunadək daha iki müəssisənin - "SOCAR Polymer" MMC-nin yüksək sıxlıqlı polietilen istehsalı və karbamid zavodlarının fəaliyyətə başlaması gözlənilir. Bu müəssisələrdə 800-ə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur.

Sumqayıt Kimya Sənaye Parkının rezidentləri 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, eyni zamanda, parka istehsal məqsədilə gətirilən texnika, texnoloji avadanlıqlar və qurğulara görə əlavə dəyər vergisindən və gömrük rüsumundan azad olunur. Bu günədək sənaye parkının rezidentləri artıq 255 milyon manat məbləğində vergi və gömrük rüsumlarından azad olunublar.

----------

14:20

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Sumqayıt şəhərinə səfərə gəlib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərdə görülən işlər haqqında dövlətimizin başçısına məlumat verdi.

Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.